Yanıma daha çox hicablı qadınlar və ailəli xanımlar gəlir – Pirsinq ustası

Yanıma daha çox hicablı qadınlar və ailəli xanımlar gəlir – Pirsinq ustası
23 dekabr 2019
# 08:57

Kulis.az Ayxan Ayvazın pirsinq ustasının iş yerindən yazdığı reportajı təqdim edir.

Aysel xanımın yanına gedəndə salonda iki xanımla rastlaşıram. Hər ikisinin qulaqlarında pirisinq var.

Çox estetik görünür. Qadınlar elə bil pirisinqdən xoşum gəldiyini hiss edib, saçlarını qulaqdibi edib mənə baxırlar.

- Aysel xanım, - pirsinq ustasının yanına keçirəm, - bu xanımlar da sizin müştərilərinizdir?

- Onlar salon işçiləridir, amma mən eləmişəm onlara da...

- Çox gözəl yaraşıb...

- Elədi... Qulaq və dilə vurulan pirsinqi mən də sevirəm.

Aysel xanımın “pirsinq elədiyi yer”ə keçirik. Uzun, ütü stoluna oxşayan bir stol var. Mən hətta zarafatımdan da qalmıram:

Gallery

- Elə bildim, diş həkimindəyəm...

Gülümsünür.

Dərman qoxusu gəlir. Həqiqətən də bir stomotoloqun iş otağına bənzərliyi var. Gözümə fotolar dəyir: pirsinqli qadınların fotosu. Göbəyə, qulağa, boyuna, dilə, intim yerlərə edilən pirsinqlər...

Deyilənə görə, pirsinq ya dini ya da mənəvi səbəblərdən etdirilirmiş. Günümüzdə isə daha çox estetik görünüş və seksual həyəcan üçün.

Aysel xanım da bunu təsdiq edir:

- Əvvəllər pirsinq nəyəsə görə elətdirilirdi. Hər ölkədə bir fəlsəfəsi var. Məsələn, Hindistanda qadınlar ailəli olduqlarını bildirmək üçün burunlarına pirsinq elətdirirlər.

- Bizdə bunu eləsələr tamam ayrı cür başa düşülər. – mənim atmacamla yenə gülümsünür.

Gallery

- İndi əsasən gözəllik üçün edirlər.

Aysel xanım fotoları göstərir mənə və böyük bir həqiqətin üstünü açır:

- Bilirsiniz?

- Nəyi?

- İlk pirsinq kişilərdə olub.

- Necə ki?

- Qulaq dəlmə kişilərdə olub.

Mən zarafata salıram:

- Hər şeydə kişilər birincidir.

Gallery

Aysel xanım işindən zövq aldığını deyir. Özü də pirsinq ustalığına başlamaq tarixçəsi də maraqlıdır. Deməli, evdən çıxıb pirsinq elətdirmək üçün usta axtarırmış, sonra bir qız tapıb, onun pirsinqini isə bəyənməyib. Necə deyərlər, yaxşı bir kitab oxumaq istəyirsənsə, onu özün yaz prinsipinə əməl edib. Rəfiqələri də onu “tırka”layıb, deyiblər, sən bacararsan.

- Tibbə də marağım vardı... Araşdırdım və Rusiyada pirsinq akademiyası tapdım.

- Doğrudan elə bir akademiya var?

- Bəli... Məni orda sınadılar. Sonra qəbul olundum. Axırda yaxşı nəticə ilə bitirdim.

- Bəs ailəniz narazı olmadı?

Cavabı məni çaş-baş qoyur:

- Ailəm dəstək oldu, əksinə.

Deyir, pirsinq cəsarət işidir. Hər adam pirsinq elətdirə bilmir.

- Daha çox qadınlar gəlir yəqin...

Gallery

- Bəli...

- Bilirsiniz, cəmiyyətimizdə pirsinqə münasibət birmənalı deyil. Yaxşı qarşılanmır çox vaxt.

- Mən indi elə deməzdim, yanıma hər cür qadın gəlir.

- Necə?

- Müəllimələr, hicablı qadınlar...

- Hicablı?

- Bəli... Hətta niqablı...

- Əsasən haralarına pirsinq elətdirirlər?

- İntim yerlərinə...

- Ciddi?

- Əlbəttə.

- Niyə məhz intim yerlərə?

Gallery

- Yoldaşlarının xoşuna gəlir deyə düşünürlər. Mənim yanıma əsasən ailəli xanımlar gəlir.

- Bəs problem yaranmır?

- Çox cüzi...

Bir ailəli xanım ərinə sürpriz üçün pirsinq elətdirmək qərarına gəlir. Aysel xanım da ona pirsinq eləyib yollayır evinə. Axşam evə gələn əsəbi ər qəzəblənir və deyir ki, dərhal o pirsinqi yoxa çıxart.

- Gəldi, ağlaya-ağlaya dedi ki, çıxart.

Bu cür hadisələri Aysel xanım danışmaq istəmir. Deyir, bədən azad bölgədir, gərək ona kimsə toxunmasın. Ancaq bədən yalnız bir adama məxsus olmur belə cəmiyyətlərdə. Gərək qarşı tərəfin də razılığını alasan.

Məsələn, Aysel xanım bir müştərisinin də pirsinqini çıxartmaq məcburiyyətində qalıb.

Sevgilisinin doğum günündə ona hədiyyə kimi pirsinqi düşünən qızın kədərli sonluğu...

Göbəyini göstərəndə oğlan bərk əsəbləşib. Yəqin, restoranların birində ad gününü qeyd edirlərmiş. Qəfil qızın əlindən tutub bayıra çıxarıb. Soruşub ki, göstər görüm, o pirsinqi kim elətdirib. Elə bil, dəhşətli bir şey baş verib. Qız da ağlaya-ağlaya, çarəsizcə yerini deyib. Taksi saxla, düz sür ora. Və Aysel xanım qapını açanda qızın göz yaşları və oğlanın əsəbiliklə əl-qol hərəkətlərini görüb... Sonrası... Ağlayan qızın prisinqinə əlvida nəğməsi...

Gallery

- Aysel xanım, daha çox haraya pirsinq eləmək dəbdədir?

- Ən çox qulağa edirlər. Bir də göbəyə. Görünən yerlərdi deyə...

Aysel xanım deyir ki, pirsinq ağrı da vermir:

- Pirsinqin müxtəlif formaları var. Bəzək üçün. İl-ildən yeni şeylər çıxır. Özü də pirsinqi eləmək heç bir ağrı vermir.

- Necə ki?

- Elə bil bədənindən bir çimdik qoparırlar. Vəssalam. İkicə saniyə çəkir.

- Prosedur iki saniyədir?

- Birinci psixoloji hazırlama dövrüdür. Buna müştərinin özü hazırlaşıb gəlməlidir. Sonra deşilən yerə hansı sırğa vurulacaq, onu seçirik. Bu da yarım saat çəkir. Ancaq sırf deşiyin açılması və iynənin dəriyə keçirilməsi iki saniyə çəkir və sadəcə çimdik ağrısı verir.

Gallery

- Bədənə zərəri varmı pirsinqin?

- Zərəri deməyək... Düzgün deşilməsə, iynə düzgün vurulmasa problem yaradır.

- Necə problem?

- Məsələn, sizə bir hadisə danışım. Bir müştərim olmuşdu, qulağını göstərmişdi mənə, gördüm, şişib. Məndən əvvəl getdiyi pirsinq ustası deşilən yerə yanlış bir sırğa qoymuşdu və nəticədə qulaq şişmişdi. Biz o şişən yeri cərrahiyə ilə kəsib götürdük.

- Başqa nə kimi fəsadları var?

- Elə qorxusu yoxdu. Sadəcə, usta yaxşı vurmaya bilər, estetik cəhətdən görünüşü poza bilər.

- Xəstəlik yaratmaq ehtimalı...

- Bəli... Əgər bir alət başqa birində işlənərsə, o zaman virus keçə bilər. Gərək pirsinq edilən alət, iynə hər dəfə dəyişdirilə. Hər müştəriyə yenisi tətbiq oluna...

Gallery

- Tatuda bu var, ona baxmaq lazım olur. Pirsinqdə necədir?

- Əlbəttə, pirsinqə də baxmaq lazımdır. Elə pirsinq var, 2 ay baxmalısan, eləsi var, 6 ay qulluq göstərməlisən. Hər usta özünə görə müəyyən edir bu vaxtı. Pirsinqi bir yerə ilişdirmək olmaz. Gərək ona səliqəli şəkildə baxasan.

Otaqdakı alətlərə, iynələrə baxıram. Bir anlıq düşünürəm ki, mən pirsinq elətdirsəm, görəsən harama elətdirərdim. Yaraşardımı, mənə? Bilmirəm. İçimdəki Şərq kişisi isə barmağını silkir: “Ayıbdı, ə? Yekə kişisən? Pirsinq nədir?”

- Pirsinq estetik görünüş üçündü. Yəni məcburi deyil. Qadınların saç düzümü, geyim kimi məcburiyyəti var, ancaq pirsinq məcburi deyil. Mənim bir çox müştərim olub. Gəlib, uzanıb burda, o tərəfə fırlanıb, bu tərəfə fırlanıb, sonra deyib, mən burda neyləyirəm, çıxıb gedib. Yalnız cəsarətli qadınlar pirsinq elətdirməyə razı olublar. Onlar üçün bu estetik görünüşdü və cazibəli görünməyin yoludu.

- Bəs kişilər necə? Pirsinq elətdirməyə gəlirlər?

- Əlbəttə. Mənim kişi müştərilərim də var.

- Onlar ən çox hara elətdirir?

- Daha çox sinəyə, bir də qulağa...

- Sinəyə niyə?

- Bilirsiniz, sevgilisi ilə gəlirlər. Qız sağ döşünə elətdirir, o da sola, ya da əksinə. Ona görə sinəyə vurdururlar.

- Sizin ən çox hansı nahiyəyə pirsinq eləmək xoşunuza gəlir?

- Qulaqlardı... Bir də dil... Göbəyi də sevirəm...

Yenə fikirləşirəm: bəlkə gəlmişkən pirsinq elətdirim? İçimdəki Şərq kişisi böyrümdən çimdik götürür: “Reportajını elədin, cəhənnəm ol çölə!”

# 15831 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #