Əğyarın silahla hədələnməsi

Əğyarın silahla hədələnməsi
1 iyul 2011
# 13:39
Yayda Kürün qırağında olan müddətdə xalam oğlu Çingiz məni rahat buraxmırdı, təkidlə əsgərlikdə olduğum şəhərə bir yerdə qayıtmağımızı istəyirdi. Çingiz məndən bir neçə yaş kiçikdi. Mən əsgərlikdən gələndə o, əsgərliyə getmişdi. Uzaq Saxalinə düşmüşdü. Hərbi hissələri dözülməz olduğundan Çingiz evə yazıb yalvarmışdı ki, məni bu cəhənnəmdən qurtarın. Çingizin atası, onunla birgə xidmət eləyən bakılı əsgərin də atasını götürüb düz Saxalinə, uşaqları əsgərlikdən qurtarmağa getmişdi. Onların hər ikisini, rüşvət gücünə, ruhi xəstə adı ilə əsgərlikdən xilas eləmişdilər.

4-5 ay əsgəri xidmətdə olan, orta məktəbi heç də yaxşı oxumayan Çingiz rusca danışa bilmədiyindən mənimlə Rusiyanın rahat şəhərlərinin birinə getmək istəyirdi. Mənim əsgərlik həyatımdan, qızlardan danışmağım onun həvəsini daha da alovlandırmışdı.
Tiflisdən gələndən sonra, gördüm, Nataşadan yenə bir neçə məktub gəlib. Mən indiyə qədər onun bir neçə məktubunu cavablandırmışdım. Nataşanın mənə yazdığından əsasən nənəm qıcıqlanırdı. Evdə imtahanlara hazırlaşıb universitetlərin birinə girməyimi arzulayırdılar. Böyük qardaşım mənə gələn məktublarla məzələnirdi. Ona görə poçtalyona məktubu yalnız özümə çatdırmağı xahiş etmişdim. Sonralar yazıb Nataşaya bildirmişdim ki, məktubun üstünə öz adını yox, başqa kişi adı yazsın. Düzdü, bunu yazmaq mənim üçün çox ağrılı idi, çünki Nataşa başa düşəcəkdi, demək, o, buralarda arzu olunan adam deyil, lakin buna məcbur idim.

Bütün məktublarında məni Prokopyevsk şəhərinə qaytarmaq arzusundan, gələcəkdə gözəl ailə quracağımız haqda xülyalardan yazırdı. Mən hər dəfə öz məktublarımla ona ürək-dirək verir, tamam ümidini qırmasam da, qayıtmağım haqda müəmmalı sözlər yazırdım. Çünki o şəhərə qayıtmaq ağlıma belə gəlmirdi...

Kənddə çox darıxırdım, ətrafda hər şey cansıxıcı idi. Xəlvət söhbətlərimizdə isə Çingiz məndən əl çəkmir, elə “burdan çıxıb gedək” deyirdi. Bir dəfə mənim Çingizlə harasa çıxıb getmək istəyimi eşidib anası Gövhər xala bizə gəldi və məni xeyli danladı. Kənddən qaçmaq ideyası əsasən Çingizin olsa da, hamı mənim üstümə düşürdü. Beləcə, mənasız basqılardan boğaza yığılmışdım.

Bir gün Çingizlə qərara gəldik ki, getməliyik, vəssalam! Bizim getməyimizə dəstək olan bircə Çingizin böyük qardaşı Zahid oldu. Zahid məndən iki yaş böyük, Çingiz isə iki yaş kiçikdi. Zahid mərd xasiyyətli, dalaşqan, düzlüyü sevən bir xalaoğlu idi. Cavan yaşlarında dünyasını dəyişsə də onun davaları haqda indi də əfsanələr danışılır. Zahid özü Volqoqradda əsgərlik çəkmiş, Rusiyada atası ilə alver də eləmişdi. Zahid bizə pul da verib xəlvətcə kənddən qaçmağa yardım elədi. Biz Çingizlə pullarımızı toplayıb hərəyə bir cins şalvar, yaxşı gödəkcə, ayaqqabı alıb qatara mindik...

Tiflisdən Novosibirsk şəhərinə uçduq. Ordan da qatarla gəlib çıxdıq Prokopyevsk şəhərinə. Ən birinci, əsgərlik yoldaşım Əsədgilə gəldik. Əsəd bizi görüb çox sevindi. Onun yaşadığı tatar qızından Ruslan adlı bir oğlu olmuşdu. Uşaq hələ bələkdə idi. Əsəd ailəsi ilə üçotaqlı mənzildə yaşayır, şaxtada kömürdaşıyan “Kamaz” maşınında sürücü işləyirdi. Sonra evlənib orda qalan əsgərlik yoldaşım Vidadi gəlib çıxdı. Onlar bizim gəlişimizə o şəhərdə yaşayan azərbaycanlı uşaqları yığıb bir neçə gün məclis qurdular. Biz Əsədgildə qalırdıq. Əsəd səhər tezdən işə gedir, axşamlar evə qayıdırdı. Həftənin 5 gününü ciddi işləyirdi. Gündüzlər Çingizə şəhəri tanıdır, bütün günü bir yerdə veyllənirdik...

Əsəd dedi, şaxtada işləmək çox çətindi, sizə qıymıram, ancaq burda çini qablar zavodu var, direktoru dostumuzdu, özü də azərbaycanlıdır, Əyyub Əyyubov.

Sabah tezdən zavoda gəldik, artıq Əyyub müəllim bizi öz otağında gözləyirdi. Sənədləşdirib bizi zavoda fəhlə götürdülər. Sonra kağız verib zavodun yataqxanasına yola saldılar. Bura altımərtəbəli bir bina idi. Mərtəbələrində uzun dəhliz və sağ-solda otaqlar vardı. Hər otaq isə iki dənə ikinəfərlik xırda otaqlardan ibarət idi. Yəni koridordan açılan qapıların hər mənzilində dörd nəfər yaşayırdı. Mənzilin ortasında xırda mətbəx və sağ-solunda iki xırda otaq vardı. Qonşularımız şəmkirli Şakir və sabirabadlı Rahib idi. Yataqxanada əsasən ətraf şəhərlərdən gəlmə qızlar yaşayırdı. Bu qızlar zavodda qablara nazik fırçalarla şəkillər çəkir, qızıl suyu ilə bəzəklər vururdular. Qızların hamısı texniki peşə məktəblərin məzunları olduğundan 16-19 yaşlarında idilər. Altımərtəbəli yataqxanada cəmi dörd oğlan yaşayan mənzil vardı, qalan otaqların hamısında qızlar idi.

İşimiz, üstünə bişməmiş boşqab, çaynik, müxtəlif suvenirlər düzülmüş balaca vaqonları relslərin üstü ilə sobalara itələmək idi. Vaqonlar tez-tez qaynar sobalara girib çıxdığından təkərlər tutulur, çətin itələnirdi. İri montirovkalarla vaqonların təkərlərini itələyib sobaya gətirirdik. İşimiz yüngül olmasa da, gənc olduğumuza görə heç nə vecimizə deyildi. Günorta yeməyini zavodun içərisindəki kafedə yeyirdik. Yaxşı maaş alırdıq...

Ürəyimdən daş kimi sallansa da, nədənsə, Nataşa ilə qətiyyən görüşmək istəmirdim. Ola bilsin, şüuraltında “onunla tapışsam mütləq evlənərəm” qorxusu vardı. Lakin keçmiş tanışlardan təkcə Tomanı görmək istəyirdim. Bilirdim ki, Toma kiminləsə çoxdan dostlaşıb, ancaq onu görmək istəyi məni rahat buraxmırdı. Tomanı görməyin bircə yolu vardı, Biləndərin sevgilisi Valyagilə gedib ondan bu görüşü düzüb-qoşmağı xahiş eləmək. Elə Valyanın özünü də görmək istəyirdim, lakin bilirdim ki, çox qanqaraldıcı görüş olacaq. Biləndər kəndə dönən kimi evlənmişdi, yəqin, bunu Valya da bilir...

Bir bazar günü Çingizdən xəlvət şəhərə çıxıb bir kafedə oturdum. Bir-iki stəkan araq vurandan sonra bir bağlama şokolad alıb yadımda qalan ünvan üzrə Valyagilə getdim. Həmin bina idi, pilləkənləri qalxıb həyəcanla qapının zəngini basdım. İçəridən Valyanın tanış səsi gəldi: “Kimdi?” O, həm də gözlükdən baxdı. “Mənəm, – adımı dedim, – Valya burda yaşayır?” Valya tələsik qapını açıb qolunu boynuma doladı, əvvəlcə özünü xeyli sevinmiş göstərdi, birdən səsi titrədi və ağlamağa başladı. Stolda oturub ağlayırdı. Qızı da məni tanıdı, xeyli böyümüşdü, mən onun üzündən öpdüm. Bir az sakitləşəndən sonra Valya dedi, Biləndər evləndiyini mənə yazıb. O, qalxıb yan otaqdan bir qalaq məktub gətirdi. Məktublar Mülkülü kəndindən idi. Son məktublarına baxdım: “Valya, bağışla məni, Valya! Məni evləndirdilər, ancaq mən yalnız səni sevirəm! Mən dünyada bir də heç kimi sevməyəcəm! Valya, mən bədbəxtəm, məni bağışla, məni sevmə, unut məni Valya!” Biləndərin məktubları məni də qəhərləndirdi.

Mən ortadakı hüznü götürmək üçün mövzunu dəyişdim, keçmiş şən günlərimizi yada saldım, “Buratino” dediyimiz Əsəddən danışdım. Valya ortaya bir yarımçıq araq qoydu, hərdən süzüb içirdik. Axırda Tomanı görmək istədiyimi ona dedim. Elə bildi bu şəhərə Tomadan ötəri qayıtmışam. “Toma o biri binada yaşayır – dedi, – ondan əlini üz, o, artıq bir oğlanla yaşayır, bir-birini sevirlər”. Valyanı başa saldım ki, onu sadəcə, görmək istəyirəm, bircə dəfə, keçmiş xatirə kimi. Valya dedi, mən onunla danışaram, bir-iki günə zəng elə, görüşmək istəsə vədələşək. Sonra da əlavə elədi ki, Toma çox təmiz, vicdanlı qızdı, ancaq tərsliyi var, ola bilər razılaşmasın, onda gərək sən də inciməyəsən. Mən razılaşdım. Sağollaşıb qapı ağzına yaxınlaşanda, hardansa Biləndərin bu evdə gizlətdiyi tapançası yadıma düşdü. Astadan: “Bəs, tapança dururmu?” – soruşdum. Valya: “Əlbəttə, hara qoymuşdu, elə orda da durur,” – dedi...

Hər həftənin bazar günü yataqxananın birinci mərtəbəsində diskoteka düzənləyirdilər. Düzdü, şəhərdən gələn oğlanları yataqxananın diskotekasına buraxmırdılar, lakin orada yaşayan qızlar öz sevdikləri oğlanları içəri keçirə bilirdi.

Çingizlə mən bir otaqda qalırdıq. Yanımıza tez-tez qızlar gəlir, bizimlə şənlənirdi. Hələ ki, rusca yaxşı danışa bilmədiyindən qızlar özləri gəlib onu məndən istəyir, öz kampaniyalarına qoşurdu. Çingiz qızların arasında özünü xoşbəxt hiss eləsə də, əvvəllər xeyli utanırdı. Diskotekada rəqs etdiyimiz qızlarla dostluq əksərən yataqla tamamlanırdı. Burada qızların çoxluğundan sevdiyimiz tez-tez dəyişirdi. Onların arasında araq içəni də, içməyəni də, sırtığı da, abırlısı da – hər cürəsi vardı.

Bir dəfə yenə diskoteka günü pilləkənlərlə aşağı düşəndə yanımdan keçən tanımadığım bir qız məni arxadan öz adımla səslədi. Arxaya baxanda gördüm həmin qız aşağı düşüb yanıma gəlir. Onun zil qara gözləri, uzun kirpikləri, şabalıdı saçları, gözəl ağ sifəti vardı. Dörd aydan çox bu yataqxanada yaşasaq da onu ilk dəfə idi görürdüm. Qızın bu hərəkəti nəsə, məndə bir istilik yaratdı, sanki, nə vaxtdı mən elə onu axtarırdım. “İndi mən də aşağı düşəcəm, bir yerdə tans eləyərik” – deyib, yuxarı qalxdı. Mən diskotekaya düşəndə artıq musiqi səsindən alaqaranlıq zalda ağız deyəni qulaq eşitmirdi. Çingiz qızlarla ağlına gələn tərzdə rəqs eləyirdi. Bizdən bir az yaşca böyük olduğundan şəmkirli Şakir bura çox nadir hallarda düşərdi. Ancaq Rahib də həmişə qızların əhatəsində olurdu. Şakirlə Rahib Bakıda Xalq Təsərrüfatı İnstitutunu bitirib bu şəhərdə “partiya məktəbi”ndə qiyabi təhsil almağa gəlmişdilər. Onlar zavodun ayrı sexində işləyirdilər. O vaxtlar Azərbaycanda yüksək vəzifəyə keçmək üçün “Partiya məktəbi”ni bitirmək vacib sayılırdı. Vətəndə isə belə təhsil rüşvətlə olurdu və qiyməti çox baha idi...

Mən kənar solların birində oturub oynayanlara tamaşa edir, adını da bilmədiyim həmin qızın gəlişini gözləyirdim. Hardasa yarım saat keçmişdi, bir də gördüm həmin qız mənə yaxınlaşır. Əlimdən tutub məni ayağa qaldırdı. Biz rəqs eləyə-eləyə səs-küydə bir-birimizin qulağına qışqırıb tanış olduq. “Mənim adım Lidadı, – dedi, – özüm Oryol şəhərindənəm, buraya 20 gün olar gəlmişəm”. Onunla tam sakitlikdə söhbətləşmək üçün otağa dəvət elədim, etiraz eləmədi. Onun insanı ağıldan alan gözəlliyi vardı. “Atam moldovandı, anam rus – dedi, – uşaqlıqdan yüngül atletka ilə məşğul olmuşam. İnstituta qəbul ola bilmədim, şəkil çəkməyə marağım var, nəsə, tale məni gətirib buralara çıxartdı”, – özü haqda danışıb uzun kirpiklərini döyür, parıldayan qara gözləri ilə üzümə baxırdı.

Həmin gündən Lida məni öz nəzarətində saxlayır, başqa qızlarla söhbət eləməyimi də qısqanırdı. İşdən gələn kimi yanıma qaçır, bütün günü mənimlə olmağa çalışırdı. Qızlar əvvəlcə onun bu hərəkətini qəbul eləyə bilmirdilər, lakin tədricən hər şey öz axarına düşdü. O, üzümə baxanda sanki məni hipnoz eləyirdi. Hərdən gülüb: “Hə, məndə qaraçı qanı da var, adamları sehrləyə bilirəm”, - deyirdi.

Mən artıq onu görməyəndə dəli kimi olur, nəfəsim çatışmırdı. İşdə bütün günü onun haqda fikirləşir, görməyə tələsirdim...

Artıq soyuqlar başlayır, şaxta düşürdü. Zavodun işi tozlu olduğundan biz hər gün işdən sonra elə zavodun duşunda çimib çox da uzaqda olmayan yataqxanaya piyada gəlirdik. O zamanlar uzun saç saxlamaq dəbdə olduğundan mənim də saçlarım xeyli uzun idi. Zavodda çimib çıxandan sonra evə başıaçıq qayıdırdım. Otaqda məni gözləyən Lida əzizləyə-əzizləyə saçlarımın sırsırasını əli ilə bir-bir təmizləyirdi.

Artıq biz bir-birimizə dəli kimi bağlanmışdıq. Bəzən Lida gecələr gəlib mənimlə birgə yatırdı. Bakirə olduğuna görə mənimlə heç bir izdivaca girmir, beləcə məni özgə qızların yanına getməkdən qoruyur, o işlərin evlənəndən sonra baş tutacağını deyirdi.

Biz artıq evlənmək istəyirdik. Lida evlənəcəyimiz haqda evlərinə də yazmışdı. Bir gün onun böyük bacısı mənimlə tanış olmaq üçün Oryol şəhərindən yanımıza gəldi. Bacısı İrina polis paltarında idi, böyük leytenant rütbəsi vardı. Bizimlə birgə xeyli söhbətləşəndən sonra mənimlə dostlaşdı, sabah onu vağzaldan yola salanda artıq İrina yaxın adam kimi mənimlə zarafatlaşırdı...

Bir gün Lida mənə dedi ki, şəhərdən diskotekaya gələn bir oğlan var, çoxdandı məndən əl çəkmir. “Kimdi ki o?” – soruşdum. “Bilirsənmi, səninlə tapışana qədər diskotekada rəqsə dəvət eləyib, bir-iki dəfə onunla rəqs eləmişəm. İndi də sənin haqda eşidib, dünən qarşımı kəsmişdi”. “Kimdi axı o, mən tanıyırammı?” – soruşdum. “Bəlkə də tanıyırsan, hərdən bura tansa gəlir, “Serıy” deyirlər, Seryoja.” “Hə, tanıyıram, – dedim, – bir də gələndə mən onunla danışaram.”

Lida narahat tərzdə: “O, idmançıdı, qorxuram gücün çatmaya, onu burdakı həmyerlilərinlə qorxuda bilərsən, belə olsa bir də işimizə qarışmaz”.

Özümü sakit aparsam da, ürəyimdə fikirləşirdim, gözüm aydın, idmançısan, səni yerində oturdaram, sən də baxarsan. Lidanı sakitləşdirdim: “Sən narahat olma, mən onunla sakitcə hər şeyi danışaram...”

“Serıy” o ətrafın seçilən uşaqlarından idi. Şəhərdə gizli karate məktəbi vardı, o da orada təlim keçirdi. Nə qədər özümə güvənsəm də bilirdim ki, əlbəyaxa ona gücüm çatmaz. Lakin, hər ehtimala qarşı, Əsədi yadıma salıb arxayınlaşırdım. Həm də özümü heç kimin yanında aciz göstərmək fikrim yox idi. Sevdiyim qız üçün özüm tək vuruşmaq istəyirdim... Növbəti diskoteka gününü həyəcanla gözləyirdim, bilirdim, “Serıy” mütləq üzə çıxacaq.

Lida ilə diskoteka zalında kənardakı stollarda əyləşib birgə rəqs eləmək üçün sakit musiqi gözləyirdik. Bir azdan həzin bir musiqi elan elədilər. Biz oynamağa hazırlaşarkən “Serıy” gəlib Lidanın qarşısında dayandı və əyilib, “gəl oynayaq” - dedi. Mən ayağa durub: “Onunla yalnız mən oynayıram”, – dedim. “Serıy” kinayə ilə mənə baxdı: “Sən hardan çıxdın?” “Sənə dəxli yoxdu, – dedim, – o, səninlə oynamaq istəmir!” “Serıy” Lidanın üzünə baxdı: “Sən mənimlə oynamaq istəmirsən?” – soruşdu. Lida: “Yox, mənim oynamağa adamım var!” – dedi. “Serıy”: “Baxarıq, sən kiminlə oynayacaqsan!” – deyib, üzündə nifrət bizdən aralandı. Lida ürkək səslə: “Gəl, burdan aralanaq, otağa qalxaq, o, öz dostları ilə gələ bilər!” – dedi. Mən onu sakitləşdirib ürək-dirək verdim: “Sən burda heç kimdən qorxma, o kimdi ki, mənim burda canavar kimi yerlilərim var, onlar bunu yaxşı bilir!” Lida ürəkləndi, biz təzədən şənlənən adamların arasına qarışdıq. Lakin Seryojanın bu hərəkəti beynimi didirdi. Artıq onun üçün ürəyimdə plan hazırlamışdım...

Mən Valyaya zəng eləyəndə sevinmiş dedi ki, Tomanı görüb, görüşməyə razıdı. Həmin gecə Valyagilə gələndə bir az təəccübləndi: “Mən axı hələ Tomayla vədələşməmişəm”. “Valya, - dedim – mən ayrı şey üçün gəlmişəm, bir neçə günlüyə tapançanı mənə verə bilərsənmi?” Valya bir az qorxmuş halda: “Tomanın oğlanını? Belə şey eləmə!” Mən gülüb: “Sən nə danışırsan, Tomanın xoşbəxtliyinə mane olarammı?” – dedim. “Bəs, tapançanı neynirsən?” – sakitcə soruşdu. “Bir heyvərə var, onu qovmaq lazımdı”.

Valya uzun tərəddüddən sonra parçaya bükülmüş tapançanı gətirib stolun üstünə qoyub: “Bilmirəm, elə et ki, ölüm olmasın!” – dedi...

Növbəti diskoteka günü Lidaya dedim, sən aşağı düşmə, mən təkcə düşüb yenə sənin yanına qayıdacam. Lida əl-ayağa düşdü: ”Yox, bilirəm, onunla dalaşacaqsan, sən də getmə! Səni heç yerə buraxmayacam!” “Əşi, qorxma, – dedim, – heç kimlə dalaşmayacam, sənə söz verirəm!” Lidanı həyəcan içərisində öz otağında qoyub aşağı düşdüm. İçəriyə nəzər saldım, “Serıy” hələ gəlməmişdi. Oturub gözlədim. Bir də gördüm, “Serıy” adamların içindən ətrafdakıları nəzərdən keçirir. Bildim ki, Lidanı axtarır. Yaxınlaşıb ona salam verdim. O, diksinən kimi oldu. Dedim, səninlə söhbətim var. “Sən kimsən, - dedi – mənimlə söhbət eləyəsən?” – deyib, saymazyana aralaşdı. “Yox, – dedim, - ciddi söhbətdi, səninlə sonuncu söhbət olacaq”. İri gözlərini üzümə dikib key-key baxdı. “Çıxaq burdan, - dedim, – sənə sakitlikdə bir kəlmə sözüm var”. Mən qabağa düşüb bayıra çıxdım. “Serıy” arxamca gəlirdi. Binanın tinində dayandım. “Nə demək istəyirsən?” – dedi. “Lida səni sevmir, ondan əl çəkməlisən!” – dedim. “Sən kimsən, qudurmusan?” – üstümə qışqırıb mənə yaxınlaşmaq istəyəndə tapançanı kəmərin altından çıxardım: “Hə, qudurmuşam!” – dedim. O, əllərini yuxarı qaldırıb geri çəkildi: “Bu nədi, həqiqi tapançadı?” – həyəcanlı səslə soruşdu. Mənə qarşı əl-qol atsa, onu məcbur güllələyəcəkdim. “İndi beynini göyə sovuranda biləcəksən, – dedim – bir də ona yaxınlaşmırsan, anladın?!” “Serıy” qorxa-qorxa: “Ey-ey, yığışdır onu, başın xarabdı?” – dedi. “Görürsən ki, xarabdı!” – dedim. “Yaxşı, sakitləş, - dedi, – mənə sənin Lidan yüz il də lazım deyil!” Dönüb gedəndə arxasınca: ““Serıy”, tapançanı kimsə desən nakişiliyin haqda bütün şəhər danışacaq!” – dedim. Üzümə baxıb: “Mən nakişi deyiləm!” – dedi və çıxıb getdi. Bu əhvalatdan sonra bir də Seryojanı o tərəflərdə görmədim...

Valya dedi ki, Toma axşamüstü saat 6 radələrində “Okean” mağazasına gələcək, səni orda görmək istəyir. Qarlı-çovğunlu bir gün idi. Mən mağazanın içində hərlənib tez-tez girəcəyə baxırdım. Bir ildən çox vaxt keçib, görəsən, bir-birimizi tanıyacağıqmı? Bir də gördüm, Toma paltosunun qarlı kapişonunu başından geri atıb içəri girdi. Girən kimi hər tərəfə boylandı. Yavaşca ona tərəf yaxınlaşdım. Məni tanıyıb geniş mağazanın bir kənarına çəkildi. Başını aşağı salmışdı, üzümə baxmırdı. Həminki Toma idi, şirin, gözəl. Üzümə baxmadan: “Nəyə qayıtmısan?” – dedi. “Nə bilim, - dedim,- elə-belə”. Üzücü bir sükutdan sonra: “Məni niyə atdın?” – dedi. O, uzun müddət yetimxanada unudulmuş uşağın atası ilə danışdığı incik, əzablı tonda danışırdı. “Mən səni atmamışdım, Toma, nə olar, başa düş, onda Valya ilə aramızda heç nə olmamışdı”, – dedim. Bir müddət yenə heç nə danışmadıq. Toma zorla səsinin titrəməsini hiss etdirmədən: “Bilirsənmi, mən səni çox sevirdim, bəlkə indi də sevirəm, – dedi, - ancaq sən vəfasız adamsan”. Məni getdikcə qəhər boğurdu: “Toma, heç olmasa, indi bağışlaya bilərsənmi məni?” – dedim. “Bağışlamaq istəmişəm, ancaq gücüm çatmayıb”, – dedi. “Yaxşı, mən vəfasızam, ancaq sənin polisin binası qarşısından yığıb gətirdiyin çiçəkləri heç vaxt unutmayacam”, – dedim. Toma başını qaldırıb üzümə baxdı: ”Heç olmasa o yadındadı...” Onun gözlərindən yaş axırdı. Mən artıq göz yaşlarımı saxlaya bilmədim. Toma eynən sonuncu dəfə məndən qaçdığı kimi mağazadan bayıra qaçdı...


Murad Köhnəqala
# 1002 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #