Yeni nəsil ədəbiyyatımızın zirvələri

Yeni nəsil ədəbiyyatımızın zirvələri
26 iyul 2018
# 09:48

Kulis.az Rasim Qaracanın “Azərbaycan yazıçısının bəxtsizliyi” yazısını təqdim edir.

Hal-hazırda ölkəmizdə ədəbi yaradıcılıqla məşğul olan, çeşidli janrlarda əsərlər yaradan insanların sayı yüzlərlə və minlərlədir. Şeir, hekayə, roman yazmaq, əlbəttə, hər kəsin haqqıdır, lakin qələmə sarılan, ilk fürsətdə kitabını çap etdirən, imza günləri keçirən bu çoxminli kütlənin yalnız kiçik bir faizini “ciddi ədəbiyyat” kateqoriyasına aid etmək olar, hətta çox daha tələbkar yanaşsaq bu məsələyə, ölkəmizdə ciddi ədəbviyyatla məşğul olanların sayı əl və ayaq barmaqlarının sayından artıq olmaz. Ciddi ədəbiyyat nədir, daha doğrusu, mənim başa düşdüyüm mənada o nədir? - əsas mövzuya keçmədən öncə bunu açıqlamanın daha sonra söyləyəcəklərimi anlamaq baxımından faydası var. İzahı sadədir. Ciddi ədiblər o kəslərdir ki, dünyada gedən ədəbiyyat proseslərini izləyir, özünü bu nəhəng mədəniyyət hərəkatının bir parçası kimi görür, roman yazırsa roman, hekayə yazırsa hekayə janrının dünyadakı gəlişmələrinin fərqindədir, nəzəri cəhətdən nələrin köhnəlmiş olduğunu bilir və bu bilik bazasıyla əsərlər yaradaraq həmin bəşəri prosesə qoşulmaq istəyir. Yaradıcılığa bu cür yüksək məsuliyyətlə yanaşan yazıçını şərti olaraq ciddi yazıçı adlandıraq.

Elə buradaca qeyd etməyi unutmayaq ki, ciddi yazıçının Azərbaycan şərtlərində özünü yalqız, bədbəxt və atılmış hiss etməsi qaçılmazdır, plankanı azacıq yüksəldən kimi özünün mənsub olduğun xalqdan qopmuş olduğunu görür, oxucu dəstəyindən məhrum qalır, bütün bunlar onda böyük xəyal qırıqlığı yaradır. Azərbaycan ciddi yazarının içərisinə düşmüş olduğu (“batmış” demək daha doğru olar) durumdan təkcə bir çıxış yolu var, - ciddiyyəti azaltmaq, özünün saf sənət xamırını kütlənin tələbinə cavab verən yüngül mövzuların şəkəriylə dadlandırmaq. Belə demək olarsa, hər bir Azərbaycan yazarı ciddiliklə bayağılığın, dünyəvi olmaqla milli olmanın, ağırlıqla yüngüllüyün, həmin bu vazkeçilməz tribulansı içərisində hiss edir özünü. Bizim kimi ölkələr üçün bu hal qaçınılmazdır, çıxış yollarını tapan yazarlar da yox deyildir dünyanın bizə bənzəyən başqa ölkələrində. Əlbəttə, yazıçı ustalığı hər zaman olduğu kimi, bu məsələdə də həlledicidir.

Əsərləri haqqında qısaca qeydlərimi yazacağım üç yazıçını, - Həmid Piriyevi, Şərif Ağayarı və Seymur Baycanı, - bu yuxarıda dediyim mənalarda ciddi yazıçı hesab edirəm… Şübhəsiz, başqa ciddi yazarlarımız da var, sadəcə olaraq mən bu üç yazarın hər birinin yenicə çıxmış son kitablarını, bu günlərdə elə burada adlarını çəkdiyim ardıcıllıqla oxuduğuma görə onlar haqqında yazmağı qərara almışam. Hər üç yazıçının geniş mütaliə dairəsi var, söylədiyim kimi, ədəbiyyat anlayışları dünya çaplıdır, yazdıqları əsərlərlə dünyadakı böyük ədəbiyyat yarışmasına qoşulmaq iddiaları ortadadır. İddialı olmaq yaxşı şeydir, hətta insan xasiyyətinin çox vacib özəlliyidir, iddialılıq öz məqsədlərinə çatmaqdan ötrü başqalarını əzib keçəndə pis bir şey olur, yoxsa bir yazarın, məsələn, Nobel almaq iddiasından daha məsum nə var? Lakin, mənim son vaxtlar gəldiyim formul belədir: Azərbaycan yazıçısı iddialı olmalıdır, lakin özünün start nöqtəsindəki bəxtsizliyini də başa düşməlidir. Yəni, necə ki insan anadan olanda gözünü açıb özünü öz iradəsindən asılı olmayan coğrafiyada, hansısa dini təriqətin içində və milli kimlikdə görür, Azərbaycan yazıçısı da dünyadakı böyük ədəbiyyat hadisələrinin cərəyan etdiyi mərkəzlərdən uzaqda olduğunu, qütb buzlaqlarında olduğu kimi, burada ədəbiyyat günəşinin ildə cəmi bir-iki gün doğduğunu başa düşməli, hər daim canında hiss etdiyi soyuq oxucu münasibətinin polyar qışıyla barışmalı və bu şərtlər daxuilində yoluna davam etməlidir. Dolayısıyla, ciddiyyətli Azərbaycan yazarı oxucu məni oxumur, tənqidçilər mənə qarşı biganədir, dövlət məni vecinə almır giley-güzarını heç olmamış kimi palazın altına süpürüb işini görməli, yazısını yazmalı, susuz səhranın acı qanqalı kimi yaşamaqda davam etməlidir. Bu yazdıqlarımın adlarını çəkdiyim bu üç yazara nə aidiyyəti var deyə sorsanız, cavabım belə ola bilər: Azərbaycan yazıçısını oxuyarkən mənim üçün maraqlı olan ilkin məqam, beynimdən qopan ilk dürtmə onun öz yazıçı bəxtsizliyini nə dərəcədə başa düşməsi və bu başa düşmə prosesinin harasında olmasıdır. Çünki, yazıçının nə yazdığı, necə yazdığı, sözün birbaşa mənasında öz yerini bilməsindən asılıdır. Bu qavrayış beton platforma kimi bir şeydir, əgər varsa sənin həqiqətlərin keçərlidir, səsin eşidiləndir, yapışıqlıdır, səmimidir və s.

Ha gəldim gələlim bizim yazarlara. Onların əsərlərini təhlil etmək fikrindən uzağam. Deyəcəklərim sadəcə bunlardır: Bizim ciddi yazarlarımız var, lakin onlar Azərbaycan yazarının bəxtsizliyini qavramaq yolunda fərqli məsafələr qət ediblər. Kimsə bu bəxtsizliklə barışıb, kimsə çarpışmaqda davam edir, içlərindən bir nəfər özünü xilas etmək haqqında düşünür, özünü xilas edərsə başqa qələm yoldaşlarını da xilas edəcək, başqa birisi təkbaşına bunun mümkün olmayacağı qənaətindədir, xilas olmanın kollektiv aksiya olmasına inanır. Bu dərkolunmamış bəxtsizliyin ən ümidsiz bərəltisi də, mənə görə, əsər yazmaqla yanaşı oxucu yetişdirmək, oxucunun tərbiyəsilə məşğul olmaq, buna vaxt ayırmaqdır, ki bənzərinə hələ dünya üzündə rast gəlinməyib.

Bütün hallarda adını çəkdiyim üç yazıçı, - Həmid, Şərif və Seymur, - yeni nəsil Azərbaycan ədəbiyyatının birər zirvələridir. Hər üçü bəxtsizdir. Onların basilica bəxtsizliyi Azərbaycan oxucusudur! /literaz.com/

# 3785 dəfə oxunub

Müəllifin son yazıları

# # #