Fotoqraf Əjdər: “Çəkdiyim fotoları başqalarının nəzərlərinə qısqanıram...”

Fotoqraf Əjdər: “Çəkdiyim fotoları başqalarının nəzərlərinə qısqanıram...”
9 mart 2016
# 12:40

Fotoqraf Əjdər bəy! Çəkdiyi fotolara baxanda fikirləşdim ki, sözləri ondan zorla qoparmalı olacam. Mənə elə gəldi ki, ürəyində sözü qalmayıb, deyəcəklərinin hamısı fotolarındadı...

Amma Əjdər bəy sözarası “fotoqraf danışmamalıdı, iş görməlidi” desə də, maraqlı həmsöhbətmiş...

-Bu sənətdən umacağınız nədi?

-Heç nə. Sadəcə, şəhərin küçələrinə düşüb anları axtarıram. Eybəcərlik olsun, ya gözəllik, fərqi yoxdu. Eybəcərliyin də maraqlı tərəfləri var. Dilənən qadının, zibilxananın şəklini çəkəndə də gözəl anı tutmaq lazımdı. Umacağım ancaq budu. Şəkil çəkmək fotoaparatın düyməsini basaq deyil. Nəyisə görməyi bacarmaq əsas şərtdi. Bizdə keyfiyyətli şəkil çəkən fotoqraflar var. Amma fotoqrafı əsas mövzu düşündürməlidi. Şəkil gərək danışsın.

-Gözəlliyi daha çox görürsüz, ya eybəcərliyi?

-Qabaqlar elə bil eybəcərliyi çox görürdüm. Amma indi gözlərim gözəlliyə qaçır.

-Nədəndi bu?

-Bəlkə də, eybəcərlikdən iyrənmişəm.

-Bəlkə, öz daxiliniz gözəlləşir?

-O da var. Eybəcərliyi də sevə-sevə çəkirəm. Amma həmişə həyatda belə kadrların olmağına təəssüflənirəm. Sonra fikirləşirəm ki, mən çəkməliyəm, bunlar qalmalıdı, ən azı müqayisə üçün: gözəlliyi çəkməyə dəyər, ya eybəcərliyi?

-Qərarınız..?

- Gözəlliyin yerini heç nə verə bilməz!

-Gözəllik haqqında hərənin öz təsəvvürləri, düşüncələri var. Fotoqraf üçün gözəlliyin şərtləri, ölçüləri nədi?

- Onun ölçüsü yoxdu. Elə gözəlliyi də bundadı. Qabaqlar siyasilərlə işləyirdim. Sonra istiqamətimi dəyişdim. İndi daha çox sənətçilərlə çalışıram. Onlarla işləyəndən sonra gözəllik haqqında təsəvvürlərim dəyişib. İstər insan gözəlliyi olsun, istər təbiət, əsas odu ki, başqa şey fikirləşməyəsən. Yəni, bunu niyə çəkirsən, nə qədər pul qazanacaqsan?

-Bu sənətlə dolanmaq mümkündü?

-Kimlərsə dolanır. Sənətin biznes yolu da var. Amma mənlik deyil. Qorxuram ki, bu yola düşərəm, yaradıcılıq arxa plana keçər. Çəkdiyim şəkilləri heç vaxt satmamışam. Bəzən onları başqalarının nəzərlərinə belə, qısqanıram.

-Maraqlıdı... Bəs siz çörək pulunu necə qazanırsız?

-İndiyə kimi “Azadlıq” qəzetinin verdiyi qonorar hesabına dolanmışam. Buna görə məni çoxları qınayır.

-Bayaq dediz ki, fotoqrafın işi anları, məqamları tutmaqdı. Bu vaxta kimi hansı anın, məqamın həsrətindəsiz?

-Ən çox sevdiyim günəşin doğmağı, batmağıdı. Ay da müxtəlif rakurslardan maraqlıdı.

-Bunları çəkməmisiz ki?

-Çəkmişəm. Sizin dediyiniz mənada... Əvvəlcədən müəyyən eləmək çətindi. Birdən elə anla qarşılaşırsan ki, təsəvvüründə heç vaxt onu canlandırmamısan. Bu anların sonu yoxdu. Gözəllik bitmir, tükənmir. Suraxanı yolundan günəşi o qədər çəkmişəm ki. Mənə ləzzət verir. Bir də görürsən ki, buludların arasından qıpqırmızı çıxdi, birdən də açıq səma görünür. Axşam tərəfi isə tamam başqa mənzərə olur. Bunlar günəşin paltarlarıdı, o da əynini tez-tez dəyişir.

-Hansı rəngləri sevirsiz?

-Kontras yaradan, isti rəngləri. Qara, qırmızı...

-Sənətinizi kiməsə öyrətmisiz?

-Yox. Hamını ancaq biznes tərəfi maraqlandırır. Heç kəs fotoya sənət kimi baxmır. Mənsə boğazımdan kəsib bu sənətə yedirirəm.

-Bu sənət yaradıcılıq yanğınızı ürəyiniz istəyən kimi söndürə bilir?

-Bəs necə! Bu işi bacarmasaydım, söndürməzdi. Fotoqraf kimi həmişə azad olmuşam. Hansısa tədbirə göndərirlər, fotoqrafarın hamısı yığışıb bir tərəfdən çəkirlər. Mən obyekti tamamilə əks tərəfdən görürəm. Bəzən buna görə məni danlayırlar da.

-Deməli, özünüzü bəyənirsiz...

-Bəyənirəm, amma yenə nəsə gözləyirəm, “bəsdi” demirəm.

-Öz şəkilinizi kim çəkir?

-Aparatım. Qururam, çəkir. O, mənim dostumdu.

-Həmişə yanınızda olur?

-Həmişə. Yatanda da yanıma qoyuram ki, birdən pəncərədən maraqlı mənzərə görə bilərəm.

-Aparatınız təzələrdəndi?

-Yox ee...Deyirlər ee, dayan, tərpənmə, çəkirəm, onlardandı. Heç kəs mənə inanmır ki, o şəkilləri mən bu aparatla çəkmişəm. Özümün də deyil, bir dostum verib.

-Çəkdiyiniz şəkilləri bir yerə yığıb oxusaq, nə alınar?

-Nə bilim, o qədər rəngarəngdi ki...

-Heç bu barədə fikirləşmisiz?

-Yox. Maraqlıdı, nə oxumaq olar? Cavab vermək çətindi, mövzular müxtəlifdi axı.

-Biri oxuyur, birinin başına dubinka dəyir, biri dayanacaqda mürgüləyir...

-Eybəcərlik, gözəllik...bir-birini əvəzləyir. Amma sənət baxımından hər biri gözəldi.

-“Dondurduğunuz” anlardan bir nəticə çıxarıb ömrümüzə, günümüzə hansı qiyməti vermək olar: yaxşı günlərimiz çoxdu, yoxsa pis günlərimiz?

-Pis günümüz yaxşıyla yanaşı gedir, amma yaxşıya qalib gələ bilmir.

-Nə əcəb indiyə kimi sərginiz olmayıb?

-Nə bilim, bir ara insan mövzusuna girişmişdim. Fikirləşirdim ki, elə bu mövzuda da sərgi açaram. Amma mövzunu oğurlayıb müsabiqə keçirdilər.

-Mən bilən, siz ixtisasca rəssamsız...

-Həə, rəssamlıq məktəbini, bir də İnşaat İnstitutunun memarlıq fakültəsini bitirmişəm.

-Bəs niyə ixtisasınızla məşğul olmadız?

-Tənbələm. Rəsm çəkməyə hövsələm çatmır. Mənim dostum ancaq fotoaparat ola bilər. Amma fotoqraflığıma rəssamlığın köməyi çox dəyib. Axır vaxtlar rejissorluqla da maraqlanıram. Məni inandırmağa çalışırlar ki, rejissorluğu yaxşı bacararam. Amma tərəddüd eləyirəm.

-Niyə?

-Əlimə kamera götürsəm, xəstəliyə tutulacam. İndi də, başlayacam anları kamera ilə çəkməyə. Ona görə də fotoaparatdan ayrılmaq istəmirəm. Bəlkə də, nə vaxtsa kamera ilə iş gördüm, film çəkdim. Film də ki çətinliklə başa gəlir. Foto sənətində o problemlər yoxdu. Burda rejissor da, ssenari müəllifi də, operator da özüməm.

-Fotoqraf olmasaydız, nəçi olardız?

-Avara!

Səfurə Çərkəzqızı

“Həftə içi” qəzeti, 11-14 avqust 2001-ci il

# 1132 dəfə oxunub

Müəllifin son yazıları

# # #