Siz mənim dünyamla oynayırsınız – Bob Dilanın şeirləri

Siz mənim dünyamla oynayırsınız – Bob Dilanın şeirləri
14 oktyabr 2016
# 12:08

Kulis.az Svetlana Turanın tərcüməsində 2016-cı il Ədəbiyyat üzrə Nobel mükafatı sahibi Bob Dilanın şeirlərini təqdim edir.

Çox vaxt

Çox vaxt
Mən diqqətimi ətrafa büsbütün yönəldirəm,
Çox vaxt
Ayaqlarımın ikisini də yerdə saxlayıram,
Cığırla gedə, işarələri oxuya bilirəm,
Yol uzanıb getdikdə həvəsdən düşmürəm,Ğ
Qarşıma çıxan problemin öhdəsindən gələ bilirəm,

Qadınımın getdiyini heç görmürəm də,

Çox vaxt.

Çox vaxt

Hər şey yaxşı başa düşülür,

Çox vaxt

Bacardıqca heç nəyi dəyişmirəm,

Hər şeyin həllinə nail ola, geri çəkilməyə bilirəm,

Hər məsələnin axırına kimi gedə bilirəm,

Sağ qala, tab gətirə bilirəm,

Onun haqqında heç düşünmürəm də

Çox vaxt.

Çox vaxt

Başımı dik tuturam,

Çox vaxt

Nifrət etməyəcək qədər güclü oluram,

Xəstə düşməyənədək xülya qurmuram,

Nə qədər axmaqcasına olsa da, karıxmaqdan qorxmuram,

Mən insanlığın üzünə gülümsəyə bilirəm,

Onun dodaqlarının dadını heç xatırlamıram

Çox vaxt.

Çox vaxt

O, heç yadıma da düşmür,

Onu görsəm, heç tanımaram da

Ondan bu dərəcədə uzaqlaşmışam.

Çox vaxt

Buna heç əmin də ola bilmirəm

ki, o mənimlə idimi,

Ya da mən onunla idimmi.

Çox vaxt

Mən tam razı qalmıram,

Çox vaxt

İşin haracan gedəcəyindən tamamilə əminəm,

Özümü aldatmıram, qaçıb-gizlənmirəm,

İçimə gömdüyüm duyğulardan qaçmıram,

Kompromisə getmirəm, riyakarlıq etmirəm,

Onu bir daha görə bilib-bilməyəcəyim üçün nigaranlıq keçirmirəm

Çox vaxt.

1989

Müharibə hökmdarları

Gəlin görək, siz, müharibə hökmdarları,

Böyük silahları yaradanlar,

Ölüm təyyarələrini uçuranlar,

Bombaları quraşdıranlar,

Divarlar arxasında gizlənənlər,

Masalar arxasında gizlənənlər,

Əsl üzünüzü görə bilirəm.

Dağıtmaqdan ötrü ucaltmaqdan başqa,

Əlindən bir iş gəlməyənlər,

Siz mənim dünyamla oynayırsınız,

Sanki bu sizin balaca oyuncağınızdır.

Əlimə silah verirsiniz,

Gözlərinizi məndən gizlədirsiniz,

Sonra üzünüzü çevirib uzağa qaçırsınız

İti güllələr havada uçuşanda.

Qoca Yəhuda kimi,

Yalan danışır, aldadırsınız,

Dünya müharibəsinə son qoyula bilərmiş,

Məni buna inandırmağa çalışırsınız.

Lakin gözlərinizdən oxuyuram,

Beyninizdəkiləri görürəm,

Eynilə kanalizasiyamdan axan

Sudakıları gördüyüm kimi.

Siz bütün tətikləri çəkirsiniz

Başqaları onlardan atəş açsın deyə,

Sonra rahatca oturur, izləyirsiniz

Ölüm sayının artmasını.

Malikanələrinizdə gizlənirsiniz

Cavanların qanı

Bədənlərindən axıb

Sizin çirkabınıza dolduqca.

Siz canımıza salına biləcək

Ən betər qorxunu salmısınız –

Dünyaya

Uşaq gətirmək qorxusunu.

Çünki doğulmamış, ad verilməmiş

Övladıma hədə-qorxu gəldiyinizə görə

Siz damarlarınızda axan qana

Layiq deyilsiniz.

Yerli-yersiz danışacaq qədər

Çox şey bilirəmmi?

Gərək mənim gənc olduğumu deyəsiniz,

Cahil olduğumu da deyə bilərsiniz,

Lakin sizdən gənc olsam da,

Bildiyim bir şey var ki,

Hətta İsa belə heç vaxt

Günahınızdan keçməyəcək.

İzin verin bir sual verim:

Pulunuz belə yaxşıdır?

O sizə əfv qazandıracaqmı?

Bunun mümkün olduğunu sanırsınızmı?

Ölüm anınız çatdıqda

Görəcəksiniz ki,

Qazandığınız bütün o pullar

Ruhunuzu geri almağa yetməyəcək.

Mən ümid edirəm ki, siz öləcəksiniz

və ölümünüz tezliklə gələcək.

Mən də günəşsiz bir günorta çağı

Sizin tabutunuzun arxasınca gedəcəyəm

və sizin ölüm yatağınıza

endirilməyinizi izləyəcəyəm

və qəbrinizin başında dayanacağam o vaxtadək

ta ki öldüyünüzdən əmin olum.

1963

Heç nə əvvəlkitək deyil

Ağlı çaşmış narahat bir kişi

Nə qarşımda, nə arxamda var bir kəs

Qucağımda qadın var, o, şampan içir

Dərisi bəyazdır, gözləri qatilinki kimi

Mən başımı qaldırıb tünd göy rənglənmiş şassiyə baxıram

Yaxşı geyimliyəm, son qatarı gözləyirəm.

Dar ağacında dayanmışam, başım kəndirdə

Bütün cəhənnəmin azad olacağını hər an gözləyirəm.

İnsanlar dəlidir, zəmanəmiz qəribə

Sıxışıb qalmışam, əl yetmir mənə

Hər şey vecimə olardı, amma heç nə əvvəlkitək deyil.

Bu yerlərin mənə xeyri yoxdur

Yanlış şəhərdəyəm, yerim Holivuddur

Bircə anlıq düşündüm ki, nəyinsə tərpəndiyini gördüm

Svinq oynamaq üçün gərək rəqs dərsləri götürüm

Heç nəyin rahat yolu yoxdur, gərək küçədəcə geyinim

Burada yalnız axmaq nəyisə sübut etməyə cəhd edə bilər.

Körpü altından xeyli su axır, elə başqa şeylər də

Ayağa qalxma, cənab, mən, sadəcə, keçib-gedənəm.

İnsanlar dəlidir, zəmanəmiz qəribə

Sıxışıb qalmışam, əl yetmir mənə

Hər şey vecimə olardı, amma heç nə əvvəlkitək deyil.

Bərbad yolla altmış kilometr piyada gəlmişəm

İncil doğru deyirsə, dünya viran qalacaq

Bacardıqca özümdən uzaqlaşmağa çalışıram

Bəzi şeylər onlara toxunmayacaq qədər qaynardır

İnsan ağlı ancaq bu qədərinə tab gətirir

Əlin gətirməsə də, uda bilərsən.

Özümü ilk gördüyüm qadına vurulurmuşam kimi hiss edirəm

Sanki onu əl arabasına qoyub küçə boyunca sürürəm.

2000

# 2016 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #