Atamın həyat yoldaşı... - Şəhriyar del Gerani yazır

Atamın həyat yoldaşı... - Şəhriyar del Gerani yazır
5 dekabr 2019
# 21:00

... Və atam tək qalmış idi. Bu təkliyin necəliyini dəqiq deyə bilmərəm. Hərənin öz təkliyi olur. Amma atamın təkliyi mənə bir az tanışıydı.

O, əvvəlcə anamdan, sonra bacımdan, daha sonra məndən tək qalmışdı. Anam dünyadan köç edəndən təxminən 6 ay sonra tale elə gətirdi mən də İranda həbs olundum. Sizə danışıram 2011 - oktyabr, 2012 - aprel aralığından. Bu aralar atamın başı əcəb qarışdı bir qədər. "Bir qədər" dediyim, yəni mən həbsdən qayıdanda anamın il dönümü ərəfəsiydi artıq - 2012, oktyabr. İki ay sonra hərbi xidmətə yollandım. Hərbi xidmətdə olanda böyük bacım da gəlin köçdü. Atam deyir, “Qızı köçürtdük, gəldim evə. Bir siqaret yandırdım. Qəfil gördüm anan da yox. Sonra gördüm qızlar da köçüb getmiş (Balaca bacım anamın sağlığında ailə qurmuşdu - Ş.d.G.) Səni harayladım, adını çağırdım. Dedim, “Ay Şəhriyar!” Özümdən aslı olmadı, eləcə adını çağırdım. Gördüm, haray yoxdu. Ey dadi-bidad, bəs bu boyda ömür hara getdi? Divarlar üstümə gəldi sanki. Əllərimi başıma tutub düşdüm həyətə, keçdim qonşu Tofiqgilə...”

İndiysə, danışıram 2013-ün aprelindən. Mən hərbi xidmətdəydim. Atam yanıma gəlmiş idi. Səhv etmirəmsə, aprelin sonuncu həftəsi. Yox, səhv etmirəm, 27 aprel, 2013. Şənbə, görüş günü. Görüş bitdi. Bölüyə qayıdıb ştaba ərizə yazdım. Yazdım ki, “Üzrlü səbəblərdən dolayı, xahiş edirəm mənim məzuniyyətimi tezləşdirəsiniz”. Vaxtından qabaq məzuniyyətimi götürdüm. 1-10 may. Qərara almışdım artıq - Atama həyat yoldaşı lazımdır. Məzuniyyətə qədər əmimlə danışdım, gərəkən işləri sahmanladı. Məzuniyyət başladı, getdim rayona. Və atama həyat yoldaşı gətirdik...

Düzü, bacılarım məndən bərk küsdü. Anlaşılandı. Həyat - böyük gerçəkdir. Bu gerçəkliyin nağılları üçalmalı deyil. Oxumaqla, gəzməklə, öyrənməklə olmur, dostum, yaşantılar tamam başqa mərhələdir. Həyatı oxumaq alayı nəsnədir. Nəzəri olaraq ən çətin situasiyalardan başını dik tutub “çıxa” bilərsən. Amma praktikaya gələndə belin bükülər, dişlərin tökülər, dizlərin titrəyər, kürəyin yerə gələr. Əlbəttə, yeni ailə qurmuş gənc qadınlar - bacılarım üçün ahıl yaşında tənha qalmış bir kişini - atamı anlamaq çətindir. Fikir vermişəm, bacılarım hələ də atamı bağışlamayıblar. Üstəlik, qız övladlarının ata ideallaşdırması da bir yandan. Ümumiyyətlə isə, Şərqdə insanı zülm “ucaldır”. Görünür, onlar da hamı kimi əzabkeş qəhrəman istəyir imişlər.

Onlar istəyirdilər atam ailə qurmasın, günü-gündən geriləsin, tənhalaşsın, beli bükülsün, sarsılsın, xəstə yatağına düşsün və bir gün "qəhrəmancasına" dünyaya əlvida desin. Amma mənə görə, insanı yaşatmaq lazımdır. Ölən deyil, yaşayandır qəhrəman! Öldürən deyil, yaşadandır qəhrəman! Doğrudur, bacılarım bunu dilə gətirməzlər. Amma altşüurdakı məhz bu. Mən insanları çox yaxşı tanıyıram. Bu gəlişməni hər ailə məclislərimizdə sezirəm. Keçən dəfə balaca bacım arvadı ölmüş və arvadından sonra ailə qurmamış, iki il sonra dörd dəfə ard-arda infarkt keçirib xəstə yatağına düşmüş, şikəst qalmış, daha sonra “razılaşdırılmış iynə” ilə öl(dürül)müş uzaq qohumumuzdan elə ağız dolusu danışırdı ki. Bu tövr bayağı "məişət qəhrəmanlığı" kimin nəyinə lazımdır, qanmıram.

Hərdən düşünürəm. Düşünürəm ki, görəsən onların, yəni bacılarımın haqlı olduğu məqam hardadır bəs? Deyəsən, kişi-qadın düşüncə kəsişmələrinə gedib çıxır sonucda. Yəni bilmirəm necə olardı? Məsələn, atam deyil, anam düşsəydi analoji vəziyyətə, yenə də eyni addımı atardımmı? Görəsən, anama da həyat yoldaşı axtarardımmı? Axı qadının da kişiyə ehtiyacı var. Həm də, daha çox. Di gəl, gözəlim Azərbaycan qadınları bu məsələni həll etmişlər. İkinci Dünya müharibəsində ərlərini itirmiş yüz minlərlə qadınımız sonrakı həyatlarını dul keçirmişlər. Burda başqa mental, coğrafi, bəlkə də milli-genetik, ruhani səbəblər də var. Deyəsən bu, başqa mövzudur. Həm də mən, bu mövzuya indilik hazır deyiləm. Üzrlü sayın.

Atama həyat yoldaşı gətirdik. Məzuniyyətdən qayıtdım hərbi hissəyə, məlum axış ilən vaxt da ötüb keçdi, hərbi xidməti başa vurdum. Zamanla bir çox nəsnələr aydınlandı. Birgəyaşayışın gətirdiyi məişət vərdişləri formalaşdı. Amma doğmalıq? Bəs doğmalıq? Axı doğmalıq... Bu, dəhşətli bəşəri həqiqətdir. Sənə doğma olmayan, sənin sevginə adekvat olmayan birisinə gözünün ağını yedizdirərsən dərmanı olsa, deyər, “Bu nədir? Bir az turşdu, bunca ağlamış gözlərin ağını mənə niyə yedizdirirsən?” İlahi, bu necə faciəvi reallıq...

Bacılarıma tapşırmışam, həmişə mehriban danışın onunla. Hərdən zəng eləyin, nəsə soruşun, ən adi məsələləri, lap tutalım, plovun dəm vaxtını. Guya bilmirsiniz, ondan öyrənirsiniz. Ən adi müstəvilərdə ünsiyyətdə olun. Amma deyəsən, etmirlər...

Hər rayona getdiyimdə sarsılıram. O qadının, atamın həyat yoldaşının canfəşanlığı məni alt-üst eyləyir. Səhər vaxtı:

- Şəhriyar, başua dönüm, nə yeyəcəksən, nə hazırlayım?

- Heç nə, bilmirsən ki mən səhərlər yemirəm?!

- Ay azarını çəkim, elə də şey olar? Elə bütün qüvvət səhər yeməyindədi dənə. Yumurtanı yağa vurum, yoxsa qaynadım? İstəyirsən bir az boş qaynadım, duzla-istiotla, ye. Sosiska da var, istəyirsən sosiska qaynadım. Ya kolbasa-pendir? Pomidor-yumurta xoşlayansan, acı bibərlə bişirim. Hə?

Mən, bezgin səslə:

- Yox e, çay içəcəm. Bir azdan yeyərəm.

O, son dərəcə qayğıkeş həyəcanla:

- Onda şirin kökə bişirmişəm, sən sevdiyindən, kişmişli. Noolar, çayla yeginən bi dənəsini, mədəndə nəsə olsun.

Və birtəhər razı salır. Çayı içdiyim yerdə gəlir:

- Bə günortaya nə issersən? Bayaq atana dedim, iki dənə beçə (çolpa) kəsdi, içalatını soğançada qovurum? Beçəni soyutma eləyərəm, yaydı, yağlı yemək adamın ürəyini vurur. İçalatını da qovuraram yeyərsən. Hə? İstəyirsən yarpaq dolması bişirim? Quzu əti də var. Dovğa da bulayacam, sən sevdiyin kimi - turş qatıqla. Kalafur eləyim bəlkə? Axşama da ördək gətizdirəcəm kənddən, plov dəmlərəm, ördəyi də basdırma edib qoyaram altına, dostlarını çağırarsan, yeyərsiz.

Mən:

- Yox e, axşam kafedə olacıq, lazım deyil, özün nə istəyirsən bişir.

O:

- Şəhriyar, qadalarun ürəyimə, axı kafedə nə bilirlər yemək bişirməyi? Mən dediklərimi hazırlayaram, zəng eylərəm, gəlib apararsan, harda istəsəniz yeyərsiz.

Yenə birtəhər razı salır.

- Yaxşı, sən plovu dəmlə, gələrik.

O, bu dəfə ana, yox, ana yox, böyük bacı heysiyyatıyla:

- Tükan soku-zadı da alma ha, eşitdün? Yaxşı kampot bağlamışam, limon da vurmuşam, Allah haqqı, elə dadlı çıxıb ki. Soyuducuya qoymuşam, diyan-diyan, gətirim dadına bax.

Əlbəttə, bütün bunlar ilk baxışdan sizin üçün çox adi görünə bilər. Amma inanın, həddən ziyadə böyük işlərdir. Ümumiyyətlə, sevgi dediyiniz böyük fədakarlıqlarda deyil, xırda detallarda görünür. Məsələn, yatağımın yanındakı kətilin üstündə telefon, su, karandaş, kitab-dəftər, siqaret və külqabı olur. O, yay vaxtı suyu dəyişər dəmbədəm, səriniylə əvəzlər hər yarım saatdanbir. Külqabının isə zibilini atar, yuyar, qurulayıb gətirər. Baxın, külqabının zibilini atmaq normaldır. Amma sonra yumaq, qurulayıb gətirmək - sevgidir. Köynəyin qırış olub-olmaması mənim üçün bir o qədər də önəmli deyil. Amma onun üçün faciədir. Bir dəfə qırış köynəklə çıxmışdım evdən. Məndən küsdü. Ki, “Biabır eylədin məni el-obanın içində”. Maşını yuduzdurmağa ərinən adamam, lap dəqiq - zəhləm tökülür hər dəfə, moykada gözləyənəcən canım çıxır. Adətən kirli olur maşın. Nə vaxt rayonda oluram, görürəm mən yatan vaxta salıb maşını da yuyub. İrad bildirəndə deyir, "Başına dönüm, elə həyət-bacanı silib-süpürürdüm, gördüm tozludu, şampunlayıb yudum. Qoy, təmiz olsun". Paltarlarımı yuyar, ütüləyər, səliqəylə düzər yanaşı. Corabıma da ütü çəkər. Anamın şəklini çərçivəyə salıb divardan asmışıq. Dünən gördüm evdə təmizlik işləri aparır. Əşyaların tozunu alanda diqqət kəsildim. Üzüm televizora, arxam anamın divardan asılmış şəklinə, oturmuşam. Qeyri-iradi çevrilib gözaltı baxırdım, sezdirmədən. Gördüm, anamın şəklini son dərəcə ehtiyatla sildi. Hətta şəkli siləndə əlindəki dəsmalı çevirdi təmiz üzünə, dəsmalın kirli tərəfiylə silmədi.

Atamla dostlaşmışıq çoxdan. Bir dəfə sözarası eşitdirdim ki, "Sən istəməsən də qadın istəyər, axı qadın üçün övlad keçilməz istəkdir. Əgər bizə görə narahatlıq keçirirsə, xahiş edirəm, de ki, narahat olmasın. Hətta, mən istəyirəm də sizin uşağınız olsun". Atam da demişdi özünə. Cavabı belə olub: “Yox, gecdi, ayıbdı, biz elə bir-birimizin uşaqlarıyıq daha. Üstəlik, üç uşaq (məni və bacılarımı nəzərdə tutub - Ş. d. G) haracan desən bəsimizdi...”

Bir dostum danışırdı. Deyir: “Analığıma hərdən Ana deyə müraciət edirəm ki, qoy, atamın könlü xoş olsun”. Nə bilim, düzü, mən bacarmıram bunu. Nəinki bacarmaq, hətta lazımsız bilirəm. Hər kəs öz yerində gözəldir. Yeri gəlmişkən, böyük bacım gəlmişdi bayaq. Danışırdıq. Deyir, gəlin (atamın həyat yoldaşını nəzərdə tutur - Ş.d.G.) səndən giley edirdi. Soruşdum, "Niyə?"

- Nə bilim, deyir, Şəhriyar nəsə məni yad bilir hələ də, 4 ildir bu evdəyəm, hər dəfə bura gələndə alt paltarlarını özü yuyur çiməndə, mənə vermir yumağa. Axı mən ona neyləmişəm ki?..

2017

# 14130 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #