Öz yazıçısını pozğun sayan oxucu

Öz yazıçısını pozğun sayan oxucu
28 noyabr 2017
# 16:41

Mətləbə bir azdan keçəcəyəm. Hələlik bunu buyurum ki, Azərbaycan oxucusuyla yazarı arasında münasibət artıq yeni formatda və yeni fəlsəfədə. Sosial şəbəkələr, saytlarda gedən yazılara şərh yazmaq imkanı bir ayrı mənzərə yaratmış. Ay belə əcəb eləmiş.

İndiki oxucu Sovet dövrünün romantik aurasında olduğu kimi öz yazarı qarşısında heyran pozada deyil. O artıq öz şairinə “Mən bir qızı sevirəm, o isə məni sevmir, nağayrım?” kimi suallar ünvanlayıb, Məmmədhəsən əminin Həzrət Abbasa məktubu əhvalatındakı həyəcanı yaşamır.

Mətləbə sarı gedirəm. İndiki oxucu öz yazarı qarşısında saqqız çeynəyə-çeynəyə, təsbeh şaqqıldada-şaqqıldada dayanmış. O, məsələn, 50 ilin şairinin 2-3 aya ərsəyə gətirib Facebookda paylaşdığı şeirin altında qolunu çirmələyib beyqəfil belə yaza bilir: “Pis deyil e, amma bir az əl gəzdirmək lazımdı”.

O, məsələn, istəsə, saytın şərh bölümündə iki ilin məşəqqətiylə yazılmış yaxşı bir romanın müəllifinin təpəsindən tüstü də çıxarar: “Bu, nə gic-gic şeylərdi, yazırsan?!”… Kefinin kef yerində bu cümlənin ardına üç dənə gülüş smaylı da qoyub yazıçını infarkt da eləyə bilər, istəsə.

Mətləbə keçhakeçdəyəm. İndiki oxucu təkcə öz yazarının yazılarındakı bədii keyfiyyətə yox, onların məzmununa da nəzarət etməkdə. Məsələn, siyasi havanın qızdığı vaxtlarda yazarın nə hünəri var sevgidən-mevgidən yazsın, var-yoxunu sıradan çıxararlar.

Hələ bir az da uzağa gedənlər var. Onların düşüncəsinə görə, ümumən, şeir, hekayə zamanı deyil, yazıçı qələmini süngüyə çevirməli, rəssam fırçasını nizəyə döndərməli, aktyor Hamletin monoloqunda Qəmlonun sözlərini deməli…

Mətləbin bir addımlığındayam. İndiki oxucu artıq öz yazarının davranışlarına da nəzarət etməkdə. İndiki oxucu “milləti”, “torpağı”, “milli dəyərləri”, “əxlaqi mühiti” öz yazarından “qorumaq” çabalarında. Deməli, o, öz yazarını həmişə nankor, əxlaqsız, satqın, pozğun hesab etməkdə.

Mətləbə yaxınlaşıram. Əslində, indiki oxucunun öz yazarını öz yanında görmək istəməyində pis bir şey yox. Amma o, öz yazarını təkcə öz yanında yox, həm də öz təfəkküründə görmək istəyir.

Hərçənd, ümumiləşdirmək düz olmazdı. Azərbaycanda yaxşı oxucu həmişə olub, indi də var.

Mətləbə keçəsi olmadım.

# 2324 dəfə oxunub

Müəllifin son yazıları

# # #