"Bir şairi öldürdülər bir şəhərin ortasında..." - Rafiq Tağı haqqında

"Bir şairi öldürdülər bir şəhərin ortasında..." - Rafiq Tağı haqqında
23 noyabr 2023
# 14:00

Onu 2011-ci il noyabrın 19-da naməlum şəxslər evinin yaxınlığında bıçaqladılar və dörd gündən sonra xəstəxanada vəfat etdi.
Bu gün mərhum həkim-yazıçı Rafiq Tağının anım günüdür.

Kulis.az dostlarının və qardaşının Rafiq Tağı haqqında xatirələrini təqdim edir.

Şərif Ağayar:


"Dünyada kürəyinə bıçaq saplanan nə ilk, nə son həqiqətsən...
Qatili tapılmayan böyük insanlar da olub və nə yazıq ki, olacaq...
Eynəkli doktorlar da çoxdur həyatda...
Doktor yazıçılar da...
Yazıçı doktorlar da...
Gözəl insanlardan da xali deyil dünyamız...
Olmayacaq da...
Amma nə sirdirsə, aradan illər keçdikcə yerinin boşluğu daha çox hiss olunur...
Səndən sonra söz mülkündə bir yetimlik, bir kimsəsizlik, bir güvənsizlik hakimdir, ustad!
Hansı ki, bu güvənsizlik elə Seyid Əzim məscid divarına sıxılıb öldürüləndə də, Yusif Vəzir acından qan qusanda da, Məhəmməd Hadi donmuş əlləriylə şeirlərini satanda da vardı...
Səninlə daha da dərinləşdi, daha da cavanlaşdı, daha da zalımlaşdı...
Səndən sonra hamımızın kürəyində bir bıçaq giziltisi, hamımızın arxasında təngnəfəs qaçan, ona çata bilən-çata bilməyən bir qatil hənirtisi, bir qatil vahiməsi var...
Bütün bunlara rəğmən sözün rast gəlinən, adın zikr olunan yerdə həmişə bir işıq parıldayır...
Elə bir işıq ki, dünyanın bütün əclaflıqlarını o işığa bağışlamaq olar...
Arxamızca keçmişin qaranlığına bürünmüş qatilin yüyürür, önümüzcə gələcəyin işığına boyanmış idealların...
Və yolumuz o işığa doğrudur...
Qaranlıq bizə çatmamış, biz o işığa qovuşacağıq.
Bu, sənin hüzurunda namus sözümüz olsun!
Buna görə, rahat uyu..."

Rasim Qaraca:

"Rafiq Tağının yaxşı bir xasiyyəti vardı, - bu xasiyyəti mən başqa yazarlarda görməmişəm - hər hansı bir əsəri mətbuatda oxusa və xoşuna gəlsəydi, mütləq o adama zəng edib təəssüratlarını bölüşərdi. Xoş sözlərini əsirgəməzdi, çox incə detallarına qədər müzakirə edər, əlahiddə diqqət sərgiləyərdi. Onunla tanışlığımız da elə bu cür olmuşdu. Hansısa bir yazımı oxuyub, soraqlaşıb telefonumu tapıb zəng etmişdi. Yaradıcı münasibətlərdə kiçik bir detal olsa da, bu xasiyyət ədəbiyyat mühitinin formalaşması üçün sanıram, çox gərəklidir. Bəlkə də, elə bu səbəbə görə Rafiqin sağlığında ədəbi proses daha qaynar idi. Ümumiyyətlə, Azərbaycan yazıçısında ənənəvi bir qısqanclıq var, başqalarının uğuruna sevinən qələm adamlarımız azdır. Bu mənada Rafiq təkrarsız idi, bu xasiyyəti onun yazıçı olaraq böyüklüyünü göstərirdi"

Aqşin Yenisey:

"Rafiq Tağı ilə yumorumuz üst-üstə düşürdü. Biz çox vaxt görüşəndə yaradıcı gərginliyi aradan götürən mövzulardan danışırdıq. Bir dəfə sinirlərimin gərilən vaxtı rəhmətlik Elçin Səlcuqla Rafiq Tağının işlədiyi xəstənaya müayinəyə getmişdik. Rafiq Tağı təklif etdi ki, ağrıların səbəbini dəqiq öyrənmək üçün elektrokardioqramma çıxaraq. O aparatın da çoxlu naqilləri olur axı. Rafiq Tağı bu naqilləri səbrlə ora-bura dartdıqca Elçinin hövsələsi daraldı, dedi, sən ləng işləyirsən, ver bu "mızqletləri" mən yapışdırım, sən aparatı qurdala. Rafiq astadan qayıtdı ki, Elçin, biz burada toyuq hininə işıq çəkmirik, imkan ver işimizi görək. Bu balaca dialoqdan yola çıxaraq biz orda Azərbaycanda xəstə yaxını olmağın həkimə bərabər bir status sayılması haqqında bir hekayənin mövzsunu xərclədik. Doktor Rafiq Tağının sərgüzəştləri adı altında..."

İlqar Tağı:
Rafiq Tağının qardaşı: “Anam qətlə yetirildiyini bilmirdi, ona qurban  demişdi” – Müsahibə
"Tale elə gətirdi ki, mən uşaq olanda Rafiq Moskvaya getdi, 11 il orada yaşadı, 1990-cı ildə qayıtdı, sonra mən, - 93-dən etibarən mən də Rusiyaya getdim, 11 il orda qaldım. Ona görə də, Rafiqlə ünsiyyətimiz daha çox virtual olub, yəni ya məktublaşmalarla, ya da telefonla...
Həm də yaş fərqimiz çox idi deyə, bir qədər çəkingənliyim vardı. Buna baxmayaraq, onunla qısa ünsiyyətimiz çox parlaq xatirə kimi qalıb. Onun mənə mesajları, mənimlə söhbətləri daha çox hərəkətlərilə olurdu... Dürüstlüyü, mərhəmət hissi, həqiqətləri sonadək demək və s kimi keyfiyyətləri mən ondan əxz etmişəm.
Konkret xatirələrə gəlincə.
Mən uşaqkən kəndimizin önündəki dəmir yol stansiyasında onu necə sevinclə qarşılamağımı xatırlayıram. Mənə aldığı kiçik hədiyyələri, hələ altı yaşındaykən (O Tibb institutunun məzunuydu artıq) mənə şahmatı öyrətməyini xatırlayıram. Çəkdiyi rəsmləri də gözümün önündə canlanır... Sonra qonşu kənddə işləyəndə... İşdən sonra xəstələrə təmənnasız xidmətini xatırlayıram. Evlərə xəstə üstünə gedəndə, məni yanında aparardı. Kəndçilərimizlə ünsiyyəti yadımdadır. Yaşlı adamlarla necə rəftar edərdi... Arada danışıqlarından arxaik sözləri, deyimlərindən qeydlər edərdi.
Sonra, Moskvada M.Qorki parkında gəzişməmizi xatırlayıram, məni sərgilərə aparmağını.
O məni kiçik və sonbeşik qardaş kimi istəyirdi. Mənim sentimental təbiətim ona həm maraqlı idi, həm də bu, onu kədərləndirirdi. Haqqımda bir neçə hekayə yazıb:"İki İlqar Tağıyev", "Qardaşımın sevgiləri", "Gitara".
Bir dəfə soruşdu, İlqar, incimirsən, səni prototip kimi seçmişəm hekayədə. Dedim, əksinə, sən məni tarixə salırsan, nə incimək. Belə həssas adam idi.
Xatırlayıram, kəndimizdə prototipi olan adamlardan bəziləri Rafiqin üstünə yeriyirdilər. Kənddə bir ədəbiyyat müəllimi var idi, oxuyurdu Rafiqi. Onun ailəsindən kimsə Rafiqin obrazlarından biri idi deyə, Rafiqə kin bəsləyirdi. Bu, həm gülməliydi, həm də faciəvi... Həmin müəllimin namələri də var idi. Gərək tapam onları.
O qədər xatirə var ki.
Həyat, ölüm haqqında müzakirələrimiz olardı, bu son illərə təsadüf edir.
Yazılarını birinci mən oxuyurdum. İlham verirdi ona mənim münasibətim.
Adi orijinal bir deyimə elə sevinirdi ki. Arada lətifələşərdik. Mənim bir-iki lətifəmi həmişə mənə təkrar deditdirirdi. Güləndə gözləri yaşarardı..."

İlqar Rəsul:


Əslində, Rafiq Tağını vuran mənim anamı da vurmuş oldu. Rafiqdən sonra anam da getdi. Rafiq Tağı tez-tez gəlib anama baş çəkirdi, səhhətini nəzarətdə saxlayardı. O olmayandan sonra bu nəzarəti başqa həkimlər davam etdirəsi oldu. Amma həmin düzən pozuldu. Rafiq Tağı gəlib təkcə müayinə etmir, müalicə yazmırdı, həm də doğması kimi rəftar edirdi, nələrə diqqət etməyimizi, xəstəni nədən gözləməyimizi də deyirdi.
2011-ci il həyatımın ən ağır ili oldu. Ciddi problemlər ilboyu əl çəkmədi məndən. Axırda da belə. Əvvəl Rafiq Tağını itirdim, ardınca da anamı.
O vaxt biz reanimasiyaya girib çəkiliş elədiyimizə görə qınandıq. Amma indi həmin kadrlar unikal materiallardır.
Həkimlər Rafiq Tağının yaşaması üçün əllərindən gələni etmişdilər. Nə oldusa, sonradan oldu.
Rafiq Tağı ilə bağlı ən son və dəyərli kadrlar iki nəfərdədir. Biri mən, biri də Maarif Çingizoğlu. Maarifin o ərəfədə elədiyini yəqin ki, dünya mətbuatında da hər adam edə bilməz. Bu yaxınlarda Rafiq Tağı ilə bağlı film izlədim. O filmdəki çıxışlardan da anladım ki, o hadisələrlə bağlı ən çox bilgili adam Maariflə mənəm. Mən Rafiq Tağını başqaları kimi ideallaşdırmıram. Ustadım-filan olmayıb. Amma çox əziz insanım olub. Dostdan, qohumdan əziz. Rafiq mənə görə, Allahın yerdəki mələyi idi. Və məni tanıyan, çox istəyən, mənimlə də vaxt keçirməyi xoşlayan mələyi. Heyif ki, insanlar o mələyi aramızdan qovdular..."

# 5062 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #