Şəhriyar del Gerani
“Əvvəla salam. Salamdan sonra yazıb sizə bildirmək istəyirəm ki, mən sağ-salamatam. Yazın görüm siz necəsiz? Abdülhəsən dayımın qaşqa inəyi bala verdimi?”...
Yəqin xatırladınız. Kimin yaddaşı hara qədər aparır qoy aparsın. Axırı gəlib çıxacaqsız 90-cı illərin sonlarına. İndiki kimi yadımdadı, 1999-cu ildə Tovuzun “N” saylı hərbi hissəsindən xüsusi zövqlə bükülmüş dörd qoşa list mil-mil dəftər vərəqi lirik-sentimental-poetik-fəlsəfi məktub göndərən dost-doğmaca əmim də hali-möhtərəmini ərz etməyə məhz bu cür başlamışdı. Bu təhər “məktub müqəddiməsi” yazı kultuna çevrilmişdi o vaxtlar. Qətiyyən “niyə”sini düşünməyə cəhd göstərməyin. Səbəb xeyli sadədir – nadanlıq! Hansısa kütbeyin haçansa məktubu belə yazıb. Sonra da ellikcə başlayıblar belə yazmağa. Guya məktub ərizə-zaddı. Guya bunun yalnız bir cürə yazılış forması var. Əh...
Daha sonra, mobil telefonlar ölkəyə ayaq açdı. Mobil telefon həm də “mobil düşüncə” demək idi. Adamlara fikirlərini “net” şəkildə ifadə etməyi bir növ mobil telefonlar öyrətdi. Di gəl, nadanlıqdan qurtula bilməyən məmləkət əhli yepyeni müqəddimə uydurdu – “Salam, necəsən?” Və hələ də beləcə davam etməkdəyik. Çünki, belə daha rahatıq. Özümüzü “diqqətcil” göstərməkdən ötəri min türlü hoqqa çıxardırıq. Bir balaca ağlı olan adam yaxşı bilir ki, “necəsən”in cavabının nə olması sualı verən tərəfə əşədənbillah maraqlı deyil. Sözdü dənə soruşur. Elə-belə, kef üçün...
Bütün bunlar toplumun təfəkkür tərzini kifayət qədər aydın şəkildə ifadə eləyir. Dəb! Kütlə birmənalı olaraq dəb əhlidi. Kütlə şablonlara, söz oyunlarına çox asanlıqla gedir. Türkiyə ədəbiyyatının hekayə ustalarından sayılan Ömər Seyfəddin əfəndimizin “Kəsik bığ” adlı bir hekayəsi var. Hekayənin qəhrəmanı Darvinin haqlı olduğunu izhar edərək imitantlıqla öz meymun əcdadına sadiq qaldığını göstərən bir gəncdir. Şəhərdə yeni dəb yayılır, hamı bığlarını amerikanvari kəsdirir. Bu qaqaş da gedib eləcə düzəltdirir. Ata-anası ondan üz döndərir. Anası deyir, verdiyim süd sənə haram olsun. Ona görə yox ki, sən bığlarını kəsdirmisən. Ona görə ki, sən də başqaları kimi modabazsan, farmazonsan! Atası isə deyir, alçaq, rədd ol! Bu dəqiqə evi tərk elə! Yenidən bığların çıxsa da namusun heç vaxt geri qayıtmaz... Yazıçının gəldiyi qənaət hekayədə yalnız bundan ibarətdir; a balam, bəsdirin görüm, meymunluq eləməyin, gicbəsərlər!
Azərbaycan jurnalistikasının böyük kəsimi də yuxarıda qeyd etdiyimiz şablonlardan, söz oyunlarından ibarətdir. Və ən pisi də budur ki, həmin söz oyunları dəbə çevrilib. Vaxt-vədə ki, yetişir hansısa rayonun işğal gününə, bahooo... Di döz görüm nə təhər dözürsən bu “kuxna jurnalistlərin” əndirəbadi söz cəngəlliklərində. Bir də gördün biri zırıltı paylaşım elədi sosial şəbəkədə: “Ağdamda ağ dam qalmadı, bütün damlar qaraldı”. Bir başqası bir az da qabağa gedib məqalə yazır: “Laçının laçın vaxtları, laçınlarsız Laçınım”. Daha bir başqası öz biabırçılığını televiziya səviyyəsinə qaldırır: “Şuşalı qaçqın yoxdur, Şuşasız qaçqın var”.
Hələ bu məsum, bisavad və sadəlövh bəndəniz bayağılığını “Qarabağın qara günləri” adlı kitab yazıb bir neçə dilə tərcümə elətdirib dünya səviyyəsində nümayiş elətdirənlərdən söz açmır. O boyda ağrıya bizim bu cənabi-möhtərəmlərin yanaşmasına baxın. Məsələ burasındadır ki, bu oyunu çıxardanların yaxından, ya uzaqdan Qarabağa aidiyyəti var. Ən azı Qarabağa Xalq Yardımı Komitəsinə. Nə isə...
Yazını Borxesin “Kitab kultu” məqaləsindəki bir qeydlə bitirirəm: “Odisseya”nın səkkizinci nəğməsində oxuyuruq: “Allahlar bədbəxtliyi ona görə yaradıblar ki, gələcək nəsillər üçün oxumağa nə isə qalsın”.
Yəqin başa düşdünüz nə demək istədim.
Yox e, nəsə nigaran qaldım. Fikrimi Borxes babanın bu qeydini dekanstruksiya eləməklə çatdırım, ürəyim soyusun. Deməli belə - Allah təbarək və təala bu “anekdot” adamları ona görə yaradıb ki, mənim kimi adamların məclislərdə ələ salıb gülməyə materialı bol olsun və həmin lətifələr gələcək nəsillərə ötürülsün.
Vəssəlam!