Mən Vicdanam – Şamxal Həsənovdan hekayə

Mən Vicdanam – Şamxal Həsənovdan hekayə
17 sentyabr 2019
# 17:29

Kulis.az Şamxal Həsənovun “Mən Vicdanam” hekayəsini təqdim edir. Xatırladaq ki, onun ilk hekayəsi "Yeni imza" layihəsindən çap olunmuşdu.

“Təmiz bir vicdan qədər yumşaq yastıq yoxdur.”

Anonim

Qaranlığa öyrəşmiş canam. Bəzən sahibimin məni çağırdığını eşidirəm, lakin səmimi olmadığını çox keçməmiş anlayıram. Bəs, bu, nə zaman olur və sahibimin səmimiyyətsizliyindən necə əmin ola bilirəm? Bu, daha çox, uzaqdan mənə səslənirmiş, bağlı qalmış digər yüzlərlə ehtişamlı qapının və bir-birilərinə bənzəyən qaranlıq dalanların arasında mənim tozlu-paslı qapımı axtararkən, indicə dəstəyə uzanacaq və məni görər-görməz doyunca ağlayacaqmış kimi olsa da, qapımın ağzında ayaq saxladığı və tərəddüdlə ötüb keçdiyi zamanlar olur. Belə vaxtlarda, gec-tez yenidən gələcəyinə əmin halda qaranlıqda gülümsəyir, onun uzaqlaşmasını izləyirəm.

Pəncərəsiz, işıqsız və havasız şəraitdə saxlanırıq. Əlbəttə, bu şəraitsizliyin səbəbkarı abır-həyadan məhrum sahibimdən başqası ola bilməzdi. Çünki, ən önəmli anlarda yanımıza yaxın durmamaq üçün, hətta otağımızı birdəfəlik unuda bilmək üçün necə hoqqalar çıxartdığını hər kəs çox yaxşı bilir.

Artıq burada tək olmadığımı, yəqin ki, siz də anlamış olarsınız; Sağ tərəfimdə fərqli kateqoriyalardan günahlar qruplar şəklində, belibükük, bir-birilərinə qısılmış vəziyyətdə səs-küy edirlər. Bu mavi məxluqlar nələrdən danışırlar bu qədər, deyə qulaq verdiyim vaxtlar olub. Ən çox bəhs etdikləri mövzular – insanlıq halı, baş verməli olanların təbiiliyi və qaçılmazlığı, özlərinin isə əsasən məsum və çox vaxt da cəzbedici olmaları, varlıqlarından qətiyyən utanmamalı olmalarıdır. Hətta bir neçə gün öncə, aralarından uzunsaçlı biri qəribə səs tonunda “Mən əslində mavi deyiləm, qırmızıyam. Mənə diqqətlə baxın!” – deyərək, hər kəsin görə biləcəyi qədər havaya yüksəlmişdi, səbəbini və bunu necə bacara bildiyini izah etməyə ehtiyac duymamışdı. Hər şey bir göz qırpımında baş vermişdi. Sonda, sahibimizin ağlına gələn şeyin nə olması müəmma olaraq qaldı və bu hadisə bir müddət sonra unuduldu.

Sol tərəfimdəki daha qaranlıq küncdə isə, sayını mənim belə unutduğum kiçik-kiçik utanclar lal-dinməz büzüşüblər. Əslində, özlərinin ağrılı üz ifadələri, əksər vaxtlarda aşağıya dikilmiş gözləri və özlərini qucaqlayıb oturmaları ilə bir növ sevimli göründüklərini deyə bilərəm. Lakin, təəssüf ki, qapımız bir az əvvəl qeyd etdiyim səbəblərdən çox nadir hallarda açıldığı üçün, otaqda başqa nələrin olduğunu hələlik dəqiq deyə bilmirəm.

Ümumiyyətlə, ilk öncə sizi rahatlatmaq üçün buradakı hər hansı bir məxluqun məni incidə bilməyəcəyini mütləq qeyd etməliyəm. Əslində, hər fürsətdə əzab verən elə özüməm. Yəni ki, qaranlıq otağımızdakı utanclar qədər sakit və özünəqapanmış durmağıma aldanmayın siz. Gün işığı ilə canlarına vəlvələ salmağa həmin otaq yoldaşlarımdan başlayıram. Hətta ən arsız və ən ikiüzlü bir günahın necə qorxunc acıyla qıvrıldığını, peşmanlıq içində, utanclarınkına bənzər təsirli bir səssizliyə qapandığını söyləyə bilərəm. Əlbəttə ki, beləsinə inanacaq qədər sadəlövh olmadığımı söyləməyə ehtiyac yoxdur. Çünki kim olur-olsun, bu günah tayfasına heç vaxt etibar etməz!

Halbuki, aralarında hər zaman kəsiyinə məxsus olan, hər cür yanlış və axmaq davranışlar, ən aşağılayıcı və həqarətdolu anlar, qorxaqlıqlar, yersiz və əksəriyyəti isə anlamsız olan boşboğazlıqlar, qaçırılmış fürsətlər, yarım-yamalaq və yalançı sevgi etirafları, ilk öpüşmə təcrübəsi, ehtiraslı röyalar və xəcalətverən, iyrənc fikirlər də olan utanclar səssiz olmaları ilə yanaşı, həm də zərərsizdirlər, onlardan qorxub-çəkinməyə dəyməz. Bəzilərini tanımadığımı və mənlə hər hansı birbaşa əlaqələri olmadıqlarını düşünsəm də, buraya mənim ucbatımdan düşdüklərini iddia edənlərin olduğunu aralarındakı pıçıltılardan bilirəm.

Madam ki, mənə də söz haqqı verildi, deməli, bəzi şeyləri ifadə etmək vaxtı yetişib! Digər tərəfdən isə, öz-özümə “Dayan, danışma! Qoy, hər şey əvvəlki kimi gizli qalsın!” – deyirəm, amma özümü tuta da bilmirəm. Bəlkə, tutmaq istəmirəm, nə bilmək olar! Bu yaramaz sahibimin də daim məni gizlində saxlamağa, səsimi basdalamağa çalışmasından çox yaxşı xəbərdaram. Bununla belə, bütün iplər mənim əlimdədir. Çünki mənim nə vaxt parlamaq istəyəcəyimi bilmək olmaz. Yəni, qorxaq sahibim ümumilikdə özünü, öz əxlaqi dəyərlərini, hətta gündəlik, qeyri-əlamətdar davranışlarını nə zaman qiymətləndirə və ya mühakimə edəcəyini bilmədiyindən, hələ də mənə qarşı güclü bir müdafiə mexanizmi yarada bilməyib. Yaxasından qəflətən yapışdığım anları nəzərdə tuturam. Həyəcana qapıldığı belə anlarda, məsələn, gecə üzgün və hər şeyi unutmağa hazır halda yatağında qızınmağa çalışdığı, yaxud axşamlar işdən evə çatar-çatmaz üzünə, boynuna və qulaqlarına tələsmədən isti su vurduğu anlarda zehni bir anlıq boşaldığından, özümlə birlikdə dartıb apardığım bir-iki utanc və günahla birlikdə təhlükəsizlik sistemi zəifləyən otağımızdan əsas səhnəyə sızmışam. Nəticədə, baş verənlərdən bixəbər olan, hər şeyi unudub rahatlayacağını və gündəlik ailə həyatına heç bir şey olmamış kimi davam edəcəyini düşünən sahibimin ağlını yaxşıca bulandırıb əylənmişəm. Əgər yatağındadırsa sağa-sola vurnuxmasını, arıq ayaqlarını qarnına doğru qatlayaraq, dizlərinin arasına aldığı yorğanını qucaqlamasını, vanna otağında güzgü qarşısında dayanmışsa, göz-gözə gəlməyək deyə tələsik dəsmalına uzanıb, məni yenidən qaranlığa gömməyə çalışmasını izləmişəm. Bu zaman əsldən unutduğuna və hər şeyin keçib getdiyinə uşaqcasına özünü inandırmaq üzrə olduğu halda, mən küncə sıxışdırıb oynamağa davam etmişəm. Nəfəs daralması, soyuq tərləmə ilə nəticələnən ürək döyüntülərinin nəzərə çarpacaq dərəcədə artmasını, həmişə “Marlboro” qoxan ağzının qurumağa başlamasını sezmiş, içimdə rəhm qarışıq qəribə qürur hissi keçirmiş, bütün bunlarla yanaşı bəzi şeylərin dəyişəcəyini də ümid etmişəm.

Təəssüf ki, ikiüzlü sahibim gün-gündən daha ipəyatmaz birinə çevrilir. Məsələn, öz düşkün mənafeləri naminə, məni belə çaşbaş salaraq, sözdə səmimiliyinə inandırdığı vaxtlar olmuşdur. Sanki, əslində, filan məsələ ilə əlaqədar mənim yola gəlməməyim üçün heç bir səbəb yox imiş, niyyətində olduqca səmimi və qətiyyətli imiş deyə məni aldada bilmişdir. Çox keçmədən, aldadıldığımın fərqinə varmış, şəxsi qəbul etməmiş, sahibimin bu hiyləgər cəhdlərini onun gənclik və azadlıq ehtiraslarına bağışlamışam.

Amma bir müddət sonra, “aldatmaları” vərdiş halına gətirən sahibim özü də bilmədən yolunu əməllicə azdı (“mənlə yolunu ayırdı” deyə bilərəm). Əsas təsəllisi isə, insanın öz ikiüzlü təbiətinə qalib gələ bilməyəcəyinə, vicdanıyla heç vaxt sonuna qədər səmimi ola bilməyəcəyinə özünü inandırması oldu. İnana bildiyinə də xeyli məmnun idi. Beləliklə, sahibim “müdafiəsiz” qala biləcəyi anlardan yan keçərkən daha çox diqqətli ola bildiyi üçün, artıq neçə həftədir, otağımda keçirdiyim saatların sayı əhəmiyyətli dərəcədə artmışdır. Çətin günün ömrü az olar deyirlər, amma mən onsuz da qaranlığa öyrəşmişəm! Deməli, bütün bunlar vecimə olmamalıdır; sahibimə anlayış göstərmək istəyir və son hadisələrə görə kefimi pozmuram.

Həmçinin, qorxunc sirlərin bir yerə toplaşdığı otağımın hansı bir ucqar, əsrarəngiz küncdə yerləşdiyini, formamı, rəngimi və qoxumu öyrənmək, hər şeyi bir baxışdaca anlamaq istəyən əcnəbilərə də anlayış göstərirəm. Məni öz “həqiqətlərinin” özəyi hesab edən belələri indi boşboğazlığımdan cuşa gəlmiş orta səviyyəli zehnlərini gücə salıb dinləyirlər. Öz “daxili səslərinin” mənbəyinin necə işləyə biləcəyi barədə bir fikirə sahib olmaq, onu cilovlaya bilmək ümidinə qapılırlar. Məkanımı aşkar etməklə, doğruyla yalanı asanlıqla ayırd edə biləcək həddə daxili işıqlarından düzgün istifadə edəcəklərinə inanırlar. Elə isə qulaq verin söylədiklərimə! Qəlbləri saflaşdıran, ruhunuzdakı dinclik və harmoniyanı bərqərar edən mənəm, mən! Sarsılmaz olduğumu söyləyə bilmərəm, ancaq əzab verə biləcək qədər qüdrətli olduğuma şübhəniz yoxdur, bilirəm. Əzabımın ani və ya müvəqqəti olmasını da düşünə bilərsiniz… Eyni zamanda bunu, ən dağıdıcı qüvvələrin aniliyi ilə də müqayisə edə bilərsiniz. Amma qorxmağınızı da heç istəməzdim! Bəzi vaxtlarda hiss etdiyiniz aşkar sərtliyimin ancaq sizin yaxşılığınız üçün olduğuna inanın. Çünki çox vaxt buna özüm də inanmaq istəyirəm; Azad ruhunuzun təbiətinə qarşı gəldiyimi düşünmək mənim üçün qəbuledilməzdir.

Siz, hər ehtimala qarşı “hə” ilə “yox” arasında olmağım, heç bir yerə aid olmamağım qənaətinə gəlməsəniz, yaxşı olar. Çünki vicdanı tez-tez sarsılanların və ya təbiətən zəif olanların əxlaqlı ola biləcəyinə, özlərini əxlaqlı olmalarına inandıra biləcəyinə inanmıram. İndi də eqoist olduğumu düşünürsünüz. Əxlaqın hər şey demək olmadığına, bundan əmin olmağın mümkünsüzlüyünə inanmaq istəyirsiniz. Amma özünüz də dərk edirsiniz. Qəbul etmək üzrəsiniz. Yumşaq mərhəmətim sizi sakitləşdirən zaman “doğru” yolda davam etmə arzunuzun necə yüksəldiyini, mənə inancınızın artdığını da bilirsiniz. Məhz bu zaman yumşaq yastığınız kimi məni qucaqlayıb yuxuya getmək istəyirsiniz. Tərtəmiz olduğunuza inanırsınız. Çünki olduqca sadəlövhsünüz. Özünüzü doyurucu olmayan axına qapdırmağa, baş qaldıran meyilləriniz üzərində baş sındırmamağa, məni sorğulamamağa dünəndən razısınız. Çünki, həm də bir qədər tənbəlsiniz. Nəyin doğru, nəyin yanlış olduğuna yalnız mənim daha yaxşı bələd ola biləcəyimi düşünürsünüz. Sevgili sahibimdən fərqli olaraq, ağlınızdakı bütün digər səsləri susdurub, diqqətinizi mənə vermək istəyirsiniz. Ağlınızdakı və bədəninizdəki bütün digər səsləri susdurduğunuz həmin bu anda özünüzü tamamilə azad olunmuş, bir növ arıdılmış hiss edirsiniz. Sevinirsiniz və bir az öncəki bütün xəyali çılğınlıqlarınıza indi kənardan ağızucu gülümsəyirsiniz. Halbuki, mənə sığındığınızı, bu səfər də azad ola bilmədiyinizi unudursunuz.

Doğru yoldasınız və bütün bunlardan narazı qaldığımı söyləyə bilmərəm. Çünki, ən azından, hörmət bəslədiyim ruhunuzun azad təbiətilə ziddiyyət təşkil etməyim fikrinə ancaq belə öyrəşə bilirəm. Sizi qarışıq duyğu-fikirlərdən, təhlükəli meyillərdən və bağlılıqlardan əslində bir növ “azad” etdiyimi, beləcə də ruhunuza (bir qədər əvvəl söylədiyim kimi) dinclik və harmoniya qatdığımı düşünürəm. Əqli sağlamlığınız üçün, həm də mürəkkəb varlığınıza dözə bilməyiniz üçün, azad ruhunuza bəzi qanun-qaydalar tətbiq etməli olur, onu mümkün qədər cilovlamağa çalışıram. Belə bir vəzifənin üzərimə kim tərəfindən, nə zaman qoyulması barədə isə hələlik dəqiq fikrim yoxdur. Hər halda, bayağılıqdan qorxub üzünə nəciblik, təvazökarlıq ifadələri qatmağa çalışan, sonuna qədər cəsarətli ola bilməyən sahibim kimi biri ola bilməz.

Dünəndən ağlıma qəribə bir sual ilişib. Bu dəfə ruhunuzla, onun azadlığı ilə mübarizəmlə yox, birbaşa özümlə bağlıdır: Əgər cahillik və yoxsulluq anlarında yoxluğumuz qaçılmazdırsa, tam nəzarətdə saxlaya bildiyimiz insanların da cahil olması bir o qədər ağlabatan deyilmi? Bu sual lap ağlımı qarışdırdı, anidən dəhşətli bir qorxuya qapıldım, hətta özümə inamımı da sarsıtdı deyəcəyimi fikirləşənlər sadəlövh olduqlarına artıq əmin ola bilərlər. Çünki onlar dincliyin və özgüvənin cahillikdə, dolayısı ilə mənim nəzarətimdə olduğunu qəbul etmək istəmirlər. Bunları, azadlığına düşkün olan sahibimin mənlə apardığı mübarizəsindən bilirəm. Zövqlərinin arxasınca düşməsi, son vaxtlar bunu bacarması diqqətəlayiq bir şeydir. Bir sözüm yoxdur. Hətta məndən daha anlamlı və dərin hesab etdiyi əsl “azadlıq duyğuları içərisində” rahatlıqla yata bildiyi anları mənim tərəfimdən küncə sıxışdırıldığı anları da keçib. Amma mənlə yolunu ayırdığına qərar verdiyi vaxtdan bəri ruhundakı qorxaqlıq və əndişə dincliyini daha çox pozacaq. Hələ ki çox üstünə getməmək qərarına gəlmişəm. Azadlığı sayəsində xoşbəxt olub-olmayacağını gözləyib görəcəyəm.

Digər hekayələr:

Mən Qoyunam

# 9524 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #