“Allaha inansam, əlimi kəsəcəm”

“Allaha inansam, əlimi kəsəcəm”
26 oktyabr 2012
# 07:30
Kulis.az italyan yazıçı, ssenarist Tonino Querranın həyatdan öyrəndiklərini təqdim edir.

Mən çox zəhlətökən və çox qəribəyəm. Daha yüz il yaşamağa ümid edirəm.

Əla uşaqlığım olub. Həmin vaxt ilk dəfə yarpaqlara düşən yağışın səsindən zövq almışam, qarla tanış olmuşam – ağzımı açıb onu udmuşam, ilk dəfə dondurmanın dadına baxmışam. Onu yalayan kimi dayandım. O qədər dadlıydı ki, qorxdum!

Uşaqlıqda ən böyük görüşüm dənizlə olub. Atam bütün ailəni ata qoşulmuş arabaya oturdub dənizə apardı. Bu, hadisəydi. Nəzərlərim dənizi əhatələmək iqtidarında deyildi!

İndi yediyim ən nəfis xörək belə uşaqlığımdakı qədər dadlı deyil. Anamın hazırladığı involtinilərlə bir daha heç yerdə rastlaşmadım.

Qoca adamın yolu ölümdən deyil, uşaqlıqdan keçir.

Uşaqlıqda biz əbədiyik.

Allaha inamım yaransaydı, gözləriniz qarşısında bu əlimi kəsərdim. Mən inanclı adamların aldıqları təsəllini görmüşəm, amma bu sözlərdən çoxu, - “tale”, “inam”, - hələ ki, mənim üçün kölgədə qalıb. Ölümdən qorxmamaq üçün bütün gücümü işə salıram.

Bir dəfə Federiko Felliniylə maşında oturmuşduq və mən elə hey ona ölüm xofundan danışırdım. O, azacıq fikrə gedib söylədi: “Bilirsən, Tonino, bəlkə bu, böyük bir səyahət olacaq?”

Heç vaxt hakimiyyətlərə etibar etməmişəm. Çünki hakimiyyətlər günəşin olub-olmamağının fərqinə varmayaraq, mədəniyyətə qara eynəklə baxıb.

Məndən niyə hər hansı bir partiya üzvü olmadığımı soruşurlar. Cavab üçün özümdən ad uydurmuşam – mən dzen-kommunistəm.

Ən yaxşı əsərlər tarixin və həyatın qorxulu anlarında yaranıb. Sonuncu dahi rus şairləri sıxılmalarına rəğmən rejim əleyhinə çıxanlar olub. Mandelştam, Axmatova və başqaları. Kinoda da həmçinin. Böyük rus kinosu hər sahəni əhatələyən təzyiqlə mübarizə kimi meydana çıxıb. Bu, qəribə ziddiyyətdir. Mən həbs düşərgəsində olanda dəhşət içində idim. Və bu dəhşətə və ölüm xofuna rəğmən, ilk dəfə orda şeir yazmağa başladım.

Kino böhran yaşayır. Əvvəl kinoya həm də bir ayin kimi yanaşırdılar: sevgililər qaranlıqda birgə otururdular. Cavan oğlan əliylə qızın dizinə dəyirdi... İndi, zənnimcə, bu, dəbdən düşüb. Biz öz başımızı obrazlar burulğanında batırmışıq. Onlar hər yerdədir.

O ki qaldı münasibətlərə, qadınla kişi həmişə bir yerdə hoppanırlar. Boşanma hər yerdə qanunidir və insanlar tez evləndiyi kimi tez boşanmağa da macal tapırlar. Belə çıxır, ailəyə heç ehtiyac yoxdur.

Elə hey düşünürəm, tutalım ki, insanlara yüz ildən çox yaşamaq vəd olunub. Heç bir ailə bu qədər sınağa çəkilə bilməz! Elə buna görə də təxəyyülümüzü işə salsaq, bu qədər yaşayıb ölən kişinin beş arvadının, qadınınsa altı ərinin olması haqda eşitmək adət halını alacaq. Yəni uzun ömürdə bəlkə də ailələr dəyişəcək, bəlkə də qadınla kişi arasında münasibət başqa olacaq. Bəlkə də mövcudluğun hansısa xüsusi üsulları tapılacaq. Bəlkə də hamı qohum olacaq.

Güc kişinin əzələsində yox, qadının zəifliyindədir.

Kişi fırtınadan necə çıxmağın yollarını bilmir. Heç vaxt da bilməyib.

Mənim iki yaxın dostum var. Biri hazırda qulaqları eşitməyən Cannidir, Pennabillidə yaşayır. O, əsl Don Kixotdur, çox ağıllı və zərifdir, hamıya qarşı olduqca diqqətlidir. O, hər səhər gəzməyi təkid edir. Müqəddəs Covanni bayramında Pennabillinin bütün qadınların evlərinin qapılarını güllə bəzəmək ənənəsi vardı. İndi bu adətə yalnız Canni əməl edir. O, bütün gecəni dağları, ətraf meşələri gəzir, çiçəkləyən ağacların budaqlarını qırır və səhəri gün şəhər gül sərgisini xatırladır. Digər dostum Roberto Roversidir. O, intellektualdır. Bolonyada yaşayır, ona hər gün zəng edirəm. O, Rusiyadakı Xlebnikov kimi dahi şairdir. Roberto çox kasıbdır, amma həmişə sakitdir. Ondan soruşuram: “İşlərin necə gedir?” – “Əla!” – “Bu gün nə yemisən?” – “Olduqca dadlı bir yemək”. Və bunların hamısı ağ yalandır. O, bütün kitablarıma ön söz yazır. Bizim zəngləşmədiyimiz bir gün yoxdur.

Pennabillidəki ev mənə uyğunlaşıb. Orda vadiyə və uzaqlardakı dağlara açılan çoxlu sayda pəncərə var. Qoca insanın əsas səyahəti pəncərədən onu əhatə edənlərə baxmasıdır.

O ki qaldı şan-şöhrətə, ondan xoşlanmadığım təəssüratı yaratmağa çalışıram.

Yalan danışmaq məcburiyyətində qalıram. Məsələn, bir dəfə Tarkovskinin bizə buraxılmasına nail olmaq üçün İtaliyaya səyahət filminin çəkilişləri haqda şayiə yaydım.

Dostum Marçelo Mastroyannini də aldadırdım. O, can verirdi, mənsə söyləyirdim: çox yaxşı görünürsən, mütləq sağalacaqsan. O, çox əzab çəkirdi, ürəyimdən qara qanlar axırdı, amma yalan danışırdım. O isə nəzərlərini mənə dikib deyirdi: “Basta (italyanca “bəsdir” deməkdi - red), Tonino”.

İndi evdə şəkillərin yoxluğuna sevinirəm.

Aş yeməyi, qadınları xoşlayıram.

Mən quş qəfəslərini də xoşlayıram. 35 il əvvəl gələcək arvadıma etdiyim ilk hədiyyə quş bazarından aldığım çox balaca bir qəfəs olub. Vaxtaşırı kağıza nəsə yazıb, sonra əzib ora tullayırdım. Mən çəkilişlərə gedəndə, - arvadım italyanca bilmirdi, - ona söylədim: kağızı aç oxu və beləcə dili öyrən. Məsələn, orda belə bir ifadə vardı: “Bu gün sənə yumru sözlər demək istəyirəm”. Amma qəfəsdə heç vaxt quş saxlamamışam.

Maşın sürməyi xoşlamıram, onlar mənim üçün mövcud deyil. Televiziyanın halına acıyıram, reklamlardan zəhləm gedir.

Əlbəttə, həyatı ikinci dəfə yaşamaq istərdim. Onda mütləq pianoçu olardım.

Necə qocaldığımı hiss etmədim. Yeni cığırlar tanımaq istəyirəm.

Çevirdi: Kifayət Haqverdiyeva

Mənbə: Esquire jurnalı
# 1564 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #