Burun mədəniyyəti

Burun mədəniyyəti
20 noyabr 2014
# 12:56

(“Kitablar və insanlar” silsiləsindən)

Öz həyatını normal yaşaya bilməyən insanlar başqalarının həyatına burun soxmaqla, şəxsi sirləri eşələməklə təsəlli tapar.

Üzərinə düşən işin öhdəsindən gələ bilməyənlər də, başqalarının işinin paxıllığı ilə alışıb-yanar. Bu adamların bəxtsizlik kompleksi var; özgələri kimi olmaq, özgələrinə aid nələrisə oğurlamaq arzusu onların ruhuna hakimdir.

Bir də anlaya bilmədikləri adamları “axmaq” vəziyyətinə salan, lağ hədəfi edənlər var. Cəmiyyətlərin inkişafına həmişə belə adamlar mane olar. Dəvənin qanad qazanması kimi, bu tiplər bir mövqe qazandıqda, əlləri adi bir “sarı” saytın müxbirliyinə çatanda olar qəzəb tuluğu.

Əlbəttə ki, mətbuat adamlarının günahı çoxdur. Və bu günah bu gün də, bizim xalqımızın yaşadığı bəlaların hər birində özünü tapıb.

Bir də “neojurnalist” nəsli var. Status yaradıcılığı ilə ictimai xadim olan şəxslər. Hər şeydən narazıdır. Heç kimi bəyənmir, ayda-ildə bir dəfə belə, kiməsə mərhəmət göstərib tikansız rəy yazmaz. Amma çox uğursuzdur, bacarıqsızdır. Bu, ona əzab verir...

Deyəsən, “fəlsəfi söhbət”imiz ağır olacaq. Amma çox bəyəndiyim və maraqla öyrəndiyim bir alim və bir yazıçıdan, daha doğrusu, yazıçının qəhrəmanından söz açmaq istərdim.

Nikola Tesla. Bir çox yeniliklərə imza atan, hətta iddiaları kağız üzərində qalan bir alim. Onun bəzi iddiaları hələ də “qeyri-real” sayılır. Di gəl ki, bir çox dövlətlər öz gizli laboratoriyalarında Teslanın üsullarından yararlanırlar. Və ya yararlanmağa çalışırlar.

Tesla müharibələrin düşməni idi. Amma nədənsə, dağıdıcı bir silah üzərində işləyirdi və bu silahla müharibələrə son qoyacağına inanırdı. Bu silah efir nəzəriyyəsi ilə, yaxud havada dalğalar yaymaqla böyük qurğulara təsir edə bilər, istənilən obyektdə, istənilən məkanda böyük bir enerji partlayışı yarada bilərdi. Onu sıxdılar, əzdilər, dəli elan etdilər...

Keçək Cek Londonun qəhrəmanına. Yazıçı “Bütün dünyanın düşməni” adlı hekayəsində öz doğma xalasından belə xeyir görməyən yetim bir uşağın gənc alimə çevrilməsi, sonra “inqilabçı”, daha sonra “qatil” damğası almaqla cəmiyyətin düşməninə çevrilməsindən bəhs edir.

Professor Emil Qlyuk. Kiçik bir qurğu ilə onu incidən, əzab verən, şərləyən, sıxışdıran, elmi nailiyyətlərini kölgə altına salan insanlardan qisas alır. Kiçik bir silah ilə böyük dövlətlərin ordusunu sıradan çıxarır.

Düzdür, axırda ilişir... Amma məhz sevgi yoxluğundan, nə qədər cinayətlər törədir.

Müəllif də çox gözəl izah edir: onun hekayəsini dinləyən hər kəsin gözü dolur, lakin bu həyat qəhrəmanımızı insan nəslinin düşməninə çevirib. Onu qovdular, tutdular, elektrik stulda edam etdilər...

Gəlin, istedadlı və heç olmasa, zəhmətə qatlaşmağı bacaran, hansısa bir məqsədi olan insanları özümüzə düşmən etməyək. Onlar qətiyyəti itirməyəcək, amma məqsədləri bizə yaxşılıq etməkdən intiqam almağa çevrilə bilər.

Cəmiyyət üçün vuruşa-vuruşa, əslində elə cəmiyyətin düşmən olduğunu görən adam başqa nə etməlidir?!

Yadıma düşmüşkən, boksda belə məsələ də var: bir dəfə sınan burunlara daha qorxu yoxdur.

# 1478 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #