Tikanlı top - Modern Nağıl

Tikanlı top - <span style="color:red;">Modern Nağıl
11 mart 2019
# 15:43

Kulis.az Şahnaz Kamalın “Tikanlı top” nağılını təqdim edir.

Biri vardı, biri yoxdu, bir kənddə Nicat adlı bir oğlan vardı. O, atası, anası, babası, nənəsi və balaca bacısı Aynurla birlikdə yaşayırdı. Onların Poti adlı iti, Məstan adlı pişikləri vardı. Nicat hər gün Poti ilə, Məstan ilə oynayırdı. Hərdən Aynur bacısı da ona qoşulurdu. Ancaq Aynur bir az heyvanlardan qorxurdu.

Bir dəfə onun başına qəribə bir iş gəldi, elə o vaxtdan da Aynur heyvanlardan qorxmağa başladı. Qızcığaz ovcuna qum doldurub cücələrə səpirdi. Cücələr qumu dən bilib yeməyə çalışsalar da ağızlarına bir şey getmirdi. Qan qırmızı pipiyi olan xoruz bunu görüb əsəbiləşdi, Aynurun barmağını dişlədi. Aynur o gün çox ağladı. Nicat onu sakitləşdirməyə çalışır, həm də deyirdi ki, heyvanları aldatmaq olmaz. Ümumiyyətlə, heç kimi aldatmaq olmaz, bu, yaxşı iş deyil.


O hadisədən sonra Aynur daha heç kimi aldatmadı.


Bir gün Nicat həyətdə Poti və Məstanla oynayırdı. Birdən Poti nəyəsə baxıb hürməyə başladı. Bu, yumru tikan idi. Nicat ilk dəfə idi ki, belə tikan görürdü. O, balaca topa oxşayırdı. Amma bu balaca top-tikan hərdən yerindən tərpənir, yavaş-yavaş hərəkət edirdi. Nicat bir az təəccübləndi, bir az da qorxdu.


- Ay nənə! - mətbəxdə iş görən nənəsini səslədi.

Nənəsi mətbəxin qapısından boylandı:

- Can!

- Ay nənə, burada tikanlı top var, yeriyir.


Nənə ona yaxınlaşdı:


- Oy! Bu ki kirpidir. Haradan gəlib bizim həyətə? Çoxdandır bu tərəfdə kirpi görməmişdim. Həm də, günün günorta vaxtı.

- Kirpi?!


- Hə, kirpi. Sənin heyvanlar haqqında olan kitabında kirpi şəkli var.

- Yadımda deyil. Nənə, gəl bu kirpini evə aparaq, bizimlə yaşasın. Biz ona yemək verərik, oynayarıq.


- Olmaz. Çünki o kirpinin də evi var, balaları, dostları var. O, balaları, dostları ilə yaşamaq, oynamaq istəyir.


- Bizim ev ona daha rahat olmazmı? Mən ona qulluq edərəm, yemək verərəm, Poti ilə Məstan kimi bizimlə qalar.


- İt, pişik ev heyvanıdır, kirpi yox.


- Bəs kirpi nə yeyir, gedim gətirim, yesin?

- Kirpi öz yeməyini özü tapır. Qurd, cücü, tırtıl yeyir. Özü də kirpi ov axtarmağa gecə gedir. Ona görə, günün günorta vaxtı onu həyətimizdə görməyimə təəccübləndim.
Hə, bir də, kirpi meyvə və giləmeyvə də yeyir. Onlar südü də çox xoşlayırlar.
Nicat sevincindən atılıb-düşməyə, əl çalmağa başladı.

- İndi onu yedizdirərəm, bəlkə məndən xoşu gələ, bizdə qala, - dedi və mətbəxə tərəf qaçdı. Bir nəlbəki süd gətirib kirpinin qabağına qoydu. Ancaq balaca, tikanlı yumaq tərpənməz durdu.


- Nənə, ay nənə, kirpinin ağzı varmı?


- Hə, əlbəttə var.

- Bəs hanı, görünmür axı?


- Kirpi təhlükə hiss edəndə tikanları ilə özünü qorumağa çalışır. Kirpinin on mindən artıq tikanı var.


- On min?

- Hə, hər üç ildən bir kirpi tikanlarını dəyişir. Köhnələr tökülür, yerindən yenisi çıxır. Ancaq kirpi doğulanda tikansız olur. Tikanlar sonra çıxır.


- Bəs dişləri varmı?

- Dişləri də var, əli, ayağı da. Hətta, bapbalaca quyruğu da. Amma o qədər balacadır ki, yaxşı görünmür. Cəmi 3 santimetrdi. Kirpilərin 36 dişi var. Həm də, dişləri çox iti olur.

- 36? - Nicat heyrətləndi.


- 36. Kirpilər də insanlar kimi qocalanda dişləri tökülür.

- O indi südü görmür, necə biləcək ki, biz ona yemək gətirmişik?

- Kirpi yaxşı görmür, ancaq çox yaxşı eşidir və iy bilir.


- İndi o bizi eşidir?

- Hə.

Nicat qıyıq gözlərini geniş açdı. Bayaqdan gəlib sakitcə nənəsinin donunun ətəyindən yapışıb duran balaca Aynura, quyruğunu yelləyə-yelləyə kirpinin dörd ətrafında gəzən Potiyə, uzanıb tənbəl-tənbəl mürgüləyən, gözünün biri yumulu, biri açıq olan Məstana baxıb dedi:


- Onda, siz burdan gedin. Kirpi sizi görüb yemir. Gedin, o yesin, mən baxım.

Elə bu zaman tikanlı top hərəkətə gəldi. Kirpinin ucunda qara düyməcik olan çəhrayı burnu tikanların altından çıxdı. Südü iylədi və ağzını nəlbəkiyə yaxınlaşdırdı. Nicat aşağı çöməlib diqqətlə kirpinin hərəkətini izlədi. Kirpi südü içməyə başladı. Bayaqdan həyəcanla kirpini izləyən Poti hürdü. Kirpi qorxub yenə tikanlarının altında gizləndi. Poti pəncəsini tikanlara toxundurdu, həmin an da geri sıçradı. Nicat əlini əlinə vurub güldü:

- Poti, sən kirpini niyə incitmək istəyirdin ki, əvəzində öz canın acısın?

Sonra nənəsinə baxdı:

- Ay nənə, kirpinin belə tikanları var, demək, ona heç kim heç nə edə bilməz.

- Kirpi özünü hamıdan müdafiə edə bilir, tülkü və bayquşdan başqa.


- Tülkünü tanıyıram, amma bayquşu yox. Həm də, kirpi onlardan niyə qorxur ki? Onların əlcəyi var?

Nənə güldü:

- Hə, bayquşun əlcəyi var. Onun barmaqlarının arası bərk pulcuqlarla doludur və bu pulcuqlar kirpi tikanlarının bayquşun ayağına batmağına imkan vermir.


- Tülkünün də əlcəyi var?

- Yox, tülkü hiyləgərdir, kirpilər oddan çox sudan qorxduğunu bilir, onu diyirləyib meşədəki gölməçəyə, bataqlığa salır. Suya düşən kirpinin yumağı açılır. Onun üzünü, burnunu görən tülkü dərhal iti dişlərini işə salır.


Nicat kədərləndi:

- Yazıq kirpi!

- Bu, təbiətin qanunudur. Kirpi yaşamaq üçün cücüləri, böcəkləri yeyir, tülkü və bayquş kirpini, başqa, daha güclü heyvanlar da onları yeyirlər.

- Ay nənə, sən bunları haradan bilirsən? - Nicat soruşdu

- Bu yaxınlarda kirpilər haqqında sənədli filmə baxmışdım. - Nənə güldü - İndi gəl gedək dağdağanın dibində oturub çay içək, kirpi də öz evinə, dostlarının yanına getsin. Hamıya öz evində yaşamaq yaxşıdır.

Nənəsi Nicatın və Aynurun əlindən tutub dağdağanın dibində qoyulmuş masanın yanına apardı. Onları stulda oturdub çay süzdü və peçenye verdi. Uşaqlar çaylarını içən vaxtı nənələri onlara kirpi haqqında maraqlı şeylər danışdı. Nicat öyrəndi ki, kirpilər qışda yatırlar. Onlar 128 gün yuxuda olurlar. Kirpilərin 17 növü var. Kirpilər gündüzləri yatır, gecələri ov edirlər. Onlar sudan qorxurlar, ancaq üzməyi bacarırlar. Kirpilər hətta ağaca da çıxa bilirlər.

Nicatın dadlı peçenyeyə və nənəsinin danışdıqlarına başı necə qarışdısa, bir də baxdı ki, tikanlı top əvvəlki yerində yoxdur. Nəlbəkidə qalan südü isə Məstan içir.

# 8439 dəfə oxunub

Müəllifin son yazıları

# # #