Minlərlə kişiylə münasibətdə olan qadın kimdir? - Allahla danışan usta

Minlərlə kişiylə münasibətdə olan qadın kimdir? - Allahla danışan usta
31 yanvar 2024
# 21:00

Kulis.az Rəvan Cavidin "Kübra" serialı haqqında yazısını təqdim edir.

Ötən günlərdə İlon Mask açıqlama verdi ki, insan beyninə yerləşdiriləcək çiplər artıq fəaliyyətə hazır vəziyyətdədir. Bu çiplər süni intellektin “iradəsi altında” işləyir. Beləki, çiplər vasitəsilə insan eyni anda bir neçə dili anlayacaq, danışa biləcək, hər hansı bir nöqtəyə zillənəndə oradakı bütün əşyalar, posterlər haqqında avtomatik məlumatlar əldə edəcək. Həmçinin havanın temperaturunu biləcək, təbii fəlakətlər haqqında əvvəlcədən xəbərdarlıq alacaq, təzyiqinə, şəkərinə və ürək döyüntülərinə də nəzarət edəcək. Çiplər sınaqdan keçirilib hətta. Yerdə qalır, insan orqanizmini bu qədər ağır informasiya yükünün altında qalmağa hazırlamaq.

Əsrimizin peyğəmbəri olan bu adam hər beş müsahibəsindən dördündə yaxın gələcəkdə internetin pulsuz olacağını da deyir. Hətta siyasilər imkan versə, bu dəqiqə dünyaya internet şəbəkəsini sürətli şəkildə dağıda biləcəyini iddia edir.

Belə. Uzun sözün qısası, “robotlar dünyanı ələ keçirəcək” ifadəsi həqiqətə çevrilir. Süni intellekt həyatın bütün sahələrinə “Venom” kimi yayılır. Niyə “Venom”? Çünki onun qədər yırtıcı olmağa başlayıb artıq. “Əhliləşməyən” bir sistemin içində “dünya mənim, dünya sənin” deyə bilmirik. Dünya artıq onlarındır.

Süni intellekt haqqında 2010-dan kitablar yazılır, filmlər çəkilir, məqalələr təqdim olunur. Dördüncü sənaye inqilabı indi insanların yox, süni intellektin “çiyinləri” üzərində dayanıb.

Harari gələcəkdən xəbər verən kitablar yazanda, Nolan öz yuxularına dəmir don geyindirib filmlər çəkəndə çox adam pessimistliyə qapansa da, bəzilərinin ümumi dünyagörüşü bu idi ki, onu da insan yaradıb, deməli, insandan güclü deyil. Lakin IV Sənaye Dövrü onu göstərdi ki, bu robotlar insanlarsız da bir-biri ilə əlaqə yarada bilirlər. Və bu əlaqənin, bu alqoritmanın adı süni intellektdir.

“Netflix” keçən həftə baş rolda Çağatay Ulusoyun oynadığı yeni serial təqdim etdi: “Kübra”. “Kübra”nın müəllifi keçən ilin sonlarında təqdim olunan “Qaynar qafa”nın yazarı Afşin Kumdur. Afşin Kum hələ COVİD dərdi canımıza daraşmadan əvvəl “Qaynar qafa”nı yazdı, “Netflix”də ekranlaşdırdı. İndi də Kum adlı süni intellektin allahlıq iddialarından yazıb. Ümumiyyətlə, türk ədəbiyyatında uğurlu nümunəsinə rast gəlinməyən distopik janrda ən yaxşı kitabları hələki o yazır.
“Kübra”nın xülasəsi belədir:

Avtomobil təmirçisi Gürkan (Çağatay Ulusoy) əsgərlikdə bütün yoldaşlarının öldüyü partlayışdan sağ çıxıb. Əvvəllər içki içən, dava-dalaşa baş qoşan bu gənc baş verən partlayışdan sonra din yolunu seçir. Həyatını sahmana salır. Dini mövzularda müzakirə apardığı bir sosial şəbəkədə “Kübra” adlı robot onunla danışmağa başlayır. Və gələcəkdəki fəlakətlərdən xəbər verir. Gürkan onun əmriylə həmin hadisələrin qarşısını alır. İnsanlar kömək edir və bir andaca xalq onu seçilmiş qəbul edir. O, Allahla danışır. Daha doğrusu mesajlaşır. Gürkanın ləqəbi Səmavidir. Səmavinin ətrafında milyonlarla insan toplaşır. Dövlət bundan qorxuya düşür. Müxtəlif siyasətçilər Səmavinin yanında görünmək istəsə də, şüarı “Maddiyat zincirdir” olan bu adamlar siyasətə qarışmır. Vəziyyət daha da qəlizləşir. Birinci sezonun son bölümündə məlum olur ki, bizim “Kübra” bir İT şirkətinin süni intellekt layihəsidir. Yəni, Gürkana mesaj göndərən Allah yox, kompüter imiş. İşin ən həyəcanlı tərəfi isə, bu kompüteri heç kim idarə etmir. O, fəaliiyətə verilmiş süni intellektdir. İkinci sezonda Süni intellektlə insanların davasını izləyəcəyik.

Öncə onu qeyd edim ki, serial mənə Feniksin baş rolda oynadığı “O” filmini xatırlatdı. Həyat yoldaşından boşanmış biri tanımadığı xanımla virtual münasibət yaşayır. Günlər keçdikcə o, tanımadığı, üzünü heç vaxt görmədiyi bu xanıma bağlanır. Sonra məlum olur ki, aşiq olduğu xanım robotdur və ondan başqa minlərlə kişiylə “münasibətdədir”. Gürkanın inandığı “Allah” da “Kübra” serialında xüsusi bir layihə kimi qarşımıza çıxır. “Kübra”nın yaradıcıları arasında son bölümdə belə bir dialoq var:

– Sən bilirsən ki, bu bizim “Manhettın” layihəmizdir? (Atom bombasını nəzərdə tutur)
– Olsun da. Bəlkə, kimlərsə bu dünyadan bezib və biz onların xəyallarını gerçəkləşdiririk...
– İnsanların həyatına bu qədər ciddi təsir edəcək süni intellekt layihəsi dünyanın aqibətini dəyişəcək...

Serialın mesajı budur ki, artıq dinlər də öz əcdadları kimi mifə çevrilir. İnsanların inanc sistemi rəqəmsallaşır. Dünya virtuallaşmağa başlayıb. Virtual dünyada ətdən-qandan olanlar yox, rəqəmlərdən ibarət olanlar baş roldadır. Allah özü də robota çevrilib.
Bir vaxtlar “Netflix” LGBT, feminizm, irqçiliyi mərkəzdə tutan ekran işləri hazırlayırdısa, indi tək mövzusu süni intellektdir. Təkcə “Netflix”in yox, bütün dünyanın.

Bəs robotların dünyasında insanın xilaskarı kim və ya nə olacaq? İllərdir bu sual yüzlərlə kitab yazdırdı, minlərlə konferans hazırlatdı.

Ümid edək ki, heç nə gec olmadan cavabı tapacağıq.

# 1836 dəfə oxunub

Müəllifin son yazıları

# # #