Bunu ancaq bir gənc edə bilər - Hekayə müzakirəsi

Bunu ancaq bir gənc edə bilər - Hekayə müzakirəsi
24 may 2023
# 14:48

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Əli Zərbəlinin "Corab oğrusu” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.

Aqşin Yenisey

Aqşin Yenisey: "Din tanrı qədər şeytana da borcludur” – Söhbət

Maraqlı hekayədir. Gəncliyin bu dövrünü yazmaq mənə də həmişə maraqlı olub. Bunu ancaq bir gənc edə bilər, həm koronovirusa yoluxar, həm də öpüşməyə hazırlaşar, hekayədəki kimi.

Sevin Elvevər

Balalarımızın taleyinə biganə yanaşılmasın – Sevinc Elsevər yazır...

Oxudum hekayəni. Əvvəla onu deyim ki, hekayələr, şeirlər barədə bütün fikirlər nisbidir. Münasibət həm də əhvaldan asılıdır. Gəncliyin dərdi nəsə uzaq gəldi. Yəqin yaşlanıram. Uğursuz evlilik, xəyanət. Sevgi də vardımı orda əcəba? Corab maraqlı detal idi. Bu hekayə elə o detala görə yazılıb yəqin. Çarpayının altındakı adamın həmin anlarda itirdiyi corabı düşünmüş olması qəribə və maraqlı idi. Gənclik bu nöqtəyə gəlib çıxdısa, nə mutlu bizə. Ölüm, qan, vəhşət olmayacaq xəyanətlərdən sonra. Təhkiyə bir az sıxıcı gəldi. Ancaq bu əhvalımla bağlı ola bilər. Uğurlar gənc dosta! Təbrik edirəm!

Ulucay Akif

Ulucay Akif, yazar

Fikir vermişəm, yazılan mətn müasir hekayə olanda, xarici müəlliflərin hekayəsinə oxşayır. Köhnə hekayə olanda isə öz hekayəmizə.

Əli Zərbəlinin hekayəsi mənə xarici müəlliflərin mətnlərini xatırlatdı. Cümlələrə saxta pafos və qondarma məna yüklənməyib. Ona görə də rahatca oxunur, dinamikliyini itirmir. Əlinin bundan əvvəl oxuduğum hekayələrində də eyni şeyi müşahidə etmişdim. Məncə, bu, çox yaxşıdır.

Mövzuları da maraqlı olur. Deyəsən, ən çox da bunu bacarmırıq biz.

Bu hekayədə bəyənmədiyim yeganə məqam sonluqdakı corab söhbətinə keçid idi. İş orasındadır ki, hekayənin nüvəsi də elə həmin məqam idi. Müəllif bu hissəni incəliklə, ehtiyatla işləsəydi, daha uğurlu olardı. Bəlkə də, özü elə bilib ki, keçid yaxşı alınıb, amma mən belə düşünmədim. Oxucuya aydın olmaya bilər bu cür keçid. Şəxsən mən, həmin hissəni bir neçə dəfə oxumağa məcbur qaldım. Bilmirəm, bəlkə də, mən yorğun idim.

Orxan Həsəni

Qırmızı ayaqqabılar - Orxan Həsəni

Əli Zərbəlinin "Corab oğrusu" hekayəsini çox bəyəndim. Müəllif mətndə ayıqdır, soyuqqanlıdır. Mövzunun tələb elədiyi təhkiyə mətn boyu qorunur. Əyləncəli hekayədir. Lakin çox dərinlərdən qopan nazik, qırmızı bir qüssə bolanır və gəlib çarpayının altına yığılır. Öz evində, əslində, öz əməlindən gizlənirsən. Daim nəsrdə yenilik arzusu ilə döyünən ürəyi Əliyə belə gözəl hekayələr yazdıracaq.

Vüqar Van

Yazıçı Vüqar Van kimdir? – Dosye

Son zamanlar özümə inamımı təmiz itirmişəm. Ortababdan aşağı bir istedad yiyəsi kimi hansısa əsər haqqında fikir bildirməyə, hansısa müəllifi müzakirə etməyə, ümumiyyətlə, ədəbiyyatdan danışmağa utanıram. Elə bilirəm nəsə danışsam, hamı mənə güləcək. Özümdən böyüklər haqqında bacardıqca heç nə deməməyə çalışıram ki, gülməli vəziyyətə düşməyim. Əli ilə isə aşağı-yuxarı eyni nəslin uşaqlarıyıq. Onun haqqında danışmağa, az da olsa, haqqım var.

Hekayə xoşuma gəldi. Ənənəvi şeylər deyib sizi bezdirmək istəmirəm. Süjet maraqlı, təhkiyə axıcı, dili canlı-filan.
Mən hekayəni etik, ideoloji, psixoloji məqsədlərə fokuslanan katarsisçi baxış bucağından daha çox öz-özünü ifadə edən mətn kimi başa düşdüm. Hekayənin qəhrəmanları təkcə ətdən, sümükdən yox, həm də sözdən, dildən əmələ gəlmiş insanlardır.

Ədəbiyyatı yeni dil və forma eksperimentləri kimi görən, üslub məsələləri haqqında cidd-cəhdlə düşünən, çağdaş istiqamətləri mənimsəyən müəlliflər, demək olar ki, yox idi. İndi isə biz varıq. Adi uşaqlar. Özlərini döyə-döyə yazıçı edənlər.

Təvəkkül Boysunar

ILK XƏBƏR: Qadın qəlbinin gizlinləri - Təvəkkül Boysunar yazır...

Hekayə yorucu, sıxıcı və maraqsız deyildi. Bu baxımdan, müəllifi təbrik etməyə dəyər. Qısa həcm daxilində əyləncəli, bir qədər də yumoristik hekayə ərsəyə gətirib. Sonluğun təəccübləndirici və gözənilməz olmağı bu marağı təmin edən əsas məqamlardan biri idi.

Lakin hekayəni bitirəndən sonra bir sıra məsələlər mənə aydın olmadığı üçün təzədən qayıdıb mətnin bəzi yerlərinə təkrar göz gəzdirməli oldum.

Məsələn, baş qəhrəman əgər Elza xanımla öz evində görüşürdüsə, onda nə üçün çarpayının altına girirdi? Bir şey ki, Elza xanım hələ evdə onunla birlikdə deyildi və onlar nəsə qələt bir iş üzərində yaxalanmamışdılar. Başqa bir məsələ odur ki, bu rəhmətliyin nəvələri madam ki, öz həyat yoldaşlarına xəyanət edirlər, nə əcəb bu qədər kobud səhvə yol verib öz aşnalarıyla elə öz evlərindəcə görüşürlər? Məncə, müəllif burda həm ər, həm də arvad üçün ortaq olan bir dənə "Mərhəmət Apartmanı" yaratsa, onları daha təhlükəsiz yerdə görüşdürə və iş başında tutulmalarını daha inandırıcı edə bilərdi.

Amma, bəlkə, də mən lazımi məqamları gözdən qaçırmışam və bəzi məqamların mənə qaranlıq qalması, bəlkə də, öz diqqətsizliyim səbəbindəndir.

Vüsal Bağırlı

Biz heç kimik - Vüsal Bağırlı yazır...

Əlinin hekayəsi əvvəldən maraqlı başlayır. Hekayə bizi qəhrəmanla birlikdə macəra, təhlükə dolu əhvalata sürükləyir. Axırı necə olacaq, görəsən başına nə gələcək? Suallar bizi hər sətri, hər cümləni maraqla oxumağa məcbur edir.

Hekayənin üslubu qeyri-adidir. Hekayəni nəql edən elə əvvəldən hökm edir, bizə neyləmək lazım olduğumuzu başa salır. Həm vəziyyəti izah edir, həm də nəyin necə, harda olduğunu anlatmağa çalışır.

Sonradan hekayədə vəziyyət get-gedə, yüngüldən ağıra dramatikləşir, mətnə detektiv çalarlar əlavə olunur. Müəllif qəhrəmanı elə bir qəribə, qeydi-adi vəziyyətə, çıxılmaza salır ki, onun ordan necə çılxacağının oxucu təsəvvüründə canlandıra bilsin.

Hekayənin ruhu da yüngüldür, birnəfəsə oxunur. Üslubu, mətn quruluşu da müəllifin digər hekayələrindən fərqlənir.
Amma bir şey var ki, hekayənin daha həcmli olacağını düşündüyümüz an, qəfil bitir. Oxucunun içində azacıq natamamlıq hissi yaranır. Görəsən, qapı açılsaydı nə baş verərdi, vəziyyət necə olardı?

Əli Zərbəli istedadlı, intellektual, gəncliyinə baxmayaraq geniş mütaliə baqajı olan, daim üzərində işləyən, nəsə axtaran, nəsə yaradan yazıçıdır. Uğurlar diləyirəm.

# 2346 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #