Bəlkə biz səni görmədiyimiz kimi sən də bizi görmürsən, İlahi, şəkk eləmə, biz varıq, hamımız günahkarıq, bəlkə də, amma inan ki, hamımız çarəsizik...
***
Əlimdə altıqoşam ölür, vaxt bitmək üzrə, tanrım, soruşmaq ayıb olmasın, kimin əlinə oynayırsan?!
***
Allahım, öz “əsərini” oxunaqlı etmək xatirinə, müsbət qəhrəmanlarını çərlədib öldürmək şöhrətpərəst yazıçıların işidir.
***
Bəsdi, az sorğu-sual et, İlahi, günahım yoxdu. Cəzamı ver, çıxım gedim, sənin növbən uzundu, mənim vaxtım yoxdu...
***
İlahi, biz bəndəsizik, sən Allahsız!
***
İlahi, həyatın ideyasına o qədər də dəxli olmayan epizodik obrazlara bu qədər rəngarəng məzmunsuzluğu yükləmək çoxmu vacib idi?!
***
Tanrım, sən fani olmağın nə olduğunu hardan biləsən?!
***
İlahi, sənə elə gəlmir ki, bu ssenaridə nəsə yerində deyil, tez-tez çaşıram, rolumun sözlərini dəyişə bilərəmmi?!
***
Tanrım, axı mənim yola getmədiyim bu ömürlə kimlərsə xoşbəxt ola bilərdi...
***
İlahi, biz bu ömrü “qaralama” zənn edib, çoxlu səhvlər elədik, bir şans da ver, “ağlama” bir ömür yaşayaq...