Türmə dünyasının “üzdəniraqlar”ı

Türmə dünyasının “üzdəniraqlar”ı
7 avqust 2012
# 05:00
Əvvəlki yazılarda “burjuylar” barədə bəhs etmişdim. “Burjuylar”dan sonra ortabablar gəlir. Ortabablar barəsində ətraflı bəhs etməməzdən əvvəl bir əhvalat danışmaq istəyirəm. Bir gün yaşlı, köhnə məhkumlardan birisi cəza çəkdiyi müəssisə rəisinin qəbuluna şikayətə gəlir:

- Ay rəis, xahiş edirəm işçilərinə deyəsən inəyimi özümə qaytarsınlar.
Rəis təəccüblənir:
- Sən nə danışırsan? İnək nədi? Türmədə inək olar? Kişi, neçə ildi yatırsan?
- Səkkiz il.
- Hə, deyəsən çəkdiyin “srok” yavaş-yavaş ağlını başından çıxarır...
- Rəis, elə deyil. Bilirsiz ki, mən ömrümdə nə içən olmuşam, nə də çəkən, heç kimin işinə də qarışan deyiləm. Başımı qatmaq üçün kalona gələndə çöldən gizlin, əl boyda radio gətirtmişdim. O vaxt alanda qiyməti qırx manat id. Heç üç gün keçməmişdi, “rejimniklər” gəlib qulaq asan yerdə tutdular ki, radioya icazə yoxdur. İyirmi manat verib geri aldım. Nə başını ağrıdım, bu qaydada radionu ildə azı on dəfə alıblar əlimdən, mən də pul verib qaytartmışam. Səkkiz ildə verdiyim pulları bu gün maraq xatirinə üst-üstə gəlib hesablamışam. Azadlıqdan gələnlərdən də soruşub öyrənmişəm, çöldə o qədər pula bir inək düşür. İndi yenə təzəliklə alıblar əlimdən. Xahiş edirəm deyin, daha bəsdi “sağdılar”, inəyimi özümə qaytarsınlar...

Ortabablardan faydalanmaq həvəsinə düşənlər daha çox rejim qaydalarına nəzarət edən əməkdaşlar olur. Rejiim qaydalarından kənara çıxan hər bir hərəkət onlara “yükləmək” fürsəti verir. Hər ay və ya ay yarımdan bir məhkum heyətinə tətbiq edilən saç qırxımı da bu baxımdan mühüm rejim tədbirlərindən biridir. Saçının bir az çox olmasını istəyirsənsə, mütləq rejim əməkdaşını “görməlisən”. Bu işə baxanları digər əməkdaş yoldaşları öz aralarında “kəkil ölçən” çağırırlar.

Rəisin “obyektləri” hesab edilən “əhaliyə” xidmət yerlərində – dərzi, çəkməçi, hamamçı, bərbər, kitabxanaçı, kluba baxan və sair belə işlərdə “burju”ya təsadüfi hallarda rast gəlmək olar. Ən çox orta təbəqənin məhkumlarıdır bu cür “toçkalarda” işləyənlər. O yerlərə təyin olunmaq elə də asan deyil. Qabiliyyətdən öncə, ilkin “ödəniş” edilməlidir, sonra da hər ayın sonunda “haqq” çatmalıdır.

Qalan başqa “toçkalar” – qazançı, elektrik, santexnik, rəssam – aşağı təbəqənin, kasıblarındır. Kasıbların içərisindən bəzən imkansızlıqdan, bəzən də işsizlikdən hörmətli zabitlərə “dnevalnilik” edirlər. “Dnevalni” işinin mənası nədir?

Müəssisə rəisindən başlamış bütün əməkdaşların gün ərzində çayını qaynatmaq, yeməyini hazırlamaq işlərinə “dnevalnilər” baxırlar. “Dnevalni” işləmək könüllü olur, kimsə bu işə məcbur edilmir. Cinayət aləmində belələrini “şusturyak” adlandırırlar. Əməliyyat şöbəsinin agentura şəbəkəsinə cəlb olunmasından ehtiyatlanan, sərbəst işləmək istəyən bəzi əməkdaşlar “dnevalni”siz keçinirlər.

Müəssisənin təmizlik işləri “üzdəniraqlar” deyilən bədbəxt zümrəsinin boynundadır. “Üzdəniraqlar” kimlərdir?

“Üzdəniraqlar” - əsasən cinayət aləmində “sxodka” adlandırılan məşvərətin “fətvası” ilə “sındırılmış” məhkumlardır. Onların içərisində törətdikləri cinayətin müqabilində alçaldıcı cəza çəkənlər (xüsusilə, azyaşlıların zorlanması ilə bağlı cinayətlər üzündən-R.Y.) də var, ağılsızlıqdan özləri demışkən “zibilə düşənlər” də...

Oğru dünyasının qanunlarına görə onlarla əl ilə görüşmək, onların oturduqları yerdə əyləşmək, bir yerdə çörək yemək, yoldaşlıq, dostluq etmək olmaz. Kimsə bilərəkdən və ya bilməyərəkdən bu qadağalardan birinə əməl etməsə, o da onların sırasında – “üzdəniraq” sayılmış olar.

Bundan əlavə cinsi azlıq kimi fərqlənən və passivliyi açıqlanan məhkumlar da “üzdəniraqlar”a aid edilir. Müəyyən müəssisələrdə “petuxlar” çağırılsalar da, bu, heç də onların hamısının cinsəl baxımdan passiv olması demək deyil. Bir çox yerlərdə isə onları daha mədəni, daha münasib adla – “sanitarlar” adlandırırlar.

Onlar həm “paqon”, həm də məhkum tərəfindən incidilir və hədd qoyulmadan təhqir olunur. Gün boyu ən ağır (ərzaqdan qeyri bütün materialları daşımaq, yükləmək, boşaltmaq-R.Y.) və çirkli, natəmiz (süpürmək, silmək, yumaq, kanalizasiya, ayaqyolu təmizləmək-R.Y.) işlər “üzdəniraqlar”a gördürülür. Belə təsəvvür yaranır ki, onlar olmasa, müəssisə anisanitariya və tullantı içində batar.

“Üzdəniraqlıq” bu insanları müəssisənin hər tərəfində ağır yük kimi əzir. Səhər və axşam yoxlamalarında onlar sonuncu cərgələrdə dururlar, yataqxanalarda ancaq qapının yaxınlığındakı yatacaqlarda uyuya bilərlər. Ümumi yeməkxanaya buraxılmadıqları üçün yeməklərini müəyyən edilmiş yerlərdə yeyirlər. Hər yerdə olduğu kimi hamamda, karsda da onların yerləri fərqləndirilir.

Məsələnin pis tərəfi odur ki. əgər məhkum “üzdəniraq” elan olunubsa, həmin qərarın geri götürülməsi mümkünsüzdür. Az qala tam hüquqsuz bir vəziyyətə düşdükləri üçün heç yerə şikayət edə bilməyən, bu ada görə hamının nəzərindən düşmələrinə dözməyənlər çox vaxt yaşamaq istəməyib intihara cəhd edirlər.

Gördükləri işin qarşılığında papiros və yemək “qrev”inə möhtac olan belələrinə “peredaça” demək olar ki, gəlmir. Çünki, “üzdəniraq” olduqlarını biləndən sonra, əksərən yaxınları, hətta ailələri də onlarla ünsiyyəti kəsir və onlardan həmişəlik imtina edirlər.

Bəzi “üzdəniraqlar”ın bədbəxtliyinin səbəblərindən biri də hədsiz kasıb olmalarıdır. Cinayət aləmi pul, var qarşısında duruş gətirə bilmir. Nə vaxtsa, kimsə görübrmü ki, “burjuy” “üzdənirağ”a çevrilsin, çarpayısı barakın girəcəyinə qoyulsun? Məgər oğru qanunlarının sərt üzü yalnız kasıblar üçündür..?
# 3362 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #