Bizim küçənin qocaları - Şəhriyardan 16+ HEKAYƏ

Bizim küçənin qocaları - Şəhriyardan <span style="color:red;">16+ HEKAYƏ
26 iyul 2017
# 11:39

Kulis.az Şəhriyar del Geraninin “Bizim küçənin qocaları” 16+ hekayəsini yeni redaktədə təqdim edir.

Əvvəl ümidlər öldü, sonra bala qaranquşlar. Bir ovuc civiltilərini də küləklər alıb apardı eyvanımızdan. Düzü, küləklərdən bunu gözləyirdim, amma qaranquşların belə vaxtsız ölümünü heç gözləməzdim. Lap adam kimi öldülər.

Deyirəm, lap adam kimi yıxılıb öldülər. Nənəm qaranquşların boş qalmış yuvasına baxıb ustufca gileyləndi: bu qış yaman sərt keçəcək...

Nənəm dediyi kimi də oldu. Yaman sərt keçdi 94-ün qışı. Amma bu, qaranquş balalarının ölümünə, yuvalarının boş qalmasına görə deyildi. Qocalar “Müharibə qışları həmişə sərt keçir” – deyirlər. Bilmirəm niyə belədir. İkinci dünya savaşını görmüş adamlar da belə deyirlər. Elə bil, Allah da adamların qəsdinə durur ağır günlərdə.

94-ün qışından danışıram. Zarafat deyil, 21 ilin hekayətidir. İlahi, necə tökülür xatirələr. Gövdəsi qabıq vermiş qocaman tut ağacının cır, qara gilələri kimi zəhlətökən sürətlə, dadsız dəymişliklə tökülür həm də.

Qarpız qabığına ip bağlayıb sürdüyüm sonuncu yay idi qaranquş balalarının öldüyü avqust. Daha sonra qış gəldi. Qəfil gəldi, payızsız-filansız. Nənəm deyən qış. Aclıq, səfalət, zillət. Və kasıblığın, çörəksizliyin gətirdiyi mənəvi xarabalıqlar bürümüşdü hər tərəfi (bu ifadəni yadınızda saxlayın – mənəvi xarabalıqlar). Adamların üz-gözündən murdarlıq, evlərindən, həyət-bacalarından mütrüflük, mürdəşirlik yağırdı.

Dərin qatlardakı bütün eybəcərliklərin cücərib qol-qanad atmasıyçün müharibədən, kasıblıqdan, aclıqdan daha münbit şərait yoxdur.

Çörəyin üstünə duz səpib yediyimiz günlərin birində nənəmlə qonşumuz Mazan müəllimin idarəsinə yollandıq. Mazan Əbilov yaxşı “yeyintili” dövlət idarələrin birində rəis idi. Mazan müəllim idarəyə o qədər sahiblənmişdi ki, daha idarə öz adıyla deyil, “Mazanın idarəsi” kimi tanınırdı. Bunları daha sonralar başa düşdüm. O vaxt ağlım kəsmirdi. Eləcə arvadın böyrünə düşüb tullana-tullana getmişdim Mazanın idarəsinə.

Bekara yağış da çiləmişdi. Aramızda qalsın, potum da deşik idi, su buraxırdı. Üstəlik gölməçələrə olan dəhşətli marağım potunu tamam üzüqara eləyirdi mənim yanımda. Xülasə, potuyla məzələnirdim yeriyəndə. Onsuz da təzəsini alan kimi bu üzüqaranı nənəm vıyıldadacaq hamam peçinə. Bütün suburaxmalarının bədəlini ödəyərək hamamı isidəcək, sobanın üstündəki su qazanını qaynadacaq (qazandakı suyu nəzərdə tuturam), məni bir həftəlik təmizliklə mükafatlandıracaqdı bu məşum potu. Bu da sevgili potumun ən son məharəti olacaq idi.

İndi də keçək Mazan müəllimin məharətinə. Kabinetinin qabağında bir xeyli gözlətdikdən sonra bizi – kötük qonşularını qəbul elədi. Kötük qonşu ifadəsi el dilində qədimiliyə işarədir. Yəni, dədə-baba qonşu.

Maraqlıdı, bizim gözlədiyimiz müddətdə kabinetdən heç kim çıxmadı. Bunu da sonralar başa düşdüm. Ki, sən demə, mahiyyətcə düşük məmurlar həmişə özlərini ciddi işlərlə məşğul olurmuş kimi göstərir, əslində heç bir iş görmürlər. Mazan kimi qoca məmurlar isə ümumiyyətlə heç nəyin karı deyil – nə qurşaqdan yuxarı, nə qurşaqdan aşağı...

Adətən qoca məmurlar özlərinə gənc və gözəl katibələr götürürlər ki, impotensiyalarını ört-basdır eləsinlər. Guya heç kimsə bilməyəcək bu maymaq qoca sidiyini belə saxlaya bilmir, o ki qaldı katibəni o məsələ. Təsəvvür edirsiniz? Sidiyini saxlaya bilməyən, öz üstünə işəyən bu maygülülər özləri haqqında necə ibnə fikir formalaşdırmaq cəhdində bulunurlar. Məşəqqətli işdir, həqiqətən.

Sözüm onda yox. Ombası enli, yastıyanbız katibə bizi kabinetə ötürdü. Mazan müəllim kabinetə o qədər ətir vurmuşdu ki, adamın beyni çatlayırdı. İnanmazsınız, yenə də sidik üfunətini gizlədə bilməmişdi. Fantastik! Asfaltı deşib çıxan ot kimi sidiyin üfunət qoxan iyi bahalı parfümlərin arasından həddindən artıq incəliklə sezilib boy göstərirdi.

Nənəm şalının ləçəyilə yaşmanıb həyalıca salamlaşdı. İsmətli qadınlar belə edirdi o vaxtlar. Mazan müəllim bir qurtum su içib boğazını arıtladı. Daha sonra – hə, Şükfə arvad, nə məsələdi? – deyə dilləndi. Nənəmin adı Şükufə idi, u-hərfi uzun tələffüz olunurdu – Şükuufə. Qonum-qonşu isə qısa olaraq Şükfə deyirdi.

Lovğalıq olmasın, nənəm həddindən artıq abır-həyalı, kifayət qədər ismətli qadın idi. Hətta, mənə hərdən elə gəlir ki, o, əriylə - mərhum babamla yatağa girməzdən öncə dəfələrlə üzr istəyib, bir neçə kərə, bağışla da sən alla, taa məcbur eliyisən deyə şey eliyirəm, yoxsa, bilirsən, belə şey eliyən kadın deyiləm-filan da deyib. Bir sözlə, abır-həya deyilən anlayış nənəmin varlığında bir məbəd kimi formalaşmışdı. Hələ də təəccüb edirəm, niyə adamlar bu məbədə sitayiş etmir, onu səcdəgah, türbə kimi dəyərləndirmirdilər? Nadanlıq! Başqa heç nə...

Deyirəm, Mazan müəllimin intonasiyasından açıq-aşkar duyulurdu: heç nə alınmayacaq! Hətta divanın altında dik gəzən uşaq da bunu hiss edərdi.

Arvad bir az doluxsundu, dedi, sezonda birtəhər pambıq yığınına gedib başımızı girələyirdik, indi heç o da yoxdu, vəziyyət qəlizdi, böyük gədəmin meyiti gəldi (əmimi deyir, Qarabağ döyüşlərində şəhid oldu), sonra kişini yola saldım o dünyaya (babamı deyir – öz əcəliylə öldü), bu biri gədəm də (kiçik oğlunu – balaca əmimi nəzərdə tutur) hələ müharibədə, hələ də qanınabulanmış ermənilərlə cəngdə. Heç bilmirəm başıma haranın daşını salım...

Mazan müəllim bu arada üzünə kifayət qədər həyasızlıq qatıb auranı dəyişmək istədi:

- Ay arvad, bəsdi görüm, ağlama – qalstukunu tarazlayıb, - yaxşı olacağ e – dedi. Oğlun da qayıdacaq, iş-güc də olacaq, – baş barmağını şəhadət barmağına sürtüb qımışdı – pul-para da…

Deyim ki, bu səydəşanə təskinlik arvadı xeyli bərkitdi. Qəribədi, başqasının verdiyi təskinlik nə qədər səydəş olsa da adamın canına yağ kimi yayılır. Nənəm bir az kiriyəndən sonra Mazan müəllim növbəti cahilliyini elədi.

- De görüm, nəvən necədi? Səni incitmir ki? – məni işarə edib harıncasına hırıldadı – ay səni qırışmal, böyümüsən əməlli-başlı...

Nənəm:

- Nəvədi dənə, necə olacağ, ac-yalavac...

Arvad cümləsinin sonunu o qədər ahəstə dedi ki, qoca məmur eşitmədi.

- Nədi-nədi?! – uca səslə soruşdu.

- Deerəm ki, ajdı, ac!

Mazan müəllim heç bircə saniyə də duruxmadan:

- Niyə acdı ki? Uşağa bozbaşdan-kalafurdan bişirə bilmirsən? Ha-ha-ha! Deyəsən, əldən düşübsən axı, ay Şükfə qarı – deyə təkrar harın ədayla kresloya yayxanıb gərnəşdi. Elə bu dəm nənəm yaşmağını açıb dik qalxdı. Düz məmurun üzünə baxıb arsız-arsız dedi:

- Ağzuva sıçım!


Heyrət, ey büt! Dəhşət! Qeyri-ixtiyari bir gülmək çıxdı məndən, gəl görəsən. Pıqqıldaya-pıqqıldaya qaldım yerimdə.

Nənəm heç mənə də məhəl qoymadan qapıya sarı şütüdü. İnanmazsınız, sanki on minlik elektrik cərəyanıyla toqquşdu Mazan müəllim. Saçları biz-biz oldu, rəngi ağardı, alt dodağı titrədi, sol gözü səyridi. Bir az keçdi kabinetə turş osturaq iyi yayıldı. Necə deyərlər, Mazan müəllim konkret osturdu.

İndi bunları yazarkən prosesi təsəvvürümə gətirirəm. İlahi, necə müdhiş səhnədir: “Aç, tez elə oğğğraş, aç ağzını!” Həm də, oğraş yox ha, oğğğraş! Qəribə sözdü. İntonasiyadan asılı olaraq, mənadan-mənaya keçir. Ğ-nı nə qədər şiddətləndirsən ünvanının mahiyyətini bir o qədər aşikar edir. Oğğğğ... Vay-vay-vay.

Mazan müəllim donub qalmışdı. Qırışığı açılmamış sivişib çıxdım kabinetdən. Pilləkənləri atıla-atıla düşüb nənəmə çatdım. Açığı, sinəmi qabağa verib qürrələndim də. Zarafat deyil, o boyda məmurun cındırını çıxarmışdı nənəşim.

Əlaydı. İlk dəfəydi nənəmdən belə söz eşidirdim. Hətta, o vaxtacan elə bilirdim nənəm heç vaxt sıçmır. Üzr istəyirəm, elə bilirdim nənəm heç vaxt böyük bayıra getmir.

Düzü, heç belə də bilmirdim. Ümumiyyətlə, bu barədə düşünməmişdim. Öz aramızdı, kim düşünür ki? Hansı axmaq oturub ciddi-ciddi fikir edir. Ki, İlahi, görəsən “atam necə sıçır?”, “anam necə işəyir?” , “babam qəbz olurmu?” və saira. İyrənc düşüncədir. Psixoloji pozuntulardır.

Elə şeylər var, onlar düşünməkçün deyil. Bunları düşünərək istənilən adamı gözdən salmaq olar. Düz sözümdü. Mənə elə gəlir, Allah insanı bu qədər qəliz mexanizmdə yaratmaqla bəşəriyyəti qəsdən biabır eləyib. Düşün, ən gözəl qadınlar da hər gün o axmaq prosesi keçir. Üə! İyrəncdi!


Gördüm nənəm dodağının altında nəsə vird eləyir. Elə bildim mənimlədi. Soruşdum, nə deyirsən, ay nənəş? Qayıtdı ki, deyirəm sahibi-zərdə kərəm yoxdu, kərəm əhlində zər. Dedim, heç nə başa düşmədim, o nə deməkdi? Dedi, heç nə a bala, deyirəm o Mazan götvərənin yekəsidir! Gördüm arvad hirslidir, ta mən də susdum. Amma kabinetdə olanları qeyri-iradi yada salıb gülümsəyirdim. Mazan müəllimin osturması isə bir başqa ləzzət eləmişdi. Yəni konkret osturaq yox, proses xoşuma gəlmişdi. Nə gizlədim, hətta şübhəyə də düşmüşdüm. Ki, görəsən otaqdan çıxanda nənəmmi osturub çıxmışdı, yoxsa Mazan müəllim şoka düşüb buraxmışdı özünü?

İnanın, bir neçə gün narahat etdi məni bu şübhələr. Bəlkə nənəm sıçmağının anonsunu eləyib çıxmışdı kabinetdən? Niyə də olmasın? Ondan nə desən çıxar. Bütün suallara cavab tapmaq üçün neçə gecə oyaq da qaldım. Ki, arvad bircə yol yel buraxsın, iyindən dəqiq tanıyacam.

Elə də etdim. Oyaq gecələrimin dördüncü, ya da beşinci günü olardı, dəqiq deyə bilməyəcəm, üzrlü sayın. Belə məsələlərdə çalışıram son dərəcə dəqiq, qərəzsiz və vicdanlı olum. Özümdən asılı deyil, şüarım belədir. Xüsusilə kimlərinsə osturağa basmaq məsələlərində gərəkdir dəqiq, qərəzsiz və ən əsası vicdanlı olasan. Nə isə, onu deyirdim axı, deyəsən dördüncü günüydü oyaq gecələrimdən. Bəli, dəqiq dördüncü günü yəqinə çatdım ki, ol məşum osturaq dəqiq Mazan müəllimə məxsus imiş. Eşq olsun nənəmə!

Amma Mazan müəllim “uşağa bozbaş-kalafur bişir” deyəndə yüksək dərəcəli həzz almışdım. Kalafur e. Adətən qəndqabıda qəndlər də sayla olurdu bizdə. Qəndi yavan yeməkdən xoşum gəlirdi. Çayı eləcə içirdim, qəndi isə yavan yeyirdim. Qəndə elə dişlək vururdum dişimdən çınqı çıxırdı. Bir dəfə düz dörd diş qənd oğurlayıb girmişdim kravatın altına. Nənəm duyuq düşdü. Qonşu arvadlar da təyinatları üzrə qeybətə gəlmişdilər. Camaatın içində uca səslə qayıdasan ki, “a bala, o qənddən az yeginən, yatanda götünün deşiyinə qarışqa yığışacaq…”

Lənətə gəlmiş arvad!

Hadisədən bir neçə gün ötmüşdü. Mazan müəllimin hadisəsini deyirəm. Di gəl, Sükfə arvad özünə gəlmirdi ki, gəlmirdi. Əsəbiydi. Adətən qadınlar aybaşı dönəmində belə gərgin olurlar.

Lakin nənəm üçün bu sürpriz qəti şəkildə gözlənilmirdi. Allah qadınlarla müəyyən yaşdan sonra belə zarafatlar eləmir. Bu hikkənin, bu hirsin nəsə başqa mənəvi qatları vardı.

Qarğışı da dəyişmişdi arvadın. Qəfil istedad verilmişdi sanki. Belə deyirdi hər yadına düşəndə: “Yox e, ay bala, demirəm ki, Mazan ölsün. Ölməsin, allah eləməsin. Mazan sağ qalsın, o qədər sağ qalsın ki, ölə bilməsin, nəticələri, kötükcələri Mazanın bədəninnən maqqaşla qurd dənnəsinnər deerəm. Yoo, ölməsin, qurd bassın Mazanı, bala, görüm onu qurd bassın öz canının üssündə...”


Deyirdim ki, ol qəzəbin mənəvi qatları vardı mütləq. Hirsi soyuyandan sonra özü nəql etdi. Sən demə, bu Mazangilin çətin vaxtlarında, acından yuxudan günorta durduqları zamanlarda rəhmətlik babam bunların ailəsinə əl tutub, yardım edib, çörək veribmiş.

Çörək də nə çörək? Mazanın gorbagor dədəsi (nənəm belə deyir - gorbagor, hər halda allah ona da rəhmət eləsin) evində nöyüt (neft) satırmış. Qabaqlar e, neftin itə tök vaxtlarında. Onda çox adam bu xırda alverlə məşğul olurdu. (Xırda dediyim neftin borulardan kənar alverinə aiddir).

Mazanın da dədəsi (atası) əl bulayıbmış bu işə. Günlərin bir günü babam rayon bazarında görüb ki, Mazanın dədəsi sallaqxana qənşərindən keçərkən öz ayağından asılmış qoyun şaqqasına baxır-baxır, baxır-baxır, baxır-baxır... (ifritə arvad hadisənin şiddətini artırmaqçün belə boşboğazlıqlar edirdi həmişə, “de hı”! – deməsəydin, xeyli çərənləyərdi) baxıb-baxıb, əlini mal qarnına uzadıb. Qarın alıb.

Bizim kişi də evə gəlibən arvada deyib:

- Şükfə, ged Gilasgildən (Mazanın anası) 15-20 litr ağ nöyüt al!

Nənəm deyir, mən də qayıtdım ki, a kişi, o boyda nöyütü nə qayırırsan? Dedi, sən mənə qulaq as, ay arvad, al bu pulu, ged Gilasgildən (Mazanın anası) nöyüt al.

Guya kişi bu jestiylə Mazangilin ailəsinə əl tuturmuş. Ümumiyyətlə, belə miflər rayon yerlərində boldu. Hələ atam danışır ki, qabaqlar elə Hacılar olub, girib univermaqlara, dükanlara, bazarlara, nisyə dəftərlərini alıb, pulu ödəyib bütün borcları sildirir imişlər. Satıcılara da dilbədil tapşırırmışlar. Ki, adımızı verməyin, adamlara deyin bir Allah bəndəsi elədi, Allaha xatir.

Ciddi söhbətlərdi. Nədənsə bunu qonşum Valodiyə danışanda reaksiyası belə olmuşdu:

- Zırt!

Düz sözümdü, Valodi “zırt!” eləmişdi. Mən isə bu qudsal hekayətlərə inanmışam həmişə.

Doqquzuncu sinifdə oxuyurdum. Valodi universiteti bitirib rayona qayıtmışdı. Söhbətimiz tuturdu bu rus əsilli qonşumla. Həmişə də belə deyirdi: mən rus deyiləm, Rusiya türküyəm!

İşsiz-gücsüz dolaşırdı. Bütün günü də küçədə oturub siqaret çəkir, gah çəpərə söykənib göyə baxır, gah da xırda uşaqları başına yığıb nəsə gopa basırdı. Mən bu ibrətamiz “Həci əhvalatları”nı Valodiyə danışanda reaksiyası belə oldu:

- Zırt!

Dedim, əə, rusbaş, sən nə qanırsan din-iman nədi?! Atam deyir, ulu babamız şeyx olub. Bir neçə zəngin dindarı, Kərbəlayi-filan yığıb başına, atarabasıyla düşüblər kənd-kənd, mahal-mahal, hansı evdən uşaq ağlaşması, arvad deyinməsi gəlirmişsə, o həyətə kisə-kisə un, buğda, qənd, çay, gündəlik ərzaqlar ehsan edirlərmiş.

Valodinin reaksiyası dəyişməz olaraq qalırdı:

- Zırt!

Sadəcə, bu “zırtlamalar”ın intonasiyası, bir də Valodinin üzündəki istehza dəyişirdi hər dəfə.

Sözümün qənbərqulusu bu ki, sən demə, qabaqlar hər şey başqa cür imiş, sonradan zayı çıxıb. Əl-qərəz, nənəm də babamın bu pafoslu neft alış-verişini dərin yerlərə bağlayıb içindəki cılız insanlıq hisslərini doyururdu. Və burdan çıxış edərək Mazan müəllimə olan hirsini qaynadırdı günaşırı. Çətin məsələdir.

Babam da maraqlı adam olub. Qonşular danışırlar, yaman mərd kişiymiş. Ölümdən qorxmazmış. Deyirəm, qonşular danışır ki, o, ölümdən qorxmazmış. Qəti qorxmazmış. Amma qəflətən qasığına dəyə biləcək təpikdən çox qorxarmış. Dəhşət qorxarmış. Qonşular belə deyirlər.

Adətən ölümdən qorxmayan adamlar olduqca cüzi şeylərdən bərk ehtiyat edirlər. Onu da bilirəm ki, babamın görünüşü sizin üçün maraqsızdı. Qəti maraqsızdı. Nəyinizə lazım? Ol səbəb görünüşü haqqında heç nə demirəm.

Düzü, özüm üçün də maraqsız olub həmişə. Bir-iki şəkli var. Hər dəfə ailə albomuna baxanda həmin şəkillərin üstündən keçirəm. Bir dəfə nənəmə xoş getsin deyə diqqətlə baxıb “nırç-nırç-nırç, kişilər olub e…” – dedim. Nənəm qayıtdı ki

- Ayə, ossurağa basma, şəkli tərs tutubsan, baarı düz tut...

Nə bilim. Nəsə mənə qəti maraqlı gəlməyib o kişi. Bu yaşa çatmışam, indiyə kimi onun barəsində bircə dənə damazlıq xatirə eşitmişəm, onu da xalam danışıb, vəssalam. Deyir, bir gün eşitdik kişi bərk xəstələnib. Baş çəkməyə gəldik. Bir kilo qırmızı alma, iki dənə limon almışdıq. Bir paket də "Seylon" çayı. Xalam sadalayır bunları.

Deyirəm, köhnə adamların da təhlükəli yaddaşları olur. Gör nəyi yadında saxlayıb – bir kilo alma, iki limon, bir qutu çay. Cəmi-cümlətanı üç “məmməd” bir “nizami” pul xərcləyib, əlli iki dəfə danışıb.

- Ömrü keşməkeşli keçib - xalam deyir. Söz olaraq deyil, həyat olaraq keşməkeşli... (xalam belə danışır,əslində bütün qocaların ömrü keşməkeşli keçir nədənsə) 42-də atasını itirib. İkinci dünya müharibəsində. On bir yaşındaymış atasız qalanda.

93-də də oğlunu itirib. Altmış üç yaşındaymış oğulsuz qalanda. Deyirdi, ikinci dəfə yetim qaldım Qarabağ savaşında. Adamlar təkcə ata-anadan yox, oğul-uşaqdan da yetim qalırlar (bu yerdə xalam poetik əlavəsini etməyi də unutmur).

- Soruşdum, dayı, ay dayı, - xalam danışır - geriyə baxanda nə görünür uzaqlarda? Cavab verdi ki, bu ilin iyulunda həyətdə oturmuşdum, çay içirdim. Balalar tut çırpırdı, qız-gəlin də palatka tutmuşdu. Dayanıb baxırdım. Qəfil hönkürtü tutdu məni. Baxdım... baxdım... baxdım... elə bildim həmin dəqiqə uşaqlığım töküləcək tut ağacından...

Valodiyə danışmamışam bu xatirəni. Dəqiq bilirəm ki, reaksiyası “Zırt!” olacaq. Valodini çox istəyirəm. Yaxşı adamdı. O başqa məsələ ki, zırtıltılarıyla hər dəfə razılaşmıram. O da elə tipdir. Ümumiyyətlə, bizim küçəmiz tiplər yığnağıdı. Küçəmizin o başında İdlar adlı bir mühasib də var. Adına bax – İdlar. Bu adı kim qoyub, bilmirəm.

Səfeh adamdı. İdları deyirəm. Bir də gördün başladı Valodiylə mübahisəyə. Sizə demişdim axı, doqquzuncu sinifdə oxuyandan bu yana onların mübahisələrini balet edirəm.

Bir dəfə mühasib qonşu durar-tutmaz qayıdasan ki, Borxes dahidir!. Diqqətinizə çatdırım ki, biz həmin vaxtı balıq ovuna getmək üçün qurdu (qurd* - soxulcan, tiyəyə ilişdirib balıqları şirnikləndirmək üçün xüsusi vasitə) hardan çıxardacağımızı götür-qoy edirdik. Qəfil nə oldusa, bu səfeh mühasib Borxesə keçdi. Valodi bunu süzüb: ba yox ə - dedi. Mühasib ələ salındığının fərqinə varmadan mühazirəyə başladı:

- O deyir, iri həcmli kitablar yazmaq boşboğazlıq və başağrısından başqa bir şey deyil. Məsələn, bir neçə dəqiqə ərzində şifahi şəkildə və bütünlüklə şərh oluna biləcək bir mövzudan 500 səhifə yazırlar. Bu qalın kitablarda çox mətləblər var, sadəcə, mükəmməl deyillər. Borxes əlavə edir ki, mən xəyali kitablar yazmaq üçün qeydlər edirəm.

Valodinin mövzuya münasibəti:

- Zırt!

Mən söhbətin kimlərdən getdiyini başa düşdüm, amma nədən danışıldığını qəti anlamadım. Xəyali kitab nədi, a kişi? Nə zəvzəkləyir bu? Valodi isə bir zırtıltıdan sonra üzünə yüngülvari ciddi ifadə qatıb – Borxesin düşündüyünü Benyamin “Paris passajları”nın tezislərində eləyib – deyibən bu sərsəm dialoqa bir ağız zəvzədi.

Bu arada özümü intellektual göstərməkçün "Benjamin? Valter Benjamin?" – deyə mən də düşüklüyümdən qalmadım.

Məndə olur belə şeylər. Adətən yazıçıların, şairlərin adlarını yadımda saxlayıb, ordan-burdan populyar olan əsərlərdən sitatlar əzbərləyib, filmlərin dalına-qabağına baxıb ümumi məlumatları mənimsəyib yeri gəldikcə özümü soxuşdururam mübahisələrə.

Valodi danışırdı ki, Azərbaycanda bir çox zadlar kimi intellektualların da saxtasıyla orijinalını heç kəs ayırd eləyə bilmir. Sadəcə hörmət edirlər belələrinə.

Sizə deyim, bunu da sonralar başa düşdüm. Hətta bekara ciddi poza alıb, qalstukdan-eynəkdən taxıb əməlli-başlı fiqur düzəldən çoxlu sayda ədəbi-elmi maşennik tanıyıram. Maraqlıdır, hamısında da alınır. İmanım allah amanatı, bizim o zəvzək qonşumuz da belə alındıranlardan imiş.

Bunun cır səsilə polemikaya girişməsinə baxın.

- Bəli, ədəbi montaj. Benjaminin qənaəti belə idi. Heç nə deməyə ehtiyac yoxdur, sadəcə göstər. Bodlerin şeirlərindən sitatlar gətirməklə böyük mətləblərin bir misrayla və bir neçə foto, eskizlərlə şərhi, bacardıqca özündən az şey istifadə etməklə mətləbi çatdırmaq.

Düzü, bu maygülünün səsi başıma düşür, danışığı mənə arxasınca daş atılmış, quyruğunu ayaqlarının arasına soxub qaçan islanmış küçük zingiltisini xatırladır.

Valodi də buna nəyisə izah etmək istəyir.

- Televizor effekti. Bulmer də sənin kimi düşünüb – bütün şeylər televizor olmaq istəyir.

Bu arada yenə təkrar düşükləyirəm:

- Bəli, Qreqori Bulmer!

Valodi mənə məhəl qoymadan davam edir:

- Səfeh söhbətlərdir. Mənə görə yazıçı öz mətninin rejissorudur. O, bütün detalları öz televizoruyla göstərməlidi. Daha postmodernizm dövrü deyil, son zamanlar bu elastik izm istedadsız adamların köməkçisinə, hətta quluna çevrildi. Hərə bir sicilləmə yazıb vurdu qoltuğuna, yaza bilmədiyi şeyin də adını qoydu postmodern mətn. Daha antipostmodern əsərlər yaranmalıdır!

İdların hap-goplarının izahını verməklə Valodi demək istəyirdi ki, get ostur, düş dalınca. Mən bunları özlüyümdə çoxdan həll etmişəm. İndi məni narahat edən "Qurdu hardan çıxarmalı? Və hardan rahat balıq ovlamalı?" suallarıdır.

Dediyim kimi də oldu. Mühasib növbəti dəfə gözünü qırpa-qırpa - əslində Kamunerin “qapalı dairə” əsərində “hər şey başqa bir şeyə bağlıdır” qanunauyğunluğu daha son... – demişdi ki, Valodi mövzunun dalına bir təpik ilişdirdi.

- Dostum, şeyi-meyi bilmirəm, amma dəqiq bilirəm ki, balıq tutmağımız qurda bağlı olan zaddı. De görüm, sizin həyətdə qurd çıxan yer varmı?

Mühasib qonşumuz duruxdu. Bir qədər sonra:

- Var-var, əlbəttə var, gəlin birlikdə gedib qazıyaq. Ancaq bir şərtlə, məni də özünüzlə aparın.

Həmişə belə danışır, sözləri təkrar edərək: Bəli-bəli, var-var, xeyr-xeyr, tam doğru-tam doğru və s.

“Tfu! Qabırğa pidr!” – ürəyimdə deyib tüpürdüm. Yəni, “qabırğa pidr” hissəsini ürəyimdə dedim, tüpürməyi isə aşikar elədim. Hamı necə tüpürür, mən də elə.

Razılaşdıq. İdlargilin həyətindən qurd çıxardıb balıq tutmağa yollandıq. Yolda Valodi qulağıma pıçıldadı ki, arvadı İdları sevmir.

Alçaq! Bunun gəldiyi qənaətə bax. Dedim, necə oldu bunu düşündün? Nə desə yaxşıdı?

- Dəqiq bilirəm, hətta o qədər sevmir ki, ayda iki dəfə aybaşı olur.

Daha mövzunun dərinliyinə varmadan söhbəti dəyişdim. Bir də bu haqda balıqdan qayıtdığımız axşam danışdıq. Əziz qonşumuzun payını verib özümüz baş-başa yeyib-içirdik.

Hər dəfə belə olur. Birimizin evində yığışıb uğurlu balıq ovumuzu qeyd eləyirik. Valodi başladı söhbətə. Dedi, sənə dedimmi o qadın o səfehi sevmir? Sonra da əlavə etdi: gördün kanalı keçəndə onun tursiyi nə gündəydi?

Maraqlıdı, buna mən də fikir vermişdim. Di gəl, fərqinə varmamışdım. Balıq tutacağımız hövzəyə getməkçün bir su kanalını keçməliydik. Piyada yolu uzaq olduğundan elə kanalı keçmək, yolu kəsə etmək qərarına gəldik. Məlum oldu ki, bu gicbəsər üzməyi də bacarmır. Birtəhər razı salıb Valodinin çiyninə mindirdik.

Üst paltarlarımızı balıq səbətinin içinə pərçimləyib kanalın o biri üzünə tolazlayandan sonra kanalı üzüb keçdik. Mühasib qonşumuzun bədənindən Mazan müəllimin osturağının iyi gəlirdi. Elə bil Mazanın illər boyu pərvazlanan külli-osturaqları bu gicbəsərin bədənində cəm olmuşdu. Valodinin deyəcəklərinə ayaq verib, "Hə, gördüm" – dedim.

- Heç düşünmürsənmi o tursiylə, o iylə elə gözəl qadının yatağına girmək olmaz? Lap tutaq ki, bu donuz heyvərəliyinə salıb cəhd etsin, bəs qarşı tərəfin münasibəti? Yadında saxla, həyatında qadın olmayan kişilər həmişə kirli-paslı olur. Xüsusilə alt paltarları.

Dedim, Valik, haqlısan. Amma gəl belə söhbətlər eləməyək. Yaxşı deyil. O da cavab verdi ki:

- Düzdü, etməyək, di gəl o cür gəlinə yazığım gəlir. Necə gözəlliyi var onun. Hətta keçən dəfə Məşədi Qulaməli də (təxminən Qətran Təbriziylə həmyaşıd qonşumuz) o gəlini xəstəxanada ağ xələtdə

görəndə dodaqaltı mızıldanmışdı: İt qızı it! Quymağdı e, quymağ...

İfadənin oğraşlığına baxın – quymaq! Ay səni Məşədi.

İdların xanımı həqiqətən gözəl idi. Rayondakı poliklinikada tibb bacısı işləyirdi. Ağ xələtdə bir başqa olurdu. Əh, gözümüzün qabağında o qədər gözəl qadınlar turpa, yerköküyə, çuğundura, dəvədabanına, quşəppəyinə oxşayan gədə-güdələrə ərə-ürə getdilər, düşünəndə adam prinsipial domino oyununda əldə qalan şeş-qoşa taleyi yaşamaq istəyir – dəxlsiz divarlara çırpılmaq.

Quymaq bənzətməsi xeyli oğraşanədir. Demişdim axı, bizim küçəmizdə N qədər axmaq kadr var. Heç bilmirəm bunca əxlaqsız qocalar arasında necə belə tərbiyəli böyüdüm. Əl-əlbət burda nənəmin rolu danılmazdır.

Ertəsi gün axşamçağı yenə küçədə topalaşmışdıq. İdlar işdən qayıdırdı. Bizi görcək yaxınlaşdı. Heç salamlaşmadan gözlərini tez-tez qırparaq şəhadət barmağını qaldırıb mühazirəsinə başladı:

- Marağalı Əhvədi deyir, “bər qol əz ənbərkəməndi bəstei, Gerdi-mah əz mişk bəndi bəstei”. Yəni ki, gözlə görünməyib, iy üzvlərilə duyulan ətir maddiləşir. Gül burda gözəlin obrazıdır. Gülü bürüyən, əhatə edən ətirli mühit kəmənd şəklində cismləşdirilir. Ayın çöhrəsinə, gözəlin camalına mişkdən bənd vurulur, mişk qoxusundan pərdə çəkilir. Molla Pənah Vaqif yarın camalına “qabaq” deyir: “bulud zülflü, ay qabaqlı gözəlin, duruban başına dolanmaq gərək”. Dahi Füzuli isə həmin mənzərəni belə verir: “ey hərir içrə tənin mütləq bulur içrə gülab”. Onun ustadı Həbibi isə açıq-açığına bu cür ifadə edir: “Kafir əliylə dəstələnmiş ənbərin kəmənd”... Hamısında da gözəl xanım Əhvədinin təqdim etdiyi sənəm kimi ətir saçır...

Son sözlərini – “ətir saçır”ı deyib barmağını endirdi. Daha doğrusu, barmaqları qarışıq əlini aşağı saldı. Sonra həmin barmağıyla burnunu qurdalayıb nəsə fikirləşdi. Heç nə əlavə eləmədən elə həmin əliylə də götünü qaşıya-qaşıya bizdən uzaqlaşdı.

Bu olaya Valodinin kommentarisi amansız oldu.

- Gicbəsərə bax, gedib bir vedrə suyla çimib arvadıyla yatmır, Əhvədidən vələzzali oxuyur. Çurban!

Nə qədər xoşagəlməz olsa da, Valikin analizi dəqiq idi.

Bir neçə ay sonra qıy çıxdı ki, həkim xanım mühasib bəyi evdən qovalayıb. Səbəb isə müdhiş: evdə kişiylə tutub!

Bəli, belə hadisələr bizim küçəmizdə o qədər də fövqəladə deyil. Xanım gəlir evə və həyat yoldaşı kimi tanıdığı bəyi başqa kişiylə yataqda tutur. Ta hansı pozada tutulduğunu bilmədik. Adamın başının üstə Allah var, gərək haqqı da deyəsən, belə məsələlərdə bizim küçənin adamları olduqca xarakterikdirlər. Hər şeyi açıb-ağartmazlar. Bu barədə Valodinin şərhi həmişəki kimi özünəməxsus idi:

- Şaiyə-filan deyil, adım kimi əminəm, məhz kişiylə mazaqlaşanda tutub. Doxtur mərd qadındı, qadınla tutsaydı, səssiz-küysüz ötüşdürərdi, o əbləhi məhz kişiylə tutub ki, dözməyib, vızqırt eləyib başından.

Bu olayda mən biryolluq susmağı seçdim. Nənəm tapşırdı ki, nə badə bir kəlmə danışasan orda-burda. Dedim, arvad, narahat olma, nəyimə lazım?!

Özü isə düz beş ay evimizə gələn adamlarla ol sarsaq mövzuda hüdüləyib tökdü. Çox keçmədi tək yaşayan xanımın adına olmazın sözlər çıxartdılar. Hətta dedilər ki, Mazan müəllim idarəsində tibbi şöbə açıb doktoru həmin şöbəyə müdirə təyin etmək xülyasındadır. “Nə deyirik, allah xeyir versin” – bizə gələn qonşuların bu mövzuda son cümlələri birmənalı olaraq belə olurdu.

Müharibə bitdi, gedənlərin yarısı qayıtdı, yarısı qayıtmadı. Qayıdanların da yarısı bütöv qayıtdı, yarısı alayarımçıq. İndi o illərdən 21 il ötüb. Zarafat deyil. 21 ilin hekayətlərini danışdım sizə. Daha o küçədə, o evdə, o adamlarla yaşamıram. Daha o adamlara, o küçəyə, o evə məni heç nə bağlamır. Hamısı da salamatdı, hamısı da yaxşıdı.

Bircə qaranquş balalarından, qaranquş yuvasından savayı, heç nə dəyişməyib. O yerlərdən, o evdən yalnız bir ağrılı xatirə uzun-uzadı zamanlardı işğal edib beynimi.

Bu xatirənin psixoloji sarsıntısı zaman-zaman məni izləməkdə. Bu xatirə mənim uşaqlığımın, zehnimin, yaddaşımın tərkib hissəsi kimi yanaşı ömür sürür mənimlə. Bu xatirəylə baş-başa verib yerdə qalan ömrümü susaraq da yaşaya bilərəm...

“Əmim müharibədən təkayaq qayıtmışdı. Əvvəllər şalvarının ayaqsız tayını qatlayıb geyinərdi. Elə bil hansısa qüvvənin diktəsi inam yaratmışdı onda. Ki, itkin düşmüş ayaq nə vaxtsa qayıdıb gələ də bilər, bica yerə şalvarları zay eləmə, kəsdirmə.

Daha sonralar nə oldusa inamı sarsıldı, yavaş-yavaş barışdı bu itkiylə. Hər yeni şalvar aldığında dərziliyi qohum-əqrəbaya çit parçadan gecə tuman-köynəyi tikməklə mənimsəmiş arvadına səliqəli kəsdirərək geyinər, “artıq” hissəni qatlamağa da əziyyət çəkməzdi.

Bir gün məktəbdən qayıdanda gördüm evdə möhkəm səs-küy var. Həyətin bu başından açıq-aydın eşidilirdi ki, nənəşimi kimsə özündən çıxardıb. Özü də əməlli-başlı. İlk ağlıma gələn Mazan müəllim oldu. Qaça-qaça götürüldüm evə sarı.

Pilləkəni dayça kimi tullanıb cumdum otağa. Gördüm yox əşşi, Mazan işi deyil. Sevgili nənəşimi gəlinimiz əsəbiləşdirib. Sən demə əmimin arvadı kəsdiyi şalvar ayağıyla pəncərələrin tozunu alırmış…

# 2725 dəfə oxunub

Müəllifin son yazıları

# # #