Yunancadan tərcümənin tənqidi

Yunancadan tərcümənin tənqidi
14 sentyabr 2013
# 07:00

Mən yunan ədəbiyyatını orijinaldan oxuya bilsəm də həmişə yunan şeir və nəsrinin Azərbaycan dilinə də tərcümə edilməsini arzulamışam. Hərçənd, təəssüflər olsun ki, hələ indiyə qədər yunan ədəbiyyatının (Müasir yunan dili (dimotika) klassik yunan dilindən (kafarevus) çox fərqlənir. Belə ki, Aristofan, Sofokl və s kimi dahilərin yazıb-yaratdıqları yunan dili hətta müasir yunanların özlərinin belə anlamayacağı qədər fərqlidir) heç bir nümunəsi orijinaldan dilimizə tərcümə edilməyib.

Ancaq, bu yaxınlarda təsadüfən Bakı Slavyan Universitetində olarkən arzumun reallaşdığını gördüm. Universitetin birinci mərtəbəsindəki kitab mağazasında satlıq kitabların içində cildində “Dahi yunan şairinin seçilmiş şeirləri” yazılmış bir kitab gözümə sataşdı. Həmin yazının altında isə uşaqlıqdan sevərək oxuduğum dünya şöhrətli yunan şairi Konstantinos Kavafisin şəkli var idi. Kitabı götürüb vərəqləyərkən orada Kavafis haqqında maraqlı foto və məlumatların olmağı ilə yanaşı bir neçə şeirlərinin də orijinaldan tərcümə olunduğunu gördüm.

Kitabın 2 – ci səhifəsində şeirlərin Bakı Slavyan Universitetinin tələbələri tərəfindən tərcümə olunduğu, qeyd olunmuşdu.

Kitabı alıb maraqla oxumağa başladım. Lakin şeirlərin tərcüməsi zamanı bir neçə qüsur gözümdən yayınmadı. İndi həmin qüsurlar haqqında olan iradlarımı oxucularla bölüşmək istəyirəm.

Tənqiddən öncə kiçik bir haşiyəyə çıxmaq istəyirəm: Ümumiyyətlə nə qədər iradlarım olsa belə, bu kitabın çapına sevinirəm. Hər “ilk” qüsursuz olmadığı kimi, bu kitab da qüsurdan yan keçməyib. Kitabın çap olunmasında əməyi keçən hər kəsə bir oxucu kimi təşəkkür edirəm.

İlk növbədə tərcümələr zamanı yol verilmiş leksikoloji səhvlərdən başlamaq istəyirəm: (“Yunan – Azərbaycan dili lüğəti” olmadığı üçün sözlərin izahını A.V. Salnovanın “Rus-Yunan dili lüğəti”ndən verəcəm).

Kitabın 37 və 38 – ci səhifələrində “Τείχη” [tihi] şeiri və onun tərcüməsi çap olunub. Mövcud qüsur bundan ibarətdir ki, “Τείχη (τοίχος) [tihi (tixos)] “ sözü Azərbaycan dilinə “Divarlar (divar)” kimi tərcümə olunduğu halda tərcüməçi bu sözün tərcüməsini “Qalalar” kimi verib və şeir də elə bu başlıqla yazılıb. Qeyd etmək istərdim ki, “Qala” sözü yunan dilində “φρούριο” [ frurio] deməkdir. (bax – 403 və 272 səh.)

Oxşar səhv həmçinin 76-cı səhifədəki “Τελειωμενα” [teliomena] başlıqlı şeir haqqında da demək olar. Bu söz “Yekun” başlığı kimi verilsə də, əslində “Τελειωμενα” sözü “τελειωνω [teliono] – “bitmək, qurtarmaq” feilindən yaranıb, dilimizə “bitmiş, qurtarmış” kimi tərcümə olunduğu üçün başlıq da bu cür verilməli idi. Burada da qeyd etmək istəyirəm ki, “Yekun” yunan dilində “σύνολο”-dur, “Τελειωμενα” deyil. (bax – 389 və 245 səh.)

80 və 81 – ci səhifələrdə “Θαλασσα του πρωιου [ salassa tu proino] – Səhər vaxtı dəniz” şeirinin 3-cü misrasında “λαμπρά μαβιά [ lambra mavia] – parlaq bənövşəyi” ifadəsi isə ümumiyyətlə tərcümədə yoxdur, daha doğrusu tərcümə olunmayıb. Həmin şeirin 81-ci səhifəsindəki tərcümə olunmuş versiyanın 2-ci bəndinin 3-cü misrasında “röyalar” ifadəsi orijinaldakı “τες φαντασίες μου [ tes fantazies mu] söz birləşməsinə uyğun gəlmir. Belə ki, əvvəla burada “μου – mənim” əvəzliyi ümumiyyətlə tərcümə olunmayıb, ikincisi isə, bu birləşmə Azərbaycan dilinə “mənim təxəyyülüm” və ya “mənim təsəvvürlərim” kimi tərcümə edilsəydi, daha məqsədəuyğun olardı.

Həmçinin 66 – 67 ci səhifədəki “πολις [polis] – Şəhər” şeirinin birinci misrasında “θάλασσα [ salassa] - dəniz” sözü var ki, tərcüməçi bu sözü “sahil” kimi, “γη [yi] – torpaq, yer” sözünü isə, “ölkə” kimi tərcümə edib. Bu isə, tərcümədə kobud və yolverilməz bir səhv sayılır.

Redaktə zamanı da bəzi fonetik səhvlərə yol verilib. Bunlardan biri 85 – ci səhifədəki tərcümə olunmuş şeirin başlığındakı sözlərin birindəki “Γ – γ [qamma]” hərfi ilə əlaqədardır. Yunan dilinin fonetik qanunlarına görə “Γ” hərfi bəzi sait və “diqraf səslərin” önündə olarkən “y” səsini verir. Bu başlıqda isə, “Kommayini” xüsusi ismi “Kommağini” kimi verilib.

Ümumi halda isə, tərcümələrin çoxunda nə poeziya ruhu, nə də şeiriyyat üslubu hiss olunmur. Şeirləri oxuyarkən sanki, publisistik yazılar oxuduğunu zənn edirsən.

Cümlələrin quruluşunda olan problemləri də qeyd etmək yerinə düşərdi. Məsələn, 67 – ci səhifədəki Şəhər şeirində:

Deyirdin: Başqa bir ölkəyə, başqa bir sahilə gedəcəyəm.

O şəhərə ki, indikindən daha yaxşı olacaq.

(Kitabda heç “ki” bağlayıcısından sonra vergül də qoyulmayıb və yuxarıda xatırlatdığım kimi burada “ölkə” sözünün yerinə “yer”,“sahil” sözünün yerində isə “dəniz” olmalı idi.)

Misralarında “O şəhərə ki” ifadəsi tərcümənin səviyyəsini cılızlaşdırır. Burada cümlənin təyini çıxarılıb, ayrıca formada verilib. Məqsədəuyğun olardı ki, bu misra bu cür yazılsın:

(İndikindən daha yaxşı olan başqa bir şəhərə gedəcəyini deyirdin...)

Oxşar cümlə 45 – ci səhifədəki “Şamlar” şeirində də var:

sıralanmış yanan şamlar kimi –

o şamlar ki, qızıl parlaq və istidir.

Və yaxud 39 – cu səhifədə “Axillesin atları” şeirinin tərcümə versiyasının ilk misralarında:

Patroklu öldürülmüş görəndə

O, necə də igid, cəsur və cavan idi,

Axillesin atları ağlamağa başladı.

Qeyri – dəqiqlik var. Sanki, 1 – ci misranı tamamlayan cümlə, qırılıb 3 – cü misraya düşüb.

Ümumilikdə isə, şeirlərin heç birində qafiyə yoxdur. Yuxarıda qeyd etdiyim kimi, poetikliyi öldürən amillərdən biri də şeirlərdə qafiyələrin olmamasıdır.

Əlbəttə, qafiyəsiz şeirlər mövcuddur və heç kim iddia edə bilməz ki, şeirdə hökmən qafiyə olmalıdır. Lakin, şeirlərin çoxunda gözəl və mükəmməl qafiyələr yaratmaq mümkün idi.

Bütün iradlara baxmayaraq bu kitabın ərsəyə gəlməsini alqışlayıram.

# 2041 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #