AYB-AYO savaşı: kim qazandı?

AYB-AYO savaşı: kim qazandı?
7 may 2024
# 17:20

Yazıçı, şair Həmid Herisçinin Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olması ilə AYB-AYO (Azad Yazarlar Ocağı) müzakirəsi yenidən qızışdı.

AYO-nun yaradıcılarından olan Həmid Herisçin təkcə AYO-dan yox, həm də özünün “underground” adlandırdığı yanaşmadan imtina edib, klassizmə üz tutduğunu deməklə “AYO missiyasını başa vurdumu?” sualını aktuallaşdırdı.

Azad Yazarlar Ocağı hansı məqsədlə yaradılmışdı?

2001-ci ildə yaranan AYO çox qısa müddətdə ədəbi proseslərin mərkəzinə çevrilməyi bacardı. Bu birliyə qələmi ilə fərqlənən xeyli yazıçı toplaşdı. Rafiq Tağı, Rasim Qaraca, Həmid Herisçi, Seymur Baycan, Aqşin Yenisey, Murad Köhnəqala, Mirmehdi Ağaoğlu, Günel Mövlud, Azad Yaşar kimi tanınmış yazıçıları birləşdirən AYO bütün ədəbi polemikaların aktiv iştirakçısı, hətta yaradıcısı idi.

AYO müasir ədəbiyyatın və azad sənət mühitinin təbliği və formalaşması istiqamətində fəaliyyət göstərir. Bu birlik Azərbaycan ədəbi mühitinə çox sayda yeni sima qazandırıb.

AYO-da hər il sədr seçkiləri keçirilir. İndiyədək seçilən sədrlər arasında Rasim Qaraca, Seymur Baycan, Aqşin Yenisey, Rafiq Tağı, Günel Mövlud, Namiq Hüseynov, Fərhad Yalquzaq, Fərican Yaren və Yalçın İslamzadə kimi simalar olub.

Təşkilatın nəzdində fəaliyyət göstərən "Alatoran" yayınları müntəzəm olaraq yerli və xarici müəlliflərin kitablarını dərc edir.

Yazıçı Murad Köhnəqala son müsahibələrindən birində təşkilatın yaradılış hekayəsi haqqında bunları deyir:

2000-ci ilin əvvəlləriydi, artıq bir neçə il idi ki, Rusiyadan yığışmışdım, Rasim Qaraca da işlədiyi Şimali Qafqazdan Bakıya qayıtmışdı. Həmid də həmişəki kimi Bakıda yaşayırdı. Biz üç yaradıcı dost kimi tez-tez görüşürdük. Nəysə, bir gün Rasimlə bulvarda gəzişəndə dedim, gəlin yeni bir ədəbi təşkilat yaradaq. Rasim dərhal “kiminlə yaradacaqsan?” deyib razılaşmadı. Dedim, mən Moskvada avanqardların, modernistlərin poeziya dərnəklərində olmuşam, belə təşkilatlar yaradıcı adamı yeniləyir. Ətrafda xeyli sayda istedadlı gənc var, ancaq baxıram, dünyagörüşləri dardı, səhv estetikadadırlar, onlara elə gəlir, insanı yalnız kədər və ağlaşma ilə təsirləndirmək olar. Yığılmalıyıq, söhbətləşməliyik, biri-birimizdən öyrənməliyik. Nəhayət ki, Rasim razılaşdı. Dedim, gedək Həmidlə də görüşək, onu razı salmaq mənim boynuma. Həmid onda elə bulvar tərəfdə bacısıgildə yaşayırdı. Fikrimi söylədim, Həmid dərhal razılaşdı. Demək, mənim əsas ideyam nədən ibarət idi: 1. Təşkilatı rəsmi qeydiyyatdan keçirmək; 2. Təşkilatın mətbu orqanını yaratmaq; 3. İstedadlı adamları təşkilat ətrafında toplamaq. Ancaq hansısa ədəbi təşkilatın üzvü olan şəxsi təşkilata qəbul etməmək; 4. Yaradıcılığımızı tərcümələrlə dünya mətbuatına çıxartmaq; 5. Təşkilat üzvlərinin xarici səfərlərini təşkil etmək; 6. Təşkilatın Bakıda tədbirlərini düzənləmək və müxtəlif ölkələrdən yaradıcı şəxsləri dəvət etmək və s. Onda mən böyük tirajla çıxan “Azadlıq” qəzetində köşələr yazırdım. Buna görə təşkilat haqda olan bütün məlumatları qəzetdə verə bilirdik. Başımıza xeyli gənc yazar toplaşdı. Təşkilatı Azad Yazarlar Ocağı (AYO) adlandırmağı təklif etdim və qəbul edildi. Mənim təşəbbüsüm və təşkilatçılığımla iki böyük toplantı keçirdik, məram-məqsədimizi açıqladıq. O zaman mən bütün AYO üzvlərinə demişdim, müsahibələrimdə də bəyan etmişdim ki, biz heç bir təşkilata alternativ deyilik”.

M. Köhnəqala müsahibəsində qeeyd edib ki, AYB AYO qalmaqalı isə məhz Həmid Herisçinin müsahibəsi ilə başlayıb:

“Həmid intervü verib ki, biz bayrağımızı AYB-nin binasına sancacağıq-filan. Elə həmin gündən AYO-AYB münaqişəsi başladı, nə başladı! Qarşı tərəfdə özünü Anara sırımaq istəyənlərə geniş üfüqlər açıldı. Bir dəfə boğaza yığılıb dedim, mən artıq AYO-nu tərk edirəm. Rasim Həmidi üstümə göndərdi ki, xahiş elə, qoy belə eləməsin. Nə isə, bunların mənasızlığından bezmişdim artıq. Aradan xeyli zaman keçdi. Bir dəfə Qanturalı gəldi ki, səninlə müsahibə eləmək istəyirəm. Dedim, mən bu müsahibədə AYO-dan çıxdığımı elan edəcəm, ancaq xahiş edirəm, çapa getməmiş, Rasimə demə. Razılaşdı. Beləcə söhbətimiz dərc olundu və mənim AYO-dan canım qurtardı”.

Bu hadisədən xeyli keçəndən sonra isə Murad Köhnəqala AYB-yə üzv oldu.

AYO-nun radikal üzvlərindən olan Azad Yaşarın da AYB-yə üzv olması xeyli müzakirələr yaratdı. Onu da bu addımına görə qınayanlar oldu. Xüsusilə “ayo”çular bu addımı birmənalı qarşılamadı.

Onun bu addımına münasibət bildirən Rasim Qaraca proseslərə təbii baxmalı olduğumuzu qeyd edib:

“ Azad bu addımı nə üçün atdı sualına onun özündən çox mən cavab verməli oluram, nəyə görəsə. Bu onun özünün müstəqil addımıdır, suallara da sanıram özü cavab verməlidir. Azad Yazarlar qrupundan heç kimin mövqe dəyişdirməsi cəmiyyətdə bu qədər heyrət doğurmamışdı, Azad özünün kristal xarakteri ilə fərqli bir imaj yaratmışdı ədəbiyyat adamları arasında, lakin zaman keçir, fikirlər, mövqelər və xarakterlər də dəyişir, hər şey öz mahiyyətinə qayıdır. Bəlkə də buna təbii baxmalıyıq”.

AYO-nun digər yaradıcısı Həmid Herisçi isə bu günlərdə AYB-yə üzv olduğunu açıqladı.

Həmid Herisçi bu qərarını “underground” olan hər şeylə vidalaşıb, klassizmə meyillənməsi ilə əsaslandırdı.

Rasim Qaraca Herisçinin bu addımını Xalq yazıçısı Anarın qələbəsi kimi qiymətləndirib:

"Təəssüf!!! Həmid də "Boz axına" qoşuldu. Əslində Həmidin prinsipsizliyinə deyil, Anarın “prinsipiallığına” heyrət etdim. Mübarizəni sona qədər apardı. Beş!"

Yazıçı Şərif Ağayar H. Herisçinin Anarla olan paylaşımını “dəhşətli foto” adlandırıb:

“Paşinyanın "Cıdır düzü"ndə yallı getməsi bunun yanında elə yallı getmək qədər yüngül bir işdir. İnanın. İnsanı da işğal edirlər, onun da üstündə bax beləcə yallı gedirlər. Vətəni bir gün azad eləmək mümkün olur, işğal olunan insan isə bir daha heç vaxt geri qayıtmır. Biz buna layiq deyildik. Qiyamət günü Tanrı bu lənət üçün heç bir səbəb tapa bilməyəcək. Özü özünü cəzalandıracaq. Cəhənnəmə özü özünü göndərəcək".

Həmid Herisçi isə bu ittihamlarla qarşılaşacağını bildiyini deyib:

“Belə fikirlərin olması təbiidir və mən bunu normal qarşılayıram. Məni AYO-ya xəyanətdə günahlandırırlar. Son 15 ildə AYO olmayıb axı... Bu illər ərzində mən bu adamların yadına düşməmişəm. Rasim Qaraca ilə sonuncu dəfə 2012-ci ildə görüşmüşəm. Mən işdən çıxanda, xəstə yatanda bu adamlar məni axtarmadılar. İndi hamısı məni günahlandırır”.

“Artıq onları ayoçu hesab etmək olmaz”.

Hazırda Azad Yazarlar Ocağına Rəşad Səfər sədrlik edir.

O, qurumun əvvəlki kimi aktiv olmamasını özü də qəbul edir:

“Düzdür, hazırda AYO-da əvvəlki kimi səs-küylü aktivlik yoxdur. Bunun müxtəlif obyektiv və subyektiv səbəbləri var. Amma AYO və ayoçuluq hələ də davam edir. Hər il yeni üzvlər qoşulur. Üzv olmasalar da, AYO ideyasına yaxınlığı ilə seçilən yaradıcı insanlar var.
Ümumiyyətlə, AYO standart ədəbi təşkilat olmadığı kimi, bu ideyanın özünə də fərqli baxmaq lazımdır. Biz institusionallaşmış bir təşkilat deyilik. Əsas ideya yaradıcı azadlığa üstünlük verən və onu bacardıqca qoruyub saxlayan insanları bir araya gətirməkdir. Fərqli fikirli, fərqli estetik zövqlü insanlar var sıralarımızda...

Bizdə hesab-kitab, konkret üzv siyahıları, sərt qaydalar, partiya biletlərinə bənzəyən üzvlük vəsiqələri, ev-mükafat sırasına dayanmaq kimi şeylər yoxdur. Kim özünü azad yaradıcı insan hesab edirsə və bunu yaradıcılığında göstərirsə, elə düşüncə olaraq ayoçudur. Nə zamansa AYO-da olduğunu elan edib, indi bu dəyərlərdən kənarlaşmış insanlar hətta üzvlükdən çıxdıqlarını açıq söyləməsələr də, artıq onları ayoçu hesab etmək olmaz”.

AYO bitdimi?

Murad Köhnəqalanın danışdığına görə, AYO-nu 3 nəfər yaradıb. Murad Köhnəqala, Rasim Qaraca və Həmid Herisçi. Bu 3 nəfərdən artıq ikisi AYO-dan imtina edərək, AYB-ni seçiblər.

Burda diqqət etməli olduğumuz vacib bir nüans var: Murad Köhnəqala və Həmid Herisçi təkcə AYO-dan təşkilat olaraq imtina etməyiblər, onlar “ayoçuluq”dan, yaratdıqları AYO-çuluğu mövcud edən şərtlərdən, düşüncədən, fəlsəfədən imtina ediblər. Onlar üçün artıq posmodernizmin özü keçmişdir. Həmid Herisçi “Künc Bucaq” Youtube kanalına son müsahibəsində bundan sonra fəaliyyətini yalnız klsssik birlik və tv-lərdə (yəni AYB və AZTV) davam etdirəcəyini deyib. O düşüncə etibarilə, yaradıcılığının da klassizmlə bağlı olacağını vurğulayıb və “qalstuklu” məclisləri seçdiyini qeyd edib.

AYB-də nələr olacaq?

Ədəbi camiədə son vaxtlar baş verən toparlanmalar isə AYB-də və ədəbi camiədə postanar dövrünə hazırlıqlardan xəbər verir.

Yazıçı Anarın növbəti qurultayda namizəd olmayacağını düşünsək, AYB-də yenilənmə prosesinin indidən, elə Anarın öz rəhbərliyi ilə başladığını görmək olur.

Mümkündür ki, AYB indiyə qədər kənarda qalmış yazıçı, şairlərin bu qurum ətrafında yenidən toplanması üçün missiya başladıb. Həmid Herisçinin brifinqdə dediklərindən belə məlum oldu ki, onun AYB üzvlüyü ilə bağlı proses Səlim Babullaoğlunun təklifi ilə başlayıb.

Beləliklə, biz Həmidi də yeni AYB-çilər cəlb edəcək missiyada görəcəyikmi?

Həmid Herisçi “qalstuklu sima” ilə AYB katibi kimi iclaslarda təmsil oluna biləcəkmi?

Postanar dövründə bizi necə bir AYB gözləyir?

Suallar müzakirəyə açıqdır...

# 3347 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #