Hamiləliyini rejissordan gizlətdi, filmə çəkilmədiyi üçün hönkür-hönkür ağladı - Dünyanı fəth edən çirkin aktrisa

Hamiləliyini rejissordan gizlətdi, filmə çəkilmədiyi üçün hönkür-hönkür ağladı - Dünyanı fəth edən çirkin aktrisa
25 mart 2023
# 15:00

Kulis.az İtaliyanın ən məşhur aktrisası Anna Manyani haqqında araşdırmanı təqdim edir.

Yaraşıqsız, kobud və yöndəmsiz qız...

Anna Manyani 1908-ci il mart ayının 8-də Roma şəhərində qeyri qanuni uşaq kimi dünyaya gəlib. Onun atası misirli, anası isə İtaliya və yəhudi qarışığı olan qadın olub. Manyani doğulduqdan bir müddət sonra anası onu ana və atasının yanında qoyub Misirə yola düşür. Annanın anası orda ailə həyatı qurub öz qızını unudur. Bir müddət nənə və babasının himayəsi altında olan Anna olduqca ərköyün mühitdə böyüyür.

Sonralar o, öz gündəliyinə yazırdı. “Mən Romada Tibr çayına yaxın bir ərazidə dünyaya gəlmişəm. Mənim doğulduğum yerdə saraylar və dəbdəbə olmayıb. Heç vaxt şən və xoşbəxt olmamışam. Beş xala və bir dayının əhatəsində böyümüşəm. Ən böyük çatışmazlığım isə anam olub. Ola bilsin ki, mənim bir çox komplekslərim məhz bu səbəbdən yaranıb, həyatda mənə ciddi maneələr törədib”.

Annanın on yaşı olanda onu sərt qaydaları olan qapalı monastra qoyurlar. Monastrın qayda qanunları azadlığa öyrəşmiş qızcığaza əsl həbsxana təsiri bağışlayır. O, nə yolla olur olsun, ordan qurtulmağa çalışır. Günlərin birində isə monastrın bütün su krantlarını açıq qoyub binanı suya basır. Onun bu hərəkətindən sonra qohumları onu ordan çıxarıb başqa məktəbə qoyurlar. O, oxuduğu məktəbdə fransız dilini mükəmməl öyrənir. Daha sonra fortepiano təhsili alır.

On beş yaşının tamamında Anna anasını görə bilmək üçün Misir şəhərinə gedir. Həmin görüş isə onun üçün çox kədərli və ağrılı olur. O, bu görüşdən sonra da ona həmişə ögey münasibətdə olan anasının qəlbini ələ ala bilmir.

1927-ci ilin yanvar ayında Anna heç bir imtahan vermədən incəsənət dram akademiyasına daxil olur. Müəllimləri onun sənətə olan marağına və sənət eşqinə heyran olurlar.

Yaraşıqsız, kobud və yöndəmsiz qız səhnəyə çıxarkən başqalaşmağı bacarır. O, kurs işini təhvil verərkən rolunu o qədər mükəmməl ifa edir ki, dərhal paytaxtın başqa teatrlarından ona iş təklifləri gəlməyə başlayır.

Etibarsız ər və uğurlu film karyerasının başlanması...

3 oktyabr 1935-ci ildə Anna ilk baxışdan aşiq olduğu tanınmış rejissor Qoffredo Alessandrinlə ailə həyatı qurur. O, səhnə ilə ailə həyatının birlikdə idarə edə bilməyəcəyini düşünərək bir müddət teatr həyatından geri çəkilib özünü ailəyə həsr edir. Lakin, onun bütün qayğıkeşliyi və səyləri nəticəsiz qalır. Alessandrin başqa qadına bağlanıb Annadan ayrılır. O, təskinliyi yenidən iş sahəsində axtarmağa başlayır və teatr səhnəsinə geri dönür.

1940-ci ildən 44-cü ilə qədər Manyani teatr-kabare tərkibində tanınmış gülüş ustası Toto ilə çıxışlar edir. Filmlərindən və çıxışlarından Annanı izləyən Vittorio de Sika Annanı özünün çəkəcəyi “Tereza-cümə” filminə dəvət edir. Həmin film aktrisaya uğur qazandırır. 1940-cı ildə Manyani özündən doqquz yaş böyük olan aktyor Masimo Serato ilə tanış olur. Onların qısa sevgi məcəralarından Annanın “taleyin hədiyyəsi” adlandırdığı oğlu Luk dünyaya gəlir.

Roberto Rossellini ilə tanışlıq və gözlənilməz uğur.

Günlərin birində isə aktrisa gənc və yaraşıqlı rejissor Roberto Rossellini ilə tanış olur. Roberto onu “Roma açıq şəhərdir” filminə dəvət edir. Həmin ərəfədə sevgi münasibətlərində uğursuzluqlara düçar olan aktrisa ilə rejissor arasında xoş münasibət yaranır. Faşizmə lənət oxuyan bu filmin çəkilişləri zamanı aktrisa ömürlük əlilliyə məhkum olunmuş üç yaşlı oğlu Lukun atası Masimodan ayrılır.

Film Annaya çox böyük uğur gətirir. “Roma açıq şəhərdir” filmindən sonra 1948-cil ildə Rossellini Manyanini yenidən öz filmində görmək istəyir. “Sevgi” adlanan filmdə o, iki obraz yaradır. Həmin filmdən sonra Manyani Rosselinidən ayrılır. İtaliya mətbuatının yazdıqlarına inansaq, onların ayrılmalarına səbəb “Stromboli, tanrının torpağı” filmi səbəb olur. Belə ki, Roberto öz sevgilisinə həmin filmdə baş rola çəkəcəyini vəd edir. Lakin, iş elə gətirir ki, həmin rola isveçrəli aktrisa İngrid Bergman təsdiq olunur. Rossellininin bu hərəkətini bağışlamayan Manyani məhz bu səbəbdən rejissordan ayrılır.

Həmin illərdə aktrisa “Bandit” 1946, “Deputat Anjelina” 1947, “Yollarda arzular” 1948 kimi filmlərə çəkilir.

Lukino Viskonti: Anna həmin gecə səhərə kimi ağladı

1951-ci ildə Viskonti Manyanini “Belissimo” filminə çəkir. Film aktrisaya uğur qazandırır. Manyani həmin filmin ardınca Viskontinin “Biz qadınlar” filmində də çəkilir.

Lukino Viskonti öz xatirələrində yazırdı. “Mən Anna ilə “Belissimo” filminin çəkilişi vaxtı yaxından tanış olmuşam. Həmin filmdə Renuar ilə birlikdə işləyirdim. Annanı hələ ilk filmim olan “Vəsvəsə”də görmək istəyirdim. Həmin filmə Annanı təsdiq etmək mənə o qədər də asan olmadı. Çünki, filmin prodüsseri elə fikirləşirdi ki, Anna bu rol üçün uyğun deyil. Lakin, mən əmin idim ki, Annanın heç kimə məlum olmayan dramatik istedadı var. “Vəsvəsə” filminin çəkiliş meydançasına gəldiyimiz zaman mən Annanın hamilə olduğunu bilirdim. O, mənə üç aylıq hamilə olduğunu demişdi. Lakin, çəkiliş vaxtı məlum oldu ki, o, altı aylıq hamilədi. Mən çox pis olsam da, aktrisanı dəyişməyə məcbur oldum. Annanın yerinə həmin rola aktrisa Klara Kalamay çəkildi. Yadıma gəlir ki, həmin gecə təkbaşına oteldə qalan Anna səhərə qədər ağladı. Lakin, bizim dostluğumuz davam etdi. Biz bir-birimizə çox yaxın idik. Həmişə fikirlərimizə hörmətlə yanaşardıq. O, digər aktrisalara bənzəmirdi. Və onun üçün xüsusi diqqət və qayğı əsas şərt idi”.

50-ci illərin əvvəlində aktrisa üçün arzuolunan rollar birdən birə yoxa çıxır. İşsiz qalan aktrisa Amerikaya getməyi qərara alır. O, Hollivudda bir neçə filmə çəkilir. 1955-ci ildə çəkildiyi “Döyməli Roza” filmi aktrisaya “Oskar” mükafatı qazandırır. “Oskar” mükafatının 30-illik tarixində ilk dəfə idi ki, “Oskar” əcnəbi aktrisaya qismət olurdu. Həmin filmdə aktrisanın tərəf müqabili olan aktyor Bert Lankaster öz müsahibələrinin birində qeyd edirdi. “Anna Manyani nə vaxtsa yenidən tərəf müqabili olmaq istədiyim ən yaxşı aktrisadı. O, əvəzolunmaz qadın və işıqlı şəxsiyyətdi.”

Bir müddət sonra aktrisa yenidən Romaya geri dönür. 1960-cı ildə aktrisa rejissor Sidni Lyumetin “Qaçaqların cinsindənəm” filminə çəkilir. Həmin filmdə onun tərəf müqabili gənc və yaraşıqlı aktyor Marlon Brando olur.

Deyilənlərə görə aktrisa özündən 16 yaş balaca olan Marlon Brandoya vurulur. Lakin, Brando Manyanidən xoşlanmayıb və hər vəchlə aktrisadan uzaq olmağa çalışır. O, hətta Manyani haqqında belə fikir də səsləndirir. “Beverli Hilzdə olarkən o, oteldə məni ciddi cəhdlə öz yatağına çəkmək istəyirdi. Bu isə mənə dişi və erkək həşəratların birləşməsini xatırlatdı. Və mən geri çəkildim.”

Anna Manyani və Julyetta Mazina

Bir müddət sonra aktrisa çəkiliş meydançasından yorulur və evə qapanır. O, yalnız yaxın dostları və ətrafı ilə əlaqə saxlayır. Evində saxladığı heyvanları bəsləməklə vaxtını keçirən aktrisa nadir hallarda Romanın küçələrində gecə yarıdan keçmiş sahibsiz it və pişikləri yemləyərkən gözə dəyərdi.

Deyilənlərə görə onun özünə qapanma səbəblərindən biri də 1956-cı ildə cəkildiyi “Litisiyanın bacısı” filminin Venesiya film festivalında mükafat ala bilməməsi durur. Həmin festivaldan mükafatsız dönən aktrisa rejissor Lukino Viskonti ilə bərk mübahisə edib ondan inciyir. Çünki həmin il festivalda jüri olan rejissor öz səsini Manyaniyə yox, aktrisa Meri Şellə verir.

Manyani ilə Viskonti bir də on iki ildən sonra barışırlar. Şəhər mağazalarının birində təsadüfən Viskonti ilə rasltlaşan Anna qəfildən Viskontinin üzərinə atılıb deyir. “Lukino, boş ver. Məncə bu qədər sənə bəs edər”.

1958-ci ildə Manyani aktrisa Julyetta Mazina ilə birlikdə “Cəhənnəm şəhərdə” filminə çəkilir. Mətbuatın yazdığına görə filmin çəkilişi vaxtı çəkiliş meydançasında əsl cəhənnəm yaranır. Manyaninin ifa edəcəyi rol zəif olduğu üçün Manyanini qane etmir. Bunun üçün də o, tələb edir ki, onun rolu olan hissə yenidən işlənsin və Majinanın oynayacağı rolun həcmi ilə bərabərləşsin. Onun tələbi yerinə yetirilir. Əldə etdiyi nəticə isə gözlədiyindən də artıq olur. Belə ki, həmin filmdə Annanın ifası Majinanı kölgədə qoyur.

1962-ci ildə aktrisa Pyer Pazolini ilə tanış olur. Pazolini aktrisanı məxsusi onun üçün yazdığı “Mama Roma” filminə dəvət edir. İşsiz olan aktrisa həmişə aldığı qonorardan çox-çox aşağı olan məbləğə həmin filmə çəkilir. Filmdə oğlunun həyatını xilas etmək üçün fahişəlik etməyə məcbur olan qadının obrazını canlandıran aktrisa ilə rejissorun münasibətləri film boyu çox gərgin olub. Pazolini aktrisanın bir şəxsiyyət kimi onu üstələyəcəyindən ehtiyat edib. Manyani isə filmə çəkiləndən sonra belə bir ifadə işlədib. “Pazolini məndən istifadə etdi”.

Sonrakı illərdə aktrisa Federiko Fellininin, Franko Zeferillinin də filmlərinə çəkilir.

Etibarlı Roberto Rossellini və son...

Aktrisa 1973-cü il sentyabr ayının 26-da mədə xərçəngindən dünyasını dəyişir. Ölümündən əvvəl o, yazırdı “Mən ölümdən çox qorxuram. Bu bir faciədir. Və burda nə özümün, nə də kiminsə həyatını dəyişmək artıq mümkün deyildir. Əgər mən yenidən yaşamağı bacarsaydım çox işlər görə bilərdim.”

Anna Manyani ömrünün son günlərində qürurundan vaz keçib uzun illər küsülü olduğu sevimli Robertosuna zəng vurub deyir – Roberto, tez gəl. Mənim sənə ehtiyacım var.

Bircə telefon zəngi ilə Manyaninin xəstə yatağının qarşısında dayanan Roberto Rossellini aktrisanı son anına qədər tək buraxmır. Anna rəhmətə gedərkən Rosselini onu öz irsinin nümayəndəsi kimi dəfn etmək üçün göstərişlər verib, Annanın oğlunu öz himayəsinə götürür.

Onun dəfn olunduğu gün Roma qapalı şəhərə çevrilir. İş yerləri işləmir. Hər kəs aktrisanın dəfninə tələsir. Aktrisa onu sevənlərin əhatəsində torpağa tapşırılır.

# 2225 dəfə oxunub

Müəllifin son yazıları

# # #