Onu mən öldürdüm

Onu mən öldürdüm
27 dekabr 2014
# 08:30

Hamlet Kazımoğlunun “Sevgilim anamtək yalvardı mənə” adlı bir şeiri var. Təzə oxuyanda məhz həmin misra heç cür mənə çatmırdı. Emosionallığıma salıb bunu onun özünə də demişdim. Müəllif də çaş-baş qalmışdı. O da mənim bu misranı niyə anlamadığımı anlamırdı.

Sonralar Borçalı ləhcəsiylə tanış oldum, “yalvarmaq” sözünün o tərəflərdə ədəbi dildən tamamilə fərqli mənada işləndiyini bildim. Onlar yalvarmaq əzizləməyə deyirlər. Özü də bu sözü çox işlətdiklərindən ona ədəbi dildəki “əzizləmək” sözündən daha dolğun, daha şirin anlam yükləyiblər. Məsələn belə: “Ana balasına yalvardı”. Bunları anlayanda Hamletin həmin misrasının gözəlliyi mənə çatdı. Amma artıq müəllif sağ deyildi və mən ondan üzr istəyə bilməzdim.

Bax ədəbiyyat budu. Ən azı onu yaradandan çox yaşayır. Ən azı.

Son vaxtlar ortalıqda bir sual dolaşır: “Seir ölübmü?”

İlk dəfə bu sualı Azadlıq radiosunda müzakirə edəndə mən tamamilə ciddi cavab vermişdim:

“Hələ on altıncı əsrdə Füzuli deyirdi ki, bir dövrdəyəm ki, nəzm olub xar”. Bəli, mənim cavabım belə etimoloji, filoloji bir cümlə ilə başlayırdı.

Bir il sonra o sualı mənə bir saytda müsahibə zamanı yenidən verdilər. Artıq bu dəfə yarıciddi, yarızarafat cavab verdiyimi xatırlayıram. Sonra bir müddət sonra yenə, yenə. Sonuncu dəfə hiss elədim ki, artıq bu sualın cavab veriləsi heç on faiz də ciddiyyəti qalmayıb. Əgər bu sualı kəşf edən adam özünü çoxbilmiş, irəligetmiş, nə bilim saqqalıçıxmış, bığıbitmiş hesab edib, qarşı tərəfi pis vəziyyətdə qoymaq istəyirdisə, indi çərxi-fələk tərsinə dövran eləyirdi. Pas qarşı tərəfə keçmişdi. İndi bu sualla əməlli-başlı məzələnmək olardı.

“Şeir ölübmü?”

“Əlbəttə, ili də çıxıb. Sizin hələ xəbəriniz yoxdu?”

Və yaxud da:

“Doğrudanmı şeir ölüb?”

“Bəli, ölüb. Onu mən öldürdüm!”

Bir sual ki üç ildən artıqdı, ortalıqda fırlanır və özünə fərli bir cavab tapa bilməyib, deməli, o ölüb. Özü də bizim kimi şeirlə yatıb-duran, səhər yeməyini, şamı, naharı nəzmlə edən, arağını şeirlə içib, dərmanını poema ilə atanların məmləkətində bu sualın kitabının bağlanması təbiidi. Bir “ölü”nün ki üç ildi, öldüyü sübut oluna bilmir, deməli, o yaşayır.

Ona görə də ədəbiyyat tarixini töküşdürüb, ədəbiyyat nəzəriyyəsini qarışdırıb fəlsəfi cavab axtarmağa gərək yoxdu. Mənim yuxarıda gətirdiyim misal o süni sualın ən təbii cavabıdı. Həqiqətin ən sadə halı.

Yəni ki, narahat olmayın, şeir bizi öldürməmiş ölən deyil. Ən azı.

# 987 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #