Xoşbəxtliyə nə mane olur? Başqa insanlarmı, yaxud cəmiyyətmi? Əlbəttə ki, bunların heç biri! Psixoloqlar iddia edir ki, əslində hər şey bizim dünyaya baxışımızdan asılıdır.
Sən demə, xoşbəxt insanların əhvalını korlaya biləcək çox az səbəblər var.
Xoşbəxtliyin “sehrli sirləri”ni öyrənməyə necə baxırsınız? Bəlkə oxuduqlarınız elə sizin də həyata baxışınızı dəyişəcək?
Başqalarının fikrinə çox əhəmiyyət verməyin
Çox vaxt qonşularımızın, dostlarımızın, qohumlarımızın fikirlərindən asılı qalaraq, özümüzü unuduruq. Adi bir tənqiddən ovqatımız təlx olur. Axı siz niyə yeni paltonuz haqqında qonşunuzun fikrini öyrənməlisiniz? Əsas odur ki, o sizin xoşunuza gəlir.
Vəziyyətə kənardan baxmağı bacarın
Tutaq ki, kimləsə münasibətiniz pozulub və bu konflikt sizin həyatınıza təsir edir. Hər ikiniz də düşünürsünüz ki, haqlısınız, qoy qarşımdakı üzr istəsin. İndi vəziyyətə üçüncü şəxsin gözü ilə baxmağa çalışın – bu konflikti davam etdirməyə dəyərmi?
Qaçırdığınız fürsətlər üçün heyifslənməyin
Ola bilər, hansısa xarici universitetdə oxumağa qəbul olunmuşdunuz, amma getməmisiniz. Ola bilər, hansısa yüksək maaşlı işdən məcburən imtina etmisiniz. Yaxud vaxtı ilə sevgisinə cavab vermədiyiniz oğlan (qız) indi rəfiqənizlə (dostunuzla) gözəl ailə qurub, sizə isə buna tamaşa etmək düşüb. Buraxın bu təəssüflənməyi. Necə deyərlər, qatar artıq gedib, keçmiş üçün ağlamaq sizə nə verir? Demək, belə olmalı imiş. Görün, bu hadisə sizə necə yaxşı bir həyat dərsi verib. O şansı niyə qaçırdığınızın səbəblərini müəyyənləşdirib onları həll etməyə çalışın.
Təşəkkür etməyi bacarın
Heç kimə yox, elə həyata təşəkkür edin. Hər gün yuxuya getməmişdən əvvəl günün yaxşı hadisələrini xatırlayaraq “çox sağ ol” deyin.
Tez-tez xoşbəxt günlərinizi yada salın
Məsələn, diplom aldığınız, universitetə daxil olduğunuz, evləndiyiniz, övladınız dünyaya gələn günü xatırlayın. Həmin anları yenidən yaşamağa cəhd edin. Yeni işlər haqqında fikirləşəndə ağlınıza sevincli anları gətirin: Bəli, bu hadisənin nəticəsi də məni belə xoşbəxt edəcək!
Özünüzə gülməyi bacarın
Statistikaya görə, insanlar ən çox başqaları onlara güləndə özlərini bədbəxt hiss edir. Ancaq özünə ironiya hissi zəif insanlara deyil, güclülərə xas xüsusiyyətdir. Öz səhvlərinizi, çatışmazlıqlarınızı görün və onlara ironiya ilə yanaşın. Bu çatışmazlıqlarla bağlı ilk zarafatı başqasından qabaq, özünüz edin! Tutaq ki, dəllək saçınızı yaxşı kəsməyib, bunu kompleksə çevirməkdənsə, “Bu gün dəlləyimin “eksperimental dovşanı” olmuşam” deyib vəziyyəti zarafata salın.
Bu gününüzlə yaşayın
Daima keçmişə baxmaq sizə ancaq mənfi ovqat verə bilər. Bir dəfə sevgidə uğursuzluq yaşamısınızsa, bu o demək deyil ki, həmişə belə olacaq. Siz hər il bir yaş böyüyür və təcrübə toplayırsınız, ona görə qorxularınıza qalib gəlin.
Yeni kəşflərə can atın
Söhbət hansısa bilinməyən adanın, yaxud yeni bir cihazın kəşfindən getmir. Özünüzü, dünyanı kəşf edin. Kitablar oxuyun, səyahətlər edin, yeni hobbi tapın, filmlər izləyin, xarici dillər öyrənin. Bir az musiqi duyumunuz varsa, musiqi alətlərindən birində ifa etməyi yoxlayın. “Mənim o yaşım deyil”, “indən belə nə yenilik” deyib, xəyallarınızın üstündən xətt çəkməyin. Xoşbəxt olmaq üçün bütün yollar məqbuldur.
Paxıllıq etməyin
Özünü başqaları ilə müqayisə edən istənilən insanın əhvalı dəyişir. Əksəriyyət özünü daha fərsiz, ağılsız, imkansız hesab edir. Əslində, bu, bizə belə gəlir. Bəlkə sizdə elə bir xüsusiyyət var ki, heç o adamın yuxusuna da girməz. Heç fitri istedad olmasın. Adi məişət problemlərini də misal göstərmək olar. Ondansa, özünüzdə paxıllıq ediləcək tərəfləri tapın və sevinin.
Uğurlu insanlarla münasibət qurun!
Nə qədər paradoksal səslənsə də, uğursuzluq “yolxucudur”. Ona görə də, dost çevrənizdən uğursuz insanları çıxarın, daha doğrusu sizi daima problemləri ilə yükləyən, ağlayan, hər şeydən narazı olan insanları. Əvəzində pozitiv, gülərüz insanlarla dostlaşmağa can atın, onların dost çevrəsinə girin. Vaxt keçdikcə necə dəyişdiyinizin fərqinə varacaqsınız!