Götürək elə milli detektiv Xoşqədəm Hidayətqızını... - İnsanı asta-asta öldürən zəhər

Götürək elə milli detektiv Xoşqədəm Hidayətqızını... - İnsanı asta-asta öldürən zəhər
11 mart 2024
# 21:00

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Ölkədə geniş yayılmış ifadələrdən biri də “ziyalı mövqeyi”dir.

“Ziyalı mövqeyini ortaya qoymaq...”

Şəxsi fikrimcə, indiki dövrdə belə ziyalı-ziyalı fırlanmağa heç bir ehtiyac yoxdur.

Onsuz da bu gün bizim “ziyalı”, “mütəfəkkir”, “filosof” yarlıqlarını yapışdırdığımız adamlar onlar üçün cızılmış dairənin içində var-gəl eləyən adamlardı. Hərəsinə bir mövzu verib deyiblər ki, sən bundan danış, sən bundan, sən də bundan. Ancaq baxın haa, qəti mövzudan kənara çıxmayın.

Onlar da sağ olsunlar, zərgər dəqiqliyi ilə əməl eləyirlər bu mübhəm və məhrəm tapşırığa.

Özü də biri o birinin mövzusuna girəndə o biri dərhal əsəbiləşir. Başlayır o da bunun mövzusuna girişməyə.

Səd əfsus ki, cəmiyyət bu diyircəkli filosofları artıq qəbul eləməyə də başlayıb. Çünki ortada başqa adam yoxdu. 3-5 fiqur yaradıb “fikir adamı” kimi millətin beyninə dürtüşdürüblər. Davamlı verilişlərə-filan çıxırlar, bildi-bilmədi, hər mövzudan danışırlar.

Bir zamanlar cəmiyyətə üstdən-aşağı baxan adamları üstdəkilər çoxdan vurub aşağı salıblar. Həəə, aşağılar...

Bəs cənnətdən aşağıda nələr baş verir?

***

Cənnətdən aşağıdakılara iki şey buraxılıb: televizor və tiktok.

Onlara atılanları yardım paketləri hesab eləyənlər yanıldılar.

Onlar, əslində, zəhər idi... İnsanı asta-asta, hiss etdirmədən öldürən zəhər... Televizor...

Əvvəllər ölkənin hər yerində baxılan bu cihaza indi daha çox bölgələrdə baxırlar.

Əsas da internetə çıxışı olmayan orta və yaşlı təbəqə izləyir o verilişləri. Veriliş də nə veriliş... Qan dizdən, yox, yox, boğazdan...

***

Məsələn, götürək elə Xoşqədəm Hidayətqızını... Yerli və milli detektiv...

Bəzən elə hadisələr baş verir ki, donub qalırsan. Tam reaksiyasız. Oturduğun yerə mıxlanıb hipnoz olunmuş adam kimi zillənirsən ekrana...

Məsələn...

Qız övladına qovuşmaq istəyir. Alıblar, vermirlər. Niyə? Nə səbəbə? Onlar növbəti seriyalarda.

Burada mən diqqəti əziz-xələf ekspertimizə yönəltmək istəyirəm. Ekspertimiz bu boyda həngaməyə necə rekasiya versə yaxşıdı:

- Bu nə geyimdi?

Hə, vallah.

“Bu nə geyimdi?”

Qızın geyiminə baxırsan, heç bir problem yoxdu. Qətiyyən açıq-saçıq deyil. Normal geyimdi. Bəs niyə geyimə ilişir? Çünki belə daha rahatdır.

Əks halda oturub hadisəni təhlil eləməli, hansısa nəticəyə gəlməlidir. Axı ekspertdir. Burda söhbət konkret o qızdan və ekspertdən də getmir. Söhbət birbaşa təfəkkürdən gedir.

Hələ bu azmış kimi sevgili ekspertimiz adamların üstünə hücum da çəkir. Şərait yaratsalar, saç-baş da yolacaq.

Hətta rahatlıqla qatlayıb dizinin altına da qoya bilərdi. Şükür ki, Xoşqədəm Hidayətqızı kimi ultrahəssas, kövrək qəlbli aparıcımız var. Yoxsa rinqə çevrilərdi veriliş.

Bəs yaxşı. o qadın necə orada ekspert olub? Hər halda özünü ekpert təyin eləməyib də. Tək ekspertlər deyil, iştirakçıların da içində peşəkarlar var.

Hələ bu azmış kimi kövrək aparıcımız qızın geyimini səsə də qoyur.

Tamaşaçılar, yəni biz qərar verməliyik ki, qızın geyimizi abırlıdır ya yox.

Hə, vallah.

***

Növbəti kadrlar isə Zaur Baxşəliyevin aparıcısı olduğu “Bizimləsən” verilişindəndir.

Heç bir teatrda olmayan peşəkarlıq var bu kadrlarda. Əsas da xanım əfəndinin yerdə halbahal olması.

Auditoriyanın reaksiyası. Bir sözlə, möhtəşəm!

Həm ekspertlərimiz, həm də iştirakçılarımız peşəkardır. Xüsusilə, iki nəfəri qeyd eləməsəm, olmaz: Şəfiqə Nuriyeva və Anar Vəziroğlu.

Yenə Zaur Baxşəliyevin verilişində iştırakçılardan biri digərinin maskasını çıxarır.

Əziz aparıcımız isə özünü elə aparır ki, sanki belə də olmalıdır.

***

Və bu unudulmaz səhnə...

Anar Vəziroğluya diqqətlə baxın. Otello... Hamlet... Maqbet... Hamısı puç.... Hamısı əfsanə...

Anar müəllimlə fəxr eləməmək mümkün deyil. Ancaq bir şeyə görə pis oldum. Anar müəllim alqışları gözləmədən studiyadan uzaqlaşdırıldı. Əfsus...

Ya da götürək yerli Lerri Kinqimiz Elgiz Əkbərin “Elgizlə izlə” verilişdə Şəfiqə Nuriyevanın misilsiz perfomansını...

Jest, mimika, reaksiyalar necə də yerli-yerindədir.

Elgiz Əkbərin son dərəcə kübar, mədəni davranışları verilişi daha da baxımlı eləyir.

Ümid eləyirəm ki, nəticələrimiz da bu müdhiş verilişlərlə qidalanıb cəmiyyətə layiqli şəxsiyyətlər olacaqlar.

***

Ola bilər ki, bu verilişlər nəyəsə yarayır. Ola bilər ki, bu verilişlər sayəsində insanlar bir-birinə qovuşur. Ola bilər ki, bu verilişlər kimlərinsə ürəyinə su səpir.

Amma... Ancaq... Lakin... Fəqət...

Bu verilişləri daha kefiyyətli təqdim eləmək olar.

Bu ekspertləri hardan tapırlar? Bu adamların özlərinə yol göstərən lazımdır. Bunlar kimə nə öyrədə, nə başa sala bilərlər?

Dünyada, çox uzağa getməyək, Rusiyada bunun daha yaxşı nümunələri var. Adamlar otururlar problemləri müzakirə eləyir, ekspertlər də fikirlərini deyirlər. Hər şey mədəni səviyyədə.

Bizdə isə... Adamı qanı donur.

Necə deyərlər, “Gəlin, gəlin, ey unudulmuş Vətənin cırıq-mırıq qardaşları! Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş, Vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsizlər sizə nə gün ağlayacaqlar. Niyə sakitsiz, ey mənim lüt-üryan Vətən qardaşlarım?!”

# 4226 dəfə oxunub

Müəllifin son yazıları

# # #