Novruzun gəlmə vaxtını müəyyənləşdirən diktator kimdir?

Novruzun gəlmə vaxtını müəyyənləşdirən diktator kimdir?
20 mart 2013
# 10:00

Novruz bayramıdır. Bu günlər ərzində bayram haqda çox danışırlar, hər kəsin Novruz haqda kifayət qədər bilgisi var. Bu yazıda isə biz Novruzun qədimiliyi və başqa ölkələrdə nə cür qeyd edilməsindən danışacağıq.

Novruz bizə çox qədim mənbələrdən gəlib çatmış bayramlardan biridir. Bu barədə ən qədim mənbələrdə, tarix kitablarında, xüsusən də ərəb tarixçilərindən çoxlu məlumatlar bu günə qədər gəlib çatıb. Məsələn Əbu-Reyhanın “Qədim xalqlardan qalmış yadigarlar” əsəri Novruzun qədim xalqlar içərisində geniş şəkildə bayram edildiyini göstərən faktlarla zəngindir.

Sonrakı əsrlərdə Ömər Xəyyamın “Novruznamə”sində, bir sıra əsatirlərdə Novruz bayramının çox qədim zamanlardan xalqlar içərisində, xüsusilə də azərbaycanlıların yaşadığı ərazilərdə geniş şəkildə bayram kimi keçirildiyi qeyd olunur. Ömər Xəyyam “Novruznamə”sində yazır ki, bu bayram xalq içərisində bizə yadigar qalan köhnə bayramlardan olub və o “Sərvərdin” ayının, yəni martın əvvəllərində qeyd olunur. Novruzun tarixini və adət-ənənələrini bizə çatdıran mənbələr içərisində qədim türk mifləri özünü xüsusilə qabarıq şəkildə göstərir.

Novruzun tarixi Əhəmənilər dövründən də əvvələ gedib çıxır. Çünki Əhəmənilər haqqında yazılan tarixi mənbələrdə göstərilir ki, bu bayram onlardan xeyli əvvəl xalq arasında çox təntənə ilə qeyd olunub. “Avesta” qaynaqlarında da bu bayramla bağlı rituallar, adətlər, xüsusilə də səməninin göyərdilməsi, tonqallar üzərindən tullanma kimi ənənələrin mövcudluğu barədə məlumatlar var. Bayramın sonrakı dövrlərdə Azərbaycanda geniş yayıldığını, yeni-yeni rituallarla zənginləşdiyini göstərən faktlar, adətlər, mərasimlər çoxdur. Bunların arasında 4 ünsürlə – su, od, yel və torpaqla əlaqədar kulturoloji dəyərlər, insanın törənməsi, törəniş etiqadları və ondan bəslənən əzizləmələr, qayğı və məhəbbət İlaxır Çərşənbə şəklində bizə gəlib çatıb. Rus imperiyası dövründə Azərbaycanda Novruz bayramının keçirilməsi məhdudlaşdırılmışdı. Onlar çalışırdılar ki, Yeni il Bayramı Novruzdan daha üstün şəkildə qeyd olunsun. Ancaq xalq müəyyən sıxıntılarla üzləşsə də, Novruz adətlərini, mərasimlərini yaşatdı və ötən əsrin 60-cı illərindən başlayaraq, özünə qayıdış dövrünə qədəm qoydu. Bu gün Azərbaycanda mənəvi təmizliyin, əxlaqın, saflığın, estetik görüşlərin ümumi məcmusu kimi yüksək səviyyədə qeyd edilir.

Bir çox ölkələrdə xalq arasında populyarlığına görə, 2009-cu ildə YUNESKO Novruz bayramını dünyanın mədəni irsi siyahısına salıb. 2010-cu ildə BMT mart ayının 21-ni "Beynəlxalq Novruz Günü" elan edib. Ancaq Novruzun xalq arasında bu nəhəng populyarlığı onu siyasi amilə çevirib. Novruz dini siyasi hakimiyyətlərdə, avtoritar rejimlərdə qısqanclıq yaradır, digərləri əksinə, Novruzdan siyasi rəmz kimi istifadə etməyə çalışırlar.

İranda da Azərbaycanda olduğu kimi Novruzun elə dərin ənənəvi kökləri var ki, hətta İran İslam İnqilabı da Novruzu qadağan etmədi və ya edə bilmədi. Halbuki Novruz Zərdüşt dövrünə, atəşpərəstliyə gedib çıxır.

Novruzda İranda rəsmi olaraq 6 günlük bayramdır. Uşaqlar üçün lap böyük bayramdır - məktəblərdə 14 günlük tətildir. Bununla belə Novruz İranda ruhanilərin daima tənqid hədəfindədir.

Ancaq Novruzla mübarizə asan deyil. İranın Ali lideri Ayətulla Əli Xamnei dəfələrlə verdiyi fitvalarında və dini göstərişlərində dönə-dönə bildirir ki, Novruzun İslama söykənən dini əsası yoxdur, Novruz böyük ziyan vuracaq və mənəvi aşınmaya gətirəcək. Ancaq Novruzun rəsmi bayram mərasimini birinci Əli Xamnei açır. Sıravi iranlıların gözündə Novruz - kökləri İranın qədim tarixinə gedən milli simvoldur.

Hətta İran prezidenti Mahmud Əhmədinejadın Əli Xamnei ilə siyasi mübarizədə özünü vətənpərvər kimi göstərməkdə Novruzdan istifadə etməsi faktı var. Novruza rəğbət prezidentə xeyli siyasi divident qazandırdı.

2011-ci ildə Novruz bayramında Əhmədinejad Ermənistan prezidenti Sarkisyanı Tehrana – bayram şənliklərinə dəvət etdi. Ötən il isə Əhmədinejad Novruzu Tacikistanda bayram edirdi.

Bu da İran üçün səciyyəvidir. Bir çox iranlılar Novruz bayramını qonşu ölkələrə gedib, bayram edirlər. Novruzu bayram etməyə hətta Ermənistana gedənlər var. Başqaları Dubaya və ya Azərbaycana gəlir. Səbəb isə çox sadədir. İranlılar Novruzu azad və rahat bayram etmək istəyirlər. Buna şərait qonşu ölkələrdə İrandan daha çoxdur.

Türkiyədə, İraqda, Suriyada, İranda yaşayan 30 milyon kürd üçün Novruz nəinki bayramdır, həm də milli birlik, milli mübarizə simvoludur. Türkiyədə qadağan olunan Kürdüstan İşçi Partiyası - PKK da, tam qanuni fəaliyyət göstərən Sülh və Demokratiya Partiyası da Novruz bayramında geniş yürüşlərə çağırırlar.

Türkiyədə Novruzun bayram olunması 2000-ci ildən qanuniləşib. Bunu Türkiyədən Avropa Birliyi tələb edirdi. İraqda keçmiş diktator Səddam Huseyin də Novruzu qadağan edə bilməmişdi. Səddam Huseyinin gücü yalnız ona çatdı ki, Novruzu - martın 21-ni rəsmi olaraq “ ağac günü” elan etdi.

Suriyada da prezident Bəşər Əsəd hökuməti kürdlərə söz verirdi ki, Novruzun bayram olunmasına icazə verəcək. Halbuki Suriyada Novruz kürd separatizminin simvolu hesab olunur.

Suriyada Novruz 1963-cü ildən qadağandır. Burda da maraqlı ziddiyyət var. Novruzu Suriyada qadağan edən indiki prezidentin atası Hafiz Əsəddir. Hafiz Əsəd hakimiyyətə gələndə Novruzu qadağan etdi. Ancaq faktdır ki, Əsəd ailəsinin özü Novruzu bayram edir. Bu ilə isə yəqin ki, Novruz onlar üçün rahat keçməyəcək.

Əfqanıstanda Taliban Novruzu qadağan etmişdi. Ancaq rəsmi qadağaya baxmayaraq əfqanlar evlərində Novruzu bayram edirdilər. Taliban rejimi devriləndən sonra Novruz yenidən Əfqanıstanda rəsmi bayram oldu.

Orta Asiya ölkələrində yerli liderlər Novruzdan öz populyarlıqlarını artırmaq üçün istifadə edirlər. Bütün dünyada Novruzun nə vaxt başlanması heç vaxt mübahisə doğurmur, çünki bu, astronomik hadisədir-gecə ilə gündüz bərabərləşdiyi vaxt Novruz qədəm qoyur. Ancaq Özbəkistan prezidenti İslam Kərimov elan edib ki, Novruzun nə vaxt gəldiyini yalnız o müəyyən edir.

Mənbələr:

Professor Azad Nəbiyevin müsahibəsi

“Azadliq” radiosunun saytı

Wikipedia

# 2890 dəfə oxunub

Müəllifin son yazıları

# # #