Tənhalığa məhkum edilən şəhid qadını - Samirə yazır...

Tənhalığa məhkum edilən şəhid qadını - Samirə yazır...
27 sentyabr 2021
# 15:30

Müharibə və qadın mövzusundan söz düşəndə yadıma ilk İsa Muğannanın “Tütək səsi” və “Saz” hekayələri əsasında çəkilmiş “Tütək səsi” filmi düşür.

Ədəbiyyatımızda müharibə zamanı Azərbaycan qadınının düşdüyü ağır situasiyası bu əsərdəki qədər aydın və səmimi ifadə olunmayıb. Bir tərəfdə ərindən qara kağız alıb taleyə boyun əyən qadınlar, digər tərəfdə ərinin yolunu gözləməyə davam edənlər. Bir yanda isə bu yolu gözləməyib ərinin dostuna ərə gedən Sayalılar...

Sayalı, əlbəttə, istisnadır. İsa Muğanna bu obrazı sanki sınaq kimi təqdim edir. Müəllif göstərir ki, əgər belə olarsa, bir qadın ərinin yolunu gözləməyib onun dostuna ərə gedərsə, nə baş verər?

Ailə, oğul, qonşu, kolxoz sədri, bütünlüklə el-oba o qadının başına hansı oyunu gətirər?

Halbuki, bir az soyuq başla düşünsək, görərik ki, ömür insana bircə dəfə verilir. Və bu ömrü necə yaşamaq hər kəsin özünə məxsusdur.

Sayalı nümunəsi Azərbaycan qadını üçün dəhşətli nümunə idi!

Qarabağ müharibəsi başlananda ərləri müharibəyə gedən qadınlar arxa cəbhədə sözün əsl mənasında döyüşdülər. Aclıqla, soyuqla, yoxsulluqla.

Bir də namuslu şəhid qadını adı uğrunda!

Müharibədə ərlərini itirən qadınlar bir ömürlük tənhalığa məhkumdurlar.

Nadir istisnalar əlbəttə var...

Şəhid xanımı artıq bütün hallarda böyük və ağır bir yükün altına girir. Daha doğrusu, cəmiyyətin diktəsi ilə bu yükü çiyinlərinə götürməyə və bir ömür boyu daşımağa məcbur qalır. Şəhid arvadı statusu alan qadının övladlarından və bu addan başqa heç bir həyat amalı yoxdur. Övlad da yoxsa, lap çətindir...

Bu fikirləri uzun zamandır ki, şəhid ailələri ilə müsahibələr, reportajlar edən, onlarla yaxın təmasda olan müəllif kimi yazıram.

Doğrusu qadın sədaqətinin ən bariz nümunələri ilə də məhz elə bu ailələrdə tanış olmuşam. Otuz ildir ərini müharibədə itirən qadınların zülüm-zülüm ağlaması, ərlərini hələ də eyni hisslərlə, emosiyalarla xatırlaması məni heyrətə gətirib.

Məsələnin başqa bir tərəfi də var.

Şəhid qadını olmağı yox, döyüşçü olmağı, birbaşa şəhid olmağı seçən qadınlar da olub.

Bir dəfə Qarabağ müharibəsində iştirak edən qadın döyüşçüləri tapıb danışdırmaq, daha sonra isə onların müharibədə və müharibədən sonra yaşadıqlarını mətn halına salmaq barədə xeyli düşündüm. Hətta döyüş yolu keçmiş bir neçə qadınla əlaqə də yaratdım. Elə ilk söhbətdəcə məlum oldu ki, mən heç vaxt yazıçı kimi özümə və ədəbiyyata yararlı söhbətləri onlardan ala bilməyəcəm.

Doğrusu, Nobelli yazıçı Svetlana Alekseyeviçin “Müharibə qadın simalı deyil” kitabının qazandığı uğur məni uzun zaman təsirləndirsə də, bizim müharibə qadınlarının ritorik danışıqları bir o qədər ruhdan saldı.

Məsələ burasındadır ki, müharibənin bütün dövrlərində arxa cəbhədə qalan qadınlarla müqayisədə ön cəbhədə döyüşən qadınların vəziyyəti daha çətin olub. Yazılan romanlar, çəkilən filmlər sübut edir ki, müharibə öz odlu-alovlu sinəsində döyüşən qadınlara çox vaxt ədalətsiz münasibət bəsləyib. Gəncliyindən, gözəlliyindən, ailədən məhrum olan bu qadınlar həm də təmiz addan məhrum olublar. Nə qədər acı və ürküdücü olsa da, müharibədə kişilərlə çiyin-çiyinə döyüşən qadınlara müharibədən sonra xoş münasibət bəslənilməyib.

Müharibə zamanı bir çox qadınların “çağırsa, ellər gedərəm davaya” tipli şüarlarını görəndə dərhal hiss edirsən ki, bu qadınların müharibənin ağrı-acısından çox da xəbərləri yoxdur.

İnkarolunmaz faktdır ki, tarixi güclü cinsin nümayəndələri yazır. Dünyanın bir çox ölkələrində qadınlardan ibarət ordu, diviziya, komandanlıq var. Tarixi yazanlarla çiyin-çiyinə, ləyaqətlə eyni cəbhədə addımlamaq da qürurvericidir.

Misal üçün, mənim uşaqlıqdan bu yana ən böyük arzularımdan, xəyallarımdan biri müharibədə tibb bacısı işləmək olub. Torpaq uğrunda canını verməyə hər zaman hazır olan, ölümün üzünə dik, gözünü qırpmadan baxan insanlara qulluqdan, onların yaralarına məlhəm olmaqdan gözəl nə var?

Amma bütün hallarda yazıçı haqlıdır: Müharibə qadın simalı deyil!

# 570 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #