Mehriban Ələkbərzadə nə edib? - AzDramada baş verənlər

Mehriban Ələkbərzadə nə edib? - AzDramada baş verənlər
7 aprel 2025
# 15:00

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Azərbaycan teatrları zəngin “dedi-qodu repertuarları” ilə yenə gündəmdədir. Teatr sənətimizin qocamanı olan Akademik Milli Dram Teatrı, təəssüf ki, bu məsələdə də öncüllüyü əldən vermir. Bəli, həqiqət ondan ibarətdir ki, bizim mədəniyyət ocaqları, sarıbaş-sarıbaş aktrisalar, müğənnilər gündəmə daha çox qalmaqalla gəlirlər. Nə vaxt baxsan, efirlərdə ya ər yarışdırırlar, ya ev, ya da bir-birinə nəsə belə məişət mövzuları ilə söz atırlar. Sənət söhbəti, rol davası, səviyyəli musiqi rəqabətindən söhbət gedə bilməz. Bunlar, uzağı, ucuz səhnə şouları, düşük “mahnı oğurluqları” edə bilərlər, iki-üç cibi dolu başı boş kişini əllərində oyuncağa çevirib, onların pulu ilə ona-buna hava atarlar...

Sənət ocağında qeybətin səbəbi

Gələk Akademik Milli Dram Teatrındakı (bundan sonra Azdrama yazacam) söz-söhbətə. Deməli, Azərpaşa Nemətovdan (onun da vaxtında başqa bir dəstə ilə qalmaqal vardı) sonra “Azdrama”ya Mehriban Ələkbərzadə bədii rəhbər təyin edildi. Əvvəl sakitlik idi, Mehriban Ələkbərzadə bir neçə tarixi əsəri, klassiklərə yeni quruluşda səhnə həyatı verdi. Bir neçə yeni tamaşa işlədi.

“Azdrama”da bu tamaşalardan ikisinə baxan və azca kitab oxumuş adam kimi teatrın adamı düşündürməyə başlamasına sevindim.

Aktyor oyununda, dekorlarda, tamaşaların vaxtında yorulucuq olsa belə, fundamental yanaşma var. Hiss olunur ki, tamaşanı hazırlayan da, burda rol alanların xeyli hissəsi də söhbəti bilirlər, verdikləri mesajın fərqindədilər. Bu, çox vacib məsələdir. Bizim böyük anlamda problemimiz hansısa rejissorun, aktyorun, aktrisanın səhnə terminologiyasını bilməməyi, elastiklik və ya obraza uyğunlaşmamaq deyil. Bizim sənət aləmində də, təhsildə, səhiyyədə, jurnalistikada da problemimiz vizyon məsələsidir, adamların gördükləri işin mahiyyətini, fəlsəfəsini anlamamaqlarıdı, cəmiyyətdəki statusları, verməli olduqları mesaj öhdəliklərini dərk etməməkləridir. Ona görə də məktəb direktoruna deyəndə ki, sən müəllimə badımcanbaş deyə bilməzsən, təəccüblə “arqument” səsləndirir ki, axı qonşumuzda salon müdirəsi bütün günü işçilərinə, ”aaz, şinanay” deyir, heç onlar şikayət eləmir. Ya da əməliyyat otağında ad günü qeyd edib, oxuyub-oynayan həkim bacı hələ də elə bilir ki, onun ayağının altını qazdılar, paxıllıq elədilər. Jurnalistlərimiz avtoriteti təbliğ edib efirdə yaxınının ölüm xəbərini "şaqq" deyə adamın üzünə deməyi hünər hesab edirlər. Adamlar peşələrinin mahiyyətini, fəlsəfəsini anlamırlar. Peşənin yaratdığı öhdəlikləri qavramırlar. Çox sadəcə, qavramırlar. Yoxsa kimsə demir ki, bizim müəllimimiz Nyuton qanunlarını bilmir, həkimimiz Hippokrat andını əzbərləməyib, jurnalistimiz xəbər strukturunu düzgün qurmur, aktyorumuz səhnə davranışından məlumatsızdı. Əksinə, bunu başqalarından yaxşı əzbərləyiblər. Amma əzbərləyiblər, işin mahiyyətində, bu peşə ilə daşıdıqları missiyanın fərqində deyillər.

Mehriban Ələkbərzadə nə edib?

Bu uzun, amma yazıya birbaşa dəxli olan girişdən sonra bir də qayıdaq “Azdrama”ya. “Azdrama”da nə baş verir? Mehriban Ələkbərzadə nə edib? Köhnə tamaşalarla gününü gün edib? Özündən əsər toqquşdurub, öz əsərini də səhnəyə qoyub? “Azdrama”da yeyintiyə yol verib? Hansısa aktyorun əmək müqaviləsinə qanunsuz xitam verib? Neyniyib də bu Mehriban Ələkbərzadə?

Danışmağa əvvəlcə aktyor Əli Nur başladı. Görünən o idi ki, Əli Nur onun diqtəsi ilə aktyor Cavidan Novruzun teatrdan uzaqlaşdırılmasını istəyirdi. Səbəb də yəqin ki, Cavidanın hardasa Əli Nura bir az soyuq salam verməsi olub. Çünki o qalmaqalı da, sonra bu iki nəfərin öpüşüb-qucaqlaşmasını da izlədim, amma mənə aydın olmadı ki, bu davanın Mehriban Ələkbərzadəyə nə dəxli var, onlar niyə dalaşmışdı, niyə barışdılar? Və Mehriban Ələkbərzadə Əli Nur hirslənəndə Cavidanı teatrdan qovsaydı, (Əli Nurun təbirincə) bunlar öpüşüb-görüşəndə neyləməliydi?

Yəni dava hikkə davası idi. Sonra məlum oldu ki, söhbətin içində bir az da “Prezident təqaüdü ilə bağlı siyahıya düşməmək qorxusu” var.

Mehriban Xanlarova, Siz nə istəyirsiniz?

Daha sonra Mehriban Xanlarova başladı. Amma bu aktrisanın nə istədiyini gerçəkdən başa düşmək olmur.

Deməli, Mehriban Xanlarova Akademik Milli Dram Teatrına İsrafil İsrafilov rəhbərlik etdiyi vaxt da ictimai qalmaqal yaradıb. Qalmaqal mövzusu isə İsrafilovun onu qəbul etməməsidir. Xanlarova deyir:

“Nə birinci, nə də ikinci ərizəmə bir rəhbər kimi cavab verməyib. Məni yanına çağırıb soruşmayıb ki, ay bala, sənin dərdin nədi? Götürüb kağızı qırağa tullayır ki, mən heç bir ərizəyə cavab vermirəm. Qəbuluna düşmək üçün saatlarla növbəyə yazılmaq lazımdır. Cənab İsrafil İsrafilov, qapını aktyorların üzünə açıq qoy, camaat girib dərdini desin. Bura teatrdır, direktor aktyorların şikayətlərinə də qulaq asmalıdır, dərdlərini də bilməlidir, istəklərini də nəzərə almalıdır. İnanın, bunu bilib deyirəm”.

Bu hadisə 2012-ci ildə baş verib. 2025-ci ildə Mehriban Xanlarova bu dəfə mediada teatrın bədii rəhbəri Mehriban Ələkbərzadədən narazılığını bildirir.

Mehriban Ələkbərzadə isə aktrisanı otağında söhbətə, narazılığını dinləməyə dəvət edir. Bu dəfə aldı görək Mehriban Xanlarova nə deyir:

“Unutmayın, teatr aktyorların hesabına ayaqda qalır. Müsavat-a verdiyiniz açıqlamada “Narazı olanlara qapım açıqdır” demisiniz. Birincisi, əyləşdiyiniz otağın qapısı ikiqat qapıdır! Birini açırsan, o biri bağlanır. Elə bil otağa yox, seyfə girirsən! İkincisi, o qapını siz açmamısınız ki, indi də bizə göstərirsiniz! Yoxsa bu, sizin şəxsi evinizin qapısıdır?! Utanmadan “qapım” ifadəsini işlədirsiniz… Həddinizi aşmayın! O qapıya sizdən öncə başqa bir neçə nəfər də “qapım-qapım” deyirdi. Bəs indi haradadırlar?!”

Siz, ümumiyyətlə, nə istəyirsiniz axı, ay bacı? Birini qapısını bağladığı, aktyoru qəbul eləmədiyi üçün tənqid edirsiniz.

O biri də deyir: “qapım açıqdı”. Bunu da qapısı açıq olduğuna görə yuyub sərirsiniz. Sizin dərdinizin adı nədi, nə istəyirsiniz? Siz, böyük rollar oynadığını deyən aktrisa xanım, “qapım açıqdı” ifadəsinin mənasını, məzmununu bilmirsinizsə, o teatrda nə işiniz var? Yox, söz güləşdirib oyun oynamaq istəyirsinizsə, bunun camaata nə dəxli var?

Biz bu obrazı tanıyırıqmı? Tanıyırıq, çünki televiziyadakı məşhur hay-qışqırıq verilişlərində Mehriban Xanlarova bu obrazlarla gah gəlinin, gah da qaynananın yanında dayanırdı, axırda da hər ikisi ilə dalaşıb verilişi tərk edirdi.

Mehriban Xanlarova açıqlamalarında onu da deyib ki, rol davası aparmır. Halbuki bir aktrisanın bədii rəhbərlə başqa heç bir davası olmalı deyil. Varsa, bu şəxsidir, qərəzlidir, arvadyanadır və bunun mediaya, ictimai rəyə bir dəxli yoxdur.

Bir az daha çox oxuyanda isə görürsən ki, məsələ yenə də fəxri adlar və təqaüdlərlə bağlı narahatlıqdır, yəni puldur. Bu da təbiidir, amma bunun tamaşaçıya dəxli yoxdur. Bunu “qapım açıqdır” deyən bədii rəhbərlə, nazirliklə müzakirə etmək olar.

Mehriban Xanlarovanın daha bir “arqumenti” Ələkbərzadənin işə yeni əməkdaş qəbul etməsi ilə bağlıdır. Vakansiyanı açan Mehriban Ələkbərzadənin də təyinat əmrini imzalanyanlardır, işə əməkdaş cəlb etmək bir rəhbərin müstəsna səlahiyyətidir. Siz Allah, dünyanın harasında və elə bu ölkənin üzü ən yuxarıdan bəri hansı müəssisəsində işə yeni əməkdaş qəbul edəndə bütün kollektivi yığıb məsləhətləşirlər? Bu nə düşük, yersiz və iş əxlaqından kənar tələblərdir? Mehriban Ələkbərzadəyə bədii rəhbər postu Mehriban Xanlarova ilə şərikli həvalə olunub ki? Xanım yaradıcı iddianı iş etikası, iyerarxik statusla qatıb qarışdırıb.

“Aaz söhbəti”nin ictimai müzakirədə nə işi var?

Son günlər danışan daha bir aktrisa isə Məsmə Aslan olub. Bu bacı da deyir ki, Mehriban Ələkbərzadə mənə iş yerində “aaz” dedi. Tamaşaçı kimi soruşuram, bizə nə? Mehriban Ələkbərzadə Sizə “aaz” deyəndə ağzınız hardaydı? Mehriban xanıma “mən aaz deyiləm” demək bu qədər çətin idi? Bu, ümumiyyətlə, bir aktrisanın ictimai müzakirəyə çıxaracağı söhbətdir, ay xanım?

Və ən əsası, cəmiyyətdə son vaxtlar trend olan, çox təəssüf ki, rəsmi qurumların da qulaq verdiyi “şəhid qohumu” statusundan sui-istifadə ilə bu dəfə də Məsmə xanım məşğul olub. Bax, məşğul oduğu işin fəlsəfəsini bilməmək budur. Normalda Məsmə xanım yeri gəldi-gəlmədi şəhid adı ilə manipulyasiya edənlərə qarşı bir ziyalı, aktrisa, cəmiyyətin tanınan üzvü olan şəhid qızı kimi etiraz etməli idi. Onun ictimai statusu bunu tələb edir. Dövlət “şəhid qızı” statusunun verdiyi immuniteti bu xanıma tanıyıb. Adamdan soruşarlar, indi mən də soruşuram ki, Sizin 20 yanvarda, yəni 35 il əvvəl şəhid olmuş (Allah rəhmət eləsin!) atanızın adının Mehriban Ələkbərzadə ilə söhbətdə nə işi var idi ki, o da 20 Yanvar haqqında nəsə deyə, ya deməyə?

Siz aktrisa yox, şəhid qızı kimi əlavə imtiyaz istəyə bilərsiniz, bu, sizin haqqınızdır. Amma Azərbaycanın əmək və sosial müdafiə nazirinin adı Anar Əliyevdir, Mehriban Ələkbərzadə isə “Azdrama”nın bədii rəhbəridir. Yox, bu söhbəti iki iş yoldaşı, həmsöhbət, nə bilim rəfiqə kimi eləyib, dərdləşmisinizsə, indi bunu niyə şantaja çevirmisiniz? Əgər “Azdrama”da 20 Yanvar faciəsi ilə bağlı tamaşa hazırlanırdısa, orda şəhid qızı obrazını bu ağrını, faciəni yaşayan, bütün uşaqlığı, gəncliyi məhz bu faciə ilə sarsılan Sizə yox, başqasına tapşırırlarsa, deyin, Mehriban Ələkbərzadəni ictimai linç edək (qaydalara zidd olsa belə), dünyada biabır edək. Amma bağışlayın, Sizin ictimailəşdirdiyiniz məsələ o deyil. Siz yorğan davasına ruhu müqəddəs olan şəhid atasınızın adını qarışdırırsınız və bunu ictimailəşdirirsiniz. Səbəb isə odur ki, şəhid məsələsinin cəmiyyətimiz və dövlət üçün həssas olduğunu bilirsiniz. Siz də, Sizdən istifadə edənlər də gözəl bilir ki, təəssüf ki, çoxluq (bunun içində məmurlar da var) özünü daha vətənpərvər göstərmək üçün şəhid adı ilə bağlı məsələləri fürsət bilirlər, haqlı oldu-olmadı bu məsələ ilə gündəmə gələnlərə üzdə dəstək göstərib, nüfuz qazanmaq istəyirlər. Bunu bəlkə başqa peşə sahibi etsə, adam hardasa məsələnin mahiyyətini, fəlsəfəsini başa düşmədiyini anlayar. Bəs axı Siz bu ölkənin Akademik Dram Teatrının aktrisasınız! Siz bu ölkənin insanına, gəncinə böyük dəyərlər aşılamalı olan adamsınız, özünüz böyük dəyərlərlə bu cür oynayırsınız. Elə bilirsiniz hamı yazdığınız “mağdur ədəbiyyatına” inanır? Ayıb deyil, Məsmə xanım?

Mehriban Ələkbərzadəyə “iki çift laf”

Bu məsələlərin bu qədər ictimai müzakirə olunmasında də ən böyük günah, əlbəttə, Mehriban Ələkbərzadənindir. Çünki bütün yaradıcılığı Azərbaycan tarixini filmləşdirməkdən, səhnələşdirmək ibarət olan adam bu cür intriqalara cavab verməli, palaz-palaz statuslar, açıqlamalar həsr etməli deyil. “Əsrə bərabər gün”ə, “İblis”ə, “Kod adı: V.X.A” quruluş verən, bu ölkənin tarixi, ədəbiyyatı, mədəniyyəti ilə bağlı 40-dan artıq sənədli film hazırlayan adam bilməlidi ki, ağlı başında olan heç kim onun vətənpərvərliyini sorğulamır, sorğulamaz.

Mehriban Ələkbərzadə ilə aparılan dava ad, hikkə, pul davasıdı. Bu açıq-açıq yazdığım müsahibə və açıqlamalarda ucuz məişət söhbətləri, balaca qadın qısqanclığı, “sən dedin, mən dedim” səpkili deyişmələr var. Burda sənət söhbəti yoxdu. Bu adamlar Mehriban Ələkbərzadənin yaradıcılığını, ideoloji baxışını, konseptual yanaşmasını müzakirə eləmirlər. Bu adamlar dedi-qodu edirlər, “iki taylı qapı, bir taylı qapı” kimi mənasız bəhanələrlə günlərini gün edirlər.

Mehriban Ələkbərzadənin 2-3 saatlıq tamaşaları illərlə eyni repertuarı “çevir tatı, vur tatı” oynayan adamları öz komfort zonalarından çıxarıb. Mən burdan müşahidə edib bunu görürəm, Mehriban Ələkbərzadə özü bunu görmür? Görürsə, bu adamlara cavab verməsi, bu adamlarla media və sosial şəbəkədə deyişməsi vaxt itkisidir.

Laqeydlik layiq olana ən böyük cəzadır!

# 1330 dəfə oxunub

Müəllifin son yazıları

# # #