"Beləcə, bizim sevgimiz də bu cür bitdi...” - Arvadı ona niyə xəyanət etmişdi?

"Beləcə, bizim sevgimiz də bu cür bitdi...” - Arvadı ona niyə xəyanət etmişdi?
15 yanvar 2024
# 17:00

Kulis.az Rəvan Cavidin "Nazim Hikmətin qadınları" adlı yeni yazısını təqdim edir.

Qadınlara deyil, sevgiyə aşiq bir şair...

Dünyada ən çox tanınan iki türkdən biridir. Ömür boyu öz ideologiyasına, davasına, mübarizəsinə sadiq qalan, dünyanın dörd bir yanında hörmətlə anılan kommunistdir. Həyatının on ildən çoxu həbsxanada, yarısından çoxu isə mühacirətdə keçdi.

80-ci illərin sonuna qədər vətənində onun adını ağzına alan, şeirlərini oxuyanlar az qala vətən xaini kimi görülürdü.

Tək qaldı, bir ömürlük kommunist xülyanın, o çəhrayı röyaların əsiri oldu. Türkiyədə doğulmadı, Türkiyədə ölmədi, Türkiyədə az yaşadı və yaşadığı illər ona kabus oldu, dörd divarın hüsranı ilə birlikdə ağır daş kimi asıldı ömrünün boğazından. Buna baxmayaraq, Türkiyəni sevdi, Türkiyə üçün yazdı, Türkiyə ədəbiyyatının flaqmanına çevrildi.

Bu gün hansı ölkəyə gedirsinizsə gedin, onun adını çəksəniz, tanıyacaqlar. Təkcə ideoloji mübarizəsinə görə yox, həm də su kimi duru şeirlərinə görə. Anadolunu gəzmək fürsəti olmadı, “Məmləkətimdən insan mənzərələri”ni yazarkən isə Anadolu insanından min ildi onlarla çiyin-çiyinə tarlalarda, bağlarda işləyən biri kimi bəhs etdi.

Əslən türk deyildi, amma türk mədəniyyəti, türk ədəbiyyatı üçün çox böyük işlər gördü. Şeirin məcrasını, dilini, üslubunu dəyişdi. Əruzu sərbəstə, qəzəli, qitəni ağ şeirə çevirdi. Onun şeirlərinin qrammatikası özündən əvvəlkilərdən fərqləndi, özündən sonrakılara isə cığır açdı.

Bu müthiş şair təkcə şeirləri və solçu mübarizəsi ilə yaddaşlarda qalmadı. Həm də həyatından keçən qadınlar və onlara duyduğu sevginin üfiqində yazılan məktubları ilə də xatırlandı. Həyatından çox qadın keçdi. Hamısı şeirlərində yaşayır... Ona sadiq olanlar da oldu, olmayanlar da. Nazim isə bütün sevdalarında vəfalı idi. Bu cümlə nə qədər ziddiyətli səslənsə də, belədir. Özü bu ziddiyəti çox incə bir misra ilə çözür: Mən sənə yox, sevgiyə aşiqəm...
Şəxsi həyatı haqqında bitib-tükənməyən iddialar var. Çoxu əsassız, faktsız. Bu da təbiidir, həyatından, şairliyindən dolayı elə sağ ikən əfsanəyə çevirildi. Bu yazıda iddialardan uzaq baxacağıq onun sevgilərinə, sevgililərinə. Öz məktubları, öz şeirləri ilə.

İlk həyat yoldaşı: Nüzhet xanım

1922-ci ildə Moskvada evləndilər. “Bahriye Mektebi”ndə oxuduqları illərdən tanış idilər. Çox vaxt ona “balaca qız” deyirdi. Nazimin dostu Vala Nürəddinlə Ankaraya gedəndə (kommunistliklə, solçuluqla tanış olduğu illər) illər sonra Nüzheti yenidən görür və aşiq olur.

Açıklama yok.

Vala Nürəddin öz xatirələrində yazırdı:

“... Nüzhetlə Nazim bir-birinə zidd iki nəfər idilər. Dostumun həyatı səliqə-sahmansız, dağınıq idi. Nüzhet xanım isə əsl aristokratlar kimi yeriyir, alçaq səslə danışır, hər şeyə diqqət edirdi... Belə bir qadının gələcəkdə kommunist bir şairlə hansı macəralara girəcəyini heç kim düşünə bilməzdi...”
Ankaradakı yaxınlıqları Nüzhetin yeznəsi Muhittin bəy tərəfindən qınanılır. O, baldızının şairlə evlənməsini istəmir.
Nüzhet xanım Muhittin bəyin himayəsində idi. Doğulduğu il atasını, on bir yaşında da anasını itirəndən sonra onu Muhittin bəy böyüdür.
Ankara illərindən sonra bir də 1921-ci ildə Gürcüstanda – Batumidə qarşılaşırlar. O il Nazim Hikmət Əhməd Cavadın təklifi ilə bir qəzet çıxarmaq üçün Batumiyə gəlmişdi. Nüzhet xanım isə Tiflisdə yaşayırdı və Almaniyada təhsilini davam etdirmək üçün öncə İstanbula getməliydi. Onu İstanbula aparacaq gəmi isə Batumidə gözləyirdi. İki həftə hər gün görüşürlər.

Sovet məmurları Nüzhet xanıma getmək üçün icazə vermirlər və o, məcburi olaraq Tiflisə geri qayıdır. Nazim isə artıq Moskvadadır. Və getdiyi ilk gündən onu da Moskvaya dəvət edən məktublar yazır. Çətinliklə də olsa, “balaca qız” yeznəsindən icazə alır və Moskvaya gedir. Beləliklə, 1922-ci ildə Moskvada evlənirlər və gənc ailə tələbə yataqxanasının ən böyük otağında yaşamağa başlayır.

1923-cü ildə dərslər yekunlaşanda Nüzhet xanım səhhəti ilə bağlı Bakıya gəlir. “Mavi gözlü div” həyat yoldaşından bir müddət sonra paytaxtımıza səfər edir və birlikdə İstanbula qayıtmağa qərar verirlər. Lakin yenə də Nüzhet xanım Nazimdən əvvəl getməli olur.

Nüzhet xanımla Nazim Hikmətin ailəsi ilk dəfə İstanbulda tanış olurlar. Qayınatası Sirkeci sahilində qarşılayır onu. İstanbulda sağalmayan gəlinləri müalicə üçün Çexslovakiyaya getməyə qərar verir və qayınanası ilə də Avropada görüşürlər. Ərinin ailəsində Nüzhet xanım çox da sevilmir. Nazimin bibisi yeni gəlinini gah xarici görünüşünə görə, gah da təhsilinə görə çox acılayır. Nüzhet qəlbən ərinin ailəsinə küsür və bir daha o ailəni ziyarət etmir.

1924-cü ildə Nazim Hikmət İstanbula qayıdır. Ailəsi ilə Nüzhet arasındakı soyuqluq artıb və həyat yoldaşı onlardan uzaqlaşıb. Şair həyat yoldaşını nə qədər ailəsinə qəbul etdirmək istəsə də alınmadı. Heç Nüzhet xanım da artıq bu evliliyin davam etməsində könüllü görünmürdü. Həmin il bir teatr tamaşasından çıxarkən şairlə “balaca qız” qarşılaşır. Nüzhet ona gözucu da olsa baxmır. Və Nazim Hikmət bu evliliyin bitdiyini başa düşür. Sonralar Nüzhet xanım bu qərib ayrılıq haqqında bunları yazdı:

“Onunla belə ayrılmaq istəməzdim. Lakin qərarımın qəti olduğunu da ona bildirməliydim. Təəssüf ki, sonralar ondan üzr istəməyə fürsətim olmadı. Beləcə, bizim sevgimiz də bu cür bitdi...”

“Balaca qız” sevgilisinin ona verdiyi iki şeir dəftərini əlli il özündə saxladı. O dəftərlərdən birində Nüzheti Moskvada dağıstanlı bir gəncə qısqandığı üçün yazdığı “Gövdəmdəki qurt” şeiri də yer alır.

Nüzhet Nazimdən sonra Mehmet Servet Berginlə evləndi. Ondan iki övladı dünyaya gəldi. Ömrünün sonuna qədər Ankarada yaşadı və 1989-cu ildə həyatdan köçdü.

Lena – həsrətin öldürdüyü qadın...

Nazim Hikmət 1925-ci ildə Moskvaya geri qayıdır. 1926-cı ilin payızında Nikolay Ekklə birlikdə Moskvanın ilk Leninist teatrı olan METLA-nı yaradırlar. İlk dövrlər çox uğurlu tamaşalarla yadda qalan teatr sonralar tamaşaçılarını itirməyə başladı və 1927-ci ilin martında fəaliyyətini sonlandırdı. O teatrdan şairə qalan ən böyük dəyər isə Lena oldu.

Açıklama yok.

Lena – Yelena Yurçenko haqqında məlumatların çoxunu həmin dövrdə Moskvada təhsil alan Şükrü Mertelin xatirələrindən oxuyuruq. Mertel Nazimlə Lenanın Moskvada bərabər yaşadığını və evlərinə tez-tez Mayakovskinin də gəldiyini yazır. Yelena rəssam idi. Şairi rəssamlıqla maraqlanmağa təşviq edən də o idi.

1928-ci ildə Cümhuriyyətin beş illiyi münasibəti ilə əfv qərarı verilsə də, Türkiyə bu iki sevdalıya pasport vermir. Onlar da öncə Lenanın vətəni Ukraynaya gedirlər. Bir müddət burada Yurçenkonun dostugildə yaşayırlar. Həmin il Nazim və laz dostu İsmail sərhəddi gizli keçmək istəyəndə polislər tərəfindən saxlanılırlar. Hər ikisinin üzərində saxta pasport var idi. Və... həbsxana həyatı ilə tanışlıq başlayır.

Lenanın İstanbula gəlməsi üçün Nazim Hikmətin atası çox çalışır. Amma nafilə. Odessadakı kommunist partiyası da Lenaya iş tapmaqda kömək etmək istəyir. 1929-cu ildə şair həbsdə olarkən Lena ona Odessadan bir kitab göndərir. Kitabın ilk səhifəsində yazılmışdı:
“Sevgilim, oxu və məni xatırla!”

Odessadan sonuncu məktub 1929-cu ilin 23 may tarixində gəlir. Bu məktubda Lena darıxdığını, onu hələ də gözlədiyini yazırdı. Həmin ay “Resimli ay” dərgisində sevgililərin birgə şəkli də yayımlanır.

Lena Odessada həyata gözlərini yumur. Kimisi vəbadan, kimisi ağır bir əməliyyatdan öldüyünü yazır. Lena son nəfəsini verənə qədər “mavi gözlü div”ə həsrətlə yaşadı və o həsrətlə də öldü.

Piraye...

31 yanvar 1935-ci ildə evlənirlər. 1951-ci ilin mart ayının 23-ündə ayrılırlar. Təxminən, on altı illik bir evliliyin on ildən çoxu solçu şairin həbsxana illərinə təsadüf edir. Son bir ildə isə “mavi gözlü div” Münəvvərə aşiq olmuşdu. Yəni, tarixi uzun olan bu evliliyin, sadəcə, beş ili Pirayeyə aiddir. Qalanı həsrət, zindan, gözləmək, yenə gözləmək.

Açıklama yok.

Piraye Vedat Örfi ilə evlənmişdi əvvəl. Ondan Suzan adlı qızı və Memet Fuat adlı oğlu (Nazim Hikmət haqqında ən ciddi mənbə kimi istifadə olunan kitabın – “A-dan Z-yə Nazım Hikmet”in müəllifi) olur. Memet Fuat doğularkən əri Vedat Parisdə pianist olaraq fəaliyyət göstərir. Piraye onu dörd il gözləyir. Sonda oğlunu da alıb Kadıköyə gedir. Qızını isə qaynına tapşırır. Nazimin atasının ikinci həyat yoldaşı ilə tanış olur. Sonra Nazimlə. 1932-ci ildə evlənməyə qərar verirlər. Amma birinci Piraye Vedat Örfidən boşanmalıdır. Bu proses bir il davam edir. Sonra şairin ikinci həbsi düşür ortaya. Və cütlük üç il sonra – 1935-də evlənirlər.

1938-ci ilin 17 yanvarında Nazim yenə həbs olunur. 1939-cu ilin may ayına kimi dörd divarın içində Pirayeyə məktublar yazır. May ayından iyun ayına kimi bir aylıq sərbəst buraxılır. “Məmləkətimdən insan mənzərələri”nin ilk hissələrini yazmağa başlayır. Yenidən həbs olunur və 1950-ci ilin 15 iyuluna kimi müxtəlif həbsxanalarda məhbus ömrü yaşayır. Göründüyü kimi, Piraye ilə evliliyi onun azadlıqdan nakam olduğu dövrlərə təsadüf edir. Buna baxmayaraq, Pirayenin də vəfası hesabına bu sevda davam edir.
Nazim Hikmət 1945-ci ilin sentyabrından etibarən Pirayeyə hər gecə şeir yazmağa başlayır. Bir məktubunda bu silsilə haqqında:

“...Saat 9 oldumu, sadəcə, səni düşünürəm. Bu, başqa vaxt səni düşünmədiyim mənasına gəlmir. Lakin 9-dan sonra, sadəcə, səni düşünürəm, başqa heç nəyi. Saat 9-la 10 arasında, bir saat sənə şeir yazıram. Bu şeirlərin adını “Piraye üçün yazılan 21-22 şeirləri” qoydum. Bu işə sentyabrın sonlarında başladım. İki gecə sənin haqqında o qədər çox düşündüm ki, şeir belə yaza bilmədim. Həmin o iki gecə istisna, digər gecələrdə yazdığım bütün şeirləri sənə göndərəcəyəm. Beləliklə, hər ay o ayın günü qədər şeirin olacaq. Hər ayın əvvəli poçtalyona verəcəm. Xırda şeylərdi bunlar, sənə layiq deyil, amma inan mənə, əmin ol ki, hər birini saf qəlbimlə, bənzətməsiz yazdım. Bunların hamısı təmiz, dərin hislərin yavrucaqlarıdır...”

Memet Fuat Nazim Hikmətin Pirayeyə məktublarını çapa hazırlayanda 1945-ci ilin 20 sentyabrı ilə 14 dekabrı arasında otuz iki şeirin yazıldığını bildirir. Şeirlərin hər biri həmin kitabda yer alıb. Məktubların və şeirlərin bəzilərini Memet Fuat İstanbulun müxtəlif sahhaflarından toplayıb. Yəni, nə vaxtsa o məktublar Pirayeyə çatmayıb demək.

Piraye şairin Münəvvərlə evliliyindən sonra belə ömrünün sonuna qədər, yəni 21 mart 1995-ci ilə qədər onu sevir. Bu dünyadan səssiz-səmirsiz, yumruq boyda ürəyində şairə olan sevgisi və kədəri ilə köçür.

Münəvvər – Nazim Hikmətin ən gözəl sevgi şeirlərini ithaf etdiyi qadını

Münəvvər Andaç – Türk ədəbiyyatının “şeir qadını”. Nazim Hikmət ən gözəl məhəbbət şeirlərini ona yazdı.

“Yapraklara, dallara, yeşillere, allara
Nice nice yıllara gülüm, nice nice yıllara.
Yaprak dala, al yeşile yaraşır,
Gayrı bundan böyle vermem seni ellere...

12 fevral 1950-də, Münəvvərin 33 yaşında yazılan bir məktubdandır bu şeir. Həmin il şair Pirayedən hələ ayrılmamışdı.

Açıklama yok.

Münəvvər Nazimin dayısı Mustafa Celaleddinin qızıdır. Anası fransızdır – Qabriel Taron. Münəvvər öncə atasını, sonra anasını itirir. Təhsilini İtaliyada, sonra Fransada bitirir. İstanbula qayıdandan sonra hüquq fakültəsində oxuya-oxuya fransız dilindən dərs verir. Daha sonra dövlət qurumlarından birində məmur kimi işə başlayır. 1941-ci ildə Göztepe Qız məktəbində fransız dili müəllimliyinə başlayır. 1945-ci ildə rəssam Nurullah Berklə evlənir. Bir il sonra qızı Renan dünyaya gəlir. İki il sonra isə Bursada həbsdə olan bibisi oğlu Nazimlə məktublaşmağa başlayır.

Əslində, Münəvvər Nazimə on səkkiz yaşından aşiq idi. Hətta rəfiqəsinə yazdığı bir məktubda “İşimiz çətindi, o evlidir axı...” yazırdı.

Bu sevgi közünü üfürənlər isə Vala Nürəddin və həyat yoldaşı Müzehher olur. İsrarla bütün məktublarında Münəvvəri tərif edirlər. Müzehher onun Bursaya, şairi ziyarətə getməsini çox istəyir. Və bir gün istədiyi olur. İki qohum illər sonra Bursa həbsxanasında görüşürlər. Piraye elə ilk gündən bu münasibəti bəyənmir. Nazimin ailəsi də, daha doğrusu, anası da Münəvvərlə evliliyin tərəfdarı olandan sonra Piraye ortadan çəkilməyə qərar verir. Lakin Vala Nürəddin və yoldaşı Müzehherə qarşı həmişə əsəbi qalır. Şair bir müddət Pirayedən bağışlanmağını istəsə də, yol bitmişdi artıq. Yeni hekayə başlayırdı: Münəvvər.

1950-ci ildə Nazim Hikmət aclıq aksiyası keçirəndə ona dəstək verən dostları ilə birlikdə yeni sevgilisi də aclığa başlamışdı. Şairlərlə, ədəbiyyat adamları ilə bir sırada ona dəstək olurdu. Həmin günlər keçəndən sonra yenidən həbsxanada görüşürlər:
– Ölməkdən qorxmuram, amma yaşamaq çox gözəldi...
– Gözəl günlər görəcəyik, Nazim!
– Xoşbəxt günlər...

Avqustun 15-i Nazim Hikmət azadlığına qovuşur. İlk getdikləri yer Nürəddingilin evi olur. Daha sonra Kadıköydə bir binanın zirzəmisində yaşamağa başlayırlar. Polis nəzarəti altında keçən günlərin birində Piraye ilə boşanır. Üç gün sonra Münəvvər Mehmeti dünyaya gətirir.

Qara günlər başlayır. 50 yaşlı şairi əsgərliyə çağırırlar. Təbii ki, hərbi məktəb oxumuş birinin 50 yaşında əsgərliyə getməsi vacib deyildi. Məqsəd revmatizmadan əziyyət çəkən solçu şairi Sivasın dağlarında əcəli ilə təkbətək buraxmaq idi. O isə ölkədən qaçır. Və “vətən xaini” adını alır. Münəvvər isə Türkiyədə bir “vətən xaininin arvadı” olaraq yaşamağa davam edir. Evinin önündə daim polis maşınları, daim nəzarət. Beş il məktublaşmalarına belə icazə verilmir.

Nazim Hikmət Münəvvərə 750-dən artıq məktub yazıb. Bu məktubların hər biri Moskvadakı arxivində saxlanılır. Memet Fuat “Nazim Hikmət” kitabında bəzilərini çap edib. Məktublar təpədən dırnağa kədərdi. İllər onları qocaldırdı, sevgiləri isə yetkinləşirdi. Dünyanın harasında olursa olsun, Münəvvər xitablı məktublar gəlib İstanbulda bu bəxti qara qadını tapırdı.

Azərbaycanlı heykəltəraş Münəvvər Rzayeva xatirələrində yazır:

“Əkbər Babayev 1954-cü ildə Moskvada olarkən məni Nazimin evinə qonaq apardı. Evə girəndə şairə "Münəvvərlə gəlmişəm" - deyəndə, Nazım qapıya qaçdı. Şeirlərini sevə-sevə oxuduğum şairlə üz-üzə gəlmək mənim üçün xoşbəxtlik idi. O isə məni görəndə üzüldü. Onun gözlədiyi Münəvvər mən deyildim...”

Həmin evdə ikinci bir qadında var idi: həkim qız Qalina.

Vera – öləndən sonra da yan-yana

Nazim Hikmət Vera Tulyakovayla 1955-in sonlarında tanış olur. Həmin vaxt şair Qalina ilə bərabər yaşayırdı. Amma fikri-xəyalı Verada idi. Onu itirmək istəmirdi. 1958-ci ildə Veraya bərabər bir tamaşa yazmağı təklif edir. “İki inadkar” adlı tamaşa yazılmağa başlayır. Nazim bu vaxta qədər dayıqızını unutmamışdı. Amma İstanbuldan gələn bir məktub Veraya olan hisslərin qarşısından əngəlləri alıb aparır.

Açıklama yok.

Memet Fuat “A-dan Z-yə Nazim Hikmət” kitabında həmin məktub haqqında bunları yazıb:

“İstanbuldan gələn bir məktubda Nazim arvadı ilə çox güvəndiyi bir dostu arasında sevgi münasibətinin olduğunu və sənət camiəsində bu dedi-qoduların artdığını oxudu...”

1960-cı ilin noyabrında Vera ilə evləndi. Bu illərdə Münəvvər də Türkiyədən çıxmaq istəyirdi. Şair 1961-ci ildə Parisdə tanış olduğu tərcüməçi Lussunun köməyi ilə arvadını və oğlunu Türkiyədən qaçıra bilir. Onun maddi dəstəyi ilə Münəvvər və oğlu Varşavada ev alırlar. Kommunist partiyası xanımına iş də verir.

1963-cü ilin 3 iyununda “mavi gözlü div” gözlərini əbədi yumur. Yanında Vera və Qalina var idi. İyunun 5-də dəfnolunma mərasiminə Münəvvərlə oğlu Mehmet də qatılmışdı. Vera həmin vaxt Münəvvəri ilk dəfə görür və dostuna deyir:

“Nazim həmişə onu sevdi. Bir gün yanına qayıtsaydı, mən səssiz-səmirsiz çıxıb gedərdim...”

Şairin vəsiyyətinə görə, kitablarından gələn gəlirin dörddə üçü arvadının və oğlunun idi.

Son nəfəsdə əlini tutan Vera oldu. Öləndə də onun yanında dəfn etdilər.

Açıklama yok.

Münəvvər isə on iki il də Varşavada yaşadı, daha sonra Parisə köçdü. Nazim Hikmətin, Yaşar Kamalın və Orhan Pamukun əsərlərini fransızcaya o tərcümə etdi.

Yaşamak güzel şey be kardeşim...

Beləcə, dünyadan sevgi dolu, mübarizəsinə sadiq bir şair keçdi. Onun ruhunu şair kimi bəsləyən isə bu qadınların şəfqəti, ehtirası və ən əsası sevgisi oldu. Ruhuna ithaf edilmiş bu nacizanə yazını öz misraları ilə bitirirəm:

İpekböceği tohumları kışlaklarına gitti gidecek,

sonbahar bitti bitecek,

neredeyse girecek gebe uykularına toprak.

Ve biz yine bir kış daha geçireceğiz:

büyük öfkemizin içinde

ve mukaddes ümidimizin ateşinde ısınarak.

Qeyd: Yazıda Haluk Oralın “Nazim Hikmətin yolculuğu”, Memet Fuatın “A-dan Z-yə Nazim Hikmət” və “Nazim Hikmət” kitablarında yer alan qeydlərdən və məktublardan istifadə olunub.

# 3886 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #