Səni axtaran var ELŞƏN ƏLİYEVDƏN HEKAYƏ
23 iyul 2012
11:52
…Verilişin aparıcısı sivri burnunun ucu qıpqırmızı qızarmış utancaq oğlanın qapqara uzun saçlarını sığalladıqca o, əlində saxladığı rəngi solmuş vizit kartını bir az da yuxarı qaldırırdı. Birdən kamera oğlanın ovcuna "yapışmış" vərəqin üzərindəki yazıları lap yaxına çəkdi: axtarılan şəxsin adı, soyadı, vəzifəsi aydınca oxunurdu...
Qonaq qismində efirə çağırılmış və səhnədəki divanda arın-arxayın əyləşib hələ də burada olmasının səbəbini bilməyən abırlı-həyalı, hörmətli adam da, onun öz evində kresloya yayxanıb sevimli verilişinə baxan və hər dəfə atılmış, tərk edilmiş uşaqların valideynlərini dilinin əzbəri olan "alçaq" sözü ilə lənətləyən keçmiş işçisi də həmin yazıları eyni anda gördülər.
Payız xəzəli kimi saralmış kağız hər ikisinə on yeddi il əvvəlin baharını xatırlatdı...
Hörməti adam o vaxtlar xeyli işçisi olan bir müəssisənin rəhbəri idi... Özü qabiliyyətli, qanacaqlı bir şəxs olduğundan ətrafında da belələrinin olmasını istəyirdi və qısa müddətdə nizamlı-intizamlı bir komanda yaratmağa, tapşırılan işi yuxarıların tələb etdiyi səviyyədə yerinə yetirməyə nail olmuşdu.
Amma çoxlarının təəccübünə səbəb olan bir xasiyyəti vardı: dəvət edildiyi rəsmi ziyafətlərə, yerli və xarici səfərlərə heç vaxt özü getmir, işçilərdən kimisə göndərirdi... Bu səbəbdən də nə yüksək rütbəli məmurlarla oturub-durur, nə efirdə-ekranda görünür, nə də dünyanı gəzib-dolaşırdı. Asudə vaxtlarını daha çox özünün yaxın ətrafı - dostları, həmkarları ilə keçirməyi, onlarla birlikdə yeyib-içməyi xoşlayırdı.
Belə məclislərdə özünə tam azadlıq verirdi: maşını sazaqlı bir noyabr axşamında sahilə sürdürüb, dənizin ləpədöyənində məclis əhlini qırmızı şəraba qonaq etməyi və bu zaman qəribə tostlar deməyi də vardı, işdən sonra “stress atmaq” üçün işçiləri ilə birlikdə əyləşdiyi yolkənarı restoranda özünü və yanındakıları həbsxanadan indicə çıxmış dustaqlar kimi qələmə vermək kimi qeyri-adi hərəkəti də... Hər şeyin müvəqqəti olduğu bu həyatda özünün dəyişməz meyarları ilə yaşayırdı.
Bu hadisə də elə o vaxtlar baş vermişdi.
- Moskvaya bir iclasa dəvət almışam, bir həftəlikdir, baxın, görün, hansınız gedə bilərsiniz.
Əslində, bu, sual deyildi, kabinetə yığılmış müavinlərə və şöbə müdirlərinə adi bir tövsiyə idi: yəni, “gedin, məsləhətləşin, namizədinizi deyin”.
Namizədin kimliyi də tez müəyyənləşmişdi. Qardaşı neçə ildən bəri Rusiya paytaxtnda insan cəngəlliyinə düşən və hələ də oradan çıxmaq haqqında düşünməyən şöbə müdirinin Moskvaya getməsinə etiraz edən olmadı...
Müəssisənin rəhbəri kimi o da bu seçimə “hə” deyərkən, “namizəd”in ömür-billah dilinə spirtli içki vurmadığını, hətta siqaret çəkmədiyini də nəzərə almışdı. Baxma, Bakıdan Rusiyaya belə təmiz və ayıq adamın getməsi daha məqbul idi... Rus dilini yaxş bilməsə də, iclaslarda ədəb-ərkanla əyləşəcək, başqa respublikalardan gələn həmkarları ilə “alkaş”lıq eləməyəcək, boş vaxtlarında isə bivec qardaşının axtarışı ilə məşğul olacaqdı...
...Bir həftə bir sutka kimi ötdü. Şöbə müdiri Moskvadan qayıdıb öz işinə başladı. Hörmətli adam indi dumanlı şəkildə xatırladı ki, o vaxt səfərin yekunları barədə uzun-uzadı hesabat verən və mövzudan-mövzuya keçidlərdə zavallı qardaşının oradakı açınacaqlı vəziyyətini yada salıb ağlamsınan şöbə müdirinə söhbəti qısaltmaq üçün verdiyi sonuncu sual onun guya qüssədən sallanmış sifətini qəfildən şuxlandırmışdı.
- Belə çıxır ki, rus gözəllərinə vaxt ayıra bilməmisən?..
- Vallah, boş vaxtlarım o bədbaxtın axtarışına getdi, cəmi bir dəfə...
- Hə, oldumu?...
- Oldu, amma... – Şöbə müdirinin çöhrəsinə bic bir təbəssüm çökdü.
- Nə amma?.. İdman şərəfimizi qoruya bildinmi? – Müəssisə rəhbəri söhbəti bir az da yüngüllüyə çəkdi.
Onun bu məsələyə xüsusi maraq göstərdiyini görən şöbə müdiri xoş ovqatla bir necə gecə mehmanı olduğu sarışın rus qızının sünbül saçlarını, ağappaq vücudunu göz önünə gətirərək dedi:
- Əla şey idi... Qardaşımı axtaranda tanış olmuşdum... Vidalaşanda məndən bir nişanə də istədi. Cibimdə ən yaraşıqlı əşya sizin vizit kartınız idi, onu verdim...
- Neujeli?... Yox a?.. Sən elə şey eləməzsən!.. – Müəssisə rəhbəri bir balaca pərtləşdi.
Şöbə müdiri məsələnin qəlizləşmək ehtimalını dərhal duydu:
- Köpəyin qızı, heç baxmadı nədi, küləyin ağzına atdı... Pərt oldum... Amma yaxşı ki, nişanəmiz qalmadı onda!
Müəssisə rəhbəri şöbə müdirinin vizitkaya göstərdiyi yaramaz münasibəti pisliyə yozmadı... Hətta az sonra keçirdiyi planlaşdırmada bu əhvalatı məzəli bir hadisə kimi müavinlərinə və digər şöbə müdirlərinə danışıb, ürəkdən bir şaqqanaq da çəkdi...
...Yenə əvvəlcə gülmək istədi: bu, həmin vizitka idi. “Bəs alçaq mənə deyirdi, külək aldı apardı, nişanəmiz qalmadı?”. Verilişin aparıcısının mülayim səsi onu getdikcə qarışan düşüncələrindən ayırdı:
- Hə, müəllim, necəsiniz? Görürsünüzmü, Moskva heç kimi, heç nəyi unutmur! Arxada qoyduğunuz soyuq izlərə isti ləpirlər düşür...
Hörmətli adam itkin düşmüş əzizlərini axtarıb tapmaq ümidi ilə studiyaya gəlmiş ürəyi qubarlı, gözü nəmli insanların qınaq dolu baxışlarının onun donmuş sifətində cəmləşdiyini hiss edirdi. Aparıcı xanım özünəməxsus tərzdə əlini çənəsinə dayayıb susurdu. Kameralar öz işlərini görürdülər: biri saralmış vizit kartını, biri də hörmətli adamın təəccübdən və çaşqınlıqdan avazımış sifətini ön planda saxlayırdı. Rejissor əclaf isə “Allahım, nəydi günahım” mahnısının gur sədaları altında bu iki kadrı saniyədə bir dəyişirdi...
...Məhz bu zaman məsələnin nə yerdə olduğunu dəqiq anlayan sabiq şöbə müdiri də yayxandığı kreslodan sıçrayıb əvvəlcə əlini televizorun pultuna atdı. Hətta dərhal “söndür” düyməsini də basdı... Amma bu canlı “qarabasma”nın gerçək sonluğunu görmək marağını söndürə bilməyib təzədən kresloya çökdü: “Yaman ilişdik...”
- Hə, indi bildinizmi, niyə sizi studiyaya dəvət etmişik?.. Bu gənc qəlbində qövr edən ata həsrəti ilə bizə üz tutub. Uzun illlər sizi röyalarında görüb, səsinizi eşitmək, ata öyüdünüzü dinləmək arzusu ilə yaşayıb... – Aparıcı xanım bəzən ucalan, bəzən alçalan xoş səsi ilə söz xəzinəsindəki bütün odlu-alovlu, kövrək-həzin kəlmələri üzündəki təəccüb artıq qəzəbə çevrilməkdə olan hörmətli şəxsə ünvanlayırdı...
Moskvadan gəlmiş oğlan dilimizi anlamasa da, nisgilli baxışlarını aparıcının xitab etdiyi bu sarıyanız, xurmayı saçlı arıq adama zilləmişdi: “Bəs anam deyirdi ki, qarayanızdı?.. Nə fərqi var ki, ata atadır! Axır ki, tapmışam!..” – gənc qonaq şübhəni özünə yaxın buraxmaq istəmədiyi bir anda hörmətli adam özünü toplayıb ayağa qalxdı, təmkinli addımlarla irəli yeridi.
Əvvəlcə oğlanı ehmalca qucaqladı, əlini onun kürəyinə qoydu. Sonra aparıcı xanımdan mikrofonu aldı:
- Bəli, bizim uşaqdı!...
Sanki studiyanın içərisində ani bir xəzri uğuldadı... Hörmətli adam qərarını vermişdi: əyləşdiyi divandan səhnənin ortasına qədərki beş addımlıq məsafədə bayaqkı qəzəbi də soyumuşdu.
- Çox düz edib gəlib... Mən neçə illərdir onu gözləyirdim...
- Alqışlayaq, alqışlayaq!!! – Aparıcı xanım zala səsləndi.
- Bilirdim ki, bu vizit kartı nə vaxtsa üstümə qayıdacaq... Yaxın bir dostumun cibindən uzaq Moskvada düşüb qalmışdı. Rəhmətlik bu söhbəti mənə danışmışdı... Demişdi ki, vizitkanı kim Bakıya gətirsə, onu öz balan kimi qarşıla... Xoş gəlmisən, oğul! Mən səni mütləq atanın məzarını ziyarət etməyə aparacağam...
Hamı susurdu... Saysız-hesabsız ağlamalı və gülməli səhnələr qurmağa və görməyə adət etmiş aparıcı xanım hadisənin belə fırlanacağını heç ağlına da gətirməmişdi...
Hörmətli adam məzar məsələsini uydurmurdu: sabiq şöbə müdiri bu yaxınlarda çayxana görüşlərindən birində özü demişdi: “Xırdalan qəbiristanlığında mənim qəbrim var!”. Sonra da bir qohumunun dəfni zamanı orada adı, atasının adı, soyadı onunku ilə eyni olan, hətta başdaşındakı şəkil də ona bənzəyən bir nəfərin qəbrini özü şəxsən gördüyünü və yeganə oğluna da göstərdiyini həvəslə nəql eləmişdi....
...Qəfildən studiyanı alqış sədaları başına götürdü.
....Kresloda cansız meyit kimi donub qalmış sabiq şöbə müdiri özünü o qəbrin içində hiss elədi.
Hörmətli adam Moskvadam gəlmiş oğlanın qoluna girib studiyadan çıxdı. Yalnız teleşirkətin giriş qapısından beş addım uzaqlaşdıqdan sonra bayaq studiyaya daxil olarkən söndürdüyü mobil telefonu açıb sabiq şöbə müdirinin nömrəsini yığdı...
Elşən ƏLİYEV
[email protected]
07.07.2012.
1961-ci ildə Ağdam rayonunda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Xalq”, “Azərbaycan”, “Panorama” qəzetlərində işləyib. Hazırda “Azərbaycan işıqları” qəzetinin baş redaktorudur.

1710 dəfə oxunub
Oxşar xəbərlər
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri
14:00
10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024