Nabokovdan hekayə: Sərnişin

Nabokovdan hekayə: Sərnişin
29 noyabr 2020
# 15:30

Kulis.az Vladimir Nabokovun “Sərnişin” hekayəsini Qismətin tərcüməsində təqdim edir.

Yazıçı papirosunun karton ağızlığını portsiqarına vuraraq köks ötürdü: “Bəli, Həyat bizdən daha istedadlıdır. Həyatın arabir tapdığı mövzular var ha! Dəhşətdir, qaçmaq olmur. Onun əsərləri tərcüməyə gəlmir, tərifə sığmır.”

Üzüyola, uzağı yaxşı görməyən, elə hey tərpənən incə, uzun barmaqları olan tənqidçi gülümsəyərək şərh verdi: “Bütün müəllif hüquqları yazıçıya aiddir.”

Yazıçı fikirli-fikirli tənqidçinin boş qədəhinə bir kibrit çöpü tulladı, sonra sözünə davam etdi: “Belə çıxır ki, bizə ancaq fırıldaqçılıq qalır. Çıxış yolumuz budur: Həyatın yaratdıqlarına bir rejissorun məşhur bir romana davrandığı kimi davranmaq. Rejissorun işi-gücü xidmətçi qızların şənbə gecələri darıxmamağını təşkil etməkdir; buna görə romanları tanınmaz hala gətirir, çimdikləyir, astarını üzünə çevirir, yüzlərlə epizodu çıxarıb tullayır, əsərə öz uydurduğu yeni personajlar və hadisələr əlavə edir – bütün bunlar da ona görədir ki, əyləncəli film heç bir maneə ilə rastlaşmadan axıb getsin, əvvəldə yaxşılıq, axırda cinayət cəzalandırılsın. Məqsəd odur ki, öz məntiqi içində xeyli təbii bir film alınsın, hər şeydən önəmlisi isə gözlənilməz, amma hər şeyin çözüldüyü final olsun. Biz yazıçılar da hansısa şərti harmoniyaya, bədii yığcamlığa nail olmaq üçün eyni cür davranırıq, Həyatın mövzularını dəyişdiririk. Dadsız-duzsuz oğurluqlarımıza uydurmalarımızla dad qatırıq. Düşünürük ki, Həyatın yaratdıqları həddindən artıq ümumi, səliqəsiz və natarazdı, onun dühası xeyli pintidir. Oxucularımızın xoşuna getmək üçün Həyatın kəsilib-biçilməmiş romanlarından öz səliqəli hekayəciklərimizi oyub çıxardırıq. İcazə verin, söz açılmışkən, sizə başıma gələn bir hadisəni danışım.

“Ekspress qatarının yataqlı vaqonunda səyahət edirdim. Kupeyə yerləşmə prosesini – asma yataqdakı soyuq çarşafları, qatar tərpənəndə yavaş-yavaş qara pəncərənin arxasından ötüb keçən stansiyanın sonuncu işıqlarına baxmağı çox sevirəm. Yadıma gəlir ki, yuxarıdakı asma yataqda heç kəs yox idi, çox sevinmişdim. Soyundum, əllərimi başımın arxasında cütləyib beliüstə uzandım, oteldəki pərqu döşəklərin yumuşaqlığı ilə müqayisədə hökümət ədyalının zərifliyi ləzzət verirdi. Bir az fikrə dalandan sonra – o vaxtlar vaqon xadimələrinin həyatından bir hekayə yazmaq istəyirdim – işığı söndürdüm, tezliklə yuxuladım. Bu yerdə icazə verin, mənim başıma gələn əhvalatdakı kimi hekayələrdə tez-tez rast gəldiyimiz bir fənddən istifadə edim. Bu, sizə çox yaxşı tanış olan, köhnə fənddir, bax, belə: “Gecəyarısı qəfildən oyandım.” Dalınca daha diri cümlə gəlir: “Oyandım və bir ayaq gördüm.”

Qabağa əyilib şəhadət barmağını qaldıran tənqidçi soruşdu: “Bağışlayın, necə?”

Yazıçı təkrarladı: “Bir ayaq gördüm. Bölmə işıqlı idi. Qatar bir stansiyada dayanmışdı. Kifayət qədər iri kişi ayağı idi, baş barmağın göyümtül uzun dırnağının deşdiyi pis qoxulu corabı vardı. Sifətimin yaxınlığındakı pilləkənə möhkəmcə qədəm basıb dayanmışdı və yuxarıdakı yatağı görməyimə mane olan ayağın sahibi öz yerinə çıxmaq üçün sonuncu cəhdini etməkdəydi. İmkan tapıb bu ayağı, bu boz-qara xanalı corabı və dolu baldırlarında, dizdən aşağısında yana əyilmiş çəhrayı dizbağını nəzərdən keçirdim. Yun parçadan olan uzun dizliyinin altından çıxan tüklər çox eybəcər görünürdü. Bu ayaq hər cəhətdən çox iyrənc idi. Mən baxanda ayaq gərildi, inadkar baş barmaq bir-iki dəfə tərpəndi, sonra isə bütünlüklə çəkildi və yüksəlib yoxa çıxdı. Yuxarıdakı yataqdan inilti, fısıltı səsləri gəlirdi – düşünmək olardı ki, adam yatmağa hazırlaşır. İşıqlar söndü və bir neçə dəqiqədən sonra qatar yerindən tərpəndi.

“Bilmirəm bunu sizə necə başa salım, o ayaq mənə dəhşət pis təsir etdi. Alabəzək, yumuşaq və murdar bir sürüngən. Narahat idim ki, lənətə gəlmiş ayaqdan başqa bu adam haqqında heç nə bilmirdim, bədənini və sifətini görməmişdim. Onun başımın üstündə alçaq, qaranlıq bir tavan əmələ gətirmiş yatağı, elə bil, indi daha da alçalmışdı, az qala, ağırlığını hiss edirdim. Gecə mənə yoldaş olan adamın sifətini nə qədər təsəvvür etmək istəsəm də, corabının deşiyindən görünən göyümtül dırnağının parıldayan sədəfi gözümün qabağından getmirdi. Ümumən, belə xırda şeylərin məni narahat etməsi qəribə görünə bilər, fəqət yazıçı elə bu cür xırda şeylərə görə narahat olan adam deyilmi? Nəysə, yuxum gəlmirdi. Qulaq verdim, görüm, məchul yol yoldaşım xoruldamır ki? Yox, xoruldamırdı, elə bil, inildəyirdi. Amma bildiyiniz kimi, gecə təkərlərin taqqıltısı səs hallüsinasiyası yaradır. Fəqət mən heç cür yuxarıdan qeyri-adi səslərin gəlməsi təəssüratından xilas ola bilmirdim. Dirsəklənib dikəldim. Səslər daha da aydınlaşdı, üst yataqdakı adam hönkürtüylə ağlayırdı.”

Tənqidçi onun sözünü kəsib, “Necə? Hönkürtü ilə ağlayırdı? Başa düşdüm, belə. Bağışlayın, dediyinizi yaxşı eşitməmişdim” – dedi və əllərini dizlərini üstündə cütləyib hekayəçini dinləməyə davam etdi.

“Bəli, o hönkürtü ilə ağlayırdı və onun hönkürtüləri dəhşətli idi. Hönkürtüdən boğulurdu, elə bil, bir nəfəsə bir litr su içibmiş kimi dərindən nəfəs alırdı, sonra yenə ağzını bağlayır və toyuq qaqqıltısının dəhşətli parodiyasına bənzəyən hıçqırtıya keçirdi, sonra yenə nəfəsalma və yenidən qırıq-qırıq hönkürtü, nəfəsvermə – çıxardığı səslərdən bunları bilmək olurdu. Və bütün bunlar fırlanan təkərlərin əmələ gətirdiyi titrəyişin fonunda baş verirdi deyə, elə bil, adamın hönkürtüləri hərəkətli pilləkəndən düşüb çıxırdı. Hərəkətsiz uzanıb qulas asırdım – eyni zamanda, hiss edirdim ki, qaranlıqda sifətim səfeh görkəmə düşüb, çünki yad adamın hönkürtüylə ağlamasını həmişə adamı utandırır. Hə, yeri gəlmişkən, laqeydcəsinə sürətlə gedən eyni qatarı bölüşdüyümüz üçün qeyri-ixtiyari şəkildə özümü ona bağlı hiss edirdim. Sakitləşmək bilmirdi, bu dəhşətli qəliz hönkürtülər yaxamdan əl çəkmirdi: İkimiz də, mən – aşağıda qulaq asan, o – yuxarıda ağlayan, saatda 80 kilometr sürətlə gecənin ucqarına doğru gedirdik və yalnız bir qəza bizim qeyri-iradi bağımızı qopara bilərdi.

Bir ara sanki sakitləşdi, amma mən yuxuya gedənə yaxın təzədən onun hönkürtüləri eşidildi və hətta mənə elə gəldi ki, bu hönkürtülərin içində o, içdən-içə nəsə ağıya oxşayan anlaşılmaz sözlər də deyir. Yenə sakitləşdi, azca burnunu çəkib fısıldayırdı; mənsə gözlərim yumulu uzanmışdım və xəyalımda onun zolaqlı corabı içindəki iyrənc ayağını canlandırırdım. Nəhayət, yuxuya getdim; saat altının yarısında konduktor qapını bərkdən döyüb məni oyandırdı. Yatağıma oturub – dəqiqəbaşı başımı yuxarıdakı yatağın kənarına vuraraq – tələsik geyinməyə başladım. Çamadanlarımla dəhlizə çıxmamışdan qabaq yuxarı boylandım, amma o, başını örtmüş, kürəyi mənə tərəf uzanmışdı. Dəhliz işıqlı idi, günəş təzəcə doğmuşdu, qatarın təzə, mavi kölgəsi otların, tikanlı kolların üstüylə qaçırdı, ilan kimi qıvrılıb yamacların üstünü yalayıb keçir, arabir görünən ağcaqayınların parıltı ilə titrəşən gövdələrində dalğalanırdı – bir tarlanın ortasındakı nohur gözqamaşdırıcı şəkildə bərq vurur, asta-asta balacalaşır, gümüşü bir yarığa çevrilir, təkərlərin ahəngdar taqqıltısının müşayiətilə bir daxma, bir şlaqbaumu ötüb keçir, quyruğu ilə yolu qamçılayır və uzaqdan yenə baxanların başını gicəlləndirən üstündə gün işığı ləkələri olan çəpərlər, ağcaqayınlar görünürdü.

Dəhlizdə məndən başqa tələsik bəzənmiş iki yuxulu qadın və suet əlcəkli, başına yol kartuzu qoymuş qoca vardı. Erkən oyanmaqdan zəhləm gedir: mənim üçün dan yerinin valehedici şəfəqi belə o şirin səhər yuxusunun yerini verə bilməz; ona görə də qoca kişi – 10-15 dəqiqə içində çatmalı olduğumuz şəhərin adını verərək – mənimdəmi o stansiyada düşəcəyəmi soruşanda, qaşqabaqlı şəkildə eləcə başımı yırğaladım.

Qəfildən ağcaqayınlar seyrəkləşdi, az qala, qatarın altına düşəcək yarımdüjün daxma təpədən aşağı axmağa başladı, sonra yekə bir fabrikin bənövşəyi qırmızılıqdakı şüşələri yanıb-sönərək yanımızdan ötdü, on yard uzunluqdakı bir elandan kiminsə şokoladı bizi salamladı, ardınca parlaq şüşələri və bacaları ilə başqa bir fabrik keçdi, bir sözlə, bir şəhərə yaxınlaşarkən baş verməli nə varsa, hamısı baş verdi. Amma qəfildən heyrətlə fərqinə vardıq ki, qatar təlaşla sürətini azaltdı və səhrafason yarımstansiyada – bu elə yer idi ki, ekspressin burda heç bir işi ola bilməzdi – saxladı. Platformada bir neçə polisin dayanmasına təəccübləndim. Pəncərəni açıb başımı çölə çıxardım. Onlardan biri nəzakətlə dedi: “Pəncərəni örtün.” Dəhlizdəkilər həyəcanlanmışdılar. Konduktor yanımızdan keçəndə, nə baş verdiyini soruşdum. O cavab verdi: “Qatar cinayətkar var”, atüstü əlavə etdi ki, gecə keçdiyimiz şəhərdən cinayət hadisəsi baş verib – xəyanətə uğramış kişi arvadını və onun məşuqunu güllələyib. Qadınlar “ahh” çəkdi, qoca kişi başını yellədi. İki nəfər polis və onların yanında qırmızıyanaq, bəstəboy, bukmerə bənzəyən detektiv dəhlizə girdi. Məndən kupeyə qayıtmağımı xahiş etdilər. Detektiv bir-bir kupeləri gəzməyə başladı, polislər isə dəhlizdə dayanmışdılar. Detektivə pasportumu göstərdim. O, qızarmış qəhvəyi gözləriylə sir-sifətimə baxdı və sənədlərimi geri verdi. Darısqal kupedəydik, yuxarıdakı yatağın qaranlığında başını örtmüş naməlum adam uzanmışdı. Detektiv mənə “siz çıxa bilərsiniz” – dedi və əlini yuxarı yatağa tərəf uzatdı: “Zəhmət olmasa, sənədlərinizi…”

Ədyala bürünmüş adam xoruldamağa davam etdi. Dəhlizdə vurnuxarkən o xorultunu hələ də eşidirdim və elə bilirdim ki, bu, gecəki hönkürtülərin vıyıldayan əks-sədasıdır. Detektiv ucadan, “Xahiş edirəm oyanın” – dedi və peşəkarcasına boz ədyalın kənarını dartıb adamın boğazından çəkdi. Adam tərpəndi, amma xoruldamağa davam etdi. Detektiv onu çiynindən tutub silkələdi. Vəziyyət ürəkaçan deyildi, üzümü çevirib dəhlizdəki pəncərədən baxmağa başladım, amma heç nə görmürdüm, bütün fikrim kupedəydi. Təsəvvür edirsiniz, adi şeylər eşitdim. Yuxarıdakı yataqda yatmış adam yuxulu-yuxulu donquldandı, detektiv açıq-aydın formada sənədləri tələb etdi, sonra eyni tonda adama təşəkkür etdi, kupedən çıxdı və növbəti kupeyə girdi. Vəssalam. Amma bir fikirləşin, yazıçının baxış bucağından elə görünür ki, o bədniyabət ayaqların sahibi, hönkürən sərnişin qatil olsaydı,əla olardı, onda onun gecə tökdüyü göz yaşlarını izah etmək asan olardı və ən əsası, bütün bunlar gecə səyahətimin, qısa hekayəmin çərçivəsinə yaxşıca oturardı. Amma görürsünüz ki, Ulu Yazıçının – Həyatın planı bu nümunədə də o birilərində olduğu kimi daha əzəmətlidir.

Yazıçı çoxdan sönmüş, çeynənməkdən tüpürcəklənmiş siqaretini sümürərək dərin nəfəs aldı və sükuta qərq oldu. Tənqidçi gülümsər gözlərlə ona baxırdı.

Yazıçı yenə dilləndi: “Etiraf edin ki, mən polislərdən və gözlənilməz stansiyada dayanmaq barədə danışandan siz əmin idiniz ki, hönkürən sərnişin qatildir, elədir?”

Tənqidçi barmaqlarının ucu ilə yazıçının çiyninə toxundu və özünəməxsus bir jestlə tez də əllərini çəkərək dedi: “Mən sizin tərzinizə bələdəm, əgər siz detektiv hekayə yazsaydınız, qatili əvvəldən heç kimin şübhələnmədiyi adam etməzdiniz, əksinə, elə hamının şübhələndiyini adamı seçməklə balaca mücrünün asanlıqla açılmadığına vərdiş etmiş təcrübəli oxucunu çaşdırardınız. Mən çox yaxşı bilirəm ki, siz gözlənilməzlik effektini ən təbii çözümlə ifadə etməyi sevirsiniz, amma buna çox vərdiş etməyin. Həyatda təsadüfi çox şey var, amma istisnalar da az olmur. Sözə təsadüfilikdən istisna yaratmaq, qeyri-adi olanı təsadüfə çevirməmək kimi bir haqq verilib. İndiki halda belə deyim, öz sərnişininizi caniyə çevirsəydiniz, məlum hadisədən, məlum təsadüflərdən çoxqatlı bir hekayə düzəldə bilərdiniz.

Yazıçı yenə köks ötürdü.

“Hə, hə, bu haqda düşünmüşəm. Mən bir neçə detal da əlavə edib, qatilin öz arvadını ehtirasla sevdiyinə işarə edərdim. Hər cür şey etmək olar… Məsələ burasındadır ki, biz qaranlıqdayıq – bəlkə Həyatın məqsədi tamam başqaymış, daha incə, daha dərin bir şey imiş, bilmirik. Problem bundadır ki, o sərnişinin niyə hönkürdüyünü öyrənə bilmədim və heç vaxt da öyrənə bilməyəcəm.”

Tənqidçi mülayim tərzdə dedi: “Mən Sözün yerinə araya girməliyəm, siz yazıçısız, ən azından, parlaq bir çözüm tapa bilərdiniz: hekayənizdəki qəhrəman bəlkə ona görə ağlayırdı ki, portmanatını itirmişdi. Bir tanışım vardı, bazburutlu bir kişiydi, dişləri ağrıyanda hönkür-hönkür ağlayırdı, ağlamırdı, hayqırırdı elə bil. Yox, təşəkkür edirəm, mənə daha süzməyin, bəsdir, doğrudan bəsimdir.”

# 2234 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #