Kulis.az Rahid Uluselin "Mədəniyyət və Texnosivilizasiya" yazısını təqdim edir.
Çağımız mədəniyyətlə texnosivilizasiyanın daha kəskincə toqquşduğu duruma gəlməkdədir. Tarixən də sivilizasiyanın hərəkətverici qüvvəsi kimi inkişaf edən mədəniyyət onun texnogen çılğınlığını cilovlamağa çalışırdı. Modern və postmodern epoxa isə mənəviyyattəməlli yaradıcı potensialın tükənməz qaynağı kimi bəslənilən mədəniyyəti getdikcə daha çox öz “qınına” sıxışdırır, tərəqqinin az qala bütün cinahlarında texnosivilizasiyaya qol-qanad verərək irəlilədir. Robot “utanıb-qızarmadan” İnsanı tapdalayaraq onun önünə keçir. İndi İdeyanın Beyindən qovulub Bədənə ötürüldüyü, oradan da ayaqlar altına atıldığı çağı yaşayırıq...
Sivilizasiya mehvərində mədəniyyətin özülünü daim bərkitməkdə olan ədəbiyyatın, bütövlükdə incəsənətin psixologiyasındakı patoloji halətlər, yazar və sənətçilərin nala-mıxa vurması, guya dərinliyə gedib oralarda itib-batması, hətta bəzən dərinlik və diblərin bataqlıq olduğunu manifestə, kredoya çevirməsi, yəqin ki, bundandır. Bakının mərkəzində başın beyin hissəsinin oturacağa çevrildiyini simvollaşdıran mərmər fiqurun üzərində adamların əyləşməsi buna əyani sübutdur: adamlar baş qoyulan yerə indi dallarını qoyurlar...
Çox zaman eyni mənalarda işlədilən, ancaq fərqlilikləri nəzərdən qaçırılmayan “mədəniyyət” və “sivilizasiya” anlayışlarına son yüzil düşünərlərinin yanaşmaşı da, əlbəttə, alabəzək olub. Sivilizasiyanın yeni layında – Texnosivilizasiya çağında yaşayan bizlərin, şübhəsiz, görünməz rəqabət meydanı heç zaman qapanmayacaq bu zəngin fenomenlərə bir daha dalmağı gərək.
Sivilizasiyaların tarixi təkamülündə yetişərək onların nüvəsini təşkil edən mədəniyyətlər bəşəriyyətin ruhu, universal dili, əsas ideyalarının bəliri, dəyərlər panteonudur. Sivilizasiyanın bütün şəhdi-şirəsi onun Mədəniyyət nüvəsinə süzülür. Sivilizasiyanın Mədəniyyət mayası nə qədər saf və güclü olursa, onun ömrü də uzun və mənalı olur. Mədəniyyət toxumu çürüyən Sivilizasiya erkən öləziyib sönür. İlahi enerji planet üzərində, adətən, Mədəniyyət nüvələrində toplandığından, o, demək olar ki, sarsılmır, ardıcıl reaksiyalarla – örnək külçələrlə düha və istedad münbitliyində nəsilbənəsil ötürülür. Azərbaycan mədəniyyətinin Bayatı, Saz və Muğam özəyi sarsılmadığı kimi. Alman mədəniyyətində fəlsəfi ideya monumentallığının cəmiyyət və dövlət quruculuğuna saçıldığı kimi. Çin, ingilis, italyan ... mədəniyyətlərinin onların hər bir seçkin təmsilçisinin maneralarında sezildiyi kimi. İran musiqisinin hətta Avesta yaddaşını közərdib yaşatdığı kimi.
Bəşəriyyətin texnoloji tərəqqiyə təşnə meyli, divanə həddə komforta canatımı XX əsrin ortalarından bəri Mədəniyyətlə Texnosivilizasiya arasındakı çatı daha da böyüdüb. İndi onların arasındakı ayrıntı klassik rəqslərin plastikası ilə pop-musiqiçilərin robot hərəkətləri arasındakı fərqdən daha qabarıqdır. Planeti saran nəhəng meqapolislər – Texnosivilizasiya cəngəlliyidir. Texnosivilizasiyanın dinozavr ləpirləri altında Mədəniyyət çəmənlikləri, pöhrəlikləri tapdanır. Miqyası bilinməyən modernləşmə stixiyasının hansı həddə bəs deməsi hələ bəlli deyil. Texnosivilizasiya üçün “Qızıl Orta” istehza doğuran əsgi bir nəsnədir. O, “yorulmuş atları güllələyib” yeni alaca ayğırları yəhərləmək, nəfəsi kəsilincəyədək çapmaq əzmindədir. Arıtmadan ki, atlar qırılandan sonra tısbağa da tapılmayacaq...
Kütlələrin Meqapolisə – Texnosivilizasiya Atəşböcəyinə toplaşması, konservləşməsi, yabanı, vulqar əxlaqın xanalarında qaynaşması daha doyulmazdır. Eko-əxlaqdan da imtina etmək sıldırımına çatan dünya sanki yalnız alt paltarında görünməyə, buzlaqları əriyən Arktika və Antarktidanı az qala soyuducu şəklində təsəvvür etməyə alışır. Bu düşüncələrimdə mən nə idilliya xiffəti çəkənəm, nə sentimentali qanadlarındayam. Ancaq qəlbi yaşıllığı görüncə titrəyən hər kəs Mədəniyyətlə Texnosivilizasiya arasında genələn çatı sezməyə bilməz.
Mədəniyyət – yaradır, Texnosivilizasiya – qurur.
Mədəniyyətin yaratdığı – Orqanizmdir, Texnosivilizasiyanın qurduğu – Mexanizm.
Mədəniyyət – dalğavari sferalarla, Texnosivilizasiya– iç-içə kvadratlarla yayılır.
Mədəniyyət – dərininə, Texnosivilizasiya – eninə inkişaf edir.
Mədəniyyət – estetika ilə buğumlanır, Texnosivilizasiya – ideologiyalarla.
Mədəniyyət – Klassikadan yoğrulur, Texnosivilizasiya – Formalizmdən.
Mədəniyyət – seçir, Texnosivilizasiya – yanaşı qoyur.
Texnosivilizasiya – baxır, Mədəniyyət – görür.
Mədəniyyət – Biokosmosun ali improvizasiyası, mənəviyyatın oksigeni, Texnosivilizasiya – biotəkamüldə sapma, ifratavarmadır. Mədəniyyətlər sivilizasiyaların qucağında, onun qəhqəhələri altında ölür...
Mədəniyyəti – xalq, Texnosivilizasiyanı – kütlə yetişdirir.
Mədəniyyət – siyasi dərinliyini nookratiyada, Texnosivilizasiya – demokratiyada tapır.
Siyasətin əbədi opponenti – Mədəniyyət, əbədi müttəfiqi isə – Texnosivilizasiyadır. Ona görə də bu gün dominant iradəyə malik olan Dünya Siyasəti Mədəniyyətin meydanını daraltmaqda, Texnosivilizasiyanın meydanını genəltməkdə maraqlıdır.
Mədəniyyət – öz gələcəyini “yaşıl fəlsəfədə” görür, Texnosivilizasiya isə – Siyasətin matador döyüşlərində.
Mədəniyyətin mayasını – Sənətkarlıq, Texnosivilizasiyanın mayasını – Peşəkarlıq təşkil edir.
Mədəniyyət insanın daxiləyönlü fəaliyyəti ilə, Texnosivilizasiya isə xaricəyönlü fəaliyyəti ilə tikilir. Ol səbəbdən Mədəniyyətin ana fəlsəfəsi – Özünükamilləşdirmə, Texnosivilizasiyanın son fəlsəfəsi isə – Bazar Münasibətləridir.
Mədəniyyət – Dəyər, Texnosivilizasiya – Kapital üzərində yüksəlir.
Mədəniyyət – Düşüncə dünyasını yaradır, Texnosivilizasiya – Maraq dünyasını.
Mədəniyyətin peyğəmbəri – ideya daşıyan Filosofdur, Texnosivilizasiyanın peyğəmbəri – xəbər daşıyan Jurnalist.
Mədəniyyət üçün zaman – Tarixdir, Texnosivilizasiya üçün – Proses.
Mədəniyyət – Fenomen törədir, Texnosivilizasiya – Hadisə.
Mədəniyyət – yerişdir, Texnosivilizasiya – qaçış.
Mədəniyyət – Tapmaca ilə, Texnosivilizasiya – Krossvordla başını qarışdırır. Mədəniyyət – seçilib-seçkinləşməkdən, Texnosivilizasiya – qarışıb-boğanaqlaşmaqdan həzz alır.
Mədəniyyət – doyurur, Texnosivilizasiya – doyğunluğunu aşırır.
Mədəniyyət – heyrətə gətirir, Texnosivilizasiya – mat qoyur.
Mədəniyyət – Eşqdən, Texnosivilizasiya – Seksdən doğulur.
Texnosivilizasiyanın yəqin ən parlaq simvolu – əlində ətir səpilmiş sintetik gül tutan boyalı maneken, Mədəniyyətinki isə – sadəcə... sinəsinə təbii çiçək taxılan alyanaqlı xatındır. İndi Texnosivilizasiya cəngəlliyində, Mədəniyyət adalarında yaşayan bəşəriyyət seçməlidir – qısır manekeni, ya da doğar xatını.