Məleykə Əsədova: "Anam olmasaydı, ailə qura bilməyəcəkdim" - Müsahibə

Məleykə Əsədova

Məleykə Əsədova

1 avqust 2022
# 09:00

Kulis.az Azərbaycan Respublikasının Əməkdar və Xalq artisti Məleykə Əsədova ilə müsahibəni təqdim edir.

– Məleykə xanım, ilk dəfə hansı teatrla başlamısınız?

– Gənclər teatrı ilə. İlk tamaşam “Aydın” tamaşası olub. Mən İncəsənət Universitetinin axırıncı kurslarında Lütfi Məmmədbəyovun təklifi ilə balaca bir rol oynamışdım. Həmişə mənə deyirdi ki, sən mütləq səhnədə olmalısan.

O vaxt da Hüseynağa Atakişiyev “Gənclər teatrı” yaratmışdı. Lütfi müəllim mənə dedi ki, sən mütləq Hüseynağa müəllimin yanına get. Səni görüb, müşahidə edən kimi teatra qəbul edəcək. Mən də getdim, Hüseynağa müəllimin yanına. Qapıdan içəri girəndə Həsən Əblucla rastlaşdım. Danşığım, diksiyam onun xoşuna gəldi.

– Bəs həyəcan vardı? Gənc aktrisa idiniz və Hüseynağa müəllim də bir az zəhmli insan idi.

– Bilirsiniz, mən istedadıma o qədər güvənirdim ki, uşaqlıqdan mahnılar oxuya-oxuya deyirdim ki, mən aktrisa olacam. İstedadıma çox inanırdım, mahnı oxuyurdum, rəqs edirdim, İncəsənət Universitetində oxuyanda hamı mənə deyirdi ki, çox istedadlısan. Özümə çox arxayın idim, həmişə ən çətinə varan aktrisa idim. Lütfi müəllim mənə deyirdi ki, Allah səni səhnə üçün yaradıb.

İncə zərif olmağıma baxmayaraq, həmişə mərd qız olmuşam.
Daxilimdə də böyük güc var idi.

Hüseynağa müəllimin yanında çıxanda Həsən Əblucla yenə rastlaşdım. İlk gəldiyim gün. Mənə dedi ki, mən burda işləyirəm. Hüseynağa müəllim dedi ki, sənədlərini gətirsin. Mənlə xeyli danışdı Həsən Əbluc. Sən demə, diksiyamı yoxlayırmış. Soruşdu ki, sən “Aydın”ı oxumusan?
Mən də Aydını 6-cı sinifdən oxumuşdum. Dedim, hə, oxumuşam. Özü də ən böyük arzum nə vaxtsa, Gültəkini oynamaq olub. O dedi ki, get bir də oxu.

Səhərə kimi “Aydın”ı oxudum, fikirləşdim ki, görəsən, mənə hansı obrazı verəcəklər? Sussananı verəcəklər, yoxsa Gültəkini? Mən Gültəkini istəyirdim. Üstündən 2-3 gün keçmişdi gəldim gördüm yazılıb ki, Gültəkin – Məleykə Əsədova, Aydın – Ayşad. Sevincimin həddi-hüdudu yox idi.

İlk dəfə gəlmişəm və ilk dəfə də arzuladığım obrazı oynayacağam.

“Aydın” tamaşası mənim üçün böyük məktəb oldu. Tamaşanın məşqi 4-5 çəkdi. Çox ürəkdən məşq edirdim, amma həddindən artıq çətin idi. Həsən Əblucla hətta nəfəs məşqləri də edirdik.

Premerya günündə bütün teatr tənqidçiləri, böyük aktyorlar, aktrisalar, Barat xanım, hamısı gəlmişdi. Onda heç kimi tanımırdım. Tamaşa bitəndən sonra gördüm ki, mənim haqqımda çox gözəl fikirlər dedilər. Barat xanım dedi ki, səhnəyə doğru-düzgün, təbii aktrisa gəlir. O da illər əvvəl Gültəkini oynamışdı. Və dedi ki, Cabbarlının əsl Gültəkini Məleykə Əsədovadır. Sonradan Barat xanımla ana-bala kimi olduq.

Gültəkin mənim üçün bir cığır oldu.

Həmin dövrlərdə də Lütfi müəllim Orxan Kamalın “Yad qızı” əsərini hazırlayırdı. Mənim onda 20-21 yaşım vardı. Amma “Yad qızı”nda olan Jalə obrazı 30 yaşında olan bir qız idi. Hər şeyə rəğmən, ona da çəkildim. Televiziya tamaşası idi.

Özümə söz vermişdim ki, əgər tamaşaçı məni qəbul etməsə, başqa bir işlə məşğul olacağam. Gecə tamaşanı oynadıq, səhər piyada getdim “Aktyorlar evi”nə. Bilə-bilə piyada gəldim ki, görüm tamaşaçı məni görüb tanıyacaq, qəbul edəcək, yoxsa yox? İnandırım sizi, yolda gedəndə hamı deyirdi ki, aa, Jaləyə baxın, Jaləyə baxın.

“Yad qızı” mənə böyük şöhrət gətirdi, ondan sonra neçə-neçə filmlərdən təklif gəldi. Obrazlar, baş rollar və sair, və ilaxır.

– Bəs, Məleykə xanım, təsirlənmə var idi kimdənsə?

– Televiziyada görürdüm, Hökümə xanımı, Barat Şəkinskayanı, Nəcibə Məlikovanı, elə uşaqlıqdan deyirdim ki, aktrisa olacam. Atam elə bilirdi ki, uşaq şıltaqlığıdır, keçib gedəcək. Amma mən inadkar insanam. Bir şeyi istəyəndə, onu mütləq etməliyəm. Düzdür, püxtələşmə də sonradan oldu səhnədə.

– Hüseynağa müəllimin iş prosesi necə idi?

– Hər bir istedadlı rejissor mənim üçün məktəb olub. Hər bir əsər mənim üçün məktəb olub. Yaradıcı insan ömür boyu işləməlidir. Fərqli-fərqli obrazlar, fərqli-fərqli rejissorlar səni səhnədə püxtələşdirir və əsl aktrisa edir. Hüseynağa müəllim də belə rejissorlardan idi.

Çox mehriban insan idi. Hamımız onu çox istəyirdik. Çoxlu qastrol səfərlərimiz olub. İşdə isə ciddi idi. Məşq məşqdir, səhnə səhnədir, həyatda dostluq da ayrıdır.

Hüseynağa müəllim də, Lütfi müəllim də məni çox istəyirdilər. Hər zaman deyirəm ki, məni sənətə Lütfi müəllim gətirib. Məni Azərbaycan xalqına sevdirən Lütfi müəllimin tamaşaları olub.

Bir çox tamaşalardan sonra Həsən Turabov məni görmüşdü, çox bəyənirdi. Şəxsən özü, mənə dedi ki, gəl “Azdrama”ya işləməyə. 1993-cü ilin əvvəlindən başladım “Azdrama”da işləməyə. Orda da çox böyük obrazlar oynadım.

Həmin dövrlərdə Əlibala müəllimin “İtkin gəlin” tamaşası çəkilirdi televiziya üçün. Çox aktirsaları yoxlamışdılar, amma seçə bilmirdilər. Əlibala müəllim məni görən kimi dedi ki, mənim aktrisam Məleykədir. Sən Əfqanıstanda gördüyüm qıza bənzəyirsən.

Mənim rollarımdan sonra nə qədər valideyn öz övladlarına Jalə, Əfsanə, Gültəkin adı qoyurdular. Bu aktrisanın ən böyük uğurudur. Oynadığın obrazla yadda qalasan.

Daha sonra Cənnət Səlimova ilə Həsən Turabov məni çağırdı, dedilər ki, “Fərhad və Şirin”də Şirin obrazı oynayacaqsan. Bu mənim üçün çox böyük bir şey idi. Uzun məşqlər oldu. Mikayıl Mirzə ilə xeyli danışıq məşqləri edirdik.
“Fərhad və Şirin” tamaşasını mən ömür boyu unutmayacağam. O tamaşa, o premerya... Heydər Əliyev də o tamaşaya baxdı. Çox həyəcanlanmışdım.

Ulu öndərimiz o tamaşadan sonra mənim ünvanıma yüksək fikirlər söylədi.

“Fərhad və Şirin” tamaşasından sonra mən Respublikanın Xalq artisti adına layiq görüldüm. 2002-ci ildən də Prezident mükafatçısıyam. Özümü çox şanslı hiss edirəm.

– Məleykə xanım, teatrda sizi necə qarşıladılar? Köhnə nəsil, yeni nəsil...

– Çox gözəl qarşıladılar. Mən həmişə gözəl yerləri görürəm. Düzdür, hər premeryadan, hər uğurumdan sonra nəsə qəlbimə dəyən şeylər olsa da, onları görmürəm. Hər zaman cavabı obrazlarımla, işimlə, rolumla verirəm.

– Adətən, “Azdrama”ya təyinatla gəlirdirlər. Amma siz dəvət olunmuşduz. Maraqlıdır ki, orda yaşlı nəslin sizə qarşı olan münasibəti necə idi?

– Təbii ki, çox şeylər olub. Amma onları danışmaq istəmirəm. Çünki qalmaqaldan uzaq insanam. Mənfi şeyləri danışmaq istəmirəm.

Xarici gözəllik keçicidir, əsas daxili gözəllikdir. Daxili gözəllik heç vaxt getmir. Qocalıq qismət eləsin Allah bizə, amma nurumuzu almasın əlimizdən.

– Məleykə xanım, maneələr olubmu sizə qarşı?

– Təbii ki, olub. Amma bunları danışmağa ehtiyac yoxdur. Həyat varsa, pis də olacaq, yaxşı da olacaq. Ona görə də yaxşını danışaq.

– “Azdrama”nı pafos teatrı adlandırırlar. Buna münasibətiniz nədir?

– Qətiyyən belə şey yoxdur. Pafos estetikası zamanında o cür danışıq olub. Amma hazırkı dövrdə belə şey yoxdur. Ən arxada oturan adam da bizim səsimizi eşitməlidir. Amma mən Şirini oynayıramsa, onun dilindən deyilən şeiri yüksək səslə deməliyəm.

Ümumiyyətlə, hər bir əsərdə fərqli rol oynayırıq. Üstəlik, klassik əsərlər. Mən onları necə adi danışıq tərzində oynayım. Səhnənin səhnə dili, səhnə danışığı, səhnə mədəniyyəti var. Onu teatrdan anlamayan adamlar deyə bilər.

– Hal-hazırda teatrda vəziyyət nə yerdədir?

– Çox yaxşıdır. Biz Azər müəllimi çox istəyirik. Azər müəllim böyük rejissordur. Ondan yaxşı mənada istifadə etməliyik. Onun təcrübəsindən, istedadından yararlanmalıyıq.

Bir dəfə Gürcüstana qastrola getmişdik. Oranın aktyorları Azər müəllimin əlindən öpürdülər. İstəyirdilər ki, ondan nəsə öyrənsinlər. Bizdə isə onu tənqid edirlər. Var olanın qədrini bilmirik. Onun tamaşaları hər zaman böyük maraqla qarşılanıb. Gərək var olan insanın qədrini bilək və qəlbinə dəyməyək. Allah Azər müəllimə can sağlığı versin.

– Sənət, yoxsa ailə?

– Sənin xarakterin mənim kimi ola bilər? Hər kəsin xarakteri fərqlidir. Hərənin buna münasibəti və cavabı müxtəlifdir. Mən özümdən danışacam. Heç kimdən danışmayacam.

Bilirsiz, baş çox qarışıq oldu, həmişə səhnədə oluram, televiziya, film çəkilişləri, vallah, vaxt qalmır ailəyə. İndi çox işlərimi qızıma görə ləğv edirəm. Ailə qurmağım anamın istəyi ilə olub. Deyirdi ki, xəstəyəm, ailə qur. Sağ olsun, anam. Əgər anam olmasaydı, ailə qura bilməyəcəkdim. Nə yaxşı ki, qurdum.

– Məşhur qadın kimi bir arxa, bir dayaq olmağını istəyirsiz qarşı cinsdən? O ehtiyacınız varmı?

– Mən bundan sonra heç vaxt istəmirəm ki, ailə quram. Çünki mən qız böyüdürəm. İş, sənət, övladım. Çox ağırdır, çox. Belə incə görünməyimə baxmayın, daxilimdə kişi qüdrəti daşıyıram. Amma artıq öyrəşmişəm və dözürəm. Qız övladımın yanına yeni bir ata gətirmərəm.

– Kimlərlə tandeminizi uğurlu hesab edirsiniz?

– Kamal Xudaverdiyev “Kral Lir”də atamı oynayıb. “Aydın”da Nurəddin Mehdixanlı. “Qisas qiyamətə qalmaz”da Həsən Turabovla, Füzuli Heseynovla “Misir gecələri”ndə, Əlabbas Qədirovla “Özümüzü kəsən qılınc”da. Çox gözəl tandemlərimiz olub.


# 9611 dəfə oxunub

Müəllifin son yazıları

# # #