Kulis.az qorxu və əyləncənin birlikdə yaşandığı festivallarla bağlı yazını təqdim edir.
Həyatda olduğun halda ölüm seremoniyasını dadmaq istəyənlər 27-29 yanvar tarixlərində Londonda keçirilən cənazə festivalına qatıla bilərlər. İştirakçılar tabuta girərək cənazə musiqisi altında kilsəyə gətirilir və onu sevənlərin nə qədər kədərlənəcəklərini ölməmişdən əvvəl görürlər.
İngiltərənin Yorkşir bölgəsində qeyd edilən "Whitby Gothic Weekend" isə XII əsrdə klassik latın sənətinə etiraz olaraq yaranan və ədəbiyyat, rəsm, memarlıq, musiqi kimi sənətin hər sahəsini əhatə edən gotik mədəniyyəti sevənləri bir yerə toplayır. 26-30 aprel və 1-5 noyabr tarixlərində keçirilən festivalda minlərlə turist, sənətsevər yazıçı Brem Stokerin “Drakula” əsərini yaratdığı Whitby bölgəsinə axışır. Gotik geyimlər, vampir kostyumları ilə şəhərdə dolaşan iştirakçılar festivala xüsusi rəng qatır.
İspaniyanın Las Neves şəhərində keçiriləcək “Ölümlə yanaşı” adlı festival hər ilin 29 iyul tarixində baş tutur. Festivala əvvəllər ölümə yaxınlaşmış, bəxti gətirib “geri dönmüş” insanlar toplaşır. Onlar yaşadıqlarına şükür etmək üçün tabutun içinə girirlər, festival iştirakçıları da onları tabutda cənazə musiqisi altında Santa Marta de Ribartem kilsəsinə aparırlar.
Meksikanın paytaxtı Mexikoda hər ilin 1-2 noyabrında “Ölüm günləri” adlı festival keçirilir. Şəhərdə həmin günlərdə tətil elan olunur, hətta banklar da işləmir. Qəbirlərin ziyarəti ilə başlayan festivalda ailə üzvləri yığışaraq həyatdan köçmüş yaxınları üçün dua edirlər. İki gün ərzində evlərdə ancaq desertlər və duzlu yeməklər bişirilir. İllər keçdikcə festival turistlərin də diqqətini çəkməyə başlayıb.