Bakı yolunda tıxac yaradan yadplanetli – Nahid Hacıyev

Bakı yolunda tıxac yaradan yadplanetli – Nahid Hacıyev
14 avqust 2023
# 17:35

Bu gün yazıçı Nahid Hacıyevin doğum günüdür. Kulis.az bu münasibətlə yazıçının “U.F.O” hekayəsini təqdim edir.

Kəpənək effekti

Baksol yolunun kəsişməsində tıxaca düşdüm. Siqnal səsi, yağ yeyən motorların qara tüstüsü, səs-küy, söyüşlər, təhqirlər... tam bir xaos. Tora düşmüş balıq kimi çırpınan, sürüşüb aradan çıxmaq istəyən, getdikcə daralan çənbərdən xilas olmağın yollarını axtaranlar baş ağrıtmaqdan başqa bir işə yaramırdılar. Taleyində tora düşmək varsa, çabalamaq yox, hansısa boşqaba ləzzətli dad olacağın haqqında düşünmək gərəklidir. Xoşbəxtlik “Niyə belə oldu?” yox, “Nə maraqlı oldu?” ilə barışmaqdadır.

Hadisə tərəfdən gələn piyadaların dediklərinə inansaq yolun ortasında səy, başdan xarab, yad planetli var imiş. Tıxacı da o yaradırmış. Bütün cəhdlərimə baxmayaraq, aydınlaşdıra bilmədim ki, səy, başdan xarab, yad planetli ayrı-ayrı, yoxsa eyni vücudda həyat tapmış varlıqdır. Bunlarla yanaşı, məni daha ciddi şeylər də düşündürürdü. Həmişəki kimi işə gecikəcəkdim və kimsə gecikdiyimin fərqinə varmayacaqdı. Şahid olacağım saymazyanalıq xətrimə dəyəcəkdi, pis olacaqdım.

Yolun sol cinahı saatda 5 km sürətlə hərəkətdə idi. Uğursuz olduğunu hesab edən insanların qərarları da uğursuz olduğundan mərkəzdə (yol üç zolaqlı idi) pərçimlənib qalan mən idim. Digər tərəfdən, iş əlavəsi olaraq tətbiq edilən “Düşdüyümüz vəziyyətdən yararlı çıxmağın üsulları” seminarından yadımda qalanları sınamaq üçün şans yaranmışdı. Üstəlik, yuxarı sətirlərdə “Nə maraqlı oldu?” ilə barışmağı məsləhət görmüşəm. Məsələni açmaq şərtdir. Təlimçimizə görə, heç bir halda zehni boş qoyub bədbinliyə qapılmaq olmaz. Fantastik olsa belə, fikirləşməli, başımıza gələn hadisələrdən, obrazlar, hekayələr yaratmalı imişik. Bu səbəbdən maşınımın sağ şüşəsini “monitora” bənzədib uydurduğum “Sarı saçlı qız ilə cavan oğlanın eşqinə mane olan ağ köynəyinin boyunluğuna dəsmal qoymuş tərəvəz daşıyan dayını oğurlamaq istəyən yad planetli (qısa adi ilə “U.F.O”)” filminin trillerini düzəltdim.

Baş rollarda

Sarı saçlı qız: Ulduz
Cavan oğlan: Fəza
Ağ köynəyinin boyunluğuna dəsmal qoymuş tərəvəz daşıyan dayı: Oba.

Triller

Gecədir, səmada gur işıq parlayıb sönür. Bilinmir ulduz partlamasıdır, yoxsa naməlum obyektin yer üzərinə enişidir. Ekran qaralıb aydınlaşır. Səhərdir. Baksol yolunda tıxac yaranıb. Siqnal səsi, yağ yeyən motorların qara tüstüsü, səs-küy, söyüşlər, təhqirlər... tam bir xaos. Fəza adında cavan oğlanın özündən iki maşın irəlidə dayanıb arxalıq güzgüsündə dodaq boyasını təzələyən qıza göz qoyur. Həyatın “Tıxacda qız tutmaq” seminarlarında yüksək fəallıq göstərən cavan oğlan yeni fürsəti əldən vermək istəmir. Kameramız geri dartılıb sübh çağı Sədərək bazarından təzə meyvə, tərəvəz alıb mağazasına çatdırmaq istəyən Oba dayını göstərir. Müştəriləri gəldiyində təzə tərəvəzlər tapmayıb başqa yerə qaçmasınlar deyə tələsir, darıxır, tıxacdan çıxmağın yolunu tapmaq üçün dörd bir tərəfə boylanır. Kamera yenidən Fəzaya dartılır. Önündə yaranmış ani vəziyyətdən istifadə edib qəfil manevrlə maşınını yolun boş qalan hissəsinə dürtüb qız ilə yan-yana dayanır. Tıxacı məqam bilib dodaq boyasını təzələyən Ulduz adında qız yanında qəfil peyda olan ağ “Mersedes”li “şəhzadə”yə baxır. “Şəhzadə”nin zadəgan gülümsəməsi, dalğalanan qaşları, çənəyə dayaq verib düşünmək görüntüsü Ulduzu nazlandırır. Jestlər bitir, kağızlardan qartopu oyunu başlayır. Salamlar, telefon nömrələri maşından maşına uçuşur. O buna-bu ona, bu ona-o buna. Macəranın eşqə dönəcəyi, çoxalan qartopuları balaca “şaxta baba” əmələ gətirəcəyi məqamda ağzında közərən alovun bəyaz tüstü ilə bədheybət “Əjdaha” gənc aşiqlərin üzərini kəsdirir. Nağıllardakı – Qaranlığı görmədən, işıqlığa çıxmaq olmaz – məntiqi dövriyyəyə buraxılır. Mağazasına gecikdiyi üçün əsəbiləşib əjdahaya dönmüş Oba dayı siqaretindən dərin qullam alıb başını yan şüşədən çıxardaraq önündə dayanmış xanım sürücüyə, “A bala, camaat getdi, sür! Sür!” deyə ətrafa tüstü saçır. Ulduz başının üzərini kəsdirmiş qəzəbli əjdahadan qorxub dörd təkərlik irəli tullanır.

***

Baksol yolunun kəsişməsində tıxaca düşdüm. Çıxışı olmayan, sonu görünməyən tıxac idi. Həmişəki kimi işə gecikəcəkdim. Sübh tıxacı bir başqa cür darıxdırıcı olur. “Düşdüyümüz vəziyyətdən yararlı çıxmağın üsulları” seminarına qatılmazdan əvvəl “Səbirli olmağın üç qızıl qaydası” təlimində olmuşdum. Maşınımın ön şüşəsində həyat donmuş, sol şüşəsində isə zaman saatda 5 km sürətlə hərəkətdə idi. Görə bilmədiyim uzaqlıqda nələrin baş verdiyini daha dəqiq anlamaq üçün maşından düşüb irəli boylandım. Qarşıdan gələn vətəndaşların dediyinə inansaq, yolun ortasında səy, başdan xarab, görünüşündən yad planetliyə oxşayan biri var imiş. Ortalığa düşüb çıxmırmış. Əllərinə bağladığı uzun borularla əcaib hərəkətlər edirmiş. Yaddaşını itirmiş insan kimi dörd bir tərəfə qaçırmış. Sanki tanış üz, tanıdıq insan axtarırmış. “Fake” məlumat ola bilərdi. Hadisəni nəql edən vətəndaşlar taraz adama oxşamırdılar. Düşünəndə adama gic gülmək gəlir. Hansısa yad planetlinin Baksol yolunda nə işi var? Xəbər kimi sosial şəbəkələrdə paylaşım etsən, NASA kənara dursun, heç “Şamaxı rəsədxanası” da inanmaz.

Tıxac uzun çəkir. Boşluqdan telefonla qurdalanıram. Facebook, Teleqram səhifələrinin dediklərinə görə iki gün öncə Bostonda görünən yad planetlilər bir neçə dayını apardıqdan sonra geri qaytarıblar. NASA qayıdanların üzərində tədqiqat apararkən dayılardan üçü onları qaçıran yad planetlilərin tez-tez “A.K.B.D.Q.T.D.D” hərflərini təkrarladıqlarını bildiriblər. Yazılanların nə qədər doğru olduğunu dəqiqləşdirmədim. Şərh bölümündə bir neçə nəfər barmaqları köpüklənə-köpüklənə yazmışdı ki, əslində yad planetlilər “Azərbaycanda Kütləvi Birliyin Bərqərar, Dayanıqlı, Qətiyyətli və Tərəfdaşlıqda Dövlətin Dayanışma göstərməsi bütün kainata nümunədir”, - demək istəyiblər. Fəqət, mənə görə, Baksol yolunda tıxac yaratmış yad planetli filmimin ssenarisinə əsasən sarı saçlı qız ilə cavan oğlanın eşqinə mane olan Oba dayını aparmaq üçün gəlməli idi. Bax bu məqamda təəccüblü heç nə yoxdur. Bizimlə eyni görünüşdə olan amerikalı Bill Qeyts millətə “çip” taxıb hamını izləmək istəyirsə, bizə oxşamayan, üstəlik, bizdən yüz qat ağıllı olan (hesab edilir) yad planetlilər kod adı “A.K.B.D.Q.T.D.D”nı izləyib filmimin qəhrəmanı Oba dayını tapmaq üçün barmaqlarını oynatsalar bəsdir.

***

İşə geçikmişdim. Xoşbəxtlikdən gecikdiyimi heç kim hiss etməyəcəkdi. Hiss etməmələri də tələsəcək yerimin olmaması deməkdir. Baksol yolunda tıxac yaratmış “Yad planetli”nin onun dalınca gəldiyinin fərqində olmayan Oba dayı bir maşınlıq irəliləmiş, əsəbindən dırnaqlarını gəmirən Fəza adlı cavan oğlanla yan-yana dayanmışdı. Oba dayı gördüyü işin mərdimazarlıq olduğunu anlamadan müştərilərə çata bilməyəcəyini yəqin edib dodaqlarını irəli büzərək əsəbindən “O tayda qaldı yar” mahnısını fitləyirdi.

Bütün nağıllardakı bədheybət görünüşlü Əjdahaların hamısı belədir. Ağızlarında közərən alovun bəyaz tüstüsünü səmaya püləyərək, nağıl qəhrəmanlarının həyatına dəxilsiz daxil olurlar. Onlar üçün məkan Baksol olsun və ya Boston, heç bir fərqi yoxdur. Bostonu görməmişəm. Lazımsız adamlarından da xəbərim yoxdur. Boston deyiləndə yadıma Amerika düşür. Amerika deyiləndə də Arnold Şvartsenegger. Bəlkə də yad planetlilərin yalnız Amerikada görünmələri də “Dünya” deyiləndə yadlarına Arnoldun düşməsidir. Hadisə yerindən gələn adamların dediklərinə inanmamağım da bu səbəbdəndir. Yad planetli Bostonu qoyub, Baksolda nə gəzər?

Son

İki saatlıq tıxac bezdirici həddə çatdığından balıqçı tilovundan xilas olub gələnə əl edib nələrin baş verdiyini soruşuram.

“Qardaş, başdan xarabın biri yolun ortasında aləmi qatıb bir-birinə. Onu saxlayır, bunu buraxır, bunu dayandırır, o birinə yol verir. Elə bil, kimisə itirib tapa bilmir”. Maraq məni boğur. Bir barmağını hərəkət etməklə möcüzələr yarada bilən yad planetlilər kimi mən də işarət barmağımı pəncərədən çıxardıb hamıya göstərirəm. Möcüzədir. Barmağım işə yarayır, sürücülərdən biri maşınını saxlayıb mənə yol verir. Saatda 5 km sürətlə hərəkət edən maşınların sırasına qoşuluram. Yavaş hərəkətlə də olsa hadisə mərkəzinə doğru yaxınlaşıram. Uzaqdan hamının heyrətlə bəhs etdiyi “Yad planetli”nin siluletini görürəm. Adamların dediyi doğruya oxşayırdı. Gördüyüm qaraltı əlindəki əcaib dəmirlərlə sağa, sola, geriyə hərəkətlər edirdi. Boylanıb nələrin baş verdiyi dəqiqliklə görmək üçün əlləşirəm. Gördüyüm qədər ilə yolun tam mərkəzində meyvə, tərəvəz daşıyan köhnə görünüşlü maşın xarab olmuşdu. Maşının motoru qaynatmış olmalı idi ki, ön tərəfdən səmaya bəyaz tüstü qalxırdı. Hər şeyi dəqiqliklə anlamaq üçün maşından düşərək hadisə yerinə tələsirəm. Gördüyümə “Şamaxı rəsədxanası”nı deyə bilmərəm, NASA yüz faizlik inanmaz.

Yad planetdə, Bostonda belə görə bilməcəyimiz varlıq və ya NASA ya açıq məktub.

Hörmətli NASA, şəkildə gördüyünüz varlıq Baksol yolundakı “Səy, başdan xarab yad planetli”dir. Hər iki qolundakı isə lazer güllələr atan uzun borulu silahlardır. Yuxarı qaldırıb hansını nişan alırsa həmən maşın tıxacdan çıxıb yox olur. Sizə baş verənlərin video görüntüsünü göndərsəm belə inanmayacağınız bir hadisədir. Vətəndaşlar, sürücülər, sosial şəbəkələr - kim nə deyir desin, nə yazır yazsın inanmayın. Şəkildə gördüyünüz “Yad planetli” nə kod adı “A.K.B.D.Q.T.D.D” olan Oba dayı üçün gəlib, nə də Bostonla Baksolu səhv salıb. Sadəcə, qırmızı, yaşıl rənglər olmadan özlərinə yol tapa bilməyən “sağlam” insanlara yol göstərmək üçün irəli atılıb. Qollarındakı da lazer gülləli silah deyil, yerimə əngəllilər üçün metal çəlikdir. Lazımsızlıq qorxusu məhvedicidir. Uzaq Amerikada olsanız belə insansınız və sizə də seminarlarda öyrədiblər ki, özümüz kimi olmayanı, özümüzə oxşamayanı “Yad planetli” kimi görüb, “Səy, başdan xarab” adlandırmağımız normal haldır. Hörmətli NASA, kosmosda kimi və nəyi axtardığınızı bilmirəm, fəqət işdir, yad planetlilərin yaşadığı hansısa bir məkanı tapsanız, onların həyatına “O tayda durdu yar” mahnısını fit çala-çala bədheybət Əjdaha kimi daxil olmayın, yazıqdırlar. İşlərinizdə uğurlar arzulayıram.

Best regards…

# 4896 dəfə oxunub

Oxşar xəbərlər

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

15:30 23 aprel 2024
Yol - Rüstəm Dastanoğlunun hekayəsi

Yol - Rüstəm Dastanoğlunun hekayəsi

17:30 22 aprel 2024
Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

14:00 19 aprel 2024
4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

17:00 18 aprel 2024
İb və onun əri - Orxan İsmayılın hekayəsi

İb və onun əri - Orxan İsmayılın hekayəsi

09:00 17 aprel 2024
# # #