Elə bildim cin yığnağına düşmüşəm - Bircənin romanı

Elə bildim cin yığnağına düşmüşəm - Bircənin romanı
29 may 2020
# 08:59

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Gecəni sakit yatdım, düşündüm bacımın ağır qaxıncından sonra daha buralara ayağı dəyməz. Təmizlik işlərimi axşamdan görmüşdüm deyə səhər yerimdən gec qalxdım. Aygünü çağırıb gətirdiklərimdən ona da pay vermək istəyirdim.

Mən Aygünə pay tutmaqdaykən qapı astaca döyüldü. Həmişə Xədicə belə qorxa-qorxa döyərdi qapını. Açdım. Pilləkənin başında üç qadın dayanmışdı, üçü də köhnə tanışlar kimi üzümə gülümsəyirdi. Qadınlardan biri rus idi. Sərin su istədi. İri qabda su gətirdim, içdilər. Aralarındakı dilli-dilavər qadın adımı, nə işlə məşğul olduğumu soruşdu. Hamısını açdım söylədim.

- Biz “Yeqovanın şahidləri” təriqətinin üzvləriyik, - dedilər.

Torbalarından qucaq-qucaq kitab-jurnal çıxardılar. Kitabları görən kimi huşum başımdan oldu. Qulağımdan asılmış tapşırmaların, qadağaların (hər gələnə qapı açma, tanımadığını evə buraxma...) hamısını unudub qadınları içəri saldım, əlimə gələndən süfrəyə düzdüm.

Sonra onların gətirdiyi kitab-dəftəri vərəqləməyə başladım. Nazik jurnaldan təriqət haqqında oxuduğum bir neçə açar cümlə məni peşman elədi. Qadınlardan biri canfəşanlıqla danışmağa başlayanda dedim:

- Xahiş eləyirəm daha mənə təriqətiniz barədə bir kəlmə də deməyin, yeməyinizi yeyin gedin.

Rus qadın şirin ləhcəylə mənə vədlər verməyə başladı:

- Bizim ocağımıza gəlsəniz xoşbəxt olarsız, heç zaman tək qalmazsız, biz sizə hər cür yardım göstərərik.

- Mən dindar deyiləm, ancaq yeri gələndə məscidə də gedirəm, kilsəyə də. Nə məsciddə, nə də kilsədə mənə deyən olmadı ki, biz hamıdan yaxşıyıq, gəl bizi seç. Özüm də yoldan çıxası yaşda deyiləm.

Onlar məni dilə tutmaq istədikcə mən də onları yedizdirib tez yola salmaq istəyirdim. Qadınlardan biri:

- Yaxınlarda oğlum məni bu sektaya üzv olduğuma görə polisə verdi, - deyəndə azca xoflandım, elə bildim cin yığnağına düşmüşəm.

Bir-iki dəfə içəri-çölə çıxıb-qayıdandan sonra:

- Gedəsi yerim var, - dedim, - di haydı, sizə yaxşı yol.

Qadınlar gətirdikləri kitabların hamısını yemək masasının üstünə qoydular:

- Çayımızı içək gedək.

Nədən qorxurdumsa o da başıma gəldi. Qapım yenə döyüldü. Gözlükdən baxdım: Şəfayla Solmaz idi. Belə məqamda onların gəlişi heç yerinə düşmürdü.

Məni görcək Şəfa boynuma atıldı:

- Hardasan, neçə gündü gəlmisən, bizi niyə saymırsan?

İçəri keçib qadınlarla da görüşdü:

- Ay Bircə, qonaqlarını tanımadım axı, - dedi.

Qorxdum olduğu kimi söyləsəm yenə “kəndçisən, hər gələnə qapı açırsan” deyib məni lağa qoya:

- Köhnə tanışlarımdı, mənlə bir balaca işləri vardı, - deyə-deyə qonaqları qabağıma qatıb qapıya sarı kürüyəndə səksəndim: Həmid kandarda durub müxənnət gözlərini güdük kamerası kimi içəriyə doğru bərəltmişdi.

***

Missioner qadınları yüz ilin tanışları kimi yola saldım. Otağa qayıdıb kitabları Doneşin əlində görəndə pərt oldum. Tez jurnalları, broşürləri dəstələyib ortalıqdan götürdüm, kitabları ondan almaq istəyəndə gözləri dəli dana gözünə dönmüş Həmid mətbəxdəki arvadını harayladı:

- Şəfa, tez bura gəl, Bircə təhlükəli sektanın üzvüymüş!

Güldüm, kitabları yenə onun əlindən almağa çalışdım. O isə özünü elə aparırdı, sanki məni dəhşətli bir cinayət başında yaxalayıb, əlindəki də danılmaz dəlil-sübutlardı.

Şəfa kitabları vərəqləyib soruşdu:

- Bircə, sən doğrudan bu sektanın üzvüsən?

Paho, gəl indi bunu qandır görüm necə qandırırsan!

- Ay balam, mən sektant-filan deyiləm, bu qadınları da birinci dəfədi görürəm.

Həmid göyərdi:

- Bəs onda niyə onları evinə buraxdın, onlara yemək-içmək verdin?

- Sərin su istədilər, mən də içəri dəvət elədim.

- Şəfa, sən üzünü görmədiyin, tanımadığın adama qapı açarsan?

- Yox.

- Onu süfrənin başında oturdub qulluğunda durarsan?

- Heç vaxt.

- Gördün, normal, sivil, müasir qadın belə olur. Demək, sən bu arvadları çoxdan tanıyırsan, onlarla çox yerə getmisən. Bizim zənglərimizə cavab verməyəndə də elə onların arasında olmusan.

- Sizin zənginizə cavab verməyəndə kilsədəydim.

Adam gözlərini bir cüt sirk şarı kimi atıb-tutub bağırdı:

- Aha, Şəfa, indi doğrusunu özü deyəcək.

- Kimdən qorxasıyam ki?

- De görüm kilsəyə nəyə getmişdin?

- Keşişlə dərdləşməyə.

Bu adamlar düz sözə heç vaxt inanmırdılar, səni məcbur eləyirdilər ki, onları aldadasan.

- Şəfa, eşidirsən, bu, çox təhlükəli qadındı, bundan uzaq durmaq lazımdı.

Şəfa məni qucaqlayıb üzümdən öpdü:

- Siz uzaq durursuz durun, mən heç vaxt Bircənin əlini buraxmayacam, qızımı da oğluna verib köçəcəm onun yanına.

Doneş gedənə qədər kitabları qucağından yerə qoymadı. Arada üzümə baxıb dodağının altında donquldanırdı:

- Yaxşı ki, Allah dəvəyə qanad verməyib.

Mən də gerisini gətirirdim:

- Eşşəyə də buynuz.

- Barı sevimli bacının xəbəri var sənin bu əməllərindən?

- Çoxdan.

Yaralı yerimi ha qorğansam faydası yoxuydu, atılan daş həmişə düz yaramın gözünə dəyməliydi. İndi onun əlinə elə bir qiymətli şikar keçmişdi ki, o şikarı yeyənəcən hələ uzun müddət yarasını yalayıb onu əzizləyəcəkdi...

***

Özüm qəsdən onlara yemək təklif eləmirdim, istəyirdim tezcə çıxıb getsinlər. Di gəl, sümsük gözdən yayınıb özünü vermişdi mətbəxə, soyuducudakı qazanlara yalmanırdı. Handan-hana mənim qırımımı görüb arvadına üz tutdu:

- Ay Şəfa, mən acından ölürəm.

- Acmısan, qalx gedək evimizə, göbələk qovurmuşam, supumuz da var.

- Deyirəm bəlkə elə Bircəni də götürək gedək bizə, sabah da bazardı.

Mən tez onun ağzından vurdum:

- Yox, mən bacımgilə gedəcəm.

- Sonra səni aparıb bacıngilin küçəsində düşürdərəm.

- Zəhmət çəkmə, sizi gözləyirəm, siz çıxan kimi mən də gedəcəm.

Məni qanlı-qanlı süzüb yerindən qalxdı, Cavidin otağında qurdalanan Solmazı səslədi:

- Qızım, istəyirsən sən qal Bircə xalanın yanında, biz gedək.

Qızın suyulduğunu görəndə göyərdim:

- Mən Laləgildə qalacam.

Əlacı kəsildi:

- Yaxşı, yığışın gedək, xanım qonaq istəmir, biz onun bəzi qonaqları kimi üzlü deyilik.

Mənim qapının ağzında durub onların çıxmağını gözlədiyimi görəndə arvadına dedi:

- Şəfa, görürsən, kənddən gətirdiyindən bizə heç nə vermədi. Yadında saxla, biz də harasa gedəndə Bircəyə heç nə almarıq.

Özümü karlığa vurdum. Şəfa çıxaçıxda məni qucaqlayıb yenə cingiltiylə güldü:

- Bəs deyirlər kişilərin suyu olmur, ay Bircə? Sən Allah buna bir şey ver, yoxsa şişəcək.

- Bu vaxtlar bizim kənddə elə bir şey olmur. Mer-meyvə payızda dəyir, yayın da ağartısı yaxşı çıxmır.

- Mənim başımı aldatma, - Doneş şüşədən indicə buraxılmış cin kimi özünü ortaya atdı, - soyuducun partlayır.

Yenə qımzanmadım. Həmid gördü daha məndən haray yoxdu, haqq qarası çəkilmiş, həyası silinmiş üzünü açıb sərdi ayaq altına, bizi dəhlizdə qoyub cumdu mətbəxə. Qazanları danqıldada-danqıldada:

- Ay Şəfa, sən papanın canı bir bura gəl, - dedi, - gör burda nə qədər yemək var! Özü də deyir kənddən heç nə gətirməmişəm.

Dünənki yalanımı bir də köməyə çağırıb üzümə dirəndim:

- O gördüklərinin çoxu Laləgilindi.

Şəfa mətbəxə keçib qazan-qazan qovurmaya, bozartmaya, kotletə, dovğaya, başqa yeməklərə baxıb dedi:

- Sən tək canına bu qədər yeməyi niyə bişirmisən?

- Sevil gələcək, o gedəndən sonra da dərs açılacaq, qızlar, Taylan gələcək. İşə gedirəm, bişirib-düşürməyə vaxtım olmur. Soyuducumun da buzluğu balacadı, çox ərzaq tutmur.

- Soyuducun balacadı, bizdə ikisi var. Nəyin var yığ ver aparaq qoyaq ora, lazımın olanda gətirərik.

Həmid qazanların başına çox fırlandı, bilirdim tamahı çatlayır, hamısından dadmaq istəyir. Nənəmin bir kəlamı yadıma düşmüşdü deyə ona bircə tikə də vermək istəmirdim: deyərdi bəslə qarğanı, dimdiyi bərkiyəndə gözünü oysun.

Acığa mən də dirəşdim:

- Əlini qazanların hamısına salma, xörəklərdən ancaq birini apara bilərsən.

Başladılar dartışmağa – Solmaz çolpa çığırtmasından, Şəfa kotletdən, Həmid də buğlamadan yapışdı. Mən yenə şərt qoydum:

- Ancaq birini! Baxın qərara gəlin.

Solmaz çığırtma qazanını qucaqlayıb dedi:

- Bircə xala, bəs sizdə oturub yesək necə?

- Yenə birini qızdıracam.

Doneş bilirdi çox dirəşsə heç o birini də verməyəcəm:

- Xanımlar, mən buğlamanı götürmək istəyirəm, - deyib qazanı qarmaladı. - Qızım, sənə evdə özüm toyuq qızardaram.

Qalan qazanları qaytarıb soyuducuya yığdım, belimi dikəldəndə qarın iyi verən ağzını qulağıma dirədi:

- Sən əzizlərinin canı dovğadan da bir banka ver, araqla əla gedir.

Yosmalağın tikədən ötrü özünü bunca alçaltmağı mənə ləzzət verirdi. Uzatdığı iri bankanı geri itələdim, bapbalaca bir bankaya dovğa töküb ona uzatdım. Əlinə halva verilmiş yetim kimi sivişib qapıdan çıxanda elə bildim üstümdən dağ götürüldü.

Məni qınama, Dostum, bilirsən ki, tikə sayan, loxma güdən deyiləm. Di gəl gör, atam demiş, ala inəyin işləkləri yadıma düşəndə istəyirəm ayağımdakı gön çarığı soyunub çaya axıdam...

***

Sentyabr təzə girmişdi, Sevilin gəlməyinə həftə qalırdı. Havanın şaxı qəti sınmamışdı, yer-göy od tutub yanırdı.

O günlərin birində Elgün iş masamın üstünə bir torba şokolad qoyub az qala pıçıltıyla dedi:

- Bircə xanım, öz aramızda qalsın, yaxşı bir iş çıxıb qismətimizə.

- Nə işdi elə?

- Bir tacir xanımın maliyyə işlərini görəcəyik.

- Qazancımız nolacaq?

- Sözünün üstündə dursa yaxşı olacaq.

- Ay Elgün, axı mən maliyyəçi deyiləm, - dedim, - dərindən bilmirəm bu işi.

- Təzə gələndə də elə deyirdiniz, bəs nə yaxşı bacardınız? Qəti etiraz eləməyin, rəisimiz sizin sözünüzə bənddi, yox desəniz aparıb başqa filiala verəcək.

- Nə deyirəm, siz deyən olsun. Mən buranın işlərini yola verərəm, siz də xanımın sifarişini yerinə yetirərsiz.

- Amma işdən bir az gec çıxacağıq. Bu gün işlə tanış olaq, darıxmayın, sizi evə özüm yola salacam.

İşin mahiyyətindən xəbərim olmasa da qisməti qapıdan qaytarmaq istəmədim. Ağabəy həkim yaxşı bir söz deyirdi həmişə; deyirdi fürsət qapına üç dəfə gələr, küsdürsən bir də gəlməz.

İlk həftəni gərgin işlədik, ofisdən saat səkkizdən tez çıxa bilmirdik. Hər gün öz-özümə deyirdim ki, sabah Elgündən halallığını alıb işdən imtina eləyəcəm. Evə gec getməyə alışa bilmirdim. Di gəl, həftənin tamamında bizə elə bir məbləğ verdilər ki, az qaldım deyəm evə getmirəm, səhərəcən işləmək istəyirəm.

İlk dəfəydi az zəhmət çəkib çox pul qazanırdım. Qazancımı Həmidin rişxənd elədiyi cüzdanıma yığıb özümü verdim bahalı ətir dükanına. Mixəyi rəngli dəri pulqabını mənə Səməndər almışdı, kənarları didilmişdisə də qardaşımın əlinin yüngüllüyündən bu cüzdanın indiyəcən boş qaldığı olmamışdı. Bir dəfə Nuşu xala mənə Moskvadan qırmızı pulqabı gətirmişdi, onu çantama qoyalı pula həsrət qalmışdım. Belə şeyləri çox sonalamasam da qırmızı pulqabını evə atıb köhnəni götürdüyüm gün doxsan manatlıq mürəbbə satmışdım. O gündən mixəyi cüzdanı çantamdan qırağa qoymurdum...

Həmin gün adı bəlli ətriyyat mağazasından on iki qab fransız ətiri aldım – özümə aldıqlarımdan başqa anamın, bacılarımın, rayonda yaşayan üç qardaşımın, Telli mamanın, Səkinə bibinin, üstəlik də Xədicənin adına hədiyyə bağlatdım. Ətirləri bircə-bircə üstü lentli bəxşiş çantalarına qoyub bir qırağa yığdılar. Çox alver elədiyimə görə mənə hədiyyə qismində bahalı üz kremi, çanta, bir də qətfə bağışladılar. Aldıqlarımı taksiyə yığıb uça-uça evimə qayıtdım.

Ertəsi gün Elgünə dünənki qəhrəmanlığımdan şövqlə danışanda oğlumdan bir az böyük olan müdirim mənə ağsaqqal məsləhəti verdi:

- Bircə xanım, ürəyiniz istəyən bəzi şeyləri alıb özünüzü xoşbəxt eləmək istəyirsizsə eləyin – buna sözüm yox. Amma qazancınızı havaya sovurmayın. Pulunuzun miqdarını heç kimə, heç oğlunuza da deməyin. Bilirəm mənziliniz təmir olunmalıdı, oğlunuz da uzaqdadı. Qazancınızı səbirlə, səliqəylə yığın, evinizi ürəyiniz istəyən qaydada təmir elədək.

- Özü də mənim evim əsaslı təmir olunmalıdı, - dedim, - təmirdən sonra bütün əşyalarım dəyişilməlidi.

- Bir az əlinizi əsdirsəniz hamısını başa gətirmək olar.

Elgünün məsləhəti mənə bərk əsər elədi, onun dedikləriylə ürəyimdə tutduqlarımı tərəziyə qoydum, müdirin dedikləri ağır basdı. Pulun qulağını görən kimi cürbəcür planlar qurmuşdum – gah Moskvaya Nuşu xalanın yanına uçurdum, gah Taylanın anasının çağırışıyla Türkiyəyə gedirdim, gah da Şəfagilə qoşulub Dubaya bilet alırdım. Elgünlə söhbətdən sonra bütün xəyallarımı büküb qoydum palazımın altına. Cavidin adına hesab açdım, gündəlik qazancımdan özümə yetdik məbləğ götürüb qalan pullarımı o hesaba yığmağa başladım.

# 11924 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
#
#
# # #