"Aysel adını Azərbaycanda ilk dəfə mən qızıma qoymuşam" - Zahid Xəlillə müsahibə

"Aysel adını Azərbaycanda ilk dəfə  mən qızıma qoymuşam" - Zahid Xəlillə müsahibə
22 sentyabr 2021
# 21:01

Yazıçı, filologiya elmləri doktoru, professor Zahid Xəlilin APA-ya müsahibəsini təqim edirk.

- Zahid müəllim, hazırda nə yazırsınız?

- Gündəlik işlərdir. Çalışıram pandemiyadan uzaq olum, o da mümkün deyil. Bacardıqca çalışıram işlərimi internet vasitəsilə həll edim. Bu günlərdə təzə kitabım çıxıb - “Dəmir Yumruq Dastanı”. Mən bu kitabı otuz ildir, yazıram. Kitabın ilk hekayəsini 1992-ci ildə Şuşa işğal olunanda yazmışam. Deməli, o vaxt Şuşanı hər tərəfdən mühasirəyə alanda əhali ərzaq almaq üçün vertolyotlardan istifadə edirdi. Həmin vertolyotlardan birini Cıdır düzünün üstündə ermənilər vurmuşdu. O vaxt məni xaricdə müəyyən qədər tanıyırdılar, kitablarım çap olunurdu. Almaniyadan mənə sifariş gəldi ki, Azərbaycan uşaqlarının bugünkü günü haqqında bir hekayə yazım. Mən də düşündüm ki, ayrı şey yazana qədər vertolyot əhvalatını yazsam, doğru olar. Orda təsvir olunur ki, uşaqlar əlində quş tüfəngi ilə Şuşanı ermənilərdən qoruyurlar. Uşaqlardan birinin anası vertolyotla bazarlıq eləməyə gedir, qayıdanda onu da vururlar. Povel Frençel - mənim tərcüməçim yazırdı ki, almanları güldürmək də, ağlatmaq da çətin məsələdir. Çünki onlar soyuq millətdirlər. Ancaq bunu oxuyan almanlar oxuyanda həyəcan keçirirdi. Bu, çox faciəli bir hekayə idi.

O hekayəni Azərbaycanda çap etdirməmişdim. Mən bu günü gözləyirdim. İnanırdım ki, bir gün dəmir yumruq gələcək, mən Azərbaycan xalqının şücaətinə inanırdım. Hər xalq dastan yarada bilmir, o xalqlar dastan yaradır ki, onlar döyüşürlər, məğlub olsalar belə, yenidən ayağa qalxa bilirlər. Sözügedən hekayə “Cıdır düzündə partlayış” adlanır. Kitabda yer alan digər hekayələr də müharibə mövzusundadır.

- Belinski deyir ki, yazıçı olmaq üçün istedad lazımdırsa, uşaq yazıçısı olmaq üçün ikiqat istedad lazımdır. Bir yazıçıda hansı keyfiyyətlər olmalıdır ki, uşaq ədəbiyyatından da yaza bilsin.

- Uşaqlardan yazan adam uşaqlığını özündə saxlamağı bacarmalıdır. Uşaqlığın fantaziyası, özünəməxsus xüsusiyyətlərini qorumalıdır. Mən bu xüsusiyyətləri özümdə qoruyub bu günə gətirmişəm. Adam böyüdükcə ədəbazlaşır. Əgər sən də o cür olsan, uşaqlar üçün yaza bilməzsən.

- İçindəki uşağı qorumaq gözəldir, ancaq onunla yaşamaq da çətindir, axı...

- Ona görə də məni aldatmaq asandır.

- O uşağı öldürmək istəməmisiniz?

- Yox. Bir dəfə bağda ilana rast gəldik. Yoldaşım ilanı görüb çox qorxdu. Nəvəm də yanımda idi. Əlimdə bel olsa da, imkan verdim ki, ilan darvazadan çıxıb canını qurtarsın. Əgər mənim içimdə uşaqlıq qalmasaydı, ilanı o saat öldürərdim.

- Razılaşaq ki, ətrafda o ilandan da betər adamlar var.

- Əlbəttə, var. İntəhası mən həyatda müəyyən mövqe tutmuşam, o ilanlar mənə dəyib-dolaşa bilməyib. Bu gün mən elmlər doktoruyam, professoram, uzun müddət kafedra müdiri, dekan işləmişəm. Artıq öz yerimi tutmuşam. Bir də xoşbəxtliyim onda olub ki, mənə daim kömək olan insanlar olub. Deməli, universitet vaxtı bütün dərslərdən beş alırdım, bircə tarixdən qiymətim aşağı idi. Bir dəfə imtahana gedəndə yolda qoca bir kişi ilə rastlaşdım, söhbət əsnasında kişi mənə İkinci dünya müharibəsindən, Sovet qoşunlarının qalib gəlməsindən danışdı. Təsəvvür edin, imtahanda gəlirəm, mənə bu sual düşür. Mən də kişinin danışdıqlarını danışıb imtahandan keçirəm. Bu, möcüzə deyil, bəs nədir?

- Bu gün mən istənilən kitab dükanından aldığım bir kitabı birbaşa aparıb, uşağa verə bilmərəm. Çünki həmin kitablarda bəzən elə biabırçı ifadələrə rast gəlirik ki, bunu uşaq oxumasa yaxşıdır. Nə etməli?

- Siz təkcə ifadəni deyirsiniz, ancaq elə kitablar var ki, ümumiyyətlə, çap olunmamalıdır. Uşaq bir dəfə oxuyub uşaq ədəbiyyatından soyudusa, sonra yenidən yaxşı şey versən, götürməyəcək. Valideynlər ona görə mütləq oxumamışdan əvvəl həmin kitablarla tanış olmalıdır. Bu gün kitab yazmağın qaydası budur ki, kitabı yazırsan, pulunu verirsən, nəşriyyat da çap edir. Mən təklif edərdim ki, uşaqlar üçün çap olunacaq kitablara Yazıçılar Birliyi rəy versin. Heç olmasa, biz də sabah bir kitab haqqında məqalə yazanda onlardan yapışaq ki, siz vermisiniz bu rəyi. İndi kimin ürəyi nə istəyir, onu da çap etdirir, yaxşı pisə qarışıb, pis yaxşıya. Bir neçə yaxşı nəşriyyat var ki, seçib çap edir, qalanları nə çap etdiyinə belə baxmır.

- Uşaq kitabları həm də çox bahadır.

- Kitablar bahadır, razıyam. Buna təsir göstərən amillər var-kağız, çap xərcləri, illüstrasiyalar və s. Buna görə də ən optimal variant ayda üç-dörd kitab almaqdansa, bir keyfiyyətli kitab almaqdır. Bir olsun, pir olsun.

- Yaxşı, tutaq ki, qiymət məsələsi həll oldu. On manatlıq kitabı qoydular beş manata. Beş manata alıb oxuyan olacaqmı?

- Uşaq yazıçısı dövrünün uşağı kimi düşünə bilməlidir. İndiki uşaqlar mənim “Ballıca” yazdığım dövrün uşaqları deyil. Adicə fakt götürək ki, “Ballıca” qırx min tirajla çıxdı, inanın ki, bir günə satıldı, mən özüm dost-tanışa vermək üçün kitabı tapa bilmirdim. Bu gün “Ballıca” çıxsa, nəinki 40 min, 4 min, heç 400 dənə də satılmaz.

Ancaq deyə bilmərik ki, bu gün ümumiyyətlə, oxucu yoxdur. Kitablarımdan biri ikinci dəfə çap olunur. Deməli, oxuyurlar ki, çap olunur. Az oxuyurlar, ancaq oxuyurlar. Mən şəxsən öz kitablarımın satışından narazı deyiləm. Hər dövrün öz ləngəri var. Ümumiyyətlə, mən bu gün ədəbiyyata gələn insanları qəhrəman hesab edirəm. Biz o vaxt yazırdıq, yaxşı qonorar da alırdıq. Bu gün yazırsan, o qonorarı ala bilirsənmi, yox. Nəşriyyatlar işlərini düzgün qurmalıdır. Bu gün ədəbiyyata gələnlər yazıq adamlardır. Nəyə gəlirsən, axı? Get, özünə peşə tap, yaxşı pul qazan. Onlar bunu ancaq müəyyən yaşa çatandan sonra başa düşürlər. Evlənirlər, ailəni normal dolandıra bilmirlər. Bu, birinci şərtdir ki, kişi ailəsini dolandırmalıdır. İmkan varsa, bu, qadına da aiddir. Yoxsa sən ailəni ac qoyub, gedib xəyaldan, sevgilidən şeir yazırsan.

- Siz də neçə illərdir yazırsınız. Deməli, normal dolana bilirmişsiniz...

- O vaxt ədəbiyyat yaxşı dolandırırdı. Mən onu görürdüm axı. Bax, mən bu balaca kitaba görə o vaxt 600 manat qonorar almışdım. Onda təzə evlənmişdim, o kitabın pulu ilə bir soyuducu, bir də televizor aldıq. Bundan sonra mən niyə yazmayım ki?

- İndiki dövrdə bir çox yazıçımız aldığı qonorarla nəinki soyuducu ala, evindəki soyuducunun içini belə doldura bilmir. Deməli, Sizin gəncliyiniz bu dövrə düşsə, ədəbiyyata gəlməzdiniz.

- Yox, gəlməzdim. Sən öz fantaziyalarınla uşağı doydura bilməzsən. Cəmiyyət bunu başa düşməlidir. Nəşriyyatlar da başa düşməlidir. Yazıçıya normal qonorar verilməlidir. Baxın, orda gördüyünüz o kitablar Türkiyədə nəşr olunub. O gün kitabın nəşrində iştirak edən tərcüməçi mənə zəng edib deyir ki, biz sənin daha beş kitabını çap etmək istəyirik, bu dəfə kitabları daha rəngli daha qəşəng çıxarmaq niyyətindəyik. Ancaq rəssama pul verə bilmirik. Bir az pul göndərə bilərsinizmi? Dedim, yox. Mən pul verib kitab çap etdirməli deyiləm, kitab çap etdirib pul almalıyam. Bunu ona görə demirəm ki, mən acgöz adamam. Biz iki nəfərik, yaxşı da təqaüd alıram. Mən bunu ona görə deyirəm ki, insanın əziyyətinə qiymət verilməlidir.

- Bəzən uşaq ədəbiyyatına ögey münasibət göstərirlər. Bu, sizi incitmir?

- Uşaq ədəbiyyatını ümumi ədəbiyyat anlayışından ayırmaq məsələsi ilə bağlı biz çox mübarizə aparırıq. Niyə uşaq ədəbiyyatı deyirik axı? Deyək uşaqlar üçün yazılan ədəbiyyat. Uşaq ədəbiyyatı çox ciddi məsələdir. Tərbiyə çox vacibdir. Tərbiyə insanın taleyini həll edir. Bu gün bir az tərbiyəsiz uşaq zamanla daha da tərbiyəsizləşib, taleyini məhv edəcək. Uşaqlar gələcək nəsil deməkdir. Gələcəyini yaxşı görmək istəyən bir cəmiyyət uşaqların tərbiyəsi ilə çox ciddi məşğul olmalıdır. Mən təkcə kitab oxumağı demirəm. Götürək, uşaq mahnılarını. Bu gün “Cücələrim” kimi mahnılar yazılırmı? Yazılmır...

- Mahnının musiqisi yazıldı, bəs, sözlərini kim yazacaq. Sözlər qənaətbəxşdirmi?

- Biz yazdığımız sözlər nədir bəs? Yazsalar, yazarlar.

- Mahnılardakı kimi cizgi filmlərində də uşaq ədəbiyyatının boşluğu hiss olunur.

- Bu gün çəkilən filmlərin, o cümlədən cizgi filmlərinin çoxu özfəaliyyətdir. Cizgi filmi üçün yazılan hekayə hərəkətli olmalıdır. Donuq hekayədən rəssam nə çəkəcək? O hekayələri də yazan yoxdur.

- Niyə yoxdur?

- Hər şey paranın başındadır. Yaxşı çəkilən filmə yaxşı da pul qoyulmalıdır.

- Sizi həm də uşaq verilişlərinin aparıcısı kimi tanıyırıq. Niyə bu sahədən uzaqlaşdınız.

- Mən 1973-cü ildən 2005-ci ilə qədər müxtəlif uşaq verilişləri aparmışam. 2005-ci ildən sonra televiziyanın rəhbərliyi dəyişdi. Onlar məni sevmədi, mən də onları. Ona görə də televiziyadan uzaqlaşdım, sonra da qayıtmadım. Bugünkü uşaq verilişlərinin çoxu qondarmadır, sünidir. Təsəvvür edin ki, apardığım verilişlərin birində mənə uşaqlardan bir gündə 25 min məktub gəlmişdi. O məktubları sayıb, uçota da almışdılar.

- Bayaq tərbiyənin rolundan danışdıq, bugünkü uşaq ədəbiyyatı nümunələrində Sovet tərbiyəsinin yaratdığı ideallaşmış uşaq obrazları hələ də görünməkdədir.

- Tutaq ki, Sovet dövründə hekayələr var idi, böyük adam avtobusa girəndə, uşaq ona yer verirdi. Yazıçı bunu bir nümunə kimi göstərirdi. Halbuki uşaq ayaqüstə dura bilməz, o, körpədir. Bunun fərqinə varmırdılar, əhvalatın xarici görünüşü ilə oxucunu aldadırdılar. Uşaq dəcəl də olmalıdır, çılğın da olmalıdır. Mark Tvenin yaratdığı obrazlara baxın. Onun qəhrəmanlarının çoxu dəcəl uşaqlar idi.

- Gələk dərsliklər məsələsinə...

- Bizim məktəb dərslikləri 2008-dən bu yana xeyli dəyişib. Dərsliklərin məzmunu, mətnlərin seçimi çox yaxşıdır. Ancaq bütövlükdə dərslik siyasəti dəyişməlidir. O dərslikləri ki, bu gün biz yazırıq, uşaqlar 10 il dalbadal eyni şeyi oxuyur. Elə etmək lazımdır ki, dərsliklər hər il dəyişsin. Axı yeni ədəbiyyat yaranır. Bu gün yaranan hər hansı bir şedevr əsər sinfə gələ bilmir, bu, bir də gələcək əlli il sonra. Ümumilikdə isə dərsliklərin bugünkü vəziyyəti qənaətbəxşdir.

- Bəlkə özünüz dərsliklərin yazılmasında iştirak etdiyiniz üçün tənqid etmək istəmirsiniz?

- Bəli, mən o dərsliklərin hazırlanmasında iştirak etmişəm. Ancaq buna görə yaxşıdır demirəm, həqiqətən də orda yaxşı mətnlər var. Mənim bir şeirim var idi, dördüncü sinfin birinci dərsi idi. 10 il bu şeir keçilib. Bir dəfə bir qəzetdə oxudum, yazıblar ki, nə qədər bu şeiri oxumaq olar, bunu dəyişmək lazımdır. Bir müddət sonra bu şeiri çıxardılar. Çıxarıb nə qazandılar? Heç nə...

- Axı özünüz dediniz ki, dərsliklər hər il dəyişməlidir. Hər il dəyişən dərslikdə 10 il sizin şeirinizi necə saxlasınlar?

- Pisləri dəyişsinlər də, yaxşıları niyə dəyişirlər? Bir də Hüseyn Arif deyirdi ki, tənqid yaxşı şeydir, amma mənə yox (gülür).

- Uşaq yazarları mətnlərində çox vaxt öz uşaqlarının adını yazırlar.

- Mən də uşaqlarımın adından istifadə edirdim. Rəhmətə gedən qızımın adı Şəlalə idi. O vaxt təxminən belə bir şey yazmışdım: Günəş çıxdı, ancaq Şəlalə dedi ki, nə böyük portağaldır.

Bu arada Aysel adını ilk dəfə Azərbaycanda mən qoymuşam qızıma. O ad əslində Aysel deyil, Aseldi. Asel Aytmatovun qəhrəmanıdır. Mən onu Aysel etmişdim. Azərbaycanın ən qocaman Ayseli mənim qızımdır. Mənim ilk oxucularım həmişə öz uşaqlarım olub.

- Siz böyüklər üçün də yazırsınız. Bizə həmin şeirlərinizdən bir bənd deyə bilərsinizmi?

- Şirin həsrətinə dözüb bir qədər
Bu gün görüşünə getmirəm yarın
Qoy, yolsun saçını salxım söyüdlər
Tüstüsü başından çıxsın dağların.

Aytac Sahəd

Foto- İlkin Nəbiyev

# 4442 dəfə oxunub

Oxşar xəbərlər

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
# # #