Qədim zamanlardan danışıram. O zamanlardan ki, şanlı Sovetlər təzəlikcə dağılmışdı. Və bir az qarışıqlıq oldu həmin vaxtlar. “Bir az” deməklə nə qədər sadəlövh və nikbin olduğumu göstərmək istəyirəm, xahiş edirəm başa düşün. Belə götürəndə qarışıq olmayıb da necə olmalı idi ki? Lap-lap qədim zamanlardan bircəcik misal çəksəm hamınız mənimlə razılaşacaqsız. Deməli belə, 1920-ci ildə o boydana Azərbaycan Xalq Cümhuriyyəti dağıldı. Və yalnız 1933-cü ildə Mir Cəfər Bağırov Azərbaycan SSR Kommunist Partiyası MK-nın birinci katibi təyin edildi. Söhbətə baxın mən ölüm. Bə yaxşı, bu ortada qalan qos-qoca 13 ili hara yazaq? Yalan deyənin atabaatasına lənət, sənəd-sübut da var ki, həmin o 13 il ərzində bu yazıq məmləkətə 9 nəfər başçılıq eləyib. Və həmin 9 nəfərin də 5-i rus, 2-si gürcü, 2-si də erməni olub. Mir Cəfər qadasın aldığım da 33-də hakimiyyəti erməni filankəsyandan təhvil alıb. Daş mənim başıma. İndi mən bu rəzil faktı bilən bir adam kimi hansı üzlə durum deyim ki, 90-larda vəziyyət qarmaqarışıq olub? Nə isə. Sözüm onda yox.
Onu deyirdim axı. Sovetlər dağıldı-filan, bir az qarışıqlıq oldu həmin vaxtlar-zad. Günlərin bir günü rəhmətlik babamla (Allah təbarək və təala cəmi ölənlərinizə rəhmət eləsin) bazardan qayıdırdıq. Bazara gedən adam əlbəttə bazarlıq eləyib qayıdar. Bizdə eləməyib tənbəllik 4 kilo qara, 1 kilo ağ un almışdıq. O vaxtlar adamlar iki qrupa bölünürdü: 1 - ağ çörək yeyənlər, 2 - qara çörək yeyənlər. Əlbəttə biz də böyük şərəf hissiylə ikinci qrupa aid idik. O 1 kilo ağ unu da ona görə almışdıq ki, lampasını qara nöyütün hisi basmış çıraq işığında ayırd eləmək asan olsun. Ki, sən əl havasına evdə çörək axtaranda gərməylə, odunla səhv salmayasan. Həm də ağ un bir balaca yumşaqlıq qatırdı çörəyə. Bir az da acılığını götürürdü. Yenə də nə isə. Sözüm bunda da yox. Babamla bazardan evə qayıdırdıq. Yolun yarısında yükümüzü yerə qoyub bi hovur dincələk dedik. Özümüzü arxın kənarındakı söyüd ağaclarının kölgəsinə verdik. Bax elə həmin söyüd ağaclarının kölgəsində babam məndən soruşdu ki, “a bala, görürsən dənə, əmin müharibədən nə vəziyyətdə qayıtdı? Böyüyəndə sən də əsgər gedəcəksənmi? Bizim heyifimizi alacaqsanmı o alçaqlardan”? Mən də əyilib yerdən bir dənə babat dahara (bərkiyib daşlaşmış torpaq parçası) götürüb arxın o üzündə həyasızcasına quruldayan qurbağaya selbə sıxdım. Dahara qurbağanın düz 8-10 santimetrliyində suya düşdü. Qurbağa diksinib təxminən 2 metr kənara, suya tullandı. Qurbağanın suya baş vurduğu yerdən kənara dairə şəklində ləpəciklər yayılmağa başladı. Bir neçə saniyə əvvəl daharanın suya düşdüyü yerdən isə ətrafa yayılan daha iri ləpəciklər qurbağanın yaratdığı ləpəciklərlə həlimliklə qovuşdu. Elə həmin bu mənzərəni seyr eləyə-eləyə babama qayıtdım ki, yox, mən əsgərliyə-zada getmiyəcəm, özün gedərsən mənim əvəzimə!
Əşşi, əl-qərəz. Mən ona görə əsgərliyə getdim ki, mənim üçün hərbi həyatı bilmək, silahların, hərbi texnikanın və sairənin istifadəsini öyrənmək maraqlıydı, vəssəlam. Mənim əsgər getməyimdə qətiyyən vətənpərvərlik və ya müqəddəs sayılan başqa bir hiss yox idi. Günü bu gün də müharibə başlasa ilk 100 nəfər könüllüdən biri mütləq mən olacam. Ona görə ki, müharibə də mənim üçün maraqlıdı. Döyüşmək, ac-susuz qalmaq, qəhrəmanlıq göstərmək və s. Bir sözlə əladı. Bu da belə.
Sözümün canı nədi? Bayaq bir sayta baxıram. Azərbaycanda 3 populyar saytdan biridi. Səhifənin kənarında bu adda bir yer var – Çox Oxunanlar. Kişi deyil yalan deyən, oxunuşa-moxunuşa fikir verən də deyiləm ha, sadəcə diqqətimi çəkdi ki, görüm nədi. Deməli belə, birinci yerdə dayanıb “Elşad Xosenin növbəti tərbiyəsizliyi - video” başlıqlı yazı. Oxunuşu 22 476. Həmin yerdə xeyli aşağılarda isə “Müdafiə naziri cəbhə bölgəsinə yollandı – video” başlıqlı yazı. Oxunuşu da 5 619. Nə az, nə çox, tam 4 dəfə az. Yəni, bu gün vətənşüvənlik eləyən toplum üçün hansısa rep oxuyanın elədiyi tərbiyəsizlik cəbhə bölgəsinə gedən müdafiə nazirinin danışdıqlarından, oradakı vəziyyətdən daha maraqlıdı. Nəinki vətənpərvərlikdən, ümumiyyətlə bütün insani hisslərdən uzaq düşmüş bir toplumun ən aydın, ən düzgün və ən bəsit göstəricisi məhz bu olmalı. O ki qaldı Elşada. Ay qadam, o Elşadı da Elşad Xose eləyən indi onu söyənlərdi də. 3-5 manat verib kitab almağa can çəkən, tər tökən, əvəzində saatına 1 000 manat verib toyunda oxudanlar, 15-20 manat verib konsertində cükküldədiyi gic-gic küçə söhbətlərinə qulaq asmağa gedənlərdi də. Niyə söyürsüz ki? Yazıçını, şairi, alimi adam yerinə qoymayıb, ictimai, siyasi, həyati və s. məsələlərin müzakirəsində yuxarı başa keçirtdiyiniz “Elşad müəllim”di də. Tanımadız? Guya bu mənəviyyatda olan təkcə Elşaddı? Guya o biriləri söymür? Guya o birilərinin vecinədi? Sadəcə Elşad səmimi gicbəsərdi, düşüncələrini dilinə gətirib videoya çəkir, Nadir Qafarzadə isə bekara “çox bilmişdi”, ürəyində söyür, vəssəlam! Nadiri sözgəlişi dedim. Olsun Teymur əmi, İzzət Bağırov, Əflatun Qubadov. Nə bilim, Aygün, Rühəngiz, İlhamə, Röya, Elnur, Natəvan, Zamiq və s. Yaxşı yadıma düşdü. Guya çıxıb efirə hoppanıb düşə-düşə mahnı oxuyanlar Elşaddan nə ilə fərqlənir? Odey, İtv-də, Atv-də, Space-də, Lider-də, Ans-də oxuyanları deyirəm... Nə isə, sözüm bunda da yox. Nəsə deyəcəkdim, tamam yadımdan çıxdı. Həə, o, şəhid olmuş oğlunun botinkalarını öpən ana var idi e, onu görəndə yadıma Xocalıda öldürülmüş uşağın şəkli düşdü. Bilirsiz hansı? Göy rəngdə potusu var e, özündən bir az kənara düşüb qalmış... Hə, O. Anası da özündən bir az aralıda yerə sərili qalıb. Deyirəm, əgər anası sağ qalsaydı, o da həmin potuları saxlayardı. Hər dəfə darıxanda öpüb qucaqlamaq üçün. Vicdan haqqı düz sözümdü. Gərək hər bir ananın balasından yadigar qalan bir cüt ayaqqabısı olsun. Heç olmasa bir tayı...
[email protected]