Kulis.az Şamxal Həsənovun “ Mən bayquş bəyazam” hekayəsini təqdim edir. Xatırladaq ki, onun ilk hekayəsi "Yeni imza" layihəsindən çap olunmuşdu.
Bir bayquş, bir yaşlı müdrik və bir ölüm xəbərçisi
bir yerə toplaşdılar, amma bir qərara gələ bilmədilər.
Titonidae kəlamı
Salam! Titonidae ailəsinin hal-hazırda mövcud iyirmiyə yaxın növündən biri Tyto növünün təmsilçisi nocturnal cənab Bayquş Bəyazam. Məmnun oldum! Buyurun, buyurun, xahiş edirəm, keçin əyləşin, ayaq üstə qalmayın. Ola bilsin, olduğumuz yer rahat və ətirli evlərinizlə, işıqlı ofislərinizlə müqayisədə çox xoşunuza gəlməsin, hətta bəziləriniz həddindən artıq qaranlıq və havasız hesab etsin buranı. Bircə bu səbəbə, hər birinizə ayrı-ayrılıqda yaxınlaşmağımı, tək-tək üzrxahlıq etməyimi olduqca yorğun və əsəbi halda gözləyən çoxsaylı “dürüst” insanların bir-biri ilə baxışdıqlarını və aralarında pıçıldaşdıqlarını görürəm. Amma on illərdir (yoxsa, “yüz illərdir” demək daha doğru olardı?) qapandığınız əndişəli, suallar-qorxularla dolu dünyanızda başınızdakı səsləri necə boğduğunuzu, xüsusilə də, miskin və havasız-işıqsız vəziyyətdə saxladığınız ruhlarınızı başqalarından qatiltək gizləyə bilmək üçün bir-birinizlə yaxınlıq, dostluq etməyə başladığınızı, ən dəhşətlisi isə, bəhanələr uydurmaqla, içinizdəki qaranlığa bəzən bilərəkdən, bəzən fərqinə varmadan tələsik (əksər vaxtlarda isə müvəqqəti) rənglər verdiyinizi məndən daha yaxşı bilirsiniz!
Belə bir zarafatla “başlamaq” istədim, ümid edirəm, inciməzsiniz. Girişimdəki bu səfeh zarafatın sizdə heyrət və nifrətdən çox, niyəsə bir növ qəribə qısqanclıq doğurduğunu görürəm. Bir qədər dərindən gələn, lakin buna baxmayaraq hiss etdiyinizə əmin olduğunuz bu qısqanclığın səbəbini yaxşıca anlamaq, bunun sadəcə bir yanılma olduğuna inanmaq istədiyinizi üzlərinizdəki ifadələrdən anlayıram. Amma maraq sizi daha çox diqqət verməyə, tələsik daha çox nifrət etməyə (təbiətinizin hər zaman sevdiyi və ehtiyac duyduğu bir şey) sürükləyib, çox keçməmiş qısqanclığınızı unutdurur. İndi gəlin, sizə bunun, həqiqətən kor-koranə edilmiş, əhəmiyyətsiz, adi bir zarafat olduğunu, sadəcə belə başlamaq istədiyimi etiraf edim. Yəqin, yenə də razılaşmaz, bunun zarafat olduğunu iddia etməyimdə belə fərqli yumoristik təsir yaratmaq istədiyimi söyləyər və hətta hər sözümdə qədim yunan faciələrindəkinə bənzər ironiya, gizli sətiraltı mənalar axtarmağa girişərsiniz. Nifrətə səbəb qalmayacağını anlayıb, bunu qəbul etmək istəməyən və ya qəbul edə bilməyən bəziləriniz əsəb ürəkkeçməsindən qorxmadan (oxşar növbəti qısqanclıq duyğusuyla birlikdə) onları qaranlıq və bədbəxt hesab edən bir bayquşun nəinki ikiüzlü olduğunu, hətta qorxaq ikiüzlü olduğunu boynuna qoymağa çalışacaqlar.
Yaxşı, bundan sonra tam səmimi bir bayquş olacağam. Belə ki, insanlar barəsində indiyə kimi bütün söylədiklərim istəmədən kobud səslənən… Nəysə. Xanımlar və cənablar, lütfən, bu xoşagəlməz girişi unutmağa çalışın. Siz, daim bir-birinizdən xoşbəxt insanlartək bir-birinizi hər zaman olduğu kimi, bu gün də ayaqlamadan, arxadan badalaq vura bilmədiyiniz üçün içinizdə əsəbiləşib deyinmədən, ən kiçik nifrət və ya qısqanclıq hissinə qapılmadan yerlərinizə əyləşin və məni dinləyin. Çünki başlamaq üzrəyəm.
Gördüyünüz kimi, alçaq yarasalardan fərqli olaraq, mən upuzun girişləri, uzun-uzadı əndrəbadi cümlə və sözlərlə gərəksiz oyunlar oynamağı sevmirəm. Bütün ürküdücü, lənətəgəlmiş yarasaların yeri bizim qarnımız olmalıdır ancaq! Hər şeydən dəyərli hesab etdiyiniz vaxtınızı ayırıb gələ bildiyiniz üçün minnətdaram. Təəssüf ki, son zamanlar çoxları nəinki bizə (yəni, dünyanın ən gözəl quşları olan bayquşlara), öz əzizlərinə belə vaxt ayırmaq istəmirlər. Unutmamış qeyd edim: bayaq iyirmiyə yaxın növümüzün olduğunu söylədim, amma bəzilərimiz tükənmə və ya məhv olma təhlükəsi ilə üzləşmiş olsalar da, utancaqlıq, ürkəklik ucbatından gizlində qaldıqları üçün hələlik “kəşf edilməmiş” olaraq qalan, lakin tezliklə mötəbər, səbirli, ən vacibi isə, düşüncəli bir orta yaşlı avropalı tədqiqatçının qitələr dolaşmış tozlu gündəliyinə səliqəli hərflərlə düşəcəklərini, böyük fotoaparatının işıqlarına (tezliklə adlandırılacaqlarını bildikləri üçün) cilvələnib, əzilib-büzüləcəklərini gözləyən onlarla fərqli növlərimizin və ya alt-növlərimizin olduğuna əminəm. Bizim məsələmiz məşhur olmaq deyil, tanınmaqdır.
Yəqin, ordan-burdan eşitmiş olarsınız: qurbanımın və gecənin səslərini, tənha yaşamağı, özəl qanad lələklərim sayəsində səssiz uçmağı və ağaclarda saatlarla boş-boş oturub düşünməyi sevən, sirlərinə və təbiətindəki vəhşiliyə meylliyə baxmayaraq, həyatından məmnun olan bir bayquşam. Adımdan açıq-aşkar bəlli olduğu kimi, rəngimin bəyaz olması indi məni görə bilməniz barədə məndə kiçik də olsa bir ümid yaratmaqdadır. Adım barədə siz sual verməmiş, özüm deyim. Güc-bəlayla sındırdığım isti və havasız yumurtamdan hələ gün işığına düz-əməlli çıxmamış, iri gözlərini bir qədər də bərəldib: “Oğlum, Bəyaz, qartək bəyaz oğlum, səni verənə min şükür!” deyə, sevinc çığırtıları qoparan anam qarmağabənzər, upuzun dimdiyini yumurtama, az qala, düz gözümün içinə soxmasaydı, adımın nə olduğunu yerindəcə anlamazdım. Öz nadir alt-növünün ən sonuncu nümayəndəsi olan zəhmətkeş anamın ağzının ogünkü ilbiz-hörümçək qarışıq ağır qoxusunu, boğazının dibindən gələn xırıltılı səsini hələ də çox yaxşı xatırlayıram.
Yeri gəlmişkən, bütün yarasalara bu qədər nifrət etməyimin iki səbəbinin ikisinin də anamla bağlı olduğunu düşünürəm. Birinci səbəb: Həyatda qalmağım və sağlam qidalanmağım üçün mənə cinsindən və növündən asılı olmayaraq ən ətli-canlı, bol vitaminli yarasaları yedirtməsinə baxmayaraq, anam həm yarasalara nifrət edərdi, həm də onları yeyə bilməyəcək qədər diksinərdi. İkinci səbəb: Dəcəllik etdiyim zaman mənə “Yarasalıq etmə!” deyə əsəbiləşərək, acıqlı-acıqlı baxan anamdan küsüb çəkildiyim küncümdə kədərli-kədərli yuvamızı tərk etməyimin, bütün kiçik yarasaları (o vaxtlar iri yarasaları ancaq kabuslarımda görərdim) parçalayıb yer üzündən sildikdən sonra geri qayıtmağımın xəyallarını qurardım. Bu zaman gözləri dolan anam dimdiyini sallayıb peşman olduğunu, oğlundan ötrü necə çox darıxdığını hıçqıra-hayqıra təkrarlasa da, onu heç vaxt bağışlamayacağıma, “Artıq yarasalar yoxdur, ana. Mən də olmayacağam!” deyib, onu məğrurcasına bir daha tərk edəcəyimə, daha sonra hansısa başqa bir səbəblə geri dönüb, dərhal yenə tərk edəcəyimə, isti və islatdığım öz küncümdə taqətdən düşüb yuxuya gedənədək ağlayarkən, ağac oyuğundakı həmin doğma yuvamızla naməlum uzaq səmalar arasında səyahətlər edəcəyimə özümü inandırardım. Səhəri gün isti yarasa ətinin buxarına və anamın səsinə oyanarkən, tər-təmiz havayla yeni bir günə başladığımızı anlayardım. Belə olan hallarda mən dünəndən xeyli yüngülləşmiş kədərimin yerini tutan ağır halsızlıq və laqeydlik içərisində hər şeyi unutmuş və yarasama girişmiş olardım.
Dəyərli qonaqlar, əslində, bu gün sizə anlatmaq istədiyim şey rəsmi və ya şəxsi həyatımdan çox, gizli həyatımla bağlı olmalı idi. Lakin, mahiyyət etibarilə sizinkinə bənzətdiyim tənhalıq və içimdəki “qaranlıq” problemindən bəhs etməzdən əvvəl (bunların gətirdiyi arzuolunmaz nəticələrə toxunmadan), məni aydın görə bilməyən ziyalılar üçün özümü çox qısa təsvir edim.
Yalnız mahir bir italyan rəssam tərəfindən ehtişamlı sarayların, soyuq şapellərin, kilsələrin və muzeylərin divarlarında, tavanlarında çəkilən rəsm əsərlərində rastlaşa biləcəyiniz növ gözəllikdə və ürək formasında olan sifətimdən, geniş başımdan, özəl sternuma borclu olduğum düz qamətimdən və bədənimi örtən saysız zərif tüklərdən gözəlliyimin göz qarşısında olduğunu söyləyib, təsvirimi buradaca bitirmək istərdim. Baxın, eynilə sizin sifətinizdə olduğu kimi, mənim gözəl sifətimdə də yuvarlaq və geniş gözlərim bir-birinin yanında, simmetrik yerləşməklə, binokulyar, üçölçülü, yüz on dərəcə bucaq altında görmə xüsusiyyətlərinə (binokulyar görməmin hələlik yetmiş dərəcə olmasından şikayətimiz yoxdur) malikdirlər. Başqa quşlarda bu dərəcə bənzərliklərlə rastlaşacağınızı düşünmürəm.
Bəzən gözlərimin genişliyi başımla qeyri-proporsionallıq təşkil edir, yaşlı insanlar kimi yaxını yaxşı görə bilmirəm deyə kompleksə qapıldığımı, bəzi gecələr məhz bu səbəbdən yata bilmədiyimi düşünə bilərsiniz. Heç biri doğru deyil. Heç bunlardan söhbət belə gedə bilməz, getməməli idi də, niyəsə açmalı oldum. Bütün bunlar, ah bütün bu cəfəngiyat əclaf yarasaların usanmadan uydurduğu bayağı yalanlardır sadəcə. İftira, qeybət, fitnə-fəsad saçan ikiüzlü, yapışqan varlıqlar! Yox, sizi nəzərdə tutmurdum. Qəzəbinizi başa düşürəm, amma sizi nəzərdən tutmurdum! Məqsədim lənətəgəlmiş yarasaların bizdən fərqli olaraq niyə bu qədər çox “məşhur” olmalarının səbəbini izah etmək idi.
Hətta inanın mənə, boruşəkilli sümük strukturları tərəfindən oyuqlarında sabit saxlanan gözəl gözlərimi qımıldada bilmədiyim üçün, yalnız başımı çevirməklə görüntünü dəyişə bilməyim sizdə hər hansı bir əndişə də oyatmamalıdır. Çünki, başımı iki yüz yetmiş dərəcəyə qədər hərəkət etdirə bilirəm! Bəlkə, indi sizin də aranızda gizlənmiş bəzi yarasalar var, hansılar ki, məndə çatışmazlıqlar, zəif xüsusiyyətlər axtarmaq, eşitmək üçün bura qədər səbirlə dinləyiblər. Varsa əgər belələri, indidən buranı tərk edə bilərlər. Amma yox, bir dəqiqə ayaq saxlasınlar. Böyük ehtimal, getməzdən öncə: “Yox, elə sən özün bizdən də ikiüzlüsən! Necə olur axı, başını iki yüz yetmiş dərəcə çevirməyin beyninə qan axınına mane olmur?” deyə, məkrli bir sualdan daha çox, nifrət və mənfi enerji göndərmək istəyərsiniz. Əlbəttə, Tyto növündən heç bir kübar bayquş bu dərəcə yararsız, qısqanc və yarasasifət insanlara cavab vermək istəməz. Qoy, özləri araşdırsınlar! Çox üzr istəyirəm: Tfu!
Madam ki, ziyanverici həşəratlar tərk etdilər (həşərat dedim, lap acdım), ümid edirəm, indi mənimlə bu qaranlıq otağı paylaşanlar ən azı bir bayquş qədər səmimi, anlayışlı insanlardır və öz həmişəki dəqiq, yanılmaz və əvəzedilməz adlandırmalarını tətbiq etməyə can atan digər dayaz düşüncəli insanlar kimi, mənim kobud və burnudik olduğumu düşünməyə tələsməzlər. Amma bu necə işdir, bu qədər səmimiyyətdən sonra içinizdəki həmin “qaranlıq sərnişinlə” hələ də mübarizə apara bilmədiyinizi görürəm. Buna, daha çox, mübarizə aparmaq istəməmək deyərdim. Doğrusu, etiraf etməliyəm ki, məni nə səbəbə sevə bilməməyinizi dəqiqliklə anlamağa can atmıram. Çünki, içinizdən heç bir vasitəylə qopmaq bilməyən o anlaşılmaz qaranlığınızda bəzi meyllərinizi bayquş gözlərimə (xeyr, gözəl Tyto bayquşu gözlərimə!) bağlı olan sinir mexanizmlərim sayəsində çox yaxşı görə bilirəm. Sonra istər-istəməz bir sual ilişir başımda: Görəsən, biz bayquşlar, yoxsa siz insanlar daha qaranlıq və ya daha tənha həyat sürürlər? Başqası ilə nə qədər yaxın olduğunuzu düşünsəniz də, onunla aranızda sonsuz bir məsafə olduğunu, çünki belə bir başqasının içinizdəki bu dərin qaranlığa sonsuz uzaqlıqda olduğunu anlamamış olmazsınız.
Ona “Bayquş olma!”, “Əsl bayquşsan sən!” deyə irad tutan qeyri-səmimi insanları xatırlayır bütün gecəni xəstə yatağında uzanıb mənimlə baxışmağı sevən bir xəstə. Bəzən bizi ayıran pəncərədən saatlarla bir-birimizi izləyirik, hər ikimizdəki əlçatmaz, kəşf edilməyə hələ hazır olmayan bu qaranlığı görüb qorxuruq, amma gözlərimizi bir-birimizə zilləməyə də davam edirik. Sanki, hər ikimiz həqiqi özümüzü tanımaqdan və qəbul etməkdən qorxmamağın yolunun bir-birimizdən qorxub-çəkinmədən bir-birimizin gözlərini saatlarla izləməkdən keçdiyinə inanırıq. Bəzən isə, o da, mənim kimi yırtıcı olmaq, öldürməkmi istəyir, yoxsa çoxdan qatildir, deyə sual verirəm özümə. Çünki onun da, öz cinsindən olanların ölümünə kədərdən və ya heyfsilənmədən daha çox, bir yenilik kimi, canlı bir maraq və ehtiyatlı həvəslə yanaşdığını, bunları büruzə verməmək üçün kədərli görünməyə çalışdığını bilirəm. Bu an, sanki, mən onun qaranlığına bir addım daha yaxınlaşmış kimi hiss edirəm özümü. Bəs, o, bunun fərqinə varırmı, görəsən?
Bir bayquşun şəxsi həyatına ətli burunlarını soxmaq istəyən insanlara əsəbiləşmirəm, amma “Bayquş olma!”, “Əsl bayquşsan sən!” deyən düşüncəsiz insanlara səslənirəm: “Yarasalıq etməyin! Əsl bayquş mən özüməm!”
Bakı, 2018