Kulis.az Samirə Əşrəfin "Atam, bibim və Sergey" povestindən səkkizinci hissəni təqdim edir. Xatırladaq ki, müəllifin ilk povesti olan bu əsər hər həftənin şənbə günü saytımızda hissə-hissə dərc olunacaq.
SƏKKİZİNCİ HİSSƏ
Həmin çinarın kölgəsində yay-qış, gecə-gündüz adamlar olardı. Burda müəllim də otururdu, həkim də, çayçı da, fəhlə də. Çinarın yanından keçən hər kəs mütləq ayaq saxlayıb ordakı adamlarla hal-əhval tuturdu. Rayon pərən-pərən düşəndə ilk boşalan yer çinarın altı oldu.
Bizim oxuduğumuz internat məktəbinin ibtidai siniflərinin yataqxanası və yeməkxanası rayona gələn əsgərlərin ixtiyarına verilmişdi. Bir səhər məktəbə gedəndə məktəbin həyətində üstü çadırlı hərbi maşınlar gördük. Artıq əvvəlki kimi axşamacan məktəbdə qalmırdıq. Saat 12-də bizi evə buraxırdılar. Bir gün məktəbə gedəndə sarı dəmir darvazanın bağlı olduğunu gördük. Qapının üstündəki dəmir zəncirə vurulmuş paslı qıfıla nifrətlə baxdım.
Məktəbimizin müdir müavini Səxavət çıxıb bizə daha internata gəlməməyi tapşırdı. Biz təhsilimizi davam etdirmək istəyirdiksə, ya rayonun girəcəyindəki Maksim Qorki adına məktəbə getməliydik, ya da Cəmil Əhmədov adına məktəbə.
Hər şey o qədər tez baş vermişdi ki, indi həmin anları ifadə etməkdə çətinlik çəkirəm. 6 il getdiyim məktəbin qapıları üzümüzə bağlanmışdı. Əzazil müdir müavininin bu xəbəri soyuqqanlılıqla bizə deməsi adamı ağrıdırdı. Ürəyimdə ona min cür qarğış yağdırdım. Rayonun işğalından sonra bir dəfə həmin müəllimdən söz düşdü, atam dedi, o, ermənilərə casusluq edirmiş.
Biz təxminən bir həftə Maksim Qorki adına məktəbə getdik, ancaq çox uzaq olduğundan anamgil bizi gətirib Cəmil Əhmədov məktəbinə yazdırdılar. Məktəbin direktoru anamın bibisi oğlu idi.
Bəzən rayonda bir neçə ay sakitlik olur, həyat öz axarına dönürdü. Bəzən isə həftələrlə atışma gedirdi. Rayonda hərbi xidmətə yaşı düşən gənclərin çoxu müharibəyə getmişdi.
Anamın Etibar adlı iş yoldaşı vardı. Mühasib idi. Həftədə bir dəfə rayona gəlib yoxlamadan keçirdi. O vaxt anam əmanət kassasında baş mühasib işləyirdi. Kənd mühasibləri hesabat vermək üçün birbaşa onun yanına gəlirdilər. Etibarın həm də çox gözəl rəngsazlığı vardı. Evlərin divarlarını rəngli boyalarla bəzəyib müxtəlif gül, naxışlar çəkmişdi. Evimiz təzə təmirdən çıxanda anam dəblə ayaqlaşmaq üçün istəyirdi ki, evimizin divarlarına naxış çəkdirsin. Etibar gəlib bizim evin divarlarına naxış çəkməyə başladı. Amma cəmi iki gün işləyə bildi - cəbhəyə getdi. Onun biz uşaqların otağına çəkdiyi qırmızı güllərin yarpaqları yox idi... Yarımçıq qalmışdı... Cəbhəyə gedəndən bir ay sonra Etibar minaya düşdü. Bizim üçün bu ölümlərin ən dəhşətlisi idi.
Anam həmişə bizə hirslənib qarğıyanda deyirdi: “Sizi görüm, ətiniz çətənlərdə getsin!”. Bir dəfə mən ondan bu qarğışın mənasını soruşdum. Dedi, yəni ətiniz ələ gəlməsin.
- Ana, Etibarın əti çətənlərdə gedib? – bir dəfə də süfrənin üstündə soruşdum. Gözlənilməz sualdan anam diksinib mənə hirsləndi. Amma bir də heç vaxt bizə o qarğışı eləmədi.
Rayonda kimin yaxını cəbhədə yaralanırdı, həlak olurdusa, onu ilk olaraq bizim məhəllə sakinləri bilirdilər. Çünki, yaralıları və həlak olanları vertolyotla bizim evin yaxınlığındakı stadiona gətirirdilər. Bacımın ibtidai sinif müəlliməsi vardı - Məlahət. Qızı Afət balacaboy olsa da çox gözəliydi. Saçlarını o vaxt məşhur olan “Çalıquşu” serialındakı Fəridə kimi kəsdirdiyindən ona “Fəridə” deyirdi hamı. Xüsusən, ondan xoşu gələn oğlanlar... Atası hərbçi idi. Müharibə başlayan gündən cəbhəyə getmişdi.
Stadiona növbəti dəfə vertolyot gələndə hamı bir ucdan meydançaya axışmağa başladı. Camaatın içində Məlahət müəllimə ilə uşaqları da vardı. Vertolyotdan əvvəl yaralıları düşürürdülər, sonra həlak olanları... O gün beş yaralı düşürdülər, axırda da üstü ağ parçayla bərk-bərk sarınmış cənazəni. Xərəyi yerə qoyan kimi qadınların ağlaşma səsi ətrafı bürüdü. Adamları yara-yara xərəyə yaxınlaşan Məlahət müəllimənin fəryadı bütün stadionu başına götürdü. Mən onda Məlahət müəllimənin niyə belə nalə çəkdiyini tam dərk edə bilmədim. Növbəti gün məktəbə gedəndə bildim ki, əri həlak olub.
Müharibə qarşısına çıxan hər kəsi şillələmişdi. Rayona hər dəfə top, “Qrad” mərmisi düşəndə camaat daha da azalırdı. Bəzən, günlərlə sakitlik olur, gedənlər geri qayıdır, qalanlar toxtayırdı.
Anam atama nisbətən ürəkli idi. Atam hər atışmada bizim üçün daha da narahat olur. Əli işdən-gücdən soyuyurdu. Anamsa evimizin bütün otaqlarının təmir olunmasına çalışırdı. Evə yeni mebel, avadanlıq alırdı. Hətta Bakıdan divan dəsti sifariş vermişdi. Fəhlələr onu bizim həyətin ortasında qoyub getmişdi. Atam dərsdən gələndə divan dəstinə qəzəblə baxıb evə keçdi və anam gələnə qədər heç nəyə əl vurmadı. Anam mebeli həyətdə görəndə çox əsəbiləşdi. Biz atamla köməkləşib onu evin pəncərəsindən içəri qoyduq. Bu ərəfədə atışma başladı. Atam dilinin ucuna gələn bütün söyüşləri birnəfəsə anamın üstünə yağdırdı.
Rayona düşən mərmilər hər dəfə bir neçə evi dağıdır, insanların həyatını qaraldırdı. Neçə evdə yas çadırı qurulmuşdu. Amma bizim məhəlləyə mərmi düşməmişdi hələ.
Hər axşam kəhrizin yanına yığışan kişilər cürbəcür fantastik fikirlər yürüdürdülər. Kimi deyirdi, guya bizim məhəllə dalda yer olduğu üçün ermənilər görə bilmir. Kimi də deyirdi, buranı ən axıra saxlayıblar, daha bərk vuracaqlar!
Lakin bir gün hamının büt kimi inandığı möcüzələr məhv oldu. Bizim məhəllədə iki evin üstünə “Qrad” düşdü. Binalardan biri beş qızı olan dükançı Səmərqəndin evi idi, o biri Ququşgilin evi. Mərmi vaxtı Səmərqənd evdə yatılı imiş. Ona görə o, mərmi ilə birgə torpağa gömülmüşdü. Camaat haya gələndə Səmərqəndin qızları dağılmış evlərinin qarşısında qışqırırdılar. Səmərqəndin arvadı saçını o qədər yolmuşdu ki, alnının ortasından qan axırdı.
Əsgərlər Səmərqəndin cəsədini çıxardanda məlum oldu ki, bütün bədəni parça-parça olub. Mən yalnız Səmərqəndin qana və torpağa bulaşmış qolunu görə bildim.
İkinci mərmi qonşumuz Ziyafət xalagilin evinə düşdü. Xoşbəxtlikdən evdə heç kim yox imiş. Amma bu ailəyə olan iki ay əvvəl olmuşdu. Ailənin sonbeşiyi Ququşu ermənilər öldürmüşdü. Ququşun əsl adı yadıma gəlmir. O, 18 yaşlarında arıq, uzun oğlan idi. Çox davakar idi həm də. Bıçaq düzəldib özündən yaşca balaca uşaqlara satırdı. Buna görə qonşu qadınlar onun anası ilə dalaşırdı. Ququş həm də söyüşcül idi. Birdən içib məhəllənin ortasında söyüş söyürdü. Hamı bilirdi ki, içkilidi, ona görə, baş qoşmurdular.
Hərə Ququşdan bir cür incimişdi. Onu qonşuluqda sevən çox az adam vardı. Bəlkə də heç yox idi! Müharibə başlayan kimi Ququş əyninə hərbi paltar geyinən ilk gənclərdən oldu. Əvvəl hamı elə bildi Ququş bunu fors üçün edir. Amma az keçməmiş cəbhəyə getdi, ondan incik düşənlər, əlindən yanıqlı olanlar əvvəl sevinsələr də, sonra onun üçün darıxmağa başladılar. Dörd ay sonra Ququş yaralanıb öldü. Onun cənazəsini bütün məhəllə böyük hüznlə qarşıladı. Ən kinli adamlar belə ona ürəkdən ağlayırdı.
Rayon gözgörəti boşalırdı. Hər gün daha çox adam yoxa çıxırdı. Bir gecə rayon möhkəm atəşə tutulanda atam bizi yük maşınına oturdub Papı kəndinə - xalamgilə gətirdi. Xalamın ailəsi böyük idi. Gecə saat 3-də bizi çox soyuq qarşılayıb anama dedi: “Bu vaxtı qonaq gələrlər? İndi İmran harda yatacaq?”
İmran xalamın əri idi. Evdə olan yeganə dəmir çarpayıda o yatırdı. Görünür onu çarpayıdan düşürtməyə xalamın ürəyi gəlmirdi. Atışma kəsməsə də ertəsi gün biz rayona qayıtdıq. Atam bizə bərk hirsləndi, ancaq məsələni anlayınca sakitləşdi. Çox götür-qoy edəndən sonra bizi müəllim işlədiyi Şükürbəyli kəndinə gətirdi. Orda atama dost bir ailə vardı. Ailənin bütün uşaqlarına dərs demişdi. Atamı çox istəyirdilər. Əvvəl, çox çəkinsək də, sonradan onlara öyrəşdik. Mən bu günə qədər həmin ailədən gördüyüm hörməti, qayğını heç yerdə görmədim. Evin kişisi “montyor” işləyirdi. Qadını evdar idi.
Bir axşam həyətdə oturmuşduq. Atam çöl qapını açıb içəri girdi. O, çox qanıqara idi. Stula əyləşən kimi ilk sözü bu oldu: “Ağdamı aldılar!”
Biz evimizə qayıtdıq. Amma bu dəfə birdəfəlik yır-yığış etmək üçün... Anam gözə görünən, ələ keçən nə vardısa hamısını əlimdəki qutuya boşaltdı. Evimizdən çıxanda elə bilirdim ki, bu, evimizdən son çıxışımdı. Amma... yenə qayıdacaqdım.
...Anamla qatardan düşəndə vağzal radiosundan gələn qadın səsi məni diksindirdi: “Bakı vaxtı ilə saat 6 tamamdır!”
Qatardan düşəndə hava təzə ağarırdı. Vağzalda adam əlindən tərpənmək olmurdu. Hər tərəf yüklü, çamadanlı qaçqınlarla doluydu. Burnuma hardansa isti çörək qoxusu gəldi. Gecədən yağan yağış hər tərəfdə xırda gölməçələr yaratmışdı. Qarşımda ucalan uca binalar, işıqlı mağazalar məni sanki sehrləmişdi. Anamla taksiyə əyləşib gedəndə qucağımda tutduğum iri baton çörəyinin istisi ilə üşüyən əllərimi qızdırırdım.
Taksi “İçərişəhər” metrosundan üzüyuxarı qalxıb geniş küçələrdən birinə girdi və qaranlıq girişi olan ikimərtəbəli binanın qarşısında dayandı. Anamla uzun və dar pilləkənlə qalxdıq. Anam boyası çoxdan gedib bozarmış ağ-taxta qapının zəngini basdı. Qapını çiynində sarımtıl tutuquşu olan xalam açdı. Bu günə qədər xalamı ikicə dəfə görmüşdüm. O da rayona toya gələndə... O, balacaboy, yumrusifət, ağbəniz qadın idi. Uzun xınalı saçlarını adi ağ-parça rezinlə boynunun ardında toplamışdı. Dəhlizə, ordan qaz sobası olan otağa keçdik. Qardaşım və xalamın əri səhər yeməyi yeyirdilər. Qardaşım bir aydan çox idi ki, xalamgildə qalırdı. Onun qarşısında bir stəkan şirin çay və yağ yaxılmış iri çörək parçası vardı. Biz də onlarla birlikdə nahar edib, o biri otağa keçdik.
Xalam barmağı ilə bizə susmaq işarəsi verdi. İç-içə olan ikinci otaqda xalam oğlu yatmışdı. Birinci otaqda xalamın qızı güzgü qarşısında saçlarını yığırdı. Bayaqdan nə qədər əlləşsə də, qəribə saç düzümü əmələ gətirmişdi. Xalam qızı ağ, balacaboy qız idi. Üzündə zərrə qədər də gözəllik yox idi. Üstəlik yağlı üzündə əmələ gələn qara xallar onu daha da heybətli göstərirdi. Amma bütün analar kimi xalam da elə bilirdi ki, bu dünyada varsa da, yoxsa da onun qızıdır. Xalamın qızı bizi görən kimi yaxınlaşıb çox süni tərzdə yanağını bizə uzatdı. Mən onun üzündən öpəndə dodağıma nəsə vazilenə bənzər yağlavsav maddə yapışdı. Tezcənə dodaqlarımı əlimlə sildim.
Anam məni xalamgilə qoyub Saatlı rayonuna qayıtmalı idi. Onların rayondakı idarəsini Saatlıya köçürmüşdülər. O, işdən bircə gün də qala bilməzdi, yoxsa işini itirərdi. Bizə isə pul hava-su kimi lazım idi. Neçə gün rayonda qalan atamdan halı deyildik.
Həmin günün axşamı anam qatarla rayona qayıtdı. Biz isə xalamın və əzab-əziyyətin nə olduğunu bilməyən xalam uşaqlarının umuduna qaldıq.