Biqeyrətlik nə vaxtdan postmodernizm olub?

Biqeyrətlik nə vaxtdan postmodernizm olub?
10 fevral 2015
# 11:13

Milli Düşüncə Mərkəzi adlı təşkilatın sədri, möhtərəm və möhtəşəm şair Yafəs Türksəsin Kulis.az-a verdiyi müsahibəni oxuyanda ürəyim bulandı...

Sənin nəvələrinlə oynayan vaxtın idi... Deyir, şəklini kitabıma vurduğum xanım da postmodern düşüncəlidir: "Əri ola-ola sevgilisi var. Əri də bilir sevgiliyik, məndən qabaq da sevgilisi vardı, onu da bilirdi. Əri də dünya ədəbiyyatını bilən, postmodern düşüncəli adamdır". "Milli düşüncə" adı hara, biqeyrətliyi və əxlaqsızlığı təbliğ etmək hara?

Bəli, atam yaşda kişi haqqında bu cür ağır tənqidlər yazmağım yerinə düşmür. Daha bir qanacaqsızlığı da mən etmiş oluram. Amma gəlin görək, bu adamlar özləri dayanmağı bacarırmı? Mən bu gün kiməsə bir söz deyəndə üstümə tökülüb hərə bir tərəfdən baltalayır... Amma halbuki, mən gəncəm, səhv edə bilərəm. Bəs biz gənclərə bu cür “nümunə”lər təbliğ edən insanların həyat tərzinə, sözlərinə nə deyək?

Yaxşı, həyat tərzini də qoyaq bir kənara, Yafəs Türksəsin “əjdaha” hesab etdiyi erotik şeirlərində öpüşmək, sevişmək, sürtüşmək düşüncəsindən kənara çıxmadığı aydın görünür. Bu insanın yaradıcılığını təhlil etmək istəmirəm. Yazır, əcəb edir. Özü bilər necə yazar. Amma ortaya çıxıb əxlaqsızlığa, biqeyrətliyə “postmodernizm”, “açıqfikirlilik” adı qoymasın.

Hər şeyi öz adıyla çağırmaq lazımdır. “Milli düşüncə”ni də kənara qoyuram. Mentalitet söhbətini də kənara qoyuram.

Özgəsinin qadınıyla sevgili olan və onun ərini də “həvəsləndirmək” üçün müsahibəsində “postmodern düşüncəli” adlandıran adam – ən azından, özünə hörmət eləmir.

Sevgi məhz elə bir duyğudur ki, onu yaşamalısan. Paylaşanda zibili çıxır. Yafəs bəy, siz nə sevgiylə, nə də erotikayla məşğul deyilsiniz... Bu, zibil içində eşələnməkdir. Öz həyatınızdır, özünüz bilərsiz.... Amma xahiş edirəm, pərpətöyün həyat tərzinizi mətbuata gətirməyin, ədəbiyyata calaq etməyin!

Yazar öz missiyasını, yükünü, məsuliyyətini hiss etməlidir. Əgər gəncliyini ədəbiyyata fəda veribsə, qocalığını da düşünmədən bu yolda qoymalıdır.

Mən demirəm, bizim üçün əxlaq nümunəsi olun, amma dinəndə-danışanda vicdana və məntiqə də müraciət edin!

Bayaq dediyim kimi, atam yaşındasınız... Sizi qoca vaxtınızda tanımışam, amma öz qoca vaxtımda da tanımaq, yada salmaq, hörmətlə anmaq istərdim. Türksəs təxəllüslü şair, türklükdə belə həyat tərzi qəbul olunmur.

# 900 dəfə oxunub

Müəllifin son yazıları

# # #