Koronavirusa yoluxan azərbaycanlı həkim necə sağaldı?

Koronavirusa yoluxan azərbaycanlı həkim necə sağaldı?
17 iyun 2020
# 15:50

Kulis.az Məlahət Hümmətqızının “Biz birlikdə güclüyük” hekayəsini təqdim edir.

Gözlərini açdı, tavan ona dəyişik gəldi, bir neçə saniyəlik harada olduğunu ayırd edə bilmədi. Tez də özünə gəldi. Cəld ayağa qalxdı, yuyunmaq üçün vanna otağına keçdi. Səhər çağını çox sevirdi, xüsusən bahar sabahlarını. Dolçadan stəkana su süzüb bir neçə qurtum aldı və pəncərənin qarşısına keçdi. Bir xeyli dənizkənarı bulvara baxdı. Erkən olsa da, həkim yoldaşlarından bulvarda gəzişənlər vardı. Qeyri-ixtiyari gülümsədi. Amma üzündəki təbəssüm tez çəkildi, bulvarın hüznlü görünüşü ürəyini ağrıtdı. Qəribsədi, bulvardakı səs-küy, qələbəlik üçün darıxdı. Pəncərəni açdı, sərin havanı ciyərlərinə çəkdi, başını qaldırıb göyə baxdı, sayrışan günəşdən gözləri qamaşdı. Hava mülayim idi, gümüşü dəniz elə bil donmuşdu, təlatümlü Xəzər bu gün özünə bənzəmirdi. Xəyal onu uzaqlara apardı...

Tibb fakültəsi tələbələrinin asudə vaxtları çox olmazdı, dərsləri ağır, müəllimləri tələbkar idi, çox yorulurdu. Yeməklə-yatmaqla yorğunluğu canından çıxmazdı. Onu dincəldən bir tək dəniz idi, gömgöy Mərmərə dənizi. Sahildə oturub dənizə baxardı və ürəyi uçub Xəzərə qonardı. Ləpədöyəndəki evlərini, əzizlərini yadına salır, bir az kövrəlir, bir az darıxır, ən sonda yorğunluğunu sahildə buraxıb evə gəlirdi. Mehriban tələbə yoldaşları üçün burnunun ucu göynədi...

Pəncərəni bağlayıb mətbəx rolunu oynayan kiçik guşəyə keçdi. Ayaqüstü yeməyini yeyib, bir fincan çay içdi. Son bir neçə həftə içində hərbiçi kimi çevik olmuşdu. İş rejimindən asılı olmayaraq, günün iyirmi dörd saatı həyəcan siqnalı gözləyən əsgər kimi ayıq-sayıq idi. Qəfildən dünyanı caynağına almış pandemiya onun da həyat ritmini dəyişmişdi. O, Tədris Cərrahiyyə Klinikasının urologiya şöbəsində cərrah işləyirdi. Həkimlərin səfərbərliyi başlayanda könüllü olaraq işlədiyi klinikada yerləşdirilən viruslu xəstələrin müalicəsinə başlamışdı. Ailəsi narahat olsa da, xalqının bu çətin günündə kənarda qalmağı vicdanı qəbul etməmişdi. Həyat yoldaşı, valideynləri xasiyyətini bildikləri üçün çox dərinə getməmiş, onun qərarına etiraz etməmişdilər. Sakit, təmkinli olduğu qədər də qətiyyətli idi. Uzun illər işlədiyi klinikadan pandemiya cəbhəsində növbənin nə vaxt ona çatacağını gözləməyi özünə yaraşdırmırdı.

Gərgin iş onu çox yorurdu. Bir tərəfdən heç vaxt geymədiyi hava keçirtməyən kamuflyaj geyim, tez-tez tərləyən plastmas eynək, maska, üst-üstə əlinə keçirdiyi əlcək, ayağındakı baxıl onu darıxdırsa da, vəzifə borcu, ən əsas isə ürəyindəki şəfqət hər şeyi üstələyirdi. Peşəsini çox sevirdi, həkimlik onun uşaqlıq arzusu idi. Bu arzunun çin olması üçün uşaqlıq oyunlarından, yeniyetmə əyləncələrindən, gənclik həvəsindən kəsmişdi. Həkimlik onun həyatında baş rolda idi. O ən böyük arzusuna çatmışdı. Uralogiya ixtisası üzrə həkimlik diplomu aldığı günün unudulmaz təəssüratı hələ də canında idi, bu ona tükənməz həvəs verir, yorğunluğunun üstünə su səpirdi. Universitet müəllimlərinin tez-tez işlətdikləri söz qulağında sırğa olmuşdu: “Sənətinizi sevsəniz, heç nə, heç bir ağır xəstə sizi yormayacaq. Həkim olduğunuz üçün hər gün Allaha şükr edin”.

Qəhrəman həkim bu gün gecə növbəsinə çıxacaqdı. Hava qaralmış, gecə düşmüşdü. Bütün günü kompüter arxasında işləmişdi. Pandemiya ilə bağlı qaynaqları araşdırır, dünya xəbərlərini izləyirdi. Saatına baxıb ayağa qalxdı. Artıq aşağı düşməyin vaxtı idi. Hər gün avtobus həkimləri qaldıqları “Bulvar otel”dən Cərrahiyyə Klinikasına aparırdı. “Covid 19” virusuna yoluxmuş xəstələrin gözləri yolda, ümidləri həkimlərə idi. Onların ümidlərini qırmaq olmazdı. Tələsik oteldən çıxıb avtobusa mindi. Həkim yoldaşları ilə salamlaşdı. Həmkarı Məmmədin yanında oturdu. Xəstəxanaya çatanda artıq on ikinin yarısı idi. Geyinmə otağında əynini dəyişdi. Kamuflyaj formasını əyninə geyindi. Gözünə eynək, əlinə iki dəst əlcək, ayağına baxıl taxıb, həmkarları ilə liftə mindi. Təmiz zonadan 8-ci mərtəbəyə qalxdılar. Neytral zonanı adlayıb, kirli zonaya – xəstələr yatan sahəyə keçdilər. Gecə növbəsini qəbul etdilər. Cəbhə xətti buradan başlayırdı...

Düşmənin – virusun həmləsinə tuş gəlmiş xəstələr xilaskarlarını gözləyirdilər. O, ön cəbhədə vuruşurdu, xəstələrlə birbaşa təmasda idi. Düşməndən qorxmurdu, vicdanı əmr edirdi: ”İtkiyə yol verilməməlidir”.

Yaşlı qadının vəziyyəti yaxşı deyildi. Xəstənin səhhətində get-gedə problemlər yaranırdı, zəifləyir, gücdən düşür, ağrılara tab gətirə bilmirdi. Səhərə yaxın hərarəti çox yüksəldi. Xəstə qəfildən huşunu itirdi. Həkimlər və tibb bacıları cəld ilkin tədbirlərə başladılar. Xəstə qızdırmadan yanırdı. Qəhrəman həkim anladı ki, infeksiya ilə yanaşı xəstənin başqa patologiyası da var. Hərtərəfli müayinə onun yanılmadığını göstərdi. Xəstənin böyrəyindəki daş sidik kanalına düşmüşdü. Həkimlər konsiliuma toplaşdılar, uzun müzakirələrdən sonra virusa yoluxmuş xəstəni bayılmış vəziyyətdə əməliyyat etməyi məsləhət bilmədilər. Bu çox qorxulu və riskli durum idi. Yalnız xəstənin vəziyyəti yaxşılaşdıqdan sona əməliyyat oluna bilərdi. Bir neçə vaxtdan sonra xəstənin hərarətini aşağı sala bildilər və xəstə yavaş-yavaş özünə gəlməyə başladı. Qəhrəman həkim səhərə kimi xəstəni tək qoymadı. Qadının yalvarışlı baxışları onun qəlbini göynədirdi. Nə qədər çətin olsa da, xəstəsinin baxışlarından gözlərini yayındırmır, vəziyyətinin ağır olmasından şübhələndirməməyə çalışırdı. Arada onunla zarafat edir, ümidsizliyə qapılmasına yol verməmək üçün özünü şax tuturdu.

- Gözəl anam, bizi bir az qorxutdun, amma müayinə göstərdi ki, qorxulu heç nə yoxdur. İnşallah nəvələrinin toyunda oynayacaqsan.

Qadının gözləri doldu, iki damla yaş yastığın üstünə damladı. Həkim:

- Darıxma, gözəl anam. Hər şey yaxşı olacaq, - deyib qadının əlindən tutdu. Yaşlı qadının gözləri azacıq qıyıldı, yəqin ki, gülümsəyirdi, amma maska arxasından bunu sezmək mümkün deyildi. Bir müddət sonra xəstə yuxuya getdi. Həkim palatadan çıxıb tibb bacılarının otağına gəldi. Gözləri qıpqırmızı qızarmış tibb bacıları şəffaf gözlüklər arxasından sual dolu nəzərlərlə həkimə baxdılar.

- Qızlar, yaşlı qadının vəziyyəti yaxşı deyil, biriniz yanında oturun. Bir azdan gəlib dəyəcəyəm, - deyib Qəhrəman həkim otaqdan çıxdı. Saatına baxdı, növbəsinin bitməsinə təxminən bir saat vardı.

Yerinə girsə də, gözünə yuxu getmədi. Yaşlı qadının imdad diləyən baxışları ağlından çıxmırdı. Yuxuya gedəndə dan yeri ağarmağa başlamışdı. Qəribə yuxu gördü. Gördü ki, hər tərəf alışıb yanır. O, alovun içindən insanları çıxarır. Amma yaşlı qadın gözünə dəymir, alovun içərisinə atılır ki, yaşlı qadını xilas etsin... Tər-su içində yuxudan ayıldı, əllərini üzünə çəkib dərindən nəfəs aldı. Yerindən qalxıb pəncərəyə yaxınlaşdı. Pərdəni çəkib dənizkənarı bulvara baxdı. Telefonu açıb həyat yoldaşı və oğlu ilə zəngləşdi. Telefonu yenicə söndürmüşdü ki, xəstəxanadan zəng gəldi. Xəstəxananın qəbul şöbəsindən idi. Onun şöbəsinə xəstələr yerləşdiriləcəkdi. Onların arasında təcili yardım və şəhər xəstəxanasının həkimləri də var idi. Tələsik otaqdan çıxdı. Aşağıya düşüb maşınına mindi, sürüb klinikaya gəldi.

Xəstəxanaya çatanda qəbul şöbəsinin həkimi ona xəstələr barəsində məlumat verdi. Formasını geyinib, liftlə 8-ci mərtəbəyə qalxdı. Palataya on iki xəstə gətirilmişdi. Əksəriyyəti şəhər xəstəxanasının həkimləri idi. Xəstələrin səkkizinin vəziyyəti çox ağır idi. Qanı qaraldı, həmkarlarının xəstələnməsi ona çox ağır təsir edirdi. Bir tərəfdən də həkimlərə böyük ehtiyac olduğu bir vaxtda bu, fəlakət idi. Onları palatalara yerləşdirib, təyinatlarını yazdı. Tez-tez onlara baş çəkirdi. Ağır xəstələrə sistemlər qoşdurub, onları böhran vəziyyətindən çıxardı. Hər bir xəstənin vəziyyətinin stabil olduğunu görüb, dərindən nəfəs aldı. Çox yorulmuşdu, başından kürəyinə qədər axan tər onu üşütməyə başladı. Yorğun-yorğun pəncərəyə yaxınlaşdı. Gecənin qaranlığında 11-ci mərtəbədən şəhərə açılan mənzərə ürəyinə bir sərinlik gətirdi. Alov qüllələrində işıqlanan “Biz birlikdə güclüyük, Azərbaycan həkimlərinə eşq olsun!” şüarları üzünə təbəssüm qondurdu.

Səhər yuxudan hövlnak oyandı. Bu gün əməliyyata girəcəkdi. Böyrək daşı olan xəstəsini əməliyyat edəcəkdi. Bu çox riskli və çətin əməliyyat idi. Lakin o özünə arxayın idi. Amma yorğunluq hiss edirdi. Bir neçə idman hərəkəti edib, yorğunluğunu atmağa çalışdı. Başı hərlənir, gözləri qaralırdı, halsız idi. Belə vəziyyətdə əməliyyata girə bilməzdi. Həm özünü, həm də xəstəsini çıxılmaz vəziyyətə sala bilərdi. Bir stəkan çay içib, ayağa qalxdı. Artıq avtobus otelin qarşısında idi. Avtobusa mindi. Həkim yoldaşları ilə salamlaşdı. Məmməd həkim onun halını görüb təlaşını gizlətməyə çalışaraq soruşdu:

- Gözümə birtəhər dəyirsən.

- Hə, dünənki yorğunluq heç canımdan çıxmayıb.

- Bilirəm, elə mənəvi ağırlığı bəs edir. Dünən gecə on iki həkim yoldaşımızı qəbul etmisən. Halaldı sənə, qəhrəmansan vallah, - deyib Məmməd həkim onun kürəyinə ehmalca vurub gülümsədi. - Dünən çox ağır gün idi. Hamımız sənin vəziyyətində idik. Bizim şöbəyə gecə beş xəstə gətirdilər. Dünən bütün palatalara xəstələr gətirilib.

- Hə, düz deyirsən, gecə çox ağır keçdi. Hələ özümə gəlməmişəm.

- Bəs sən bu vəziyyətdə əməliyyata necə girəcəksən?

- Mən yaxşıyam. Sadəcə yorğunam.

- Vəziyyətin göz qabağındadır. İstəyirsən, sənin yerinə əməliyyata mən girim.

- Yox, yox, olmaz, özüm girəcəyəm, gecə xəstənin vəziyyətini araşdırmışam. Müalicə taktikasını işləmişəm, narahat olma. Sən yaxşı dostsan, sağ ol. Amma bu mənim xəstəmdi. Özüm də əməliyyat edəcəyəm, - deyib Qəhrəman həkim köks ötürüb, pəncərədən yola baxdı.

O hər şeyin yaxşı olacağına inanırdı. Ürəyində bir sakitlik, əminlik vardı. O, bu əməliyyatı etməli idi. Xəstəsinin vəziyyəti get-gedə ağırlaşırdı. Hər dəqiqə qanaxmadan və böyrəklərinin işləməməsindən ölə bilərdi. Xəstənin kreatini də yüksəlmişdi, sidiyə gedə bilmirdi, katetr taxılmışdı. Fikrə dalmışdı. Tibb bacısını çağırıb, əməliyyat otağını hazırlamağı və anestezioloqu çağırmağı tapşırdı.

Tibb bacısı:

- Yaxşı, doktor, - deyib əməliyyat otağına keçdi.

Bir neçə dəqiqədən sonra gəlib əməliyyat otağının hazır olduğunu bildirdi. O, palatalara keçib, dünən qəbul etdiyi xəstələrlə bir-bir maraqlandı. Vəziyyətlərinin stabil olduğunu görüb rahatlaşdı. Əməliyyata rahat girə bilərdi. Əməliyyat olunacaq xəstənin palatasına gəldi, vəziyyəti ilə maraqlandı.

- Narahat olma, hər şey yaxşı olacaq, - deyib xəstəsini sakitləşdirdi. Palatadan çıxıb əməliyyat otağına gəldi. Əməliyyat paltarını geyinib, içəri keçmək istəyəndə yenidən başının hərləndiyini hiss etdi. Əlini divara dirəyib özünü ələ almağa çalışdı. Ürəyi sürətlə döyünməyə başladı. Onu soyuq tər basdı. Kürəyini divara söykəyib gözlərini yumdu. Əli ilə üzünü tutub, bir xeyli belə dayandı. Dərindən nəfəs alıb, əlini üzündən çəkəndə qarşısında Məmməd həkimi gördü.

- Bismillah! Sən hardan çıxdın? - deyib dostuna baxdı.

Məmməd isə narahatlıqla onu süzüb, başını yellədi.

- Sənin vəziyyətin yaxşı deyil, qoy sənin yerinə mən çıxım, belə olmaz. Get dincəl.

- Yox, yaxşıyam, inan, yaxşıyam. Hər şey yaxşı olacaq, - deyib Məmmədin çiyninə vurub gülümsədi.

Əməliyyat otağına keçdi. Xəstə artıq hazır idi. Narkoz da verilmişdi. Əməliyyat başladı. Get-gedə başı daha çox gicəllənirdi. Alnından aramsız tər axırdı. Tibb bacısına baxdı. Tibb bacısı həkimin nə demək istədiyini anlayıb, tez onun alnını tənziflə sildi. O özünü güclə ələ alıb, xəstənin böyrəyindəki və sidik kanalına düşmüş daşları təmizləyib əməliyyatı başa vurdu.

Məmməd həkim dəhlizdə qoyulan monitordan həkim yoldaşları ilə birgə əməliyyat otağındakı prosesləri həyəcanla izləyirdi. Dostunun əməliyyatı bitirib, bayıra çıxmağı ilə Məmmədin onun qarşısına qaçmağı bir oldu.

- Yaxşısan?

- Hə, yaxşıyam, narahat olma, - deyib Məmməd həkimin qoluna girdi. Danışa-danışa dəhlizə çıxdılar. Həkim dostları onları görüb əl çalmağa başladılar. Hamısı bir ağızdan “doktor, təbrik edirik!” dedi. Neytral sahədə əyinlərindəki kamuflyaj paltarları çıxarıb aşağı düşdülər. Maşına oturub sürmək istəyəndə Məmməd əlini maşının açıq şüşəsinə dayayıb qayğıkeşliklə dedi:

- İstirahət elə, qalan işləri özüm görəcəyəm, gəlmə, bir-iki gün dincəl. Mənə arxayın ola bilərsən.

- Yaxşı, - deyə Qəhrəman həkim əlini sükana atdı. Məmməd ona əl edib, arxasınca baxdı. Qəhrəman həkim bir az gedib maşını saxladı. Güzgüdən arxasınca qəmli-qəmli baxan dostunu süzüb başını yellədi. Məmməd həkim nəsə baş verdiyini düşünüb, getməyə tələsmədi. Maşının geri-geri ona sarı gəldiyini görəndə narahat oldu. Maşın onun qarşısında dayandı. Məmməd həkim maşının şüşəsinə tərəf əyilib, ”yaxşısan? “, - deyə soruşdu. Dostunun gülümsədiyini görüb sakitləşdi:

- Qorxutdun məni, - deyib başını yellədi. Kövrəldi, hətta gözləri də doldu.

Qəhrəman həkim də təsirləndi. Maşından düşüb dostunu qucaqladı.

- Hər şey yaxşıdı, qardaş, - dedi.

- Hə, get, narahat olma, özünə yaxşı bax, - deyib Məmməd həkim dostunu maşına qədər ötürdü.

Maşın tezliklə gözdən itdi...

Məmməd həkim qayıdıb, yeni əməliyyat olunan xəstəni reanimasiya otağına köçürdü. Səhərə kimi yatmayıb növbə çəkdi. Xəstənin narkozdan ayılmasını gözlədi. Xəstə səhərə yaxın gözlərini açdı. Ağrıları vardı. Məmməd həkim tibb bacısına xəstəyə ağrıkəsici iynə vurmağı tapşırdı. Yuxusuzluq onu haldan salmışdı. Bir tərəfdən də hava keçirtməyən kamuflyaj forma onu sıxırdı. Deyəsən, istiliyi qalxmışdı, tər içində idi. Bircə tez qaldığı otelə gedib yatmaq istəyirdi. Oturduğu stuldan qalxıb, bir neçə addım atmışdı ki, gözləri qaraldı, başı gicəlləndi, müvazinətini itirib yerə yıxıldı.

Qəhrəman həkim dostuna arxayın olub, üç gün istirahət etdi, yorğunluğunu çıxardı, dincəlməsəydi iş qabiliyyətini itirə bilərdi. İşdən icazə vermişdilər. Artıq özünü yaxşı hiss edirdi. İşə qayıda bilərdi. Tibb bacısına tez-tez zəng vurub, xəstəsinin vəziyyətini soruşurdu. Yaxşılaşdığını eşidib sevinmişdi. Amma Məmməd onun zənglərinə cavab vermirdi. Dostundan çox nigaran idi. Səhərə yaxın yuxuda Məmmədi gördü. Dostu alov içində yanırdı. Nə qədər əlini uzatsa da, əli ona çatmırdı. Yuxudan oyananda bir əzginlik hiss etdi. Dalğın halda dənizkənarı bulvara düşdü. Səhər mehi eynini bir az açdı. Bir xeyli dənizə baxdı. Darıxdı. Özündən başqa bulvarda heç kim yoxdu. Karantin insanları evlərinə qapatmışdı. Şəhərin səsi batmışdı. Sanki həyat ölmüşdü, şəhər ölmüşdü. Həyatı diriltmək isə onun, həkim yoldaşlarının əlindəydi. Dənizin dalğaları pianonun dilləri kimi səslənərək, həzin musiqi çalmağa başladı. Qəhrəman həkim də canlandı. “İşə getmək lazımdır” deyə, fikirləşib addımlarını sürətləndirdi.

İşə çatdı. Geyinmə otağında əynini dəyişib, skafandrı geyindi. Liftlə təmiz zonadan kirli zonaya qalxdı. Dəhlizdə tibb bacısı ilə rastlaşdı. Qızın gözlərində bir hüzn var idi. Qəhrəman həkim tez xəstəsini soruşdu.

- Hər şey yaxşıdır, doktor, narahat olmayın, - deyib, gözlərini həkimindən qaçırdı.

Qəhrəman həkim duruxdu.

- Bir şey olmayıb? Gözümə bir təhər dəyirsən. Məmməd həkim haradadı, zənglərimə də cavab vermir. İşə çıxır?

Tibb bacısı cavab vermədi, üzünü kənara çevirdi.

- Çinarə, mənə düzünü de, nəsə olub?

- Bəli, doktor, Məmməd həkim ağır vəziyyətdə reanimasiyada yatır. Tənəffüs aparatına qoşulub, vəziyyəti çox ağırdı. “Covid”ə yoluxub. Üç gündü həkimlər hərarətini sala bilmirlər. Xəstəyə katetr taxanda əlcək və eynəyini çıxarıb. Deyib ki, əlcəklə işləmək olmur. Eynək də gözlərini tərlədirmiş. Gecə-gündüz sizin xəstənin başı üstündən əl çəkmədi.

Qəhrəman həkimin əlləri yanına düşdü, əhvalı əməlli-başlı pozuldu. Yuxusu çin çıxmışdı. Fikirli-fikirli palataya keçib, əməliyyat etdiyi xəstəsinə baş çəkdi. Xəstə oturaq vəziyyətdə yemək yeyirdi. Gözlərinə inanmadı. O gələnə qədər Məmməd həkim xəstəsini ayağa qaldırmışdı. Reanimasiya şöbəsinin müdiri Cavid həkimə zəng vurub, dostunun vəziyyəti ilə maraqlandı. Həkim ona dostunun vəziyyətinin ağır olduğunu dedi, kompüter tomoqrafiyası ağ ciyərlərində ikitərəfli virus pnevmoniyası, buzlu şüşə dz. aşkarlamışdı. ”Analizlərini yoxladıq. Qan təhlillərinə baxdıq. Normativlər həddindən artıq yüksəkdi. Həmişə qan azlığından şikayət edirdi. Səhlənkardı özünə qarşı, heç vaxt müalicə almırdı. İmmuniteti düşən kimi, virus onu yaxaladı. Müalicələrə başlamışıq. Amma ona təcili qan köçürtməliyik. Qanbanka zəng vurmuşuq. Birinci qrup qan lazımdı. Gözləyirik. Bilirsiniz də, indi qan da problem olub”.

Qəhrəman həkim telefonu söndürüb, neytral zonaya yaxınlaşdı. Əynini dəyişdi. Birbaşa qanköçürmə institutuna gəldi. Qan vermək istədiyini bildirdi. Onun qanı dostunun qanı ilə eyni idi. Dostuna kömək edəcəkdi, onu ölümün pəncəsindən qutaracaqdı.

Klinikaya çata-çatda reanimasiya şöbəsinin müdiri Cavid həkim ona zəng vurdu. Sevinclə onu muştuluqladı. “Gözün aydın, doktora qan tapmışıq. İndi yoldadı. Beş dəqiqəyə çatacaq. Qanköçürmədən zəng ediblər”. Qəhrəman həkim dərindən nəfəs aldı. Güzgüyə baxıb gülümsədi. Saçını əli ilə darayıb, məmnun halda maşından düşdü. Geyinmə otağına keçib əynini dəyişib, reanimasiya şöbəsinə qalxdı. İçəri girəndə müalicə həkimi ilə rastlaşdı. Görüşüb hal-əhval tutdular. Birlikdə dostunun yatdığı reanimasiya otağına keçdilər. Məmməd həkim tənəffüs aparatına qoşulmuşdu.

- Nə kömək lazımdı? - deyə Qəhrəman həkim həyəcanla Cavid həkimə baxdı.

- Narahat olma, qan köçürmüşük. Ayılsın, aparatdan ayıracağıq. Bircə ayılsın...

- Sənin proqnozuna görə nə vaxt ayılar?

- Tənbəlliyini atsa, tez bir zamanda. Bir-iki saata ayılmalıdı. Özün bilmirsən, yatmağa meyillidi, - deyib Cavid həkim həmkarını güldürməyə çalışdı.

- Hə, inşallah, şir kimi ayılacaq.

- Sənin kimi oğlanın qanı axır damarlarında, ayılmaya bilər? - deyə Cavid həkim mənalı-mənalı yoldaşına baxdı. - Mən bilirdim, qanı sən vermisən. Təşəkkür edirəm sənə.

- Xahiş edirəm, özünə demə, qoy bilməsin, istəmirəm, özünü borclu bilsin.

- Yaxşı, narahat olma, mən gedirəm, işim çoxdur, istəyirsən, sən də get. Ayılanda sənə xəbər edəcəyəm, - deyib Cavid həkim razılıqla gülümsədi.

Məmməd həkim ayılmışdı. O, bütün söhbəti eşitmişdi. Sadəcə gözlərini açmamışdı. Qəhrəman həkim otelə getmədi, üçgünlük istirahətin əvəzini çıxmalıydı, bu üç günü boş keçirdiyi üçün özünü borclu hiss edirdi. Onu gözləyən insanların yanına tələsirdi. Hələ nə qədər xəstəsi var idi... Onları sağaldıb evlərinə yola salmalı idi. Bu onun həkimlik, vətəndaşlıq borcu idi. Son xəstəsi palatanı tərk edənə kimi evə getməyəcəyinə and içmişdi.

525-ci Qəzet - Pandemiyanı məğlub edən sevgi - Məlahət Hümmətqızı ...

# 3035 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #