Kulis.az Ülvi Bahadırın Xalq artisti Həsənağa Turabovun qızı Sevinc Turabova ilə müsahibəsini təqdim edir.
- Sevinc xanım, bu yaxınlarda ananız vəfat etdi. Həmin vaxt yanında idiniz?
- Yanvarın 14-ü ad günü idi. Atamdan sonra çox düşmüşdü. Mənə görə yaşayırdı. Ağlamaq istəyəndə məni görüb sakitləşirdi. Yoldaşıma demişdim ki, insanların çoxu anadan olduğu gün ölür. Həmişə ad günü olanda səhər gəlib baxırdım ki, ölüb, ya yox. Ad günü keçirdik, deyib-güldük. Vəziyyəti yaxşı idi. Həmişə yoldaşım qalırdı evdə, mən gəlirdim, sonra o işə gedirdi. Saat 4-də işdən çıxıb evə gəldim. Yoldaşımdan anamı soruşdum, dedi ki, səhərdən çağırıram, işığı da yandırmışam, durmur. Otağına girib çağırdım, ayıldı. Böyük oğlum mənə demişdi ki, səni qorxutmaq istəmirəm, ancaq nənəm yaşında adamlar az yeyirlər, az danışırlar, indidən bil. Mən bilirdim, ancaq inanmırdım, deyirdim ki, şükür, yeyir, içir, danışır. Ancaq axır vaxtlar oğlum deyən kimi oldu.
Dedim ki, paltarımı dəyişib gəlirəm, çay içərik. Öpmək istəyəndə xırıltı səsi gəldi. Yoldaşım da başımın üstündə dayanmışdı. Öz-özümə dedim ki, bəlkə, mənim qulağıma gəlir. Yoldaşıma dedim, o yaxınlaşdı. Qışqırdım ki, ana, gözünü aç. Gözünü açdı. Elə bil həm qayıtmaq istəyirdi, həm də istəmirdi. Sonradan dedilər ki, atan, qardaşın o tərəfdən çağırıb, qayıtmaq istəməyib, sən buradan çağırmısan, qayıtmaq istəyib. Gözünü elə yumdu ki, elə bil yatdı. Ölümünü hiss eləmədim. Balaca oğlum gəlib ağzına güzgü tutdu. Gördü, yox, nəfəsi gəlmir. İnanmadım. Yoldaşım dedi ki, keçinib.
- Sizinlə yaşayırdı?
- Anamın öz evi var idi, ancaq xəstəliyinə görə mənimlə Binəqədidə yaşayırdı. Təcili yardım çağırdıq, gec gəldi. Yoldaşım dedi ki, bəlkə, tez gəlib iynə vursaydınız, özünə gələcəkdi. Yarım saat keçib, hələ də gəlib çıxmamısınız. Həkimlər qocalıq diaqnozu qoydular. 86 yaşı var idi. Ad günündən iki həftə sonra rəhmətə getdi.
Qardaşımdan sonra atamdan, ondan sonra da anamdan güc alırdım. Anamdan sonra içimdəki hər şey dəyişdi. Hər şeyim onlarla getdi. Bəzən oturub eləcə boşluğa baxıram. Yoldaşıma deyirəm ki, ev mənə böyük gəlir. Halbuki həmin otaqdır. Ya da elə bilirəm, mən balacalaşmışam. İşdə də eyni vəziyyətdir.
Anam az yatırdı. Səhər 4-də durub məni çağırırdı. Səsinə elə öyrəşmişəm ki, indi də saat 4-də dururam. Oğlum deyir ki, qışqır, bağır, nəsə de, danış. Evdə elə gəzirəm, elə bil yoxam. Deyirlər, sən əvvəllər elə qəşəng yeməklər bişirirdin ki, indi əvvəlki dadı yoxdu. Anam üçün hazırlayırdım. İndi isə, sadəcə, yemək bişirmək xətrinə bişirirəm.
- Həsən bəylə harada, necə tanış olmuşdular?
- Onlar bir-birlərini məktəb vaxtından seviblər. Atamın evi AzDramanın arxasında idi. 18 saylı məktəbdə bir yerdə oxuyublar. Atam anamdan bir sinif yuxarıda oxuyub. Atam bakılı, anam qarabağlıdır, Qasım bəy Zakirin nəticəsidir. Bakılılar ancaq özlərindən qız alırdılar. Anamgil də deyirdi ki, biz bakılıya qız vermərik. Ondan sonra qoşulub qaçıblar, yüngülvari də toy eləyiblər.
Atam anamı hər yerə aparırdı. Elə gün olmurdu ki, harasa anamsız getsin. Qardaşım vəfat edəndən sonra atam mənə görə özündə güc tapdı. Oğlum oldu, adını Daşqın qoydum. Elə ona görə soyadını da Turabov elədik. Kiçik oğlum Zaur isə atasının soyadını daşıyır.
- Biz həmişə Həsən bəyi zəhmli obrazlarda görmüşük. Evdə necə idi?
- Gəray bəy obrazı elə özü idi. Qardaşım da ona oxşayırdı. Atam onda gəncliyini görürdü. Üstümüzə qışqırmazdı, danlamazdı. Ancaq başa salardı. Bizə həmişə deyərdi ki, işlərinizi dava-dalaşla yox, başa salmaqla həll eləyin. Nəsildə oğlan çox idi, ona görə də məni hamıdan çox istəyirdi. Bacıları olub, ancaq bir yaşı olandan sonra ölüb, iki qardaş qalıblar. Qardaşlarımla dava eləyəndə deyirdi ki, toxunmayın qıza. Ona görə də bir az ərköyün böyümüşəm.
- Atasınıza xasiyyətcə hansınız daha çox oxşayırdınız?
- O, həmişə düzgünlük tərəfdarı olub. Deyirdi ki, verdiyiniz sözləri tutun. İşdə olan söhbətlər işdə qalırdı. Biz belə görmüşük. Rəhmətlik qardaşımla mən ona daha çox oxşayırdıq.
Atam 64 yaşında artıq çox yaşlı görünürdü. Bir nəfər ona demişdi ki, Həsən müəllim, niyə belə olmusunuz? Ona çox təsir elədi. Özündən çıxdı. Dedim, ata, düz deyirlər. Axı onlar səni səhnədə belə görməyiblər. Elə bil 75 yaşı var idi. Çox qocalmışdı. Daşqından sonra çox düşmüşdü. Ürəyindən əməliyyat olunmuşdu...
- Qardaşlarınız polis oldu, siz də müəllim. Bu onun arzusu idi, yoxsa özünüz aktyorluğa meyilli deyildiniz?
- Mən uşaq vaxtı akrisa olmaq istəyirdim. Rəhmətlik qardaşım çox qısqanc idi. Dedi ki, qız nədir, aktrisalıq nədir? Sən get müəllimliyini elə. Xasiyyəti tünd idi. Atam dedi ki, aktrisalıq çox çətin sənətdir, yaxşısı, müəllim ol. Anan alman dili müəllimidir, sən də onun yolu ilə getsən, yaxşı olar. Aktrisalığa gərək həyatını sərf edəsən. Sənlik deyil. Onun iki evi var idi: AzDrama və öz evi. Ya teatrda olurdu, ya da evdə. Başqa yerdə rahatlıq tapa bilmirdi.
Həsən Turabovun oğlu Daşqın Turabov
- Sizi məşqlərə, çəkilişlərə aparırdı?
- Bəli. Rəhmətlik Daşqını da aparırdı. Ən çox mən gedirdim. Əslində, mən dalınca düşürdüm, məcbur olurdu. Anamı da çox aparıb. Rayonlara səfərlərə də gedirdik.
- Adətən, aktyorlar səfərlərə gedəndə ailəsini aparmır.
- Xeyr. Atam bizsiz getmirdi. O, harada idisə, ailəsi də orada idi. 2-3 günlük getsə, yox, ancaq, 10-15 günlük gedəndə hamımızı aparırdı.
- Həsən bəy bakılı idi. Bakılıların öz qayda-qanunları olur.
- O, heç vaxt bizə qadağalar qoymayıb. Ancaq sözlə başa salırdı. Məsələn, ailə qurmaqda, adətən, seçimi valideynlər eləyir. Ancaq o dedi ki, mən ananızı özüm seçmişəm, evlənmişəm, siz də özünüz seçin, evlənin. Məcburi olmaz. Bircə kosmetikadan istifadə etməyimi istəmirdi. Axırıncı dəfə kosmetika vurduğum yadıma gəlmir. Əvvəlcə ona görə, sonra da həvəsim olmadı. İndi mən də övladlarımla belə davranıram. "Eləmə" demirəm, "məsləhət deyil" deyirəm.
- Onu xatırlayanda ən çox nələr yadınıza düşür?
- Hər şey. Qardaşımla birgə gətirib məni Azərbaycan Dillər Universitetinin qabağına qoyurdular. İnanırsınız, indi mən yolumu həmin yerdən salmıram. Yollarımı dəyişirəm ki, yadıma düşməsinlər. Elə gün yoxdur ki, onları xatırlamayım. Hər yerdə onların ayaq izi, nəfəsi var.
- Qardaşınızın vəfat xəbərini necə aldınız?
- Daşqın 7 martda Bakıya gəldi. Bizi 8 Mart münasibətilə təbrik elədi. 17 mart mənim ad günümdür. İndiyə qədər özümü bağışlaya bilmirəm. Mənə dedi ki, istəyirsən, getməyim, ad gününü qeyd edək, sonra gedim. Dedim ki, yox, o vaxta qədər niyə gözləyirsən? Get, sonra gələrsən. Kaş deyərdim ki, getmə. Onu güllə ilə vurmuşdular. Mən "getmə" desəydim, sağ qalacaqdı. Hamı deyir ki, alın yazısıdır, olacağa çarə yoxdur, ancaq yenə də beynimdə ilişib qalıb.
Martın 7-si təbrik elədi, getdi. 9-undan 10-na keçən gecə zəng gəldi. Dedilər ki, Siyəzəndəndir, Daşqını vurublar. Hamımız bir-birimizə baxdıq. Atam gəldi, ona da dedik. Hamımız şokda idik. Axı biz onunla neçə dəfə danışmışdıq. Çaşıb qaldıq. Atam tez dostlarına zəng elədi. Kamal Abdulla, Vaqif İbrahimoğlu gəldi. Sonra öyrəndik ki, Daşqını, doğrudan da, vurublar. Dedilər ki, yaralanıb, həkim gətirin. Onda atam sakitləşdi ki, deməli, sağdır. Elə təzəcə həkim danışmaq üçün dostları ilə evdən çıxırdı, xəbər gəldi ki, Daşqın keçinib. Tabutunu evə gətirənə qədər sağ olduğuna inanırdım. Biz 14-cü mərtəbədə qalırdıq. Aşağı düşənə qədər saçım ağardı. Hamı mənə baxırdı. Güzgüyə baxanda gördüm ki, saçım ağappaq olub.
- Özü də I Qarabağ müharibəsi iştirakçısı idi.
- Bəli. Daşqın Kəlbəcərdə, Ağdamda vuruşdu, sağ qaldı, adi məsələdə vəfat etdi. O boyda müharibədən keçəsən, belə hadisədə öləsən.
İndi hamı özünə qəbir yeri alır. O vaxt bizim ağlımıza elə şeylər gəlmirdi. Atam-anam özləri üçün düşünürdülər. Atam deyirdi, mən Fəxri Xiyabanda dəfn olunacağam. Daşqının öləcəyi heç birimizin ağlına belə gələ bilməzdi. İş ki, belə oldu, Daşqına "Qurd qapısı"nda yer götürdük. Elə "Qurd qapısı"ndan içəri girən kimi sağda, birinci ya ikinci qəbir onundur.
İnanırsınız, mən qəbrin içinə kimi girdim. Qoymurdular məni. Atam dedi ki, toxunmayın ona. Qardaşım o qəbrə yerləşmirdi. Qəbir balacaydı. Ayaq tərəfdən bir az da böyütdülər. Mən elə öldüm orada... Diri-diri. İndiyəcən elə-belə, yalandan yaşayıram.
- Daşqın bəy evli idi?
- Bəli. Evli idi. İndi Daşqının nəvəsi var. Sadəcə, həyatda heç kim heç kimin yerini vermir. O məni ana kimi istəyirdi. Daşqın məndən doqquz yaş böyük idi. Mən ona atam kimi baxırdım.
Daşqın Turabov və Sevinc Turabova
- Bəs Həsən bəyə necə təsir elədi? Ondan sonra necə yaşadı?
- Atama çox pis təsir elədi. Daşqının ölüm xəbəri gələndə dayandı, divara baxdı, baxdı, baxdı. Əlini üç dəfə vurdu divara. Acizlikdən... "Heç nə eləyə bilmədim, kömək eləyə bilmədim oğluma", - dedi. Gəldi oturdu divanda. Bir nöqtəyə zilləndi. O nöqtəyə baxandan sonra atam tamam dəyişdi. Ürək xəstəliyi tapdı, vəziyyəti ağırlaşdı. Daşqın öləndən sonra ancaq həkim-həkim gəzdi. Sonra İrana həkimə getdi, ürəyini şunt elədilər. Bir sözlə, Daşqından sonra atam yaşamadı. Bir az mənim, anamın hesabına nəfəs aldı, o da niyə, oğlum oldu həmin il. Adın Daşqın qoydum. Onun hesabına həvəsləndi. Ona oğlu kimi baxırdı. Uşağı vurmağa qoymurdu. Deyirdi, ona dəymə, elə bil məni vurursan.
Atamın ürəyinə görə ayağı yara idi. Ölməmişdən əvvəl mənə dedi ki, Sevinc, bax, ayaqlarım sağalır. Tabutu gətirib stolun üstünə qoyanda pəncərəni açdılar ki, qoy içəri hava gəlsin. Daşqın qaça-qaça gəldi ki, pəncərəni bağlayın, babama soyuq olar. Bunlar mənə təsir elədi. O başa düşmürdü ki, babası rəhmətə gedib. Daşqın elə bil ondan sonra böyüdü. Camaat yığışırdı aşağıda, yaxınlar yuxarı qalxırdı. Yuxarıda qadınlar hazırlıq görürdü. Bir də gördüm ki, kişilər başsağlığı verib içəri keçirlər. Mən də dedim ki, burda kişi yoxdu, aşağı düşsünlər. Siz inanmazsınız, bir də gördüm, Daşqın oturub yuxarıda, stolun başında. Oğlum Daşqın çox ağıllı idi, yaşından böyük düşüncələri var idi. Babasının ölümündən sonra çox böyüdü, dəyişdi. Sonra özümüzə güclə gəldik. O da Daşqına görə. Gördük ki, uşaq çox fikir çəkir. Nə olsa, deyirdi ki, babam olsaydı, belə edərdi.
- Sonra qardaşınızı vuran tapıldı?
- Bəli, tapıldı, iş kəsildi. Nə olsun, artıq buraxıblar.
- Siz onunla görüşdünüz?
- Yox, görüşmədim. Müsahibələr verib. Tiktokda görmüşəm. Onu bir dəfə məhkəmədə gördüm. Anamlə getmişdim. Daşqına görə bir az özümüzü toxdaq tutduq ki, ürəyinə salmasın. Vaxt keçdi, Daşqın böyüdü. Bir az təskinlik tapdıq. Anam da rəhmətə getdi. İndi Daşqın xaricdən gələndə dostuyla qəbir üstünə gedir. Deyirəm, nə var orda? Deyir, ora gedəndə elə bil mənə yüngüllük gəlir.
- Onu bağışlamısınız?
- Yox. Onu heç vaxt bağışlamayacağam. O bu ailəni dağıtdı. Bəlkə də, Daşqın ölməsəydi, atam nə qədər yeni kinolara çəkiləcəkdi. Gözəl rolları olacaqdı. Onun ölümü ilə sanki Turabovlar ailəsini öldürdülər. İndi də Turabovlardan bir-iki nəfər qalıb.
Həsən Turabov və nəvəsi Daşqın
- Yalçın bəy də polisdi.
- Bəli. İndi artıq təqaüddədir.
- Qardaşının ölümündən sonra o peşəni davam etdirmək üçün özündə necə güc tapdı?
- Daşqın əməliyyat müvəkkili, Yalçın Qeydiyyat məsələləri şöbəsinin inspektoru idi. İşləri fərqli idi. Hamımızın həyatı dəyişdi. Daşqının ölümü bütün arzuları yerlə yeksan elədi. Mənim o qədər arzularım var idi, hamısı ürəyimdə qaldı.
- Bir az da sənət barədə danışaq. Həsən bəy evdə məşqlər eləyirdi?
- Bəli. Axşam tamaşa olacaqdısa, günorta gəlib qonaq otağının qapısını bağlayırdı, məşq eləyirdi. Biz də səsini eşidirdik, mane olmurduq. Necə rola girdiyini görürdüm. Səs salmırdıq ki, axşam tamaşadı.
- Ən çox sevdiyiniz obrazı hansıdır?
- Gəray bəy. Elə bil orda özünü oynayıb. Otuz yaşında altmış yaşlı kişinin obrazını yaradıb. Adam çaşıb qalır ki, cavan oğlan olasan, elə yaşlı obrazı belə gözəl yaradasan.
Həsən Turabov "Yeddi oğul istərəm" filmində Gəray bəy obrazında
- Özü nə danışırdı işləri barədə?
- İşi barədə evdə heç nə danışmırdı. Qoymurdu disklərini, kasetlərini alıb saxlayım. Deyirdi, niyə saxlayırsan? Bilmirəm, niyə istəmirdi, deyirdi ki, evdəyəm də.
-Dostları kim idi? Evə daha çox kimlər gəlib-gedirdi?
- Kamal Abdulla, Yaşar Nuri, Vaqif İbrahimoğlu, Azərpaşa Nemətov, Eldar Quliyev, İlham Rəhimli. Adam saya da bilmir, çoxu rəhmətə gedib. Elə adamlardır ki, mənim üçün hamısı sanki sağdı. Çox adam gəlmirdi, çoxuna deyirdi ki, teatrda görüşək. Amma bunlar ən yaxın adamlar idi.
Həsən Turabovun nəvəsi Zaur atası Elbrus Cəlilli ilə
- Mən bəzi aktyorlardan müsahibə alanda deyirdilər ki, işsizlikdən toylara, məclislərə gediblər. Həsən müəllim də el şənliklərinə gedirdi?
- Yox. Qətiyyən. Hətta bəzi aktyorlara demişdi ki, elə yerlərə getməyin. Teatrda işləyin. O vaxtlar kino yox idi. Teatr fəaliyyət göstərirdi. Aktyorların teatrdan uzaqlaşmasını istəmirdi.
- Həsən müəllim çox məşhur idi. Ətrafında əks cinsin nümayəndələri çox idi. Bəs özünün qadınlara münasibəti necə idi?
- O, ancaq anamı istəyib. Qısqanc mən idim. Atamı hamıya qısqanırdım. Bir də rəhmətlik Daşqını. Bir qız ona nəsə deyəndə hirslənirdim. Atama bir qız küçədə yaxınlaşıb "Həsən müəllim, mən sizin pərəstişkarınızam" deyəndə hirslənirdim ki, o niyə elə dedi.
- Ananız da qısqanırdı?
- Anam qısqanc deyildi. Onu özü ilə hər yerə aparırdı. Anam deyirdi ki, sənə nə olub düşmüsən ortalığa. Mən deyirdim ki, ana, səndə bir qram qısqanclıq yoxdu. Deyirdi ki, o qoymayıb məni qısqanmağa. Anamı tamaşalarına, kino məşqlərinə aparırdı ki, gözünün qabağında olsun. Qısqanclıq yaranmasın.
Həsən Turabov və həyat yoldaşı Solmaz Turabova
- "Fəryad" filmində Məlik Dadaşova yaratdığı erməni obrazına görə nifrət edirdilər. Həsən bəyə Gəray bəy obrazından sonra necə münasibət göstərdilər?
- Mən nənəmgildə olurdum. Deyirdilər, Gəray bəyin qızı Humay, sənə görə Cəlalı öldürdülər. Mən də elə ağlayırdım. Başa düşmürdüm, Cəlal kimdi, Humay kimdi. Əvvəl neqativ baxırdılar. Amma birdən-birə ona qarşı insanların sevgisi artdı.
- Həsən müəllimin Fəxri Xiyabanda dəfn olunmağını ananız istəmədi?
- Ölümündən bir həftə qabaq oturmuşduq evdə, birdən Daşqının şəklinə baxıb anama dedi ki, Solmaz, birdən mən ölərəm, məni Fəxri Xiyabana aparmağa qoymazsan. Rəhmətə gedəndə nazirlikdən gəldilər ki, qəbri hazırdı, Fəxri Xiyabana aparacağıq. Anam dedi, vəsiyyəti var, oğlunun yanında dəfn olunacaq.
Çox darıxıram atam üçün. Uşaqlar məni danlayırlar ki, baba niyə öldü? Onu niyə saxlamadın? Mən istəyərdim ki, belə olsun? Allahın işidir, qismətdir. Kaş mən öləydim, o sağ qalaydı.
Turabovların məzarları