“Anamın verdiyi konfeti yerə atıb dedilər ki, zəhərlidir”

“Anamın verdiyi konfeti yerə atıb dedilər ki, zəhərlidir”
21 noyabr 2012
# 08:30

Abbas Qəhrəmanov “Bir aktyorun teatrı ” layihəsində Ramilə Qurbanlı ilə

Bu aktyorda gizli, müəmmalı, işıqlı nə isə var. Çəkildiyi film-tamaşalar, teletamaşalara, canlı səhnədə oynadığı rollara baxıb öz-özümə gəldiyim qənaət idi bu. Nə idi bu sirr, tapa bilmirdim. Tapmaq üçün özü ilə ünsiyyətdə olmaq, görüşüb söhbətləşmək lazım gəlir, kənardan isə ünsiyyətə qapalı təsiri bağışlayır. Bir neçə dəfə yaxınlaşıb müxtəlif rolları barədə fikir demişəm ona, ilk vaxtlar etinasız, hətta bir qədər sərt, ona bu rəylər lazım deyilmiş kimi görünsə də sonralar səmimi cavab verir, diqqətə görə razı qaldığını hiss edirdim. Həmkarlarından onun haqqında soruşanda “onunla yola getmir, qırırıq bir-birimizi”, “əşi, özünü fərqli göstərməyə çalışır, əslində isə ortada bir şey yoxdur ”, - deyənlər oldu. Yox, razılaşa bilmədim, onun daxili aləmi boş deyil, obrazlarını elə-belə necə gəldi, iş xətrinə oynamır, ruhundan keçirir. Belə adam sıradan biri ola bilməz, fərqlidir.

Tərəddüd

Nəhayət, yola gətirdim deyəsən, görüşdük, düz dörd saat Milli Dram Teatrındakı qrim otağında həmsöhbət olduq. Hamıya qapalı, müəmmalı, ünsiyyəti sevməyən kimi görünən bu sənətkarın əslində çox kövrək, ünsiyyətə möhtac bir qəlb sahibi olduğunu gördüm.

“Mən danışmayacam, Ramilə. Söhbət edək, amma xahiş edirəm, mənim dilimdən heç nə yazma, özüm haqda danışa bilmirəm, ona görə də müsahibə vermək istəmirəm”,-deyən Abbas Qəhrəmanov siqaretin birini o birinin közünə yandırıb çox uzaqda qalan uşaqlığından tutmuş, daxilini narahat edən məsələlərə qədər açdı, danışdı və mənə çox xoş oldu. Həm də o xoş oldu ki, onunla dostcasına dərdləşə bildik.

“Dəfələrlə demişəm ki, gəlin, yığışıb bu zavodun (teatr nəzərdə tutulur-red.) işindən uzaqlaşaq, düşündüyümüzü, içimizin istədiyini, özümüzü ifadə edək, gəlmirlər, qaçırlar, hamı qazancı düşünür. Deyirlər ki, mən deyəni elə, özün düşünmə, mən özümü necə gic yerinə qoyum, qoya bilmirəm axı, görürəm, anlayıram, düşünürəm, analiz edə bilirəm axı ”. Gah bunları deyir, gah da öz-özünə “Mən bunu deyəcəm? Niyə deyirəm, axı, mən müsahibə vermək istəmirdim...”,- sual edirdi.


Uşaqlıq

Qərbi Azərbaycanda doğulub, İrəvan şəhərində. 3-cü sinfə qədər orda Azərbaycan məktəbində oxuyub. Sonra Bakıya köçüblər, atası və ögey anası, iki bacısı ilə. Atası anasından ayrılanda onun üç yaşı olub. Analı dünyası gözlərinin önündə darmadağın olub, bütün dünyası. Ana südü ilə necə qidalanması da gözlərinin önündə bir film kadrı kimi donub qalıb. Var olan ən doğma varlıq bir anın içində onun üçün yoxa çıxıb. Ayırıblar onu anasından, veriblər ögey ananın qucağına. Uşağını görmək üçün gizlicə məktəbə gələn ananın ona verdiyi konfeti də əlindən alıb atıblar ki, o, ana sənə zəhər verə bilər, yemə konfeti. Onun içində anaya qarşı olan hissi-məhəbbəti belə öldürüblər.

Bütün bunlar Abbas Qəhrəmanovun yaddaşında elə silinməz iz salıb ki, heç vaxt, heç kimə danışmayıb, bölüşə bilməyib, yalnız öz gündəliyinə yazıb. İllər sonra, artıq evlənən Abbas Qəhrəmanov həyat yoldaşı ilə Naxçıvana gedib, anasını tapıb, onu bağrına basıb. Yaxşı ki, bunu edib, yoxsa indi artıq həyatda olmayan ana övladına qovuşmadan, nisgilli köçərdi dünyadan, övlad isə bu günahla yaşaya bilməzdi. Özü də deyir ki, bu, günah yox, ondan da dəhşətli bir şey olardı.

“Mən necə naxələflik etmişəm anama qarşı. Gör, atam və bibilərim məni necə döndəriblər? Böyüyüb hər şeyi analiz edəndən sonra anlamışam ki, axı, bu qadın məni dünyaya gətirib, canı ilə yedirdib, mənə analıqdan qeyri heç nə etməyib, niyə mən bundan dönməliydim? Heç birini qınamıram, atamı-anamı, amma mənə-uşaq psixologiyasına təsir edən məqamları deyirəm. Anamı görəndə qaçırdım, necə yəni, niyə belə olmalı idi?! Sonra təzə anaya öyrəşməli idim, zülmdür də zülm”.

Anası rəhmətə gedəndə Abbas ondan yaşca böyük olan bacılarına xəbər edir ki, anamız dünyasını dəyişdi, gəlin, vidalaşın, gəlmirlər. Uşaq yaddaşına ana düşmən kimi həkk olunub. Abbasın yeganə təsəllisi isə odur ki, o, bacıları kimi sona qədər naxələf olmayıb, vaxtında anlayıb ki, atanın zülmlərinə dözməyib ondan ayrılan və buna görə ata tərəfindən cəzalandırılıb övladları da əlindən alınan ana da anadır, özü də talesiz ana.

Ata həyətdəki bağdan üzüm dərməyə öz övladlarına belə icazə vermirmiş. Bir gün balaca Abbas üzümün bir giləsini qırıb ağzına qoyanda ögey ana görür və bundan sonra hər zaman uşağı şantaj edirmiş ki, atana deyəcəm. Beləcə, uşaqlığının qırıq-qırıq, acı xatirələrini bölüşdük onunla. Görünür, dinləyə bildiyim üçün, anladığım üçün Abbas Qəhrəmanov bunları səmimiyyətlə danışa bildi.

Sevdiyindən ayrıl dedilər

Orta məktəbdə oxuyanda hamı elə bilirmiş ki, o, yaxşı tarixçi olacaq, tarixi gözəl bilsə də özü belə düşünməyib. Rəssam olmaq istəyirmiş, yaxşı rəsmlər çəkirmiş, amma rəssam olmaq istəyi də olmayıb, sadəcə atası təzyiq göstərib ki, filankəs rəssamdır, yaxşı qazanır, sən də rəssam ol.

Bakının “Vorovski” qəsəbəsindəki 30 nömrəli məktəbin yuxarı siniflərində oxuyanda öz sinif yoldaşlarından çox rus bölməsinin uşaqları ilə dostluq etməyə başlayır. Xüsusən də qızlarla, çünki ona gələn sevgi məktublarının sayı-hesabı olmur. Abbas da onlarla dostluq etməyə üstünlük verir.

Məktəbdə özfəaliyyət kollektivinin tərkibində kiçik bir səhnəcikdə rol oynamağı onuncu sinfi bitirməkdə olan gəncin qəti qərar verməsinə təkan olur. Səhnədə olmaq, diqqət mərkəzində qalmaq, sevilmək, alqışlanmaq xoşuna gəlir. Aktyor olmaq qərarı verir. Hərdən bu barədə qəribə bir etirafı da olur: bəlkə normal uşaqlığım olmadığı üçün normal sənət seçməyib aktyor olmuşam?! Bu həm də aktyorun özünün özünə verdiyi sualdır.

İncəsənət İnstitutuna qəbul olunmaq asan başa gəlir, yəni heç bir çətinlik çəkmədən qəbul olunur. Fikrət Sultanovdan sənət dərsi alır.

“Bir filosof var – Oşo. Deyir ki, insan nə qədər qürurlu, mənlikli olarsa onu sındırmağa, əyməyə çalışanlar o qədər çox olur. Uğurlarım çox oldu, televiziya tamaşaları, teatr tamaşaları, yaxşı qazandım, dörd otaqlı ev aldım. Atam belə uğurlarıma sevinmədi, kamil insan olub mənə dəstək vermədi, əksinə satdı mənə hər kəsə”.

Elə tələbəlik illərindən artıq lirik qəhrəmanlar yaratmağa başlayır. Gözə çarpan, sevilən aktyor olur. Tez-tez çəkildiyi televiziya tamaşaları onu populyarlaşdırır. “Mənim günahım” televiziya tamaşasındakı gənc Xansu ona çox bənzəyirdi.

Həmin illər özünün sevib-seçdiyi bir müəllimə qızla ailə qurur. Özünün dediyi kimi normal, ziyalı ailədən. Ora qədər düşünüb-daşınır ki, qızı təkcə özü yox, ailəsi də sevib qəbul edə bilsin. Elə də olur, amma toya qədər. Toydan sonra atası və bacıları gəlini görmək istəmir. Bir neçə aydan sonra övladı olmur bəhanəsi ilə aktyoru məcbur etməyə çalışırlar ki, həyat yoldaşını boşasın.

“Boşamadım, sevirdim axı. Fırlatdılar, evdən çıxartdılar bizi. Daha bir zərbə almış oldum ”.

İnsan hər bir halda özünü düşünür

90-cı illərdə borca-xərcə düşüb ev alır. Bir az anası da köməklik edir. Yaradıcılıqda da enişlər başlayır, çalışdığı Milli Dram Teatrından çıxıb Hüseynağa Atakişiyevin açdığı Gənclər Teatrına gedir. Elə bilir ki, istədiyi yaradıcılıq planlarını bu teatrda həyata keçirəcək. İşləyir, az sonra görür ki, Hüseynağa Atakişiyevin özünün yaradıcılıq baxımından istədiklərini həyata keçirmək üçün azadlığı yoxdur. İstədiklərini yox, icazə verilənləri, mövcud şəraitin diktə etdiyini həyata keçirir.

“Çıxdım ordan da təzədən qayıtdım Milli Dram Teatrına. Həsənağa Turabov yeni direktor təyin olunmuşdu, məmnuniyyətlə qəbul elədi ki, yəni Hüseynağanın teatrından çıxıb, onun rəhbər işlədiyi teatra gəlirəm. O da özünü düşündü. Hər bir halda həmişə insan öz mənafeyindən çıxış edir”.

İllərdir Milli Dram teatrında çalışır. Çox maraqlı obrazlar oynayıb.
Mərvan, Qoşqar (Bəxtiyar Vahabzadə "Fəryad", "Cəzasız Günah"), Rasim (K.Kərimov "Cahargah Fantaziyası"), Çinar (Q.Rəsulov "Qarabağ Əfsanəsi"), Aparıcı ("Məlik Məmməd"), Rasim (Şıxəli Qurbanov "Əcəb İşə düşdük"), Ər (R. "Müəmmalı Bir Qətlin Üç Versiyası"), Məmmədxan (İlyas Əfəndiyev "Hökmdar və Qızı"), İsgəndərzadə (Elçin "Ah Paris…Paris…"), Şöhli Məlik (Nəbi Xəzri "Burlaxatun"), Sahil (Əli Əmirli "Köhnə ev"), Aparıcı ("Şıltaq Şahzadənin Nağılı"), Andronik (Ramiz Novruz "Hələ "Sevirəm" Deməmişdilər"), Durmişxan (O.İoseliani "Kaş Araba Aşmayaydı") və s.

Bunlar yalnız Vikipediyadan götürülmüş quru faktlar deyil. Bu tamaşaların hər birinə baxmışam, Abbas Qəhrəmanovun sadaladığım bu obrazlarını görmüşəm, öz süzgəcimdən keçirmişəm və sadəcə bir qənaətə gəlmişəm. Bu aktyor qiymətini almayan çox maraqlı sənətkardır. Əsl potensialı hələ içində yanır, üzə çıxardacaq rejissor çıxmayıb qarşısına. Eləmək istədiklərinə qol-qanad verib meydan açan yoxdur. Əksinə, yeni fikir, ideya deyəndə ağzından vurulub, sən sus, nə deyirlər onu elə, aktyor yox, müqəvvasan, elə olmalısan, çünki sənə yaradıcı insan kimi baxmaq bizə sərf eləmir. Yaratmaq istədiklərin də həmçinin, sən sadəcə yaradıcılıqdan bixəbər, amma səlahiyyət sahibi olanları əlində bir oyuncaqsan, oynamayacaqsan, səni oynadacaqlar.

Lirik qəhrəmandan fərqli tipajlara qədər

Yaradıcılığının elə bir dövrü gəlir ki, aktyor-sənətkar qarşısında yeni yollar, cığırlar, yeni imkanlar açılmasını istəyir. Açmaq nədir, bağlamağa çalışanlar dərhal tapılır. Aktyorun yerində döyməkdən ayaqları qabar olur, axırda bezir, verilən rolu istəmədən, sevmədən, canharayı oynamağa başlayır. Getdikcə belə oynamaq istəmir, amma verirlər, bu teatrdan 300 manat məvacib aldığını da başına qaxınc edib “veriləni oynamalısan”-deyirlər. İndi teatrlarımızda Abbas Qəhrəmanov kimi bunu etməyə məcbur, istedadı, potensialı içində qaxac olan neçə-neçə belə aktyor var.

İndi yalnız orta yaşlı təbəqənin xatırladığı belə rolları da olub onun - "Nişan üzüyü"ndə Şahin, "Mənim günahım"da Xansu, "6 №-li palata"da Ragin, "Yurd yeri"ndə 3-cü qardaş, "Dədəm Qorqudun Kitabı"nda Boğacxan, "Hədiyyə"də Rasim .

Bu günlər də oynayır, məsələn “Qaranlıqlar çiçəyi” serialından sonra İctimai televiziyanın “Döngələr” çox seriyalı bədii filmində çəkilir. “Qaranlıqlar çiçəyi” serialını türklər çəkib. Çəkiliş prosesində rejissor və operator iki aktyorumuzun sənəti qarşısında heyrətə gəlib. Biri Rasim Balayev, biri də Abbas Qəhrəmanovdur o aktyorlar. Moldovada oynadığı tamaşadan sonra ona çox tanınmış bir rejissor deyib ki, sən əla aktyorsan, amma Azərbaycanda sənə çətin olacaq, çünki rejissorun yoxdur.

“Bir ara gördüm ki, məni yalnız lirik qəhrəman obrazında görürlər, acıqca başladım kökəlməyə. Dedim heç olmasa görünüş baxımından lirik qəhrəman ampulasından çıxım artıq”.

Deyəsən bu uzaqgörən fikir aktyora bir az kömək olur. Nəticədə şişman görkəmi ilə yaşından böyük obrazlar oynamağa başlayır. Xeyirxah insanı da oynayır, bədxahı da.

Mənim aləmimdə mənfi, müsbət qəhrəman yoxdur, insan xarakteri var mənfiləri, müsbətləri ilə bahəm. Abbas Qəhrəmanovu bir-neçə tamaşada düşmən-erməni obrazında seyr etmişəm. Bu obrazlarda ona nifrət bəsləmişəm, necə məharətlə oynadığı obraza nifrət yarada bilib. İndi düşünürəm ki, insan əslində öz həyatında yaşadıqlarını zaman-zaman can süzgəcindən keçirib üzə çıxardır. Bu baxımdan aktyor daha şanslıdır, çünki süzgəcdən keçməyənlər onun içində çöküntü halında qalmır, hansısa bir obrazla içindən çıxır. Abbas Qəhrəmanov bütün mənfi enerjisini, yükünü oynadığı erməni obrazları ilə içindən sıyırıb.

“Bu günlərdə Brextin əsərini təhvil verdik. Mənə deyirlər ki, o tamaşada niyə oynamısan, cavab verirəm ki, Brextə görə”.

Mütaliəni çox sevir, çox oxuyur. Bəlkə ona görə son vaxtlar təklif olunan rollar, əsərlər ona çox zəif gəlir.

Deyir ki, material yoxdur: “Tələbə vaxtından eləmək istədiklərimin heç birini hələ edə bilməmişəm. Bu gün də sınmıram, həvəsdən düşmürəm, ümidim var ki, bir gün bunların hamısını eləyə biləcəm. Həmfikir olduqlarımın hamısı ruhdan düşdü, hətta sənətdən ayrılanlar oldu, mən isə sınmıram ”.

Xanımı, özü, bir də etmək istədikləri ilə birgə yaşayır. 45-ə doğrudur, əməkdar artistdir. Sonra... sonra səhər açılacaq.

# 4023 dəfə oxunub

Müəllifin son yazıları

# # #