5-ci yazı
“Müharibə miniatürləri“ qoydum bu silsilənin adını. Müharibədən yox, müharibənin insan həyatında buraxdığı izlərdən, insan psixologiyasına təsirindən yazacağam. Daha doğrusu, o hadisələri verəcəyəm ki, orda bu həqiqətlər öz əksini tapacaq. Məhz həqiqətlər.
Beləcə başladı qaçqın-köçkün həyatımız. Bizim üçün yalnız o gecənin səhəri deyildi açılan, üzümüzə yeni bir səhər də açılırdı. Acılarla, çətinliklərlə dolu bir səhər.
Ailənin bir üzvünün də qara quruşu yox idi. İki tələbə - böyük qardaşım və mən, şagird bacım, ordudan pərən düşmüş kiçik qardaşım, körpəsi qucağında gəlin və ailənin hələ də stressdən ayıla bilməyən iki böyüyü - atam və anam.
Xanımı və körpə uşağı ilə Bakıda yaşayıb Ali Hərbi Məktəbin beşinci kursunda oxuyan böyük qardaşımın da gəliri kəsilmişdi rayondan. Hər şey, hər şey əldən çıxmışdı. Dörd divar arasında bu qədər adamdan biri evə qazanc gətirmirdi, sabah nələr olacağını heç kim bilmirdi.
Bacı-qardaş əl-ələ verib düşdük Bakının küçələrinə iş axtarmağa. Tapılmadı, iş qəhətə çəkilmişdi. Atam isə əli qoynunda oturub sabah evinə, kəndə qayıdacağı günü gözləyirdi. Elə bilirdi bu üç günlük çətinlikdir. Üç gün sonra torpaqlar geri alınacaq və biz də evimizə qayıdacağıq. “Bala, müvəqqəti çətinlikdir, bir təhər dözək” - deyirdi. Anam onu nə qədər silkələyirdisə ayılda bilmirdi ki, düşünüb bir addım atmaq lazımdır, gözləmək xeyrimizə deyil. Atam da öz ümidinə möhkəmcə güvənib dediyinin üstündən bir addım da geri çəkilmirdi.
Sovet hökumətinin son günlərində hərbçi qardaşıma verilən ikiotaqlı mənzilə elə yerləşmişdik ki, biri tərpənəndə o biri xəsarət alırdı. Sumqayıta xalam gilə yerləşmiş, amma ruhu bizimlə olan nənəmi yanımıza gətirə bilmirdik. Biz istəyirdik, amma bu evin bir sahibi yox idi. Üzümüz gəlmirdi nənəmi də gətirib qardaşımın yerini dar etməyə. Qardaşım nənəmin mütəmadi sifarişlərinə dözməyib bir gün gedib nənəmi də gətirdi evə. Nənəm yalnız bir gün bizimlə qaldı. Səhər açılanda getmək istədiyini söylədi: “Bala, məni aparın Sumqayıta, orda heç olmasa ayağımı uzadanda kiminsə ağzına girəcəyindən qorxmuram”.
Arvad getdi, amma orda ona çox çətin idi, bunu bilirdik. Bir-neçə ay çətinlik çəkdik, həm maddi, həm mənəvi, həm fiziki. Çətinliyin bütün üzünü gördük. Atam dənizdən balıq tutub gətirir, gəlinimiz balığı ət maşınından keçirib kotlet bişirirdi. Kotleti ödümüz ağzımıza gələ-gələ yeyirdik. Gözlərimiz qarşısında hər gün bəh-bəhlə daddığımız hinduşka əti, quzu cəmdəyi canlanırdı.
Yalnız biz deyildik, o illər əksər qarabağlı bizim kimi eyni həyatı yaşayırdı. Bəziləri isə özgələrinin bağlı qapılarını yarıb onu özününküləşdirirdi. Əksər vaxt bu hal yaralı qarabağlıların adına yazılırdı. “Qaçqınlar evləri zəbt etdi”, “Qaçqınlar sırtıqdır”, “Allah onlardan uzaq eləsin”. Bir dəfə ağlayan uşağını “qaçqın gəldi” deyə qorxudan anaya da rast gəlmişdim. “Ayaqqabıma bax e, qaçqın ayaqqabısına oxşayır” deyən gənc bir qıza isə ayaqlarımı uzadıb öz ayaqqabılarımı göstərmişdim ki, qaçqın mənəm, amma ayaqqabılarım səninkindən təmizdir. Hər gün bu sözləri eşidib ağlayan anama – “Fikir vermə, deyirdim. Onlar sənin kimi illərlə əllərinin zəhməti ilə qurduqları xanimanlarından bir anın içində heç nə götürmədən çıxsalar necə olarlar bəlli deyil” - deyirdim.
Sonra yavaş-yavaş silkinib özümüzə gəldik. Qardaşım məktəbi bitirdi, gənc leytenant kimi işə başladı, ikinci övladı dünyaya gəldi. Anam gündüzlər gizlicə gedib yaxınlıqdakı kafedə qabları yuyur, yayma bişirir, günün axırında atam, qardaşım evə gəlincəyə qədər çörək pulu ilə qayıdırdı.
Sonra atam məktəbdə müəllim kimi işə başladı və artıq anlamağa başladı ki, torpaq məsələsi bir neçə günün, bir neçə ayın məsələsi deyil. İqtisadi vəziyyətimiz düzəlsə də dar evdə iki körpə uşaqla əsəbləri tarıma çəkilmiş babaya, nənəyə rahatlıq yox idi. Gündüzlər işləyən adamlar körpənin ağlamasından səhəri diri gözlə açırdı. Körpə yazıq ana bətnində yaşadığı stresslərdən qurtula bilmədiyi üçün gecələri yatmırdı.
Subay əmim cəbhəyə yollandığı üçün yataqxanadakı otağı üçün narahatlıq keçirirdi:
- Sizin də yeriniz onsuz da dardır, gəlin orda yaşayın”.
Əvvəlcə bacımla mən köçdük əmimin otağına. Qardaşım atamla anama yataqxana şəraitini rəva görmədi. Biz onsuz da tələbəçilikdə yaşamışıq, bir il də burda yaşayarıq dedik. Özümlə bir rəfiqəmi də gətirdim həmin yataqxanaya.
Bu bizə elə bir həyat dərsi oldu ki...
Ətrafda Füzuli qaçqınları yaşayırdı. Hər gecə kimsə qapımızı döyür, açmayacağımız təqdirdə sındıracağı ilə hədələyirdi. Qorxulu kişi səsi idi. Bir səhər qarşıda yaşayan Füzulidən olan ailənin qapısını döydüm. Evdə qoca ata, ana, boşanmış qızları, bir də Qarabağ veteranı gənc oğlan yaşayırdı. Ürəyimdən keçirdi ki, kaş qapını Qarabağ veteranı açsın, simasından insan adama oxşayır. Hər gün mən dərsdən gələndə rastlaşırıq, səmimiyyətlə üzümə baxıb gülümsəyir. Hiss olunur ki, bizə münasibəti xoşdur. Bu iyrənc yataqxana mühitinə düşməyimiz pis qız olmağımızdan yox, əlacsız olmağımızdan alındığını duyur. Ətrafdakıların hamısı bizə şübhə ilə baxırdı. Sonradan bildik ki, həmin qarşı evdəki boşanmış qadın məkrli niyyətini həyata keçirmək üçün bizə şər atıb, bütün binada adımızı bədnam çıxardıb. Bildik ki, onun şayiələrini əsas götürən adamlar bizim qapını döyürmüş. Yataqxananın komendantını öyrədibmiş ki, bizi ordan çıxartdırıb, otağa özü köçsün. Nə qədər iyrənc bir məslək. Bir yataqxana otağı üçün üç günahsız, məsum qıza bu qədər amansız qara yaxılarmı?! Hələ bundan xəbərsizəm və mənə quyu qazan kəsin yaşadığı otağın qapısını döyürəm ki, axşam bizim qapını döyürlər deyə onlardan imdad istəyim. Bunu qardaşa, ataya deyə bilməzdim, qan düşəcəyindən qorxurdum. Bu işdən şəksiz qan iyi gəlirdi. Hər gecə hələ dünyanın gedişatından baş açmayan üç qız bir otağın içində bir-birinə sığınıb, səsini içinə salıb tir-tir yarpaq kimi əsib ağlaşırdıq.
Salam verən kimi qəhər boğazımda tıxandı, ha çalışdım, ancaq söz əvəzinə inilti çıxdı içimdən. Qızlar ikisi də gəlib arxamda durub mənim kimi mələşməyə başladılar. Birtəhər izah elədim ki, gecələr kimsə bizim qapını döyür. Hər gecə qorxudan səhərə qədər yerimizə girmədən bir-birimizə sıx sarılıb səhərin açılmasını gözləyirik, səhər yuxulu gözlə gedirik dərsə.
Oğlan elə bil ildırım vurmuş kimi yerində donub qaldı:
- Bu nə məsələdir, biz burda balqabağıq, üzbəüzdəki qızlara söz deyilə, biz susaq. Gecə mən bu otaqda qalmıram, aşağıdakı otaqda yatıram, yoxsa qapınızın döyüldüyünü eşidərdim. Narahat olmayın, bu gecə tutacam o şərəfsizi.
Həmin gecə qapı bircə dəfə tıqqıldadı, ikinci dəfə eşidilən tıqqıltı deyildi, elə bir guppultu idi ki, hələ də qulaqlarımdadır. Təsəvvür eləməzsiniz, kiminsə döyülməyinə hələ indiyə kimi belə sevinməmişdim.
Səhər qapı ağzında gördüyümüz qan damcıları ürəyimizə yaxıldı.
Həmin günlər cəbhədən üç günlük məzuniyyətə gələn əmim məsələdən xəbər tutdu. Yataqxananın komendantı onun ayaqlarına düşüb yalvarmışdı ki, sənin qardaşın qızları olduğunu bilməmişəm, mənə dedilər ki, sən o qızları saxlayırsan və sən burda olmayanda onların yanına başqa adamlar gəlir. Sən demə, qapımızı döyən komendant özü imiş. Əmim “səni balalarına bağışlayıram” deyib onu vurduğu yerdən qaldırıb geri itələdi:
- Rədd ol gözümdən, otağı qardaşımın adına keçir, gedirəm özünü də gətirəm.
Biz artıq ali məktəbi bitirdiyimizdən rəfiqəm doğulduğu Qəbələ rayonuna qayıtdı, indi orda dərs deyir.
Bacımın, mənim, qardaşlarımın, nənəmin, qonşu veteran oğlanın taleyi isə gələn yazılarda...