Mərmiləri islatmışdı quşların səsi – Allahşükürdən müharibə şeirləri

Mərmiləri islatmışdı quşların səsi – Allahşükürdən müharibə şeirləri
4 noyabr 2020
# 12:34

Kulis.az gənc şair Allahşükür Ağanın müharibə şeirlərini təqdim edir.

Balan sağdı

Gecələrin ulartısına qoşulub getmək,
Yazdan qışa,
Qışdan payıza, yaya
Qəfil düşüb,
Uzaqlığın üzündən öpüb,
Bir durna səsi tək yerə
Enmək, necə gözəldi.

Daş kimi yox,
Bir az yayına-yayına,
Yellənə-yellənə
Bir şəhid atasının qulağına düşmək:
- Balan sağdı,
Gələcək,
Qurbanlığını hazırla - söyləmək,
Necə gözəldi.

Ulduzların işığına qoşulub getmək,
Yığışmaq yer üzündən,
əl-ayağını,
ağırlığnı çəkmək yer üzündən.
Lap acıqca dan üzünü dişləmək,
Qan süzülsün yanağından səs kimi.
O səs ensin bir səhər tamarzı qulaqlara:
Müharibə bitdi, müharibə bitdi -
Nə gözəl!

Bu səsi gətirmək üçün
getmək istəyirəm uzaqlara...

Tək oğlu şəhid kimi gələndə...

Təyyarələr uçub gedir Avropaya,
Afrikaya, Amerikaya,
Qarabağı həll eləməyə
Guya bizə qaytarmağa
Guya bizə verməyə.

Əli diplomatlılar,
Atlılar, qanadlılar,
Bir təyyarədən düşür, birinə minir,
Sürətlə qaçır,
Yeriyir, tələsir,
Amma gülür....
Gözəl gülməkləri var,
Xarici işlər nazirlərinin.
Gedirlər uzağa,
Uzana-uzana,
Qarabağdan ay qədər uzaqlarda
Qarabağdan danışmağa,
Danışırlar,
Barışırlar,
Qaşıyırlar,
Qan çıxmır yenə də.
Ancaq Qarabağa biri də gəlmir,
Bilmir müharibə kimlər arasında gedir,
Kim kimi işğal eləyib,
Kim kimin ölkəsindədir?

Elə ki, xalq hirslənir,
Ya da özlərinin əbədi vərdişləri oyanır,
Pendir kəsməyən dişləri qıcanır,
Gedirlər Qarabağdan danışmağa...
Xalqların başın qatmağa,
Dünyanı aldatmağa,
O günü bir ata
dəli oldu bizim kənddə,
tək oğlu şəhid kimi gələndə,
xarici işlər nazirləri güləndə...

Tankçı

Mənim çiçəklərimi
Küləklər apardı kiməsə.
Aparıb taxdı
bir tank lüləsinə deyəsən...

Quşlar da uçub doluşdular
tank lüləsinə.
Çiçəklərin xətrinə
orda yuva qurdular deyəsən.

Bir azdan səs gəldi -
Sarı dimdiklərin səsi...

Gör axırda tankçı neylədi?
Yığıb şələ-şüləsini
Getdi hərbi hissəyə.
Elə bircə kəlmə deyə bildi:
Biz məğlub olduq...
Mərmiləri islatmışdı
Quşların səsi.

Bayraq şəkli

Körpə süd şüşəsindən elə yapışıb,
Elə bil, bir daha süd içməyəcək.

Mən bayraq çəksəydim
o uşağın şəklini vurardım
Bütün ölkələrin bayraqlarına.
Kim istəməzdi bunu?
O uşağın balaca ayaqlarını elə çəkərdim ki,
Yer üzündə bütün qumbaralar
Bir anda intihar edərdilər.
İşğalçı generallar döşlərindəki ordenləri
Bir an içində qoparıb atardılar.

Tankın yadına düşər
Bir vaxtlar uşaq oyuncağı olmaq arzusu.
Güllələrin yadına düşər
Uşaq barmaqlarına bənzəməyi.
Və müharibədə uşaqların süd şüşəsinə dəyib
Qollarını üzməyi.

Mən bu bayraq şəklini
Tez çəkə bilsəydim...

Səs salmayın

Xəbər gözləyən nənəm,
Çoxdandı dayanıb
Bir səsin nişanında.
Qorxuram həyətdəki
Uşaqların ağzından
Bir səs çıxıb
Gedib dəyə nənəmə.

Kababı köz öldürər,
İgidi söz öldürər,
Babamı güllə öldürdü,
Nənəmi səs öldürər.
Siz allah, səs salmayın...

Top kimi

Hələ yanımızda
Uşaqlar ölürsə,
Biz ancaq dəfn etməyi bacarırıqsa,
Sonra heç nə olmamış kimi
Hələ mahnı oxuyuruqsa
Demək sevmək yalanmış...

Anaların döşündə ağlayır
Və ağrıyır süd.
İtir, diyirlənir evin içində
Süd şüşələri,
Dərindən fikir versən
Südün uşaq üsyanı
Daha ciddidir,
Bizim
Mənasız şeirlərimizdən.

Balaca körpələr, əgər bilsəydilər,
Müharibə nədir,
Vuruşan ölkələrin adı nədir?
Məni bu qədər yandırmazdı,
Bəlkə.
Onlar elə bilirlər ki, bu, bir oyundur,
Bir-birinə top atmaq yəni.
Sonra da o topu qaytarmaq yəni.

525-ci Qəzet - Uşaqlıqdan ayrılmayan şair - Allahşükür Ağa

# 2047 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #