Darıxıram, ömrüm-günüm... - Səhər Əhməddən 8 Mart şeiri

Darıxıram, ömrüm-günüm... - Səhər Əhməddən 8 Mart şeiri
8 mart 2020
# 10:30

Kulis.az Səhər Əhmədin yeni şeirini təqdim edir.

Mənə yaman maraqlıdı,
Səninçün kiməm axı?!
Ögeylərin ən doğması,
Doğmaların ən yadı.

Nə bilim ki, niyə yoxsan,
Bu dəqiqə hardasan?!
İş başındasanmı, yoxsa
Sükan arxasındasan?!

Bəlkə, adım dilindədi,
Yenə zikr eləyirsən?!
Hərdən qorxub çəkinirsən,
Hərdən şükr eləyirsən?!

Bəlkə, indi şəkillərdən
Sənə əl eləyirəm?!
Özümsə burda oturub,
Tənlik həll eləyirəm.

Düşünürəm ki, görəsən,
Evdəsən ya çöldəsən?!
Mən olan A nöqtəsinə
Hansı paraleldəsən?!

Yəqin ki, qaçaqaçdasan,
Nə işlər var başında.
Bilirəm ki, yadındayam,
Lələk yandırmasam da.

Bir telefondu, bir daxma,
Bir də susqun mən axmaq.
Darıxıram, ömrüm-günüm,
Zülm işdi darıxmaq.

Baş götürüb gedə bilsəm,
Gizlənməyə yer olsa.
Bir daha geri dönmərəm
Iki dünya bir olsa.

Amma cəsarətim yoxdu
Bu qapıdan çıxmağa.
Çoxdan məhkum olunmuşam
Bu evdə darıxmağa.

Nədi ki həyat dediyin,
Bir ömürlük müəmma.
Təkadamlıq kamerada
Bircə nəfəslik səma.

Gecikmə, qurbanın olum,
Ölüm yetişmədən gəl.
Bir-bir sönür ümidlərim,
Qaranlıq düşmədən gəl.

De ki, “Şəngülüm, Məngülüm,
Aç qapını, mən gəlim”.
Bir az sən sus, mən danışım,
Bir az sən de, mən gülüm.

Gəl, sözünə güvəndiyim,
Oduna qızındığım.
Hərf-hərf, heca-heca,
Adına yazıldığım.

Boğuluram öz içimdə
Gəl məni çölə çıxar.
Bir xilas kəməri uzat,
Gəl məni məndən apar.

Demirəm ki, əlində gül,
Qoynunda çiçək olsun.
Üzündə həmin təbəssüm,
Sinəndə ürək olsun.

Tələsik nəbzimi yoxla,
Denən “qorxma, sən sağsan”.
De ki, edam hökmü yoxdu,
Gözün aydın, azadsan.

Bircə damcı şəfa gətir,
Bir az güc, bir az Vətən.
De ki, sən yuxu görmürdün,
Denən, “mən həqiqətəm”.

De ki, qələbə bizimdi,
Atəşkəs pozulmayıb.
De ki, bugün saytlarda
Bəd xəbər yazılmayıb.

Söylə, “bax bahar qayıdır,
Arzular cücərəcək”.
De ki, sabah bayramındı,

8 Martın mübarək!

# 7143 dəfə oxunub

Müəllifin son yazıları

# # #