Yasaq sevgilər – Fəridə qadın həmkarından yazır...

Yasaq sevgilər – Fəridə qadın həmkarından yazır...
22 dekabr 2020
# 15:11

Kulis.az Fəridənin Sara İbrahimin “Yasaq Sevgilər” romanı haqqında yazdığı "Özünü yenidən doğan qadın" yazısını təqdim edir.

Sarılıb gövdəsinə möhkəmcə,
Bir qadın özünü doğa bilər, istərsə”.

Edip Cansevər

Çoxdandır kitablardan uzaq düşmüşdüm. Əvvəl gündəlik həyat qayğıları, iş axtarmaq dərdi, ardınca ötən ilin martından başlayıb uzandıqca uzanan, sərtləşən, yumşalan karantin günlərinin stresi, qayğıları, ardınca müharibə...

Xeyli vaxtdır ki,oxumağı planlaşdırdığım kitabların sırasına daxil etdiyim bir kitab vardı. Mən öz dilimizdə oxumağa hazırlaşarkən, bir də baxdım ki, bu kitab artıq türk dilinə tərcümə edilib və yaxın zamanda Türkiyədə nəşrə hazırlaşır. Azərbaycan oxucularının çoxu bu kitabdan xəbərsizdir. Haqqında danışacağım kitab - Sara İbrahimin “Yasaq Sevgilər” romanı ötən il Mücrü nəsriyatında çap edilib.

İlk baxışda əsərin qəhrəmanı Səmanın uşaqlığı, ailədaxili problemlər, ilk gənclik illəri, sonrakı taleyi və həyatın onu atdığı burulğanlardan danışan bu kitab oxucuya yüzlərlə romandan biri kimi təsir edə bilər. Bir ailənin qəribə sevgisindən, münasibətlərindən, ana ilə uşaqlar, qardaş-bacı arasındakı təzadlı münasibətlərdən bəhs edən bu romanın qəhrəmanı Səma doğulan andan ömrünün sonuna qədər bir uşağın – bir insanın ən çox ehtiyac duyduğu şeydən – ana sevgisindən məhrum olaraq bütün həyatı boyu bunun ağrısı, travmaları, kompleksləri ilə böyüyür, insanlardan daim uzaq gəzir, özünəqapanıq, öz dünyasında yaşayan bir insana çevrilir.

İlk baxışda olduqca sadə bir həyat hekayəsi, bir roman deyə bilərik. Amma romanın pərdəarxasında bizə ötürülən məsələlər o qədər böyük, dəhşətli və deyərdim, hətta faciəvidir ki, insan ani susqunluğa qərq olur. Susub düşünməyə məcbur edir səni müəllif.

Bu danılmaz bir faktdır ki, gəncliyi və uşaqlığı doxsanlara düşmüş bir nəsillə ondan öncəki nəsil arasında dərin bir uçurum var. Dini, dünyəvi baxışlar olsun, tərbiyə metodları olsun, ailə-cəmiyyət münasibətləri - fərq etmir, “doxsanlar nəsli” özündən əvvəlki adət-ənənələrə, qəbul edilmiş normalara, davranışlara qarşı həyatı boyunca soyuq müharibə elan edib sanki. Bu nəsil köhnənın “qırılma” nöqtəsidir. Yeninin – yeni düşüncənin, həyat tərzinin, baxış bucağının yaşamaq, azadlıq tələbidir sanki. Bunu ölkəmizin tarixi ilə, azadlığı ilə əlaqələndirirəm daha çox. “Yasaq sevgilər” romanında bu hadisələr, konfiliktlər bir ailənin həyatı fonunda çox gözəl qələmə alınıb.

Cahil bir qadının, daha dəqiq desək, ananın öz ailəsində atanı daim ikinci plana ataraq hegemonluq etməsi, uşaqların tərbiyəsində, bir-biri ilə münasibətində yol verdiyi səhvlər bu ailənin gələcək faciələrinin bünövrəsini qazır. Təsadüfi deyil ki əsər boyu uşaqlıq illərində Səmaya doğma anası olsa da, ögey münasibət göstərən, onu daim aşağılayan, “sən gözəl, ağıllı deyilsən, bacın isə daha ağıllı və gözəldir”, “sən heç kimə lazım deyilsən”, “sənin əlindən heç nə gəlmir” kimi sözlərlə qızını incidən, digər uşaqlarından seçib ayıran bir ana obrazı görürük.

Bizim cəmiyyətin patriarxal olduğunu desələr də, mənim fikrimcə bizim cəmiyyətdə hökmranlıq daim qadınların əlində olub. Hətta indinin özündə də bu belədir. Sadəcə qadınlar cəmiyət və iş həyatından bir addım geri çəkilərək, evin divarları, məişətin bitib-tükənməz qayğıları arasında sanki səngərlənərək ailəni, cəmiyyəti və geniş müstəvidə ölkəni belə idarə edir. Kimin kimlə evlənəcəyinə, kimin harda işləməli olduğuna, kimin kimlə barışacağına, uşaqların hansı məktəbə gedəcəyindən, filankəsin toyuna nə qədər pul salınacağına qədər qadınlar qərar verir, ya da qərar verdirir. Daim qurban sifətində şiddət və aqressiya mərkəzi olmaq belə qadınların özlərinin səbəb olduğu tərbiyə-adət-ənənə-cəmiyyət qayda-qanunları nəticəsində baş verir. Mən tam əminliklə deyə bilirəm ki, harda bədbəxt bir qadın varsa, o başqa bir qadının şah əsəridir. Harda kompleksli qadınlar varsa, səbəbkarı yerdə qalanlardır.

Saranın romanında mətnaltı bütün bu prosesləri görmək olur. Sadəcə olaraq o, öz hekayəsində qəribə bir rakurs seçib. Bizim gündəlik həyatda çox şahidi olduğumuz gəlin-qayınana problemi əvəzində o ana-qız çəkişməsini, münasibətlərini, qırılma nöqtələrinə qədər çox gözəl nağıl edir. Zənnimcə, bizim ədəbiyyatda, hətta dünya ədəbiyyatında da ana-qız konfiliktinin işlənməsi baxımından bu roman bir ilkdir.

Səmanı (romanın qəhrəmanını) bəzi detallarla Ceyn Eyrə bənzətmək olar. O da yetim qalmış, ögey bacı-qardaşları tərəfindən daim ələ salınan bir qız idi. Amma mən “Yasaq Sevgilər”i daha çox latın Amerikalı yazar Karlos Funtesin “Bütün xoşbəxt ailələr” romanına bənzədirəm. Bəlkə romanı oxuyanda siz bu bənzərliyi görə bilməyəcəksiniz. Amma bir qədər düşünə, müqayisə edə bilən bütün oxucular bunu mütləq hiss edəcək. Bu əsərə psixoanaliz tərəfindən yaxınlaşa bilən istənilən insan orda öz ailəsinə, uşaqlıq travmalarına, cəmiyyət münasibətlərinə, dostluq, sevgi, həyatın bütün məqamlarına dair bir ağrı, bir iz, nişan tapa biləcək. Çox heyif ki, bizdə bədii ədəbiyyata psixoanalitik yanaşma, təhlil metodu, demək olar ki, yoxdur. Bu cür analizlə bir çox əsərlərin alt qatında gerçəkdə nələrin yatdığını görmək olur.

Romanda hadisələr zəncir kimi iç-içə keçərək bir-birini tamamlayır. Roman Səmanın doğulduğu fırtınalı günlə başlayır. Romanın sonunda Səmanın həyatında əsən yellər, tufan, qasırğalar yerini sakit, günəşli bir günə verir. Ailənin sonbeşiyi Bəhruzun doğulduğu mart səhəri romanın əvvəlində gözəl təsvirlərlə oxucuya çatdırılır. Romanın sonlarına yaxın Bəhruzun həyatının kədərli finalını görürük.

Ümumiyyətlə,” Yasaq sevgilər” romanında maraqlı, gözlənilməz hadisələr elə ilk səhifədən oxucu ilə əsər arasında səmimi ülfət, məhrəmlik yaradır, oxucu özünü bu ailədə baş verənlərin bir parçası, bir üzvü kimi hiss edir.

Bu romanı eyni zamanda Lavrencenin “Oğullar və sevgililəri” əsəri ilə də müqaisə etmək olar. Valideynlərin, ailədaxili münasibətlərin uşaqlıqda buraxdığı təsirlər, həyatın hər anını yönləndirməsi və s. baxımdan bu iki əsər arasında oxşarlıq gördüm.
Roman sadə, oxunaqlı dildə yazılıb və oxucunu qətiyyən yormur. Əksinə, ilk səhifələrindən oxucu hadisələrin axarına düşür, roman oxucusunu arxasınca sona qədər aparmağı bacarır. Cəmiyyətimizin aynası da demək olar bu romana.

İçində boğulduğu komplekslərdən, travmalardan xilas olmağın yolunu öz qəlbində gəzdirdiyi, heç nəyin ləkə salmasına imkan vermədiyi gözəl bir sevginin hesabına tapan qəhrəman - Səma çox qadın üçün həyat idealına çevrilə bilər. Ailəsindən gördüyü sevgisizlik Səmanın həyatında bir çox problemlərə, faciələrə səbəb olsa da, iradəsi və özünə aşıladığı möhkəm xarakterilə o, bütün çətinliklərin öhdəsindən gələ bilir. Acılarla dolu həyatı sonda üzünə gülən Səmanın yaşadıqları, bu romanı oxuyanlara bir mesaj verir: həyat səbrliləri, güclüləri sevir və sonda İlahi ədalət mütləq qələbə çalacaq.

Öz qərarlarına, həyatına, düşüncə və sevgisinə sarılan, özünü yenidən doğub, yaradan bir qadının hekayəsidir “Yasaq sevgilər”.

Bu romanı bütün valideynlərə, xüsusilə qız analarına oxumağı tövsiyyə edirəm və müəllifə bol oxucu kütləsi, uğurlar arzulayıram. Tezliklə romanın sədasının əcnəbi oxuculara çatmasını diləyirəm, çünki öz cəmiyyətinin problemlərindən, həyat hekayətlərindən yazdığı əsərlərlə Nobelə qədər getmiş Nəcip Məhfuz havası var bu romanda.

# 5626 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #