Kulis.az Samirə Əşrəfin “Kadrlar...” yazısını təqdim edir.
Yadıma gəlir, qocalar demişkən, dünyanın düz vaxtı, yəni təxminən iyirmi altı il əvvəl rayondakı evimiz iyun ayından sentyabrın axırına kimi Bakıdan gələn qohumlarımızın ixtiyarında olurdu. Gələn şəhərli qonaqlarımız mer-meyvədən, toyuq-cücədən yeyib sonra da yıxılıb yatırdılar ağacların kölgəsində.
O vaxtlar uşaq idim, ağlım kəsmirdi. Öz-özümə fikirləşirdim ki, şəhərli adamlar rayonda, kənd yerində nə görüblər? Niyə gedib öz dənizlərinin suyunda çimib sərinləmirlər? Öz şəhərli həyatlarını yaşamırlar.
Lap dərinə getsək, rayon işğal olunanda, nəsə gəribə, gizli bir sevinc də yaşamışdım. Fikirləşirdim ki, daha rayonlu olmaqdan çıxıb şəhərli olacağıq. Təbii ki, bu aldadıcı uşaq sevincinin ömrü o qədər də uzun olmadı. Avqustda rayon işğal olundu, ilk peşmançılığım isə oktyabr ayında özünü büruzə verdi. Bu kiçik zaman kəsiyində artıq beş-altı yaşayış ünvanı dəyişmişdik. Məktəbə gedə bilməmək, küləkli-yağışlı havaların başlanğıcındakı evsizlik dərdi, valideynlərimizin bizi dolandıra bilmək üçün qatlaşdıqları olmazın əziyyətlər və ən əsası torpağı işğal olunmayan insanların biz qaçqınlara qarşı olan soyuq, sərt münasibəti gələcəklə bağlı ümidlərimizi heçə döndərmişdi.
Məişət qayğıları çox erkən yaşda çiyinlərimə düşdü. Amma təkcə çiyinlərimə düşsəydi nə vardı ki... Həmin qayğıların gözlə görünməz ağırlığı həm də ürəyimdə özünə yer etdi.
Hərdən yaxın adamlarla söhbət edəndə məni əlli, altmış yaşlı insan kimi düşünməkdə ittiham etdilər. Yaşımdan əvvəl düşünməyi, danışmağı öyrətmişdi mənə zaman.
Yaddaşımda o illərdən elə kadrlar, xatirələr ilişib qaldı ki, sonralar nə olur-olsun, nə baş verir-versin onlardan yaxa qurtarmaq, xilas olmaq mümkün olmadı.
Saatlının hansısa kəndində rəhmətlik atama verilən dərs saatlarının ondan alınıb başqa müəllimlərə verilməsi, onun kənarlaşdırılması, məktəbdən uzaqlaşdırılması, Bakıya gəldikdən sonra da uzun müddət işsiz-gücsüz qalması, bizim üzümüzə baxa bilməməsi də bu kadrların tərkib hissəsi oldu.
O vaxtlar mən bu kimi əhvalatların həm iştirakçısı, həm də müşahidəçisi idim. Baş verən hər şeyi çinədanıma yığırdım. Fikirləşirdim ki, vaxt gələr mən də insanlardan öz “intiqam”ımızı alaram.
Ancaq ömrümə gələn “sonra”lar mənə başqa şeylər öyrətdi. İnsanları tanımağı, onların ürəyindən keçənləri, yaşadıqları çətinlikləri, çəkdikləri əzabları anlamağı öyrəndim. Öyrənə-öyrənə rentgen cihazına döndüm.
Bəzən rastlaşdığım insanların yanından yox, içindən keçib getdim. Ədəbiyyat, kitablar, orda yazılanlar mənə başqa həqiqətləri təlqin etdi. Və mən pis insan olmadım. Bacarmadım. Gördüyüm, yaşadığım naqisliklərə baxmayaraq pis olmadım.
Yaxşılıq edə bilmək üçün qarşıma çıxan ən xırda imkanı belə qiymətləndirdim. Həmin imkandan bərk-bərk yapışdım. Fədakarlığa o qədər aludə oldum ki, bir də baxdım hədsiz fədakarlıq bir gün insanın özünə də təlafisi olmayan zərbələr vurur. Yaxşı adam olmaq üçün həddindən artıq didinməmək, dəridən-qabıqdan çıxmamaq üçün dəfələrlə özümə söz verdim, hətta and da içdim. Amma olmadı. Hər dəfə daha böyük “tələ”lərə düşdüm. Həqiqət isə tamam başqaydı...
Həqiqət ondan ibarət idi ki, yaxşılar heç vaxt çevrilib pis ola bilmirlər. Pislər isə yaxşı.