Vladimir Bortko filmləri kontekstində

Vladimir Bortko filmləri kontekstində
1 avqust 2011
# 12:53
“İdiot”u, “Master və Marqarita”nı, “Taras Bulba”nı, “Böyük Pyotr. Vəsiyyət”i ekranlara gətirən Bortko soy adı “İt ürəyi” filmi ilə məşhurlaşdı. Böyük yazıçı M.Bulqakovun uzun müddət işıq üzü görməyən və yalnız 1987-ci ildə çap olunan bu satirik povesti avara itin tipik sovet insanına çevrilməsi axarında Oktyabr çevrilişinin yaratdığı həyatın mahiyyətini açır, başlanğıcından, dəyərlərindən uzaq düşən sovet adamı modelinin törəməsinə təkan verən ziyalının ictimai-mədəni problemini qoyurdu.

Professor Preobrejenski avara insanın orqanlarını itə köçürməklə yeni insan yaradır və bu yaratdığı əsl yeni sovet insanına çevrilir. İt tezliklə avara (Çuqunkinin) bütün xasiyyətlərini götürür və onu kimi olmağa başlayır. Amma o artıq avara deyil, sovet cəmiyyətinə uyğunlaşan, hətta Moskvanı avara heyvanlardan təmizləyən idarənin rəisi vəzifəsində çalışan, onu doğuran professorun canını boğazına yığan, onu ittiham edən partokrata çevrilir. Onun tələb və donoslarından, hərəkətlərindən bezən professor onu yenidən it vəziyyətinə qaytarır.

Bulqakovun bu əsəri ədəbiyyatşünaslar tərəfindən rus inqilabının mahiyyətini və proletariatın sosial şüurunun oyadılması işini ifşa edən ədəbi əsər kimi qiymətləndirilir. Şarikov birdən-birə azadlıq əldə etmiş, hüquqlar qazanmış, lakin ona bu bəxşişləri edənə qarşı asi çıxması, özü kimilərini məhv etməklə (küçə itlərinə və pişiklərinə qarşı xüsusi qəddarlıqla divan tutması) hakimiyyət pilləsində yüksəlməsi ilə ümumiləşdirilmiş görməmiş proletariat obrazıdır. Ədəbiyyatşünaslar bu əsəri repressiyalardan xəbər verən və 1920-30-ci illərdə hakimiyyətdə olanları ifşa edən siyasi satira kimi (Şarikov-Çuqunkin, soyadında dəmir ifadəsinə görə Stalinin, Preobrajenski - dəyişikliklər edən Leninin, Şarikovla yola getməyən Bormental Trotski (Bronşteyn), köməkçi Zina isə Zinovyevin) dəyərləndirirlər.

Rejissor Bortko dövrü üçün olduqca cəsarətli addım atıb Bulqakovun ən ziddiyyətli əsərinə ekran həyatı verdi. SSRİ-nin dəyişiklik dövründə (1988) ekrana çıxan bu film cəmiyyətin qeyri-stabilliyi ilə səsləşir, sovet gerçəkliyinə fərqli, lakin bədii sənətkarlıqla işlənmiş münasibəti ortaya qoyurdu. Rejissor müəllif təhkiyəsini düzgün dəyərləndirərək professorun yeniliyini sosialist cəmiyyətinin yaradılması ilə eyniləşdirərək təbii axarı dəyişdirməyin faciəsini ön plana çəkirdi. Ən aşağı təbəqədən olan insandan istifadə edərək onun əli ilə cəmiyyəti yerindən oynadan sovet ideologiyasının başlıca xisləti aydındır. Şarikovlar vasitəsi ilə donoslar yazılmalı, üzə durmalar və repressiyalar baş verməli idi. İt ürəyi bu əməlləri həyata keçirmək üçün əlverişli idi. Əsərin sonunda professor öz doğurduğunu özü də məhv edir.

Filmdə müəllifin üslubu qorunaraq satirik komediya, fantastika ilə ictimai dram birləşir. Müəllif mətnindən gələn kinayə, itilik filmin də dilində qorunur. Kinolentdə rejissor 20-ci illərin sovet ölkəsini, Moskvasını şüarlardan deyil, evin pəncərəsində boylanaraq əks etdirirdi və bu, tarixi hadisələri daha ətraflı görməyə imkan yaradırdı.

Ədəbi əsərin ekran həyatı hər zaman mübahisə predmeti olub. Böyük ədib Bulqakovun “Ağ qvardiya”, “Qaçış”, “Qara dəniz” əsərlərinin motivləri əsasında “Qaçış”, “Ağ qvardiya”nın motivləri əsasında “Turbinlər günü”, “İvan Vasilyeviç” pyesi əsasında “İvan Vasilyeviç peşəsini dəyişir” filmləri artıq müzakirələrə yol açmışdır. Xüsusən də “Qaçış” filminin bədii uğuru, oradakı mizan-kadrların ifadəliliyi ekran plastikasının mövzunun açılışına birbaşa xidmət etməsi oxuculara yeni təqdim edilən (ilk dəfə 1987-çap edilib) “İt ürəyinin” ekran versiyasını daha böyük məsuliyyət qarşısında qoyurdu.

“İt ürəyi” kitab əsasında çəkilən filmlərin uğurluları cərgəsinə daxil ola bildi. Kitabda baş verən hadisələrin və oradakı dialoqların iki seriyaya sığışması əsərin özəlliyini qorumağa imkan verdi. Üstəlik aktyor ansamblının düzgün seçimi filmin qüdrətini artırdı. Yevgeni Yevstiqneyevin ifasında professor Preobrejenski islahatçı, müdrik və qətiyyət göstərməyi bacaran alim kimi canlanırdı. B.Plotnikov Bormentalı çılğın ziyalı, R.Karsev Şvonderi bic və özündən razı, V.Tolokonnikov Şarikovu inandırıcı və emosional yüklə təqdim edilirdi.
Filmin rəng həllində darçını (sepiya) rəngdən, qurama xronikadan istifadə abı-havanın yaranmasına xidmət edirdi. Geyim, dekor həlli, məkanların dəqiqliyi filmin təsir gücünü artırırdı. Bütün güc müəllifin əsas fikrinin açılışına xidmət edirdi.

Bulqakovun satirası Bortkonun təfsirində bir qədər fərqli görünürdü. Əsərin yazılma tarixində bunu sovet quruluşuna satirik öncə görmə hesab etmək olardısa, filmin ekranlara çıxdığı vaxt artıq Şarikovlar 30-cu illər repressiyasını və digər cinayətləri törətmişlər, qurduqları cəmiyyət isə bütün tikişlərindən aralanırdı deyə satira bütöv bir ölkədə yaşayan milyonlarla insanların məhv olmuş həyatların bu günə düşməsinin səbəbini göstərirdi. Cəmi bir neçə ildən sonra ittifaq dağılacaq və bu film satiradan çox faciələrin güzgüsü olacaq.


“Master və Marqarita”


“Atlar Moskva damlarının üstündən uçurdu
Mən şəhərlə vidalaşmaq istəyirəm - Master qışqırdı”


Sonuncu seriyanın sonuncu fraqmentində Bortkonun uzun əlavəsi - frençli adamın mühazirəsini istisna etsək rejissorun bu filmdə də müəllif fikrini və əsas dialoqları qoruduğunun şahidi olarıq. Bulqakovun istedadını, qələminin qüdrətini əks etdirən bu əsərin dünya ədəbi mühitinə təsiri ölçüsüzdür. H.Cavidin İblisi ilə Bulqakovun Volandı arasında bir oxşarlıq var. On il öncə Cavid İblisin fitvasını, qurduğu tamaşanı və bu tamaşanın qurbanlarını, müharibə, qan qadanı göstərirdisə Bulqakov İsa Məsihdən Ustada qədər Volandın əməllərini göstərir. Mistika, kinayə məhəbbət intriqası başlanğıcı tapmaq cəhdi müəllifin əsərə bəxş etdiyi üslubdur. Kitab içində kitab olan Master və Marqarita bütövlüyünü qoruyub saxlasa da çox qatlı və paralel hadisələr üzərində qurulub.


Qoqol və Bulqakov


Bulqakov özünün ən çətin anlarında Qoqolun heykəli önünə gəlib “Ustad, məni çuqun şinelinlə ört” deyərək rahatlıq tapırdı. Ömrünün son günlərində Bulqakov hamıdan Qoqoqlun ölüm qabağı çəkdiyi əzabları danışmağı xahiş edirdi. Qoqol yaradıcılığı Bulqakova birbaşa təsir etmişdir. Qoqolun uzun cümlələrini Bulqakov qısa ifadə tərzinə dəyişsə də, ironiyası, satirası əlamətlərinə görə seçilsə də ümumi ruh yaxınlığı “Master və Marqarita”, “İt ürəyi”ndə aydın sezilir. Qoqolun üç uçan quşu Bulqakovda Master və Marqaritanı əzabdan xilas edib aparan uçan atlara çevrilir. Bulqakovda Qoqolun ruhu yaşayırdı. “Ölü canlar” da olan acı gülüş “Master və Marqarita” da var, burada da ölü canlar dolaşır.

Maraqlıdır, hər iki yazıçı Kiyevi sevmiş, Moskvada yazıb yaratmış, əlyazmalarını yandırmış (Qoqol “Ölü canlar”ın ikinci hissəsini, Bulqakov “Master və Marqarita”nın qaralamalarını yandırmış, sonralar əsəri yenidən yazmışdır) hər ikisi eyni qəbiristanlıqda, yanaşı dəfn olunublar. Baş daşı əhvalatı isə izahı olmayan hadisə, əsl mistikadır. 1931-ci ildə Danilov monastırını bağlayanda Qoqolun nəşini Novodeviçeva qəbiristanlığında dəfn edirlər. Onun başdaşında olan qolqofu (qolqof İsanın çarmıxa çəkildiyi təpənin adıdır. Başdaşı kimi Qolqofa bənzəyən qaya və üzərində xaç qoymaq adəti var) çıxarıb yazıçının büstünü qoyurlar. Bu daş doqquz il heç kimə lazım olmur və o baş daşı düzəldən ustaların yanında qalır.

Nəzərə alsaq ki, daş qiymətli idi və onu S.Aksakov Krımdan böyük çətinliklə gətirmişdi, onun doqquz il ərzində baş daşı düzəldənlər tərəfindən istifadə olunmaması sadəcə mümkün deyildi. Bulqakov öləndən sonra həyat yoldaşı ona baş daşı axtararkən bu qolqofa rast gəlir və daşı alıb ərinin məzarı üzərinə qoyur. Sağlığında “Master, məni çuqun şinelinlə ört” arzusuna Bulqakov ölümündən sonra çatır. Bəlkə də qolqof özü də Bulqakovu gözləyirdi?

Bulqakovu oxuyanlar Moskvada Masterin zirzəmisini, pis evinin yerini axtarıb tapmaq arzusu ilə dolaşırlar. Maraqlı yerlərdən biri də Kiyevdəki Turbinlərin evidir. 13 nömrəli evdə indi Bulqakov və Ağ qvardiya muzeyi yerləşir. Orada olan Turbinlərə aid əşyalar - gitara, şinel... - hamısı ağ rəngə boyanıb.

Gertsen Qoqol haqqında yazırdı: “Qoqol poeziyası - pozğun həyatın təsiri ilə alçalmış adamın öz heyvanlaşmış sifətini güzgüdə görərək dəhşət və xəcalət içərisində qışqırtısıdır”. Qoqol “Ölü canlar”ın ikinci hissəsini yazmaq arzusu ilə yaşayırdı və yazdı da. Amma yandırdı. O bu əsərdə bircə dənə də olsun müsbət qəhrəman tapmaq istəyirdi. Qoqolda müsbət qəhrəman yoxdur, “Ölü canlar” eybəcərlər yığnağıdır. Qoqolun sərt satirası müsbət qəhrəman görməyə imkan vermirdi. “Ölü canlar”ın ikinci hissəsində də müsbət qəhrəman tapa bilməyən Qoqol onun əlyazmasını yandırdı, ruhi xəstəlik tapdı.

Bəlkə də “Master və Marqarita” “Ölü canlar”ın ikinci hissəsidir. Qoqol öz poemasının ikinci hissəsini məhz bu cür, bu tərzdə yazardı. Hər iki ədibin mistikasına uysaq, bəlkə də Qoqolun ruhu Bulqakova keçərək öz əsərinin davamını “Ustad və Marqarita” şəklində yazıb. Master də Qoqol kimi şizofreniyaya tutulur və əlyazmasını yandırır. Ancaq Bulqakov Qoqoldan fərqli olaraq, müsbət qəhrəmanı tapa bilir – bu, Voland və Masterdir. Müsbət qəhrəman ya İblis, ya da şizofrenik ola bilər. Bu əsərdə xeyirxahlığı yalnız iblis edir, amma şərin əli ilə. Voland əsərin əvvəlində ruhi xəstəxanada olub-olmaması sualına “Olmuşam, olmuşam, özü də bir dəfə yox... təəssüf həkimdən şizofreniyanın nə olduğunu soruşa bilmədim” deyir. Voland “Müfəttiş”dəki sonda gələn əsl müfəttiş və ölü canlar toplayan Çiçikovdur. Qoqol müsbət qəhrəmanı tapa bilmədi, Bulqakovun Volandı isə ölü canların müfəttişi oldu.

Bortkonun bu əsərə verdiyi ekran həlli mükəmməl və bədii cəhətdən ifadəli idi. Müəllif təhkiyəsinin düzgün yozumu, miqyaslı yanaşma, daxili mahiyyəti açma rejissorun uğuru hesab oluna bilər. əsər olduqca rəngarəng və çox qatlı olduğundan onun ekran həllində bu qatların qarışmaması, bir-biri ilə üzvi əlaqədə olması qoyulan əsas tələb idi. Rejissor bu missiyanın öhdəsindən gəldi. Ekaranla mistika və satira ilə bol, Bulqakov dilində danışan “Master və Marqarita” çıxdı. Rejissor Bortko romanda verilən üç xətti Ponti Pilat və İeşua, Moskva həyatı və Marqarita ilə Masterin dünyasını seriala ustalıqla köçürə bilib. Lakin bütün uğurları, incə işləmələri və fəlsəfi yükünə baxmayaraq filmdə qüsurlar da nəzərə çarpırdı. Televiziya filmində tarixi hissələr, xüsusən də Erşalaim hadisəsi emosional təsir bağışlamır, kütləvilik, miqyas duyulmurdu.

Bortkonun müəyyən etdiyi aktyor ansamblı da kifayət qədər mübahisəli idi. Öncə bunu qeyd edək ki, əsərin aurası və oradakı obrazların rəngləri hər kəs tərəfindən bir cür qəbul edilirdi və bəlkə də Master, Marqarita, İeşua istisna olmaqla heç bir obrazın ümumi assosiativ şablonu qurumayıb. Volandı, Ponti Pilatı və s. hər kəs bir biçimdə təsəvvür edir. Ona görə də film çıxar-çıxmaz əsas tənqid hədəfi aktyor ifası oldu.

İstedadı və aktyorluq məharəti ilə seçilən O.Basilaşvili həm yaşına, həm də fundamentallığına görə Volanda uyğun gəlmirdi. Moskvaya gələn İblis Bulqakovun təsvirində ağıllı olduğu qədər axmaq, əxlaqsız və alçalmış mələkdir. Aktyor obrazın dərin şeytani qatlarını çatdıra bilmir, daha çox müdrik filosofa bənzəməyə çalışırdı. Bulqakov Volandın “sağ gözünün axmaq, sol gözünün qara, ölü olduğunu” deməklə obrazın özünün də murdar məxluq olmasını çatdırmaq istəyirdi. Aktyor ifasında isə bir qədər hiyləgər, qəddar, lakin müdrik Voland ekrana gəlirdi. Seyrçi Volandın missiyasını və əməllərini pislik kimi yox, müdrik adamın qisası kimi qəbul edirdi. Film boyu Basilaşvili bu biçimi saxlayırdı. Yalnız ev xələtində iti baxışlarla baxıb “Əlyazmalar yanmır” deyəndə əsl iblis siması canlanırdı. Həmçinin restoran müdiri ilə söhbətdə balığın ya təzə ya da iylənmiş olması, onun ömrünə az qaldığı üçün qalan pulu ilə ziyafət verib, sonra zəhər içib ölməsini təklif etməsi hissəsi xüsusi emosionallıqla çatdırılırdı.

Böyük aktyor K.Lavrovun Ponti Pilatı qoca alınmaqla təsir gücünü zəiflətmişdi. Sanki xəstəhal prokurator təkcə hakimiyyətdən yox, həm də xəstəliklərdən bezmiş, yorğun görünürdü. Onun hökmü, idarəçilik və döyüş qabiliyyəti duyulmurdu.

Filmdə aktrisa Kovalçukun ifasında soyuqluq, sözdən qaçmağı və bir qədər şeytani mimikası əsl Marqaritanın canlanmasına imkan vermirdi. Bulqakovun Marqaritası mehriban, gülərüz və aristokratlar kimi rəftar edir. Ekranda isə məkrli və indiki dövrün obrazı canlanırdı. Master Aleksandr Qalıbinin ifasında yaddaqalan, detallarla işlənmiş şəkildə üzə çıxırdı. Əsl Ustad, əlyazmasını yandırmaq həddinə çatdırılan, dəlixanaya atılan, sevgi macərasında da bir faciə olan yazıçı obrazı ekrana gəlirdi.

S.Bezrukovun İeşuası çox boş, solğun və adi alınmışdır. Onun ilahi gücü, daxili saflığı ifadəli verilmirdi.

A.Abdulovun Korovyovu müqayisəsiz və canlı, əsərdə verilən incəliklə təqdim olunmuşdur. V.Qalkinin İvan Bezdomnısi uğurlu və emosional alınmışdır. Naqiyevin İudası isə uğursuz və sönük idi.

Bortkonun ekran həllində Moskva və onun sakinləri, həyatı hiss olunmurdu. Sanki hadisələr boşalmış şəhərdə baş verirdi. Lakin romanın əhatəliliyini nəzərə alıb bütün qüsurlarla bərabər televiziya filmi estetikası və çərçivələrində quruluşun uğurlu alındığını qeyd etmək olar.


“İdiot”


Bortko bu serialda Dostoyevskinin yaratdığı atmosferi canlandıra, onu ekran vasitəsi il seyrçiyə çatdıra bildi. Elə əvvəldən rejissor seyrçini mövzunun, süjetin əsirinə çevirirdi. Bortko romanın elə incə məqamlarını ekrana gətirə bilmişdi ki, romanı bir dəfə oxuyan adam onları gözdən qaçıra bilər. Bortko Dostoyevskinin fərqli məhəbbət təqdimatını incəliklə canlandıra bilmişdi.

E.Mironovun knyaz Mışkini insanı biganə qalmağa imkan vermirdi. Tələsik və səthi nitqi obrazın təsirini azaltsa da, danışıq və ünsiyyət üslubu Dostoyevskiyə uyğun olmasa da, aktyor obrazın emosional tərəflərini jest və mimikası ilə verə bilirdi.

Nastasya Filippovna obrazı müəllif tərəfindən olduqca ziddiyyətli təqdim olunur. Bu cəhətləri aktrisa Lidiya Velejova tamlıqla çatdıra bilmirdi. Onun əzabları, xeyirxahlığı və iblis xüsusiyyətlərinin üzvi, inandırıcı çatdırmaq böyük ustalıq tələb edir. Lakin Nastasya Filippovnanın evində pulların sobada yandırılması, onun Aqlayla görüşü səhnələrinin emosional gücü, təsiri tərifə layiqdir.

Parfyon Roqojin Maşkovun ifasında bütün cəhətləri ilə açılırdı. Aktyor tərəfindən obraz ehtirasa uymuş, məkrli qadına vurularaq, qısqanc və insafını itirmiş şəkildə təqdim olunurdu.

General Yelançin və onun xanımı obrazları Basilaşvili və İnna Çurikovanın mahir ifaları ilə bütün rənglərlə çatdırılırdı. İnna Çurikova knyazın söylədiklərinin doğru çıxmasına naminə uşaq kimi görünmək cəhdi maraqlı alınmışdı.


“Taras Bulba”


Batal səhnələrin bəsitliyi, çəkiliş texnikasının kasadlığı filmin bədii imkanlarını zəiflətsə də, Bortko Qoqolun tarixi əsərinin əsas mahiyyətini ekrana gətirə bilmişdi. Qoqolun ustalıqla yaratdığı təbiət təsvirləri, mənzərələr filmdə bütün rəngləri ilə göstərilirdi. Ucsuz çöl, Donun görünüşü Qoqol təbiiliyini canlandırırdı. Bir çox oxucular Qoqolun təbiət təsvirlərini uzun-uzadı hesab etsələr də müəllif onu o qədər dəqiq və obrazlı təqdim edir ki, sanki rəssam təsviri idi.

Filmdə olan qəhrəmanların pafosu isə Qoqolun sadə insanlarından seçilir, süni görünürdü. Bortkonun bütün filmlərində olduğu kimi burada da uğurlu musiqi seçimi emosional təsiri artırır, ona xüsusi çalar verirdi. Geyim, rekvizit və anturaj bütünlüklə 16-cı əsr Zaporojyesinin ab-havasını yaradırdı. Lakin müəllifin əsərdə vurğuladığı bir neçə vacib, əsərin əsas ideyasının açılışına xidmət edən istiqamətlər rejissor tərəfindən tutarlı işlənməmiş, özünün dramaturji həllini tapmamışdır. Xüsusən də Tarasla oğlunun münasibətlərində olan dramaturji gərginlik xətti inkişafını və kulminasiyasını tapa bilmirdi. Bu münasibətlər Taras obrazının daxili aləmini, mübarizəsini və cəhətlərini açmağa kömək etməli idi. Lakin rejissor bu məqamların üzərindən tələsik keçirdi. Bir çox obrazların daxili enerjisi, nəfəsi duyulmurdu. Filmdə döyüş öncəsi Taras Bulbanın nitqlərlə çıxış etməsi səhnələri təbiilikdən uzaq, pafoslu alınmışdır. Qoqol öz qəhrəmanlarını ideyalarla yaşayan kimi deyil, adi insan olaraq yaratmışdır. Lakin Bortko ekranlaşmada qəhrəmanları ideallaşdırmış, avara, quldur kazak yığnağını müqəddəsləşdirib.

Qoqol əsərin bir neçə yerində kazak quldurluğunun, amansızlığının nümunələrini gətirir. Müəllif bu eybəcərliyin arasında gözəllik tapmaq istəyir. Lakin yuxarıda “Ölü canlar” haqqında dediyimiz kimi burada da müəllif müsbət qəhrəman tapa bilmir. Bortko isə əksinə qəhrəmanını müsbətləşdirirdi və bununla da Qoqolun əsas gedişindən uzaqlaşırdı.

Boqdan Stupka sözün əsl mənasında Taras Bulba idi. Onun fövqəladə təbii, çılğın ifası obrazın bütün cəhətlərini yaşayır və seyrçiyə çatdırıdı. Onun mimikası və jestləri, intonasiyası daxili yaşantıdan süzülüb üzə çıxırdı. Hər bir detal təbii, inandırıcı görünürdü. Sonadək ruhdan düşməməyi, hətta edam səhnəsində daxili cəsarətini qoruyub saxlamağı Stupkanın obrazın özündən gələn cəhətlərini daha da qabarıq çatdırması hesabına ifadəli alınmışdır. Zaparoji kazaklarının atamanı Taras Bulba müəllif tərəfindən bir qədər qarışıq, hamar olmayan süjet daxilində inkişaf etdirilən obrazdır. Boqdan Stupka özünün akademik, parlaq ifası ilə obrazın ideyasını dəqiqləşdirmiş şəkildə ifadə edə bilirdi.

İqor Petrenkonun Andriyiası filmin əvvəlində əsl kazak kimi inandırıcı görünürdü. Aktyor daxili plastikasını ustalıqla işə salaraq xüsusi istedadla dəyişilirdi. O kazaklıqdan çıxıb, vətənini, atasını satıb polşalılar tərəfinə keçəndə də bunu inandırıcı, xüsusi incəliklə edirdi. Seyrçi onu ittiham etməyə tələsmir, onun daxili həqiqətinə inanırdı.

Eljbeta Mazoveskaya rolunu ifa edən ecazkar görünüşlü, gözəl və iti baxışları ilə heyranlıq yaradan Maqdalena Melsaj acılığa dözməyib Andriyidən çörək istəyəndə və çörəyi üzünü çevirib həsədlə yediyi, dua etdiyi səhnə olduqca emosional, təsirli ifa göstərmişdi.

Andriyinin həlledici nitqi rejissor tərəfində ustalıqla işlənmiş və Petrenenkonun mahir ifası ilə daha da təsirli alınmışdı.

Eljbeta “Nə özünü, nə də məni aldatma. Səni atan, yoldaşların, atan çağırır. Biz sənə düşmənik.” deyərək sanki Andriyini qovur. Andriy qabalıqla və kazak sayağı qürurla sanki qarşısındakını parçalamağa hazır halda, sonra ayağa duraraq “Neylıyirəm atamı, yoldaşlarımı, vətənimi. Kim dedi ki, Ukrayna mənim vətənimdir. Kim onu verib mənə. Vətən həm də qəlbdir. Mənim isə qəlbim sənsən. Bu vətəni ürəyimin dərinliyində saxlayacağam. Qoy bir kazak cəhd edib onu oradan qoparsın!” deyə hayqırır. Aktyor kazak üçün yolverilməz olan, lakin onun özünün seçimi olan bu qərarı da tərəddüdsüz, inamla, qətiyyətlə verirdi.

Maqdalena Melsajın görünüşü, məsumluğu, ecazkarlığı Andriyin qərarına haqq qazandırmağa imkan verirdi. Rejissor olduqca uğurlu seçim etmişdi.
Mixail Boyarskinin Mosiy Şilosu olduqca maraqlı, təsirli alınmışdı. Onun cəsurluğu, sona kimi vuruşmağı, əsl kazak kimi görünməyi diqqəti çəkirdi.

Filmi xarakterizə edərək Qoqol əsərinin maraqlı və yadda qalan ekranlaşma olduğunu deyə bilərik. Rejissor özünə məxsus yanaşması, təfsiri əsərə yeni həyat verə bilmişdi. Dəqiq yaradıcılıq platformasına sahib olan Bortko poetikasını Qoqol üslubu ilə üzvi şəkildə təqdim edə bilirdi.


“Böyük Pyotr. Vəsiyyət”


Bu seriyalda Bortko yeni Pyotr obrazı yaratdı. Baluyevin daxili aləminin zənginliyi ona amansız və islahatçı imperator kimi deyil, insan kimi yanaşmağa imkan yaratdı. Filmin bir qədər səthi, üzdən olması dərhal nəzərə çarpırdı. Obrazların daxili aləmi, hadisələrin mahiyyəti açılmamış qalırdı. Pyotrun film boyu ağrı ilə, hüznlə verilməsi olduqca maraqlı rejissor yanaşması kimi qeyd olunmalıdır. Aktyor böyük şəxsiyyətin qəddarlığını, öz ölkəsi üçün verdiyi faydanı və bunun axarında tənhalığını xüsusi incəliklə çatdırırdı.

Burada da rejissor Pyotru ideallaşdırmağa çalışır və final səhnədə tabutunun onun silahdaşlarının çiynində müasir Sankt-Peterburq boyu aparılması da saxta vətənpərvərlik kimi görünürdü. Yelizaveta (İrina Rozanova) və Menşikovun (Sergey Makoveski) düzgün olmayan təfsirdə təqdimatı, vərəsə müəyyən etmək tələbi ilə saraydakıların toplanması epizodunda S.Şakurovdan (Ramadanovski) başqa hamının səthi ifası filmin təsirini azaldırdı. Knyaz qızı Kantemirin ifaçısı E.Boyarskayanın ehtiraslı oyunu səthi olduğundan obrazın tam mahiyyətini açmağa imkan verməmişdi. Knyaz Kantemirin özünü də M.Boyarski prinsipsiz, rəngsiz canlandırmışdır. Bizim seyrçi üçün Azərbaycan dilində danışığı(Pyotrun Xəzər yürüşündə azərbaycanlıların onun qarşısına çıxıb xərac verməsi və toxunulmazlıq təminatı alması səhnəsi) eşitmək maraqlı göründü.

Bu filmin uğursuzluğu bəlkə də mövzunun və tarixi gerçəkliyin toxunulmaz olması ilə bağlı idi. Axı çağdaş Rusiya hələ də Pyotr toxunulmazlığı ilə yaşayır və prinsip ədəbiyyatda, kinoda da qorunur. Hər halda geyim, dekor bəsitliyi, məkan azlığı, kameralılıq bu ekran işinin bədii gücünü azaldırdı. Bortko öz yaradıcı imkanlarının hamısını səfərbər edərək bu işə yönəltməmişdir. Bütün bunlara baxmayaraq Bortko imzasının çağdaş rus inematoqrafında böyük yer tutduğunu, xüsusən də ədəbi əsərlərin yenidən ekrana gəlməsi işində fəaliyyətini, yaradıcı imkanlarını, geniş diapazonunu xüsusilə qeyd etməliyik.
# 1441 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #