Bir göz qırpımında - Alpay Azərdən yeni novella

Alpay Azər

Alpay Azər

9 oktyabr 2022
# 13:00

Kulis.az Alpay Azərin "Bir göz qırpımında" adlı yeni novellasını təqdim edir.

Rəhim beşinci sinifdə Aleksandr Belyayevin “Professor Douelin başı” romanını oxuyandan sonra neyrocərrah olmaq həvəsinə düşmüşdü, “Böyüyəndə adamların başının içini elə aperasiya eliyəcəm, heç yerdə pis adamlar olmayacax,” – inamla ata-anasına demişdi.

Doqquzuncu sinfi bitirəndə, Xalq Təsərrüfatı institutunda (indiki İqtisad Universiteti) dekan işləyən atası bir gün hələ də neyrocərrah olmaq istəyən oğlunu qabağına qoyub öyüd-nəsihət vermişdi: “Rəhimçik, nəyinə lazımdı neyrocərrah olmaq? İyirmi dəfə düz əməliyyat eliyəssən, iyirmi birincidə bir səhvin ucbatından ya türməlik olacaqsan, ya da gərək illərlə qazandıqlarını prokurora, hakimə verəsən ki, o cəhənnəmə düşməyəsən. Sənə lazımdı bu?”

Atasının dedikləri Rəhimçikin ağlına batmışdı, həm də öyrənib bilmişdi ki, Tibb Universitetinin müalicə fakültəsinə girmək, orda oxumaq çox çətindir və o, problemsiz Xalq Təsərrüfatı İnstitutuna qəbul olmuşdu.

Həm Sovetin vaxtında, həm də müstəqilliyin ilk illərindən bu yana daima dövlət orqanlarında işləyən Rəhim Qurbanovun axırıncı vəzifəsi Kənd Təsərrüfatı nazirliyində idarə rəisinin müaviniydi. Bir həftə əvvəl onun iş stajıyla maraqlanan məmur dostu demişdi, aylıq pensiyası ən azı min beş yüz manat olacaq.

Rəhim Qurbanovun qəfil qayğanaq yemək ürəyindən keçdi. “Balla, yoxsa bəhməzlə?” Qaldı ikisinin arasında, yadına düşdü ki, axırıncı dəfə arvadı ona ballı qayğanaq bişirmişdi...

Arvadı uzun illəriydi Mədəniyyət nazirliyində işləyirdi. Məktəb illərindən bu yana ona “dünya gözəli” deyirdilər. Küçədə gedəndə yerə baxan Zibeydə özü ətrafında elə bir sipər yaratmışdı ki, nə subay vaxtlarında, nə də sevib seçdiyi Rəhimə ərə gedəndən sonra ona söz atan, iş yerində girişən olmuşdu. İki qızlarını köçürtmüşdülər, oğlanlarını evləndirmişdilər, – layiqli gəlin, kürəkənlər, tərbiyəli nəvələr, bir sözlə, “nümunəvi ailə” modeli.

Xeyir işlərində ilk tostlardan biri yaşı altmışı keçən Rəhim müəllimin şəninə deyilirdi: “Müəllim, buyurun, keçin yuxarı başa”, “Böyümüzsüz, biz sizdən öyrənməliyik”, “İndi isə məmnuniyyətlə sözü verirəm nəslimizin ağsaqqalı...”

Gözünü masada bir nöqtəyə zilləyib qarışıq fikirlərin burulğanına düşdü. “Bəlkə, Allahdan yetmiş beş il ömür istəyim? Aydın məsələdi, sağlam ömür. Yaxşı, yuvarlaq olsun, səksən. Nəvə toyu. Nəvələr toyu. Heç olmasa bir nəticə görüm. Görməsəm nə olar ki? Bəs birdən nəvələrdən biri ölsə? Əstağfurullah. Ya üçüncü dünya müharibəsi başlasa?”

Təsəvvürünə gətirdi, Bakıya atom bombası atırlar, o isə episentrin yüz metrliyindədir. “Bir göz qırpımında külə çevrilirsən, külək sənin külünü aparıb Xəzərə tökür. Tökmür, Xəzərin dalğalarına qərq edir. Yəni axırda yox olursan. Yenə bir göz qırpımında”. Anlayanda ki, nüvə bombası tək onu yox, əzizlərini, yaxınlarını da bir anda məhv edə bilər, əti ürpəşdi. “Yox, Allah eləməsin, bu nə axmaq fikiriydi ağlıma gəldi. Qaldı bir göz qırpımı məsələsinə, doğulduğum gündən bu günə qədərki ömrüm elə gözünü açıb yummaq kimi bir şeydi. Amma bir məsələ var, yer kürəsini atom bombalarıyla partlatsalar, onda heç göz qırpmağa imkan olmayacaq”.

Bu vaxt mobil telefonu zəng çaldı. Divanda otura-otura nömrəyə baxıb üzünü turşutdu, qaynıydı. “İndi soruşacaq, pensiya məsələn nə yerdədi. Deyəcəm, bir-iki həftəyə düzələcək, mütləq bu sualı verəcək. Görən vergisiz, əlinə nə qədər təmiz pul gələcək?” – “Nəyinə lazımdı?” zəng çalmağa davam edən telefona üzünü tutub dedi.

Sonra geniş sinəylə gərnəşdi. “Gərnəşmək gözəl şeydi. Bütün bədənin dincəlir, bir anda bir günün, hələ bəzən bir həftənin yorğunluğu bədənindən çıxır. Amma arqazmdan sonra, ikinci yerdə. Bəs üçüncü yerdə nədi? Dadlı yeməklər. Sabah naharda gedərəm Quzu qabırğası restoranına, bağırsaq kababı yeməyə. Bəhməzli qayğanaq bişirəcəydim axı”. Qəfil gözünə Smirinka almaları dəydi, ağzı sulandı, bu dəfə alma yemək ürəyindən keçdi. “Alma qayğanağa qalib gəldi, daha doğrusu tənbəllik, – öz-özünə güldü. – Qayğanağı Zibeydə gələndə bişirər... Hə, ləzzətlər siyahısına saunanı əlavə etmək olar, isti buğ, soyuq duş”.

Arada həftəsonları getdiyi Təzəbəy hamamında bədənini tez-tez bu əksqütblü temperaturlara təhvil verərkən, qan dövranının sürətli hərəkətindən aldığı ləzzəti xatırladı. “Belə götürəndə, saunadakı ləzzət hardasa gərnəşmənin daha uzun vaxtda davam etməsidi. Onda ikinci yerdə gərnəşməylə sauna ləzzəti durur, ikisi bir yerdə”.

İki alma və srağagün arvadının xahişiylə Təzə bazarda itilətdirdiyi bıçağı götürüb oturdu, almalardan birini soymağa başladı. “Necə də qəşəng, rahat soyulur”. Almanı dördüncü dəfə soyanda bıçaq əlindən çıxdı, refleksiv olaraq ayağını ayağına sıxıb bıçağı tutmaq istəyəndə, iti yeri sol budunun qanın sel kimi axdığı damarını kəsdi. Bir göz qırpımında bıçağı qırağa atıb, əynindəki köynəyi çıxarıb qan fontan vuran yeri bərk-bərk bağladı, sonra otaqda ora-bura qaça-qaça yod, pambıq axtarmağa başladı.

“Bu zibili harda qoymusan, ay arvad?!” – ilkin tibbi yardım qutusunu tapmadığına görə qışqırdı, bir anlıq fikirləşdi, pambıqla yodu tapıb qanı kəsəndən sonra təcili tibbi yardıma zəng edəcək, ardınca indi böyük qızıgildə olan yoldaşına zəng edib üstünə qışqıracaq: “Apteçkanı göz görən yerdə qoyarlar, ay arvad! Gözün aydın, itilərdirməyə verdiyin bıcaxla ayağımı kəsdim. Tez dur gəl evə”.

Yara yerinə sarğı kimi bağladığı köynək açılmışdı, qan şırhaşır axmağındaydı. Masanın üstündəki salfetləri götürüb qan çıxan yeri bərk-bərk sıxıb üstündən yenə köynəklə kip bağladı. Telefonu götürüb təcili yardıma zəng etdi, xeyli qan itirdiyindən titrəyə-titrəyə başına gələni izah edib ünvanı dedi. Sonra dəhlizə tərəf getdi ki, qapını yarıaçıq qoysun, həkimlər birbaşa içəri girsinlər.

Otağa qayıdan kimi özünü atdı divanın üstünə. Titrəməsi bir az da güclənmişdi, büzüşdü, bədənini tez-tez masaj etməyə başladı, xeyri olmadı, sonra sağ yanı üstə uzanıb başını əlləriylə bərk-bərk qucaqladığı dizlərinin arasına soxdu ki, üşüməyi keçsin. Boğazında düyünlənən qəhəri tez qovdu, “Yox, yox indi həkim gələcək, ayıb olar.”

Lap axırda dizlərini bərk-bərk qucaqlayaraq, başını divan yastığının altına soxdu, xeyri olmadı. Yataq otağına gedib yorğanın altına girməyə isə taqəti qalmamışdı.

Bu həyatda Rəhim Qurbanovun dişləri bir-birinə dəyib şaqqıldaya-şaqqıldaya dediyi son sözlər bunlar idi: “Gərək cərrah olaydım, nahaq o vaxt atama qulaq asdım”. “Kaş indi isti saunada olaydım”. “Qayğanaq bişirəcəydim, alma özünü soxdu araya”.

21 aprel-28 iyun, 2022

Bakı

# 2843 dəfə oxunub

Oxşar xəbərlər

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
# # #